AMEA Mərkəzi
Elmi Kitabxanasında professor
Abuzər Xələfovun 80 illik yubileyinə
həsr olunmuş konfrans
keçirilmişdir
Dekabrın
13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında (MEK) Əməkdar Elm Xadimi, Azərbaycan
kitabxanaşünaslıq elminin banisi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının həqiqi
üzvü, professor Abuzər Xələfovun 80 illik yubileyinə
həsr olunmuş konfrans keçirilmişdir.
AMEA-nın
müxbir üzvü Teymur Kərimli professor A.Xələfovun
şərəfli ömür yolundan, çoxşaxəli fəaliyyətindən,
elm sahəsində qazandığı uğurlardan,
kitabxanaçılığın inkişafındakı
rolundan danışmış, yubilyarı təbrik
etmişdir.
MEK-in
direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin
"Milli ziyalılıq meyarı" mövzusunda məruzəsində
görkəmli alim Abuzər Xələfovun həyatı və
fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, A.Xələfov 1931-ci ildə Göyçə
mahalının Cil kəndində dünyaya gəlmişdir.
1950-ci ildə orta məktəbi bitirdikdən sonra indiki
Bakı Dövlət Universitetinin filologiya fakültəsinin
kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə
daxil olmuş, ali təhsilini başa vurduqdan sonra universitetdə
müəllim kimi fəaliyyətə
başlamışdır. 1962-ci ildə BDU-nun
kitabxanaçılıq şöbəsi müstəqil
kitabxanaçılıq fakültəsinə
çevrilmiş, A.Xələfov bu fakültənin ilk
dekanı olmuş və 25 il bu vəzifədə səmərəli
fəaliyyət göstərmişdir.
A.Xələfov
keçmiş SSRİ məkanında kitabxana işinin tarixi
sahəsində ilk elmlər doktoru kimi şöhrət
qazanmış və Azərbaycan kitabxanaşünaslıq
elmi məktəbinin əsasını qoymuşdur.
Alimin
elmi araşdırmalarında Azərbaycanda ali
kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri
problemləri mühüm yer tutur. Onun "Azərbaycanda
kitabxanaçılıq təhsilinin inkişafı",
"Azərbaycanda ali kitabxanaçılıq təhsili"
kitabları, çoxsaylı məqalələri, tədris-metodik
materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin,
yüksəkixtisaslı mütəxəssislər
hazırlanmasının nəzəri cəhətdən həllinə
ciddi təsir göstərmişdir. Professor A.Xələfov
kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində
mütəxəssis, elmi-pedaqoji kadrların
hazırlığında da əvəzsiz rol oynamış,
bir elmlər doktoru və 13 elmlər namizədi yetirmişdir.
Azərbaycanın
müstəqilliyi dövründə iki hissədən ibarət
"Kitabxanaşünaslığa giriş" dərsliyinin
çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin
zirvəsi sayıla bilər. Bu nəşr Azərbaycanda
kitabxanaçılıq təhsili tarixində
kitabxanaşünaslığa dair ilk dərslikdir.
Professor
A.Xələfovun üçcildlik "Azərbaycanda kitabxana
işinin tarixi", "Heydər Əliyev və Azərbaycanda
kitabxana işi" kimi monoqrafiyaları xalqımızın
elm və mədəniyyət tarixinə qiymətli töhfələr
kimi dəyərləndirilmişdir.
Akademik
Budaq Budaqov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı
Səyyar Abdullayev, Bakı Dövlət Universitetinin (BDU)
professorları Xəlil İsmayılov, Bayram Allahverdiyev,
BDU-nun dosentləri Knyaz Aslan, Nadir İsmayılov və
başqaları görkəmli alimin Azərbaycanda
kitabxanaşünaslıq və biblioqrafiya elminə verdiyi
sanballı töhfələrdən, elmi-pedaqoji və
ictimai-siyasi fəaliyyətindən söhbət
açmış, yubilyarı təbrik etmişlər.
Sonda
A.Xələfov kitabxanaçılıq peşəsinin
müqəddəsliyindən bəhs etmiş, tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirmişdir.
Tədbir
çərçivəsində təşkil olunmuş sərgidə
alimin elmi əsərləri, həyat və
yaradıcılığını əks etdirən fotoşəkillər
nümayiş olunmuşdur.
Xalq qəzeti.- 2011.- 14 dekabr.- S. 6.