Ulu öndər Heydər Əliyevin əməlləri
və ideyaları yaşayır
Ulu öndər Heydər Əliyevin
anım günü Balakəndə silsilə
tədbirlərlə qeyd olundu.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev başda olmaqla aparat işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, eləcə də ictimaiyyətin nümayəndələri dahi şəxsiyyətə öz məhəbbətini onun mədəniyyət və istirahət parkının ən uca zirvəsindəki möhtəşəm abidəsi önünə tər qərənfil dəstələri qoymaqla bildirdilər.
Sonra tədbir ulu öndərin adını daşıyan parkın mərkəzində davam etdirildi. Rayon rəhbəri və tədbir iştirakçıları əvvəlcə mərkəzin ekspozisiya zalında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış oldular.
Mərkəzin yeni təmir olunmuş zalında ulu öndərin anım gününə həsr olunmuş tədbiri rayon icra hakimiyyətinin başçısı İslam Rzayev açaraq qüdrətli şəxsiyyətin nəsillərə nümunə dolu fəaliyyəti barədə geniş məlumat verdi.
Tədbirə dəvət edilmiş Prezident təqaüdçüsü, ulu öndərin fəaliyyətinin birinci mərhələsində 14 il müxtəlif rayonlarda birinci katib vəzifəsində çalışmış Səfiyyə Dibirova Heydər Əliyevin titanik fəaliyyəti barədə xoş xatirələrini söylədi.
Sonra rayon ağsaqqalı Fuad Səlimov, 1 saylı texniki peşə məktəbinin direktoru Rəhim Tağıyev, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev çıxış edərək ulu öndərin bizə miras qoyub getdiyi müstəqil Azərbaycanı qorumağa, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdılar.
Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən film nümayiş etdirildi.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2011.- 14 dekabr.- S. 5.