Heydər Əliyev və müasir mərhələdə milli ideyanın təməl prinsipləri

 

Böyük ideyaların həyata keçirilməsi üçün dərin fəlsəfi təməl və yaxşı düşünülmüş, uzaqgörən siyasətlə yanaşı, bu siyasətin gerçəkləşdirilməsi üçün zəruri olan yetərli zaman da lazımdır. Artıq 18 ildir ki, Azərbaycanda vahid siyasi kurs davam etdirilir və tədqiqat göstərir ki, bu kurs heç də sıfırdan başlamayaraq, ölkəmizdə milli təkamülün və milli ideya axtarışlarının sağlam təməlləri üzərində qurulmuşdur və dünyanın qabaqcıl ölkələrinin mütərəqqi təcrübəsini də bir rüşeym halında özündə saxlamaqdadır. Yeri gəlmişkən, ötən əsrin əvvəlində bizim böyük ziyalılarımız mənəvi yön kimi "türkçülük, islamçılıq və müasirliyin vəhdəti" prinsipini tövsiyə edirdilər.

 

Ölkəmizdə milli ideyanın təkamül yolunu, onun keçdiyi tarixi mərhələləri araşdırıb təsnif edən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu yolda ən parlaq səhifələrdən biri kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar milli dirçəliş məqamını qeyd edir. Onun bu yaxınlarda "Bakinski raboçi" qəzetinə verdiyi konseptual müsahibəsində deyilir: "Məhz həmin illərdə ictimai fikrin avanqardı rolunda çıxış edən yeni ictimai-siyasi xadimlər təbəqəsi yaranır. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və bır sıra başqaları Azərbaycan milli ideyasının daşıyıcıları olmaqla milli ideallar uğrunda mübarizəni demokratik dəyərlər və prinsiplərlə birləşdirirdilər." Lakin o vaxt Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi yarımçıq kəsildiyindən milli ideyanın sonrakı inkişafı üçün müvafiq sosial zəmin olmadı.

Milli ideyanın müasir mərhələdə təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bununla yanaşı, milli ideyanın elmi-konseptual əsaslarının işlənib-hazırlanması xüsusi əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı nəzəri tədqiqatında qeyd etdiyi kimi, "hər bir millətin öz milli ideyası olmalıdır, əks halda həmin millətin yaşamağa haqqı yoxdur". Əlamətdar haldır ki, dövlət başçısı İlham Əliyev özü də milli ideya probleminə çox böyük önəm verir. 12 iyul 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin təmirdən sonrakı açılışında Prezident bu məsələyə öz münasibətini belə bildirib: "Mən çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət azərbaycançılıq ideyası uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik ideyası uğrunda və müstəqil həyat ideyası uğrunda birləşibdir. Budur bizim əsas siyasi prinsiplərimiz və bu prinsiplər əsasında biz öz siyasətimizi qururuq". Ən başlıcası da odur ki, zaman keçdikcə, biz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasının və fəlsəfi prinsiplərin əhəmiyyətini daha çox dərk edirik.

Ulu öndər bu problemlə bağlı ideyalarını əsasən azərbaycançılıq ideologiyası kontekstində inkişaf etdirirdi. Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. YAP-ın yaradılmasının 6-cı ildönümü münasıbəti ilə təntənəli yığıncaqda Azərbaycan rəhbəri belə demişdi: "Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Elə həmin çıxışda Prezident Heydər Əlıyev milli-mənəvi dəyərlərimizi milli ideologiyamızın ikinci əsas komponenti kimi təqdim etmişdir. Beləliklə, Heydər Əliyevə görə, milli ideologiyanın əsas tərkib hissələri, bir tərəfdən, milli dövlətçilik, digər tərəfdən, milli-mənəvi dəyərlərdir. Dövlətçilik ideologiyası insanların bir vətəndaş kımi formalaşdırılmasını, Vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.

Dövlətçilik ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin bilavasitə və ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə tutur. Dövlətçilik ideologiyası habelə iqtisadi təfəkkür və mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir.

Heydər Əliyevə görə, yeni iqtisadi doktrina, yeni iqtisadi münasibətlərə keçidin əsas prinsipləri, həyata keçirilən sosial-iqtisadi proqramların əsasında duran ideyalar milli ideologiya kontekstinə daxil edilməli idi, edildi də. Heydər Əliyev keçid dövründə iqtisadi islahat proqramının reallaşdırılması ilə milli-mənəvi dəyərlərin qorunub saxlanması arasında uyğunsuzluqlar ortaya çıxa biləcəyini də nəzərə alırdı. Məsələn, "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı dövlətçiliyin iqtisadi və mənəvi təməlləri arasındakı qarşılıqlı əlaqələrin qaydaya salınmasını nəzərdə tuturdu.

Məlumdur ki, ictimai-siyasi sabitlik ancaq hüquq-mühafizə orqanlarının işi hesabına əldə edilə bilməz. Bütün stabil cəmiyyətlərdə, inkişaf etmiş kapitalist ölkələrində daxili müvazinət, ilk növbədə, iqtisadi və sosial-mənəvi həyatın tarazlaşdırılması hesabına əldə edilir. Lakin bu müvazinət artıq qərarlaşmış cəmiyyətlər üçün səciyyəvidir. Bir sosial-iqtisadi durumdan yenisinə keçid zamanı ölkədə daxili müvazinət, təbii ki, pozula bilər və bunun qarşısını almaq üçün xüsusi məqsədyönlü fəaliyyət göstərilməlidir. Azərbaycanın müstəqilliyinin memarı Heydər Əliyev "bazar iqtisadiyyatı münasıbətlərindən irəli gələn yeni növ cinayətlərdən" danışarkən, məhz ölkəmizin çağdaş sosial-iqtisadi durumundan, bazar iqtisadiyyatının keçid dövrü üçün səciyyəvi olan mənfi nəticələrindən bəhs edirdi. Heydər Əliyevin ümumən bazar iqtisadiyyatına münasibəti müsbət olmuş və bu münasibət onun çıxışlarında dəfələrlə aydın şəkildə qeyd edilmişdir: "Bizim iqtisadi siyasətimiz məlumdur və o, Azərbaycanda bazar iqtisadiyyatı yolu ilə getmək və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatına sıx surətdə bağlamaq məqsədi daşıyır". Lakin bazar iqtisadiyyatına keçid müxtəlif formalarda və müxtəlif templərdə ola bilər. Ona görə də, elə bir yol seçilməlidir ki, milli-mənəvi ənənələrə, əxlaqi dəyərlərə ziyan dəyməsin.

Bəli, istəsək də, istəməsək də müasir sivilizasiyaya qovuşmaq üçün inkişaf etmiş Qərb ölkələrinin keçib gəldiyi yolu biz də keçməli olacağıq. Lakin bizim əlimizdə bu ölkələrin "keçdiyi yolların xəritəsi" var və biz tarixin ibrət dərslərini nəzərə alsaq, ilk yol açanların bütün səhvlərini təkrar etmərik. Bunun üçün, əlbəttə, tarixi də, iqtisadiyyatı da, müasir dünyanın inkişaf meyllərini də gözəl bilmək tələb olunur. Belə çətin bir zamanda həm dünya iqtisadiyyatına inteqrasiya olunmaq üçün düzgün inkişaf strategiyası seçmək, həm də milli-mənəvi dəyərləri qoruyub saxlamaq yaxşı ölçülüb-biçilmiş mükəmməl siyasi plan tələb edir. Qüdrətli dövlət qurucusu Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev üç tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə və bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet.

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.

Heç bir dövlət başçısı, heç bir siyasi lider və hətta heç bir millətçi ziyalı dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyasının yaradılması və onun həyata keçirilməsi sahəsində ulu öndər Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir.

Milli ideologiyanı bir qayda olaraq yaradıcı şəxslər, milli ziyalılığın təmsilçiləri, alimlər, filosoflar, yazıçılar və s. formalaşdırır və inkişaf etdirirlər. Siyasətşünaslar, siyasi liderlər və dövlət başçıları milli ideologiyanın bir komponenti olan milli dövlətçilik konsepsiyasının işlənib hazırlanmasında iştirak edirlər. Milli-mənəvi dəyərlərin də dövlət quruculuğu və sosial-iqtisadi inkişaf strategiyası ilə yanaşı, ümummilli inkişaf strategiyasına, milli ideologiyanın strukturuna daxil edilməsi üçün bir qayda olaraq milli ziyalılar dövlət başçısına, siyasi rəhbərliyə təsir göstərməyə çalışırlar.

Azərbaycanda isə bu proseslərin mənzərəsi xeyli dərəcədə fərqlidir. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan və onların milli heysiyyatına toxunmadan qeyd etməliyik ki, bizdə milli dəyərlər uğrunda mübarizənin önündə çox vaxt dövlət başçısı özü gedir və əksinə, milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər etməyə çalışır. Ona görə yox ki, Azərbaycan ziyalıları millətini az sevirlər. Sadəcə olaraq, böyük vətəndaş Heydər Əliyev milləti sevməyin, millətə xidmətin yüksək ali nümunəsini, yollarını və üsullarını hətta alimlərimizdən, yazıçılarımızdan da yaxşı mənimsədiyinə görə belə təşəbbüslər ondan gəlirdi. O, hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və ya mənəvi cəhətdən restavrasiyasına, milli yaddaşın bərpa olunmasına, milli köklərə qayıdışın sürətləndirilməsinə rəvac verir və bunu stimullaşdırırdı. Məsələn, Məhəmməd Fizulinin 500 illik yubileyinin, "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyinin böyük təntənələrlə, ziyalılarımızın verdiyi təkliflərdən də yüksək səviyyədə keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü idi. Milli ideologiyamızın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri azərbaycançılıq xəttidir. Bu xətt, bir tərəfdən, Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, etnik-milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini nəzərdə tutur. 18 iyun 2001-ci ildə Azərbaycan Respublikası Prezıdentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" verdiyi fərman ölkəmizdə Azərbaycan dilinin inkişafı üçün yeni perspektivlər açdı. Fərmanda Azərbaycan dilinin xalqımız üçün ən mühüm milli dəyər olduğu vurğulanır və ona yüksək qiymət verilirdi: "Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır".

Bəli, dilimizin zənginliyi tariximizin qədımliyi üçün də bir sübutdur. Belə yüksək dərəcədə təşəkkül tapmış bir dil, heç şübhəsiz, xalqımızın ən böyük sərvətidir və onu inkişaf etdirmək hər birimizin borcudur. Lakin maraqlıdır ki, dilimizin müqəddəratı da dilçilərımizdən öncə məhz Heydər Əliyevi düşündürürdü. O, dilimizlə bağlı hər-hansı bir problemə olduqca həssaslıqla yanaşırdı və təsadüfi deyil ki, fərmanda da diqqəti bu məsələlərə yönəldirdi: "Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur".

Dilimizin inkişafı ilə bağlı yol verilmiş nöqsanlar həmin sənəddə çox kəskin tənqid olunurdu: "Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə, ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir". Yeri gəlmişkən, milli ideologiyamızın formalaşmasında dərsliklərin roluna Heydər Əliyev həmişə xüsusi diqqət yetirirdi və bilavasitə gənclərin kütləvi tərbiyəsi ilə bağlı olduğu üçün buradakı çatışmazlıqlara çox ciddi yanaşırdı. Təsadüfi deyil ki, bir dəfə orta ümumtəhsil məktəblərində vəziyyətlə tanış olarkən, Heydər Əliyev rus məktəblərində Azərbaycan tarixi ilə bağlı dərsliklərin olmaması, azərbaycançılığın təbliği üçün lazımi tədbirlərin görülməməsi faktını Təhsil Nazirliyinin fəaliyyətində yarıtmaz və yolverilməz məqam kimi qiymətləndirmişdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev Azərbaycanla, onun tarixi və bu günü ilə bağlı biliklərin tədrisinə böyük önəm verir, bunu vətənpərvərlik tərbiyəsinin ən mühüm amili hesab edirdi. Bununla əlaqədar Heydər Əliyev belə demişdir: "... Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə o, millətinə olan münasibəti ilə istənilən səviyyədə fəxr edə bilməz". Beləliklə, ümummilli lider Heydər Əliyev milli ideologiyamızın əsas prinsiplərini müəyyənləşdirməklə bərabər, onların həyata keçirilməsinə şəxsən özü nəzarət edirdi ki, bu da onun bir milli lider kimi üzərinə götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşdığına dəlalət edirdi.

Siyasi liderliklə milli liderlik keyfiyyətlərinin bir şəxsdə birləşməsi, əlbəttə, unikal haldır. Məhz bu cəhət Azərbaycanın keçid dövrləri üçün bir qayda olaraq səciyyəvi olan siyasi və iqtisadi islahatlarla milli ənənəçilik arasında uyğunsuzluqlardan və qarşıdurmalardan xilas olmasına, milli və ümumbəşəri dəyərlərin vəhdətinə nail olmasına imkan verdi.

Müasir dövrdə ən aktual problemlərdən biri də milli özünütəcrid və qloballaşma kimi iki kənar tendensiyanın arasında optimal həddin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir - istər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq, fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, mühafizəkar olmağın labüdlüyünü məhz ziyalılar müəyyənləşdirməlidir.

Bizcə, ilk növbədə meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar?

Keçmişə də məhz bu real durum və ideal prizmasından, onun əsasında formalaşan meyarlardan çıxış edərək yanaşmaq lazımdır. "Soykökə qayıdış" çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli toxunulmazlıq və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli dəyərlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ, nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu günümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza müraciət etməliyik.

Ərazinin tarixi, xalqın tarixi, millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən məsələyə milli şüur prizmasından baxmaq çətindir. Bunun üçün əvvəlcə, bütövlükdə, tarixi inkişaf prosesi, heç olmazsa, ən ümumi şəkildə nəzərə alınmalıdır. Etnik qrupların bütöv bir millət halında formalaşması prosesi daha çox dərəcədə əvvəlki minilliklərə aid bir məsələdir. Son minillik Azərbaycanda etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə, dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi ilə səciyyələnir. Yola saldığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşmışdır. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər də təsir göstərmişdir.

Bu baxımdan, axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Rusiya amili isə öz növbəsində iki istiqamətə ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir; anti-milli, anti-türk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə baxımından pozitiv məqamlar, Qərbə açılan pəncərə, Qərb sivilizasiyası ilə tanışlıq. Bu amil axırıncı yüzilliyin həm inqilabaqədərki, həm də sovet dövrünə aiddir. Sovet dövrünün əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüurların ideologiya çərçivəsinə salınması, digər tərəfdən isə əhalinin savadlılıq dərəcəsinin artması, müasirliyə inteqrasiya ilə əlamətdardır. Son yüzilliyin axırıncı iyirmi ili isə milli şüurun intibahı və milli özünüdərk istiqamətində axtarışlarla əlamətdardır. Belə ki, yeni minilliyə və yüzilliyə biz milli özünüdərk və milli dövlət quruculuğu əzmi ilə, dövlətçilik təfəkkürünün intibahı ilə qədəm qoymuşuq.

Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda - mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə olmalıdır. Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməlidir. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli varlığımızın, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir və əksinə. Milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. Bu gün azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilməkdədir.

