Son illər Azərbaycan
xalqının rifahının
yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir
Cari ilin ötən 10 ayı ərzində 71 minə yaxın iş yeri açılmış, əhalinin pul gəlirləri 19 faiz artmışdır. Əhalinin banklara qoyduğu əmanətlərin məbləği isə 29,5 faiz çoxalmışdır. Regionların sosial-iqtisadi inkişafı nəticəsində yerlərdən büdcəyə daxilolmaların çəkisində də artım vardır. Bu artım ilin sonunda 14,4 faizə çatacaqdır.
2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacağı və əvvəlki illərdə müşahidə olunan müsbət meyillərin davam edəcəyi gözlənilir. Belə ki, 2012-ci ildə ölkədə iqtisadi artımın 5,7 faiz 2015-ci ilədək isə orta illik iqtisadi artımın 6,3 faiz olacağı gözlənilir. Adambaşına düşən ÜDM 2012-ci ildə 4744 manatdan 2015-ci ildə 5963 manata qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcəkdir.
Ölkəmizdə
makroiqtisadi və sosial
sabitliyin qorunub
saxlanılması, əhalinin rifah
halının, maddi təminatının
yaxşılaşdırılması, onun
aztəminatlı qruplarına dövlət
qayğısının artırılması istiqamətində
sistemli tədbirlər davam
etdirilir. Vətəndaşların
maaşlarının, pensiyaların, eləcə də, minimum əməkhaqqının
artırılması ilə bağlı kompleks
tədbirlər sosial siyasətin
başlıca komponentinə çevrilmişdir.
Dövlətimizin başçısının
imzaladığı 1 dekabr 2011-ci il tarixli sərəncama əsasən,
minimum aylıq əməkhaqqının məbləği
2011-ci il dekabrın 1-dən
artırılaraq 93,5 manat müəyyən
edilmişdir.
Azərbaycanda sosial sferada pozitiv dəyişikliklər dinamik şəkildə baş verir.Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti hökumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının nəticəsidir. Qeyd edək ki, dövlət başçısının təqaüdçülərin və digər sosial kateqoriyaların sosial müdafiəsini gücləndirmək məqsədi ilə yürütdüyü davamlı siyasət ölkə daxilində sosial vəziyyətin yaxşılaşmasını təmin etməklə yanaşı, respublikamızın digər dövlətlərlə müqayisədə iqtisadi inkişafının üstünlüyünü şərtləndirmiş olub.
Son illər dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlara əsasən, bütün güc strukturlarında, dövlət idarəetmə sistemində və digər dövlət təşkilatlarında çalışan insanların maaşlarında artım baş vermişdir. Ümumiyyətlə, bütün büdcə təşkilatlarında çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülmüş, onların aylıq vəzifə maaşları artırılmışdır. Bundan başqa, aztəminatlı əhali qruplarına göstərilən qayğı daha da gücləndirilmiş, məcburi köçkünlərə və ünvanlı yardım alan ailələrə verilən aylıq müavinətin məbləği artırılmışdır. Eləcə də tələbə və gənclərin də sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifahı və dövlət müstəqilliyinin daha da güclənməsinə yönəldiyindən Prezidentin fəaliyyəti həmişə xalq tərəfindən rəğbətlə qarşılanıb. Çünki bu siyasət əhalinin sosial və iqtisadi vəziyyətinin ilbəil yaxşılaşmasına əhəmiyyətli baza yaradıb. 2003-cü ildən ötən dövr ərzində iqtisadiyyatda müsbət meyillərin daha da güclənməsi, əhalinin pul gəlirlərinin və orta əməkhaqqının 20-25 faiz artması iqtisadiyyatda yeni dinamizmin başlandığını şərtləndirmiş olub. Xatırladaq ki, Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən cəmi bir il keçdikdən sonra Azərbaycanda orta aylıq əməkhaqqı 25 faiz artaraq 100 dollara yaxınlaşdı. 2004-cü ildə iqtisadiyyatın canlanması qarşıdakı illər üçün üfüqlər açmağa, əhalinin gözlədiyi tələblərin ödənilməsinə baza yaratdı. Təkcə 2003-cü ilin oktyabr ayından 2004-cü ilin sonuna qədər ölkədə iqtisadi artım 10 faizdən çox təşkil etdi. Ümumi Daxili Məhsulda özəl sektorun payı 74 faizə yüksəldi. Xarici investisiyalar 48 faiz artaraq 4 milyard dollara bərabər oldu. Minimum əməkhaqqı 2004-cü ilin əvvəlində 45 min manat (köhnə manatla) idisə, ilin sonunda 60 min manata çatdı. Bu rəqəm 2005-ci ildə 125 min manat təşkil etdi. Orduya ayrılan vəsaitin həcmi təxminən 20 faiz artırıldı və 2005-ci il üçün bu rəqəm 30 faiz civarında müəyyən edildi. Xarici ticarət dövriyyəsində 40 faiz artım müşahidə olundu. Respublikamızın valyuta ehtiyatları 1 milyard 800 milyon dollara çatdı. Bu və bu kimi digər bütün meyillər onu göstərdi ki, Azərbaycanın inkişafı, xalqın sosