Ulu öndər Heydər Əliyevin əziz
xatirəsi regionlarda da
böyük ehtiramla
anıldı
Cəlilabad
Gündən-günə qüdrətlənən, inkişaf edib çiçəklənən müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması, beynəlxalq aləmdə millətimizin imzasının tanınıb qəbul edilməsi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Unudulmaz dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Cəlilabadda keçən anım mərasimərində qeyd edildiyi kimi, ölkəmiz ulu öndərin müəyyən etdiyi siyasi kursla inamla irəliyə doğru addımlayır, ard-arda möhtəşəm qələbələr qazanır.
Gün ərzində ümummilli liderin möhtəşəm abidəsi önünə gələn rayon sakinləri bir daha əmin oldular ki, bütün şüurlu həyatını vətəninin tərəqqisinə, çiçəklənməsinə və xalqın xoşbəxtliyinə həsr edən bu fenomenal, dünya şöhrətli dahi insanın müdrik fəaliyyəti əsrlər boyu öyrəniləsi, tədqiq ediləsi zəngin bir həyat məktəbidir. Elə yaxınlıqdakı Heydər Əliyev Muzeyi binasının memarlıq baxımından açıq bir kitab formasında inşa edilməsi də ulu öndərin zəngin irsinin daim öyrənilməsinin vacibliyi amalına xidmət edir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ziyalılar, gənclər dahi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Hər kəsin yaddaşında ulu öndərin xalq qarşısında misilsiz xidmətləri, aforizm kimi söylədiyi fikirləri yenidən canlandı. Ümummilli liderimiz böyük fəxrlə deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub". Rayon ictimaiyyətinin nümayəndələri, adi vətəndaşlar dəstə-dəstə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsinin önünə gül dəstələri qoydular və ölməz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Elə həmin gün Azərbaycan xalqının ümumilli lideri, ulu öndərin adını daşıyan Alar kənd 1 saylı orta məktəbin həyətində də təntənəli anım mərasimi keçirildi. Mərasimdə iştirak edən icra hakimiyyətinin başcısı Əziz Əzizov və rayon ictimayyətinin nümayəndələri burada ulu öndərin büstü önünə çiçəklər qoyaraq əziz xatirəsinə dərin ehtramlarını bildirdilər. Vurğulandı ki, Azərbaycan xalqı öz xilaskarı Heydər Əliyevin ideyalarına daim sadiqdir və həmişə bu işıqlı yolla gedəcəkdir. Xalqımız ulu öndərin siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək öz istiqbalına doğru inamla addımlayır.
Astara
Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi astaralılar üçün də əzizdir. Qədirbilən Astara əhalisi ulu öndərin respublikaya rəhbərliyi dövrlərdə rayona 11 dəfə səfər etməsini, göstərdiyi diqqət və qayğını heç vaxt unutmur, Heydər Əliyevin Astara haqqında dediyi xoş sözləri bu gün də qürur və minnətdarlıq hissi ilə xatırlayır. Dekabrın 12-də Astara şəhərindəki meydana 10 mindən çox rayon sakini toplaşmışdı. Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, gənclər, məktəblilər ulu öndər Heydər Əliyevin meydandakı abidəsi önünə əklillər, gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bir daha nümayiş etdirdilər. Sonra mərasimdə iştirak edənlər Heydər Əliyev Mərkəzində oldular, ümummilli liderin şanlı həyat yolunu, siyasi və dövlət xadimi kimi müdrik fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxdılar, Astara rayonuna səfərindən bəhs edən video filmə tamaşa etdilər. Rayon sakinlərindən, ağsaqqallar Allahverən Həmidov, Qürbət İbrahimov, Nəsrəddin Teymurov, təhsil işçisi Laləzar Qurbanova, gənclərdən Rəsul Nəsirov və başqaları bildirdilər ki, ulu öndərin dünyasını dəyişməsi təkcə xalqımız üçün deyil, bəşəriyyət üçün ağır itkidir. O, cismən bizdən ayrılsa da parlaq ideyaları, müdrik əməlləri yaşayır, xatirəsi əbədi olaraq bizimlədir.
Lerik
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anım günü Lerik rayonunda ictimaiyyətin, ağsaqqalların, ziyalıların iştirakı ilə qeyd edildi. Əvvəlcə Heydər Əliyev Mərkəzində sərgilənən, ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər və qiymətli eksponatlarla tanış olduqdan sonra dəyirmi masa ətrafında müasir Azərbaycan tarixinin əfsanəvi və əvəzolunmaz lideri haqqında geniş fikir mübadiləsi aparıldı.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə olan məhəbbət və ehtiramın nəticəsidir ki, artıq 8 ildir ki, xalqımız dekabrın 12-də o unudulmaz şəxsiyyəti dərin kədər və hüznlə yad edir. Çünki Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində mühüm rol oynayan ümummilli lider adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır. Natiq qeyd etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın və cəmiyyət həyatının bütün sahələrində islahatlar dövrü başlandı.Uğurlu neft strategiyası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, bu gün də yeni nəqliyyat dəhlizlərinin yaradılması, zəngin neft-qaz yataqlarının işə düşməsi ölkəmizin siyasi və iqtisadi önəmini artırır, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Qürur hissi keçiririk ki, Azərbaycana ulu öndərin layiqli siyasi davamçısı - Prezident İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik lider rəhbərlik edir. Məhz Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir ki, bu gün Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini alaraq BMT-nin qeyri-daimi üzvü seçilmişdir.
Milyonların qəlbində yaşayan lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu hər bir azərbaycanlı üçün layiqli örnəkdir. Bu gün cismən bizimlə birlikdə olmasa da, onun ideyaları yaşayır və daim yaşayacaqdır.
Anım tədbirində rayon peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Veteranlar Şurasının sədri Hidayət Bəşirov, YAP rayon təşkilatının sədri Elxan Qənbərov çıxış edərək ulu öndərin çağdaş Azərbaycan tarixində, dövlətçiliyin qurulması və inkişafındakı rolundan söz açdılar, Azərbaycanın bütün bölgələri üçün, o cümlədən Lerik rayonu üçün gördüyü misilsiz işləri xüsusi olaraq qeyd etdilər.
Dəyirmi masa ulu öndərin rayon mərkəzində ucaldılmış abidəsi önündən izdihamlı keçidlə davam etdirildi, abidənin qarşısına əklil qoyuldu və gül-çiçək dəstələri düzüldü.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 14 dekabr.- S. 4.