Bütün bunları bizə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev öyrətmişdir - sözləri və əməlləri ilə. Bu xətti qoruyub saxlamaq və inkişaf etdirmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli şərəf borcudur. Əlamətdar haldır ki, bu istiqamətdə yeni səhifələrin açılması da ilk növbədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adı ilə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də öz çıxışlarında məhz azərbaycançılıq məfkurəsini önə çəkir və bu məfkurəni bütün qələbələrimizin rəhni hesab edir. O, Yeni Azərbaycan Partiyasının IV qurultayındakı nitqində bu xətti bir daha vurğulayaraq demişdir: "Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq".

Azərbaycanın mədəniyyətinin dünyaya çatdırılması istiqamətində görülən işlər Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehrıban Əlıyevanın apardığı məqsədyönlü fəaliyyət nətıcəsində bir daha aktuallaşdı. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə, bütövlükdə, İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz "Şərq-Qərb" mövzusunda kinofestivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrildi.

10 iyun 2008-ci ildə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında Mehrıban xanım Əlıyeva salona belə bir sualla müraciət etdi: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?" Önəmli olan budur ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Şərqin və Qərbin sülh və şəfqət elçisi Mehriban xanım, sadəcə, sual qoymaqla kifayətlənmir, o özünün artıq beynəlxalq miqyas almış geniş və çoxcəhətli fəaliyyəti ilə bu suala həm də cavab verir, milli-mənəvi dəyərlərimizin tanıdılması istiqamətində ciddi əməli addımlar atır.

Maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetlıyınə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda kamil insanın formalaşmasına xidmət edir. Cəmiyyətin həyatında elmlə yanaşı, əxlaq və din də həlledici rol oynayır. Həm də söhbət onların qarşı-qarşıya qoyulmasından yox, bir-birini tamamlamasından gedir. Ruhun sağlamlığı təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər ilk növbədə təhsil strategıyasında öz əksini tapır. Son dövrlərdə Azərbaycanda məktəblərə dövlət qayğısının artması da bu baxımdan qanunauyğun görünür.

İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman komplekslərinin tikilməsi işi indi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi ilə davam etdirilir ki, bu da "sağlam bədən" üçün görülən işlərin "sağlam ruh" üçün görülən işlərlə tamamlanması deməkdir. Siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan İlham Əliyevin quruculuq fəaliyyəti birinci xanımın mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü böyük işlərlə tamamlanır ki, bu da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.

Təsadüfi deyildir ki, bu gün bütün dünyanın böyük din xadimləri də özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş olan Bakıda toplaşır və dinlərin dialoqu çərçivəsində və bununla həm müxtəlif millətlərin anlaşması istıqamətində səmərəli iş aparırlar.

Dünyada yeni inteqrativ meyllərin güclənməsi, xüsusən, qloballaşma hadisəsi bu mövzuya diqqətin daha da artırılmasını tələb edir. Azərbaycanda milli və dini kontekstdə tolerantlıq bütün dünya ölkələri üçün nümunə sayıla bilər. Lakin bununla belə, ölkəmizdə milli özünəməxsusluğumuz da unudulmur və milli mədəniyyətimizin inkişafı istiqamətində də böyük addımlar atılır. Bununla da ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, milli ideyanın təcəssümü sahəsində də Heydər Əliyev kursuna sədaqət nümayiş etdirilir. Təsadüfi deyil ki, Dünya azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyev öz nitqini məhz bu fikirlə tamamladı: "Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".

Bəli, hər bir millətin inkişafında onun müstəqil dövlətinin olması və milli ideyanı yaşatmaq və inkişaf etdirmək əzmində olan dövlət başçısının olması mühüm şərtdir. Təsadüfi deyil ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yuxarıda iqtibas gətirdiyimiz müsahibəsində məhz bu ideya sərlövhəyə çıxarılmışdır: "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur". Doğrudan da, dövlət başçısının həm də milli lider kimi çıxış etməsi milli ideyanın gerçəkləşdirilməsi üçün ən mühüm şərtlərdən biridir.

 

Səlahəddin XƏLİLOV, YAP Siyasi Şurasının üzvü, professor

 

Xalq qəzeti.- 2011.- 13 dekabr.- S. 3.