Böyük siyasətin böyük qrossmeysteri

 

XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, dünya miqyaslı siyasətçi, təcrübəli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai və siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələ təşkil edir.

 

Heydər Əliyev dünyada şəxsiyyətlər içərisində sayılan, seçilən, xüsusi yeri olan, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik dövlət xadimi idi. O, ölkə həyatının bütün sahələrində islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 34 ildə xalq üçün gördüyü titanik işlərin ayrı-ayrılıqda hamısını sadalamaq qeyri-mümkündür.

Heydər Əliyev əzəməti bioqrafiyası və möhtəşəm taleyi olan nadir bir şəxsiyyət, tam mənada siyasi avtoritet, ictimaitarixi bir fenomen idi. Belə fenomenal siyasi bioqrafiya hər kəsə nəsib olmur. Heydər Əliyevin taleyinin möhtəşəmliyi və bənzərsizliyi bunda idi ki, o, bütün həyatını doğma xalqına həsr etmişdir. Bu, artıq xalq naminə bənzərsiz fədakarlıq nümunəsi demək idi. Azərbaycan uzun illər Heydər Əliyevin çiyinlərində dayandı. Heydər Əliyevin gördüyü işlər Azərbaycanın hər qarışında hiss olunur. Ulu öndər tarix yaratdı, Azərbaycan xalqının tarixini... Heydər Əliyev sözün həqiqi mənasında tarix yaradan əzəmətli bir dahi idi. Belə şəxsiyyətlərin həyatı isə adətən bütöv bir xalqın taleyinə dönür.

Heydər Əliyev şəxsiyyəti artıq tarixi, ictimai-siyasi, kulturoloji, sosial-psixoloji yönümlü ciddi tədqiqatların predmetinə çevrilib. Bu da təsadüfi deyil, çünki Heydər Əliyev yaradıcı şəxsiyyət olaraq bütöv bir tarixi epoxanın simasıdır.

Heydər Əliyev fenomenini sözlə səciyyələndirmək, onun fəaliyyətinin coğrafi konturlarını müəyyənləşdirmək çox çətindir. Çünki, Heydər Əliyev şəxsiyyəti fərdi subyektiv ölçülərə, bütövlükdə tarixə, zamana sığmır. Bu, mübahisəsiz qəbul olunan məsələdir: Heydər Əliyev çağdaş tariximizə Azərbaycan dövlətinin rəmzi, millətin xarakterinin, varlığının daşıyıcısı, millət atası kimi düşüb. O, çiyinlərində bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçiliyin missiyasını daşıyan böyük lider idi. Heydər Əliyevi hakimiyyətə xalq gətirmişdi. Xalq onda öz gücünü, enerjisini, yaşayıb-yaratmaq, mübarizə aparmaq, yeni dövlət və cəmiyyət yaratmaq əzmini, ümid-pənah yerini görürdü.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əbədi yaşamaq istəyən sərkərdələr, fatehlər, hökmdarlar, dövlət rəhbərləri ictimai-siyasi xadimlər çox olub. Lakin tarixdə əbədi qalanların sayı isə o qədər çox deyil. Bir çoxları elə yaşadıqları dövrün hüdudlarından kənara çıxa bilməyib. Elə şəxsiyyətlərimiz də var ki, insanların şüuruna, ağlına, ürəyinə hakim kəsilib, zamanın fövqündə dayanıb, adları tariximizə əbədi həkk olub. Ulu öndər öz xalqının iradəsinin ifadəçisi olan böyük şəxsiyyət idi.

Heç kimin şübhə etmədiyi reallıq budur ki, Heydər Əliyev faktoru, təkcə XX əsr Azərbaycanının deyil, həm də XXI əsr Azərbaycanının gerçək simasını müəyyənləşdirən nəhəng bir siyasi fiqurdur. Heydər Əliyev yarım əsirdən də çox bir vaxtda qüdrətli, azad, demokratik Azərbaycan uğrunda şərəfli bir mücadilə aparıb. İndiki müstəqil Azərbaycanın bünövrəsi məhz Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulub. Varlığı qədər sevdiyi xalqına "Mən ömrümün qalan hissəsini xalqıma həsr edirəm" deyən ulu öndər Azərbaycanın gələcək inkişafının əsasını qoydu.

Regionda Heydər Əliyevin rolunu yüksək qiymətləndirir, onu zəmanəmizin görkəmli dövlət xadimi adlandırırdılar. Çünki Heydər Əliyev, doğrudan da, təkcə Azərbaycanı yox, bütün postsovet məkanını idarə etməyə qadir heyrətamiz lider idi. Bu həqiqəti bütün əcnəbi və yerli ictimai-siyasi xadimlər, dövlət adamları, ziyalılar, politoloqlar, jurnalistlər yaxşı anlayır və qiymətləndirirlər. Təsadüfi deyil ki, Heydər Əliyev dünyanın rəğbət bəslədiyi və öyrəndiyi fenomenə çevrilib. Qərbin məşhur dövlət və ictimai-siyasi xadimləri Heydər Əliyevi XX-XXI əsrlər siyasətinin canlı əfsanəsi və patriarxı sayır, onu "böyük siyasətin böyük qrossmeysteri" adlandırırdı. Onların fikrincə, Heydər Əliyevin siyasi karyerası həqiqətən də misli-bərabəri olmayan karyeradır. Çünki Heydər Əliyevin gördüyü böyük işlər miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, regionundünya sivilizasiyasının tərəqqisinə xidmət edir. Burada xarici ölkələrin məşhur ictimai-siyasi və dövlət xadimlərindən bir neçəsinin ulu öndərimiz haqqında fikirlərindən, onların bu böyük insana verdikləri yüksək qiymətdən bəzi nümunələri sadalamaq məqsədəuyğun olardı. Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl deyirdi ki, "Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri idi. Heydər Əliyevə daha uzun müddət ehtiyac olacaq. Heydər Əliyev sadəcə öz ölkəsinə, millətinə, xalqına yox, eyni zamanda bütün türk dünyasına xidmət göstərib. O, mətanətli, dəyərli lider idi". Türkiyənin sabiq Prezidenti Əhməd Necdət Sezərin fikrinə görə də Heydər Əliyev bütün türk dünyası üçün qiymətli insan idi. Türkiyənin sabiq baş naziri Bülənt Ecevit Heydər Əliyevi "Atatürk qədər qüdrətli bir türk" deyə səciyyələndirir, qardaş ölkənin Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal isə Heydər Əliyevi "Atatürkün mənəvi övladı" adlandırırdı. Türk dünyasının tanınmış ictimai-siyasi xadimləri Heydər Əliyevi türk dünyasının lideri, ləyaqətli, yüksək hörmət-izzətə layiq insan və özlərinin həyat müəllimi kimi xarakterizə edirdilər.

Heydər Əliyev SSRİ kimiqapalı bir sistem daxilində azad yaşamağa alışmış, təfəkküründə böyük ideallar daşımış insan olub. O, elə bir sistemdən çıxıb belə bir şəxsiyyət ola bilməyin ən qabarıq nümunəsi idi. Əgər bu gün Azərbaycanda sovetlərin polad divarları arasından bir mədəniyyət, kimliyini itirməmiş bir millət, öz dilini, tarixini, ədəbiyyatını qoruyan bir nəsil salamat çıxmışsa, o nəsil də bütün bunlara görə Heydər Əliyevə borcludur.

Biz Heydər Əliyev ideyalarının praktiki əhəmiyyətini hələ uzun onilliklər sonra da görəcəyik. Heydər Əliyev özünün əməli fəaliyyətindən və ideyalarından bizə təkcə dövlət başçısı kimi yox, həm də ümummilli lider, böyük mütəfəkkir, nəhəng dövlət adamı, qeyri-adi dərəcədə istedadlı şəxsiyyət kimi görünür. Ulu öndər bütün fəaliyyəti boyunca Milli genofondumuzu, Milli sərvətlərimizi, Milli simamızı, məfkurəmizin təmizliyini qorudu, bizi buna öyrətdi. Heydər Əliyev milləti necə sevməyi, ona necə xidmət göstərməyin ideal formulunu yaratdı, özünün əməlləri, fəaliyyəti, davranışı, nitqi, müdrik ideya və tövsiyələri ilə bu formulun bütün elementlərini işləyib hazırldadı. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev fenomeni əksər tədqiqatçılar tərəfindən ümummilli lider-ümummilli ideya kontekstindən araşdırılır.

Heydər Əliyevin çoxcəhətli və çoxsahəli fəaliyyətinin yalnız bir aspektindən - öz əksini azərbaycançılıq ideologiyasında tapan milli ideyanı həyata keçirməsindən, azərbaycançılıq ideologiyasını bütün dünya azərbaycanlılarından ötrü funksional doktrina səviyyəsinə qaldırmasından bəhs edəndə ortaya çıxan mənzərə həqiqətən də möhtəşəmdir.

Əliyevşünas müəlliflərin çoxu bu fikirdədir ki, Heydər Əliyev gerçək ümummilli lidertarixi şəxsiyyət olaraq hər hansı bir ideya-siyasi cərəyanın çərçivəsi ilə məhdudlaşmır. Onun fəaliyyəti Azərbaycan ziyalılarının bir çox nəsillərinin yaratdığı milli ideallar sistemi ilə həmahəngdir.

Heydər Əliyev açıq fikirli demokrat, qeyri-adi şəxsiyyət və böyük mütəfəkkir idi. Müstəqil Azərbaycana başçılıq etdiyi 10 ildə Heydər Əliyevi hakimiyyətdən devirmək, fiziki cəhətdən məhv etmək istəyənlər, sui-qəsdçilər çox olmuşdu. Amma bu cəhdlər iflasa uğramış, cinayətkarlar qanunla cəzalandırılmışdı. Heydər Əliyev isə hər dəfə böyüklük və alicənablıq göstərərək onların hamısını bağışlamışdı. Heydər Əliyevin necə böyük və comərd insan, təvazökar, sadə və ədalətli hakim olduğunu göstərən bu addımları hamıda heyranlıq doğururdu.

Bir məqamı xüsusi qeyd edək ki, Heydər Əliyevi haqsız yerə və qərəzli şəkildə tənqid edən müxalifət mətbuatına söz azadlığını məhz bu böyük şəxsiyyətin özü vermişdi. Bu böyük insan onu tənqid edən bədxahlarına münasibətdə həmişə alicənab, dözümlümüdrik bir şəxsiyyət olaraq qaldı, xırda məsələlərin, cılız siyasi intriqaların fövqündə dayanmağı bacardı. O, siyasi rəqibləri ilə həmişə qeyri-adi ləyaqətlə, sadə dildə desək, mərdi-mərdanə davranırdı. Bu, onun ucalığı idi.

...1982-1987-ci illərdə Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin bir neçə nəfərdən ibarət idarəçilərindən biri, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. O, özünü fövqəldövlətin ən istedadlı rəhbərlərindən biri kimi göstərir, sovet rəhbərliyində təmsil olunan yeganə türk-müsəlman kimi bütün dünyanın diqqət mərkəzində dayanırdı. Heydər Əliyev bu illərdə bütün SSRİ-nin həyatında taleyüklü sayılan layihə və qərarların müəllifinə çevrilirdi. Hətta, onun adı sovet dövlətinin başçısı postuna layiqlireal namizəd kimi hallanırdı. Çox sonralar bilindi ki, Heydər Əliyevə bu məsələdə əngəl törədən ən böyük maneə onun türk-müsəlman olması imiş.

...1987-1990-cı illər Heydər Əliyevin həyatında ən ağır dövrdür. Bu dövrdə ağır xəstəlik, siyasi basqılar, tənhalıq, 20 Yanvar faciəsi bu böyük şəxsiyyətə sarsıdıcı zərbə olsa da o, öz əzmi, dəyanəti, iradəsi, qeyri-adi insani keyfiyyətləri ilə yenidən hamını heyrətləndirir. Heydər Əliyev bu çətinliklərə mətanətlə dözür və 1990-cı ilin yayında onu fiziki cəhətdən məhv etmək istəyən düşmənlərinin layihələrini puça çıxararaq Bakıya qayıdır.

...1990-1993-cü illər. Bakıya qayıdan Heydər Əliyev burada nankor "siyasətçilər"in hücumuna məruz qalır və çıxış yolunu ata-baba yurdu olan Naxçvana getməkdə görür. Naxçıvanda xalq sevgisi ilə qarşılanan Heydər Əliyev üç il ərzində Muxtar Respublikanın problemləri ilə məşğul olur, onun ermənilərdən müdafiəsini və yaşamasını təmin edir. Blokadada olan Naxçıvan məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə aclıq, soyuq, işğal təhlükəsini sovuşdurdu.

...Nəhayət, 1992-2003-cü illər. Heydər Əliyev Azərbaycanın Prezidenti kimi çalışır, 1993-cü ildə faktiki olaraq bir neçə hissəyə parçalanan, sosial-iqtisadi tənəzzül zolağında olan,ictimai-siyasi, hərbi və mənəvi böhran içində çabalayan ölkəni yenidən qurur, onu məhv olmaqdan xilas edir, faktiki olaraq dövlət yaradır, insan haqları ön plana çıxır, cəmiyyəti demokratikləşdirir, Azərbaycan dövlətini beynəlxalq arenaya çıxarır, Azərbaycanın Qərbə inteqrasiyasını təmin edir, burada köklü islahatları həyata keçirir, ölkəyə on milyardlarla dollar xarici sərmayə və müasir texnologiya gətirən möhtəşəm layihələri gerçəkləşdirir...

...Azərbaycanın 1969-cu ildən sonra keçdiyi inkişaf yoluna nəzər salanda bəzən inanmaq olmur ki, bütün bunların hamısı bir insanın, bir liderin, bir tarixi şəxsiyyətin adı ilə bağlıdır və bütün bunların hamısını bir insanın həyatına sığışdırmaq mümkündür.

Heydər Əliyevin əfsanəvi qabiliyyəti var idionun bu cəhəti hamını valeh edirdi. Rusiyanın mərhum prezidenti Boris Yeltsin onu "güclü və cəsur insan" kimi qiymətləndirir, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski Heydər Əliyevin siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət, bir sözlə, görkəmli və şəksiz lider olduğunu deyir.

Bütün bunlar Azərbaycanın əzəli-əbədi ümummilli liderinin bir şəxsiyyət, insan, dövlət başçısı, öndər olaraq hansı ucalıqda dayanması barədə təsəvvür əldə etməyə yetər. Heydər Əliyev öz ölkəsi qarşısında Atatürkün Türkiyə, Corc VaşinqtonunRuzveltin ABŞ, Uinston Çörçillin Britaniya, Cəvahirləl Nehrunun Hindistan, Şarl de Qollun Fransa, Konrad Adenauerin Almaniya...qarşısındakı misilsiz xidmətləri qədər böyük xidmət göstərib. Adıçəçəkilən tarixi şəxsiyyətlər öz ölkələrinin XX əsrdəki simasını və yolunu müəyyən edib, ölkələrinin qüdrətlənməsi üçün çox işlər görüblər. Heydər Əliyev təkcə XX əsrdəki yox, həm də XXI əsr Azərbaycanının yolunu müəyyən edib, ölkəsini böyük tərəqqi, iqtisadi rifah, sosial-siyasi sabitlik, demokratikləşmə, inteqrasiya yoluna çıxarıb, onu sivil dünyanın bir parçasına çeviribbuna görə də Azərbaycanın tarixinə əbədi həkk olunub.

Mən təhsil işçisiyəm. Ulu öndərin milli təhsilimizin inkişafına hansı töhfələrin verdiyinin canlı şahidiyəm.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın təhsil siyasətində yeni dövrün başlanğıcını qoydu. Beləliklə, dağılmaq təhlükəsindən xilas olmuş ölkəmizdə təhsil sisteminin yeniləşməsi də vacib məsələ kimi qarşıda dururdu. Azərbaycanın təhsil sisteminin sovet təhsil sisteminin ideoloji buxovlarından ayrılıb bəşəri təhsil sisteminə qovuşması üçün ilk növbədə yeni təhsil sisteminin nəzəriyyəsi, fəlsəfəsi, təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri, konseptual müddəaları, fəaliyyət prinsipləri, təhsilin məzmunu, məqsədi və strukturu müəyyənləşdirilməli idi.

Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatı bərbad vəziyyətdə olduğundan, sosial sahələrdə islahatlar bir az gecikdirildi. Ulu öndər təhsil sahəsinə çox ciddi yanaşmağın lazım olduğunu bildirir, islahatın bu sahədə mərhələlərlə aparılmasının vacibliyini nəzərə çatdırırdı. "Təhsil mürəkkəb bir sahədir, - deyirdi. - Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən sahədir".

Yeni qurulan dövlətdə birinci məsələ söz yox ki, dövlət maşınının qurulması, ikinci vacib məsələ isə mükəmməl təhsil sisteminin yaradılmasıdır. Amerikada belə bir deyim var: "Amerika cəmiyyətinin firavanlığı universitetlərdə işin vəziyyətindən birbaşa asılıdır".

Azərbaycanın siyasi quruluşu dəyişdiyindən təhsilin fəlsəfəsi də dəyişməli idi. Yaranacaq yeni təhsil sistemi yeni quruluşun fəlsəfəsinə uyğun olaraq, özündə yeni ideya, yeni münasibət, yeni təhsil texnologiyalarını əks etdirərək yenidən qurulmalı idi. Yeni təhsil sistemi Azərbaycanın müstəqilliyinə və iqtisadiyyatına xidmət etməyə yönəldilməli idi.

Beləliklə, müstəqil Azərbaycan dövləti öz müstəqil təhsil siyasətini həyata keçirmək üçün ilkin islahatların keçirilməsinə 1999-cu ildə başladı. Həmin ilin iyun ayının 15-də ulu öndər "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Bu Proqram ümummilli liderin 30 mart 1998-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş Dövlət Komissiyası tərəfindən hazırlanmış və Dünya Bankı da bu işə cəlb olunmuşdu.

Ulu öndər Heydər Əliyev deyirdi: "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır". Azərbaycan təhsili yenidən qurularkən məhz onun milli xüsusiyyətlər əsasında formalaşması, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirilməsi başlıca amillərdən idi.

Həyata keçirilən təhsil islahatı mərhələli xarakter daşıyırdı və hər mərhələnin öz məqsədləri, vəzifələri var idi. Keçən 12 ilin yekunları göstərir ki, dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, fənnlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn kurrikulumlarının yaranması, məzmunda standart məfhumun reallığa çevrilməsi, təhsil tariximizdə yadda qalacaq mühüm nailiyyətlərdir. Bu islahatlar davamlı olaraq bu gün də həyata keçirilməkdədir.

Hansı sahəni götürürsən götür, orada ulu öndərin xidmətləri aydın nəzərə çarpır. Bu böyük tarixi şəxsiyyətin Azərbaycan xalqı qarşısında ən mühüm xidmətlərindən biri özündən sonra Azərbaycanın gələcəyini etibarlı əllərə tapşırmasındadır. Ölkəmizdə bu gün Heydər Əliyevin ideyaları hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan bu ideyalardan güc alıb nurlu sabaha inamla addımlayır.

 

Raya NƏCƏFOVA, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru, kimya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2011.- 13 dekabr.- S. 5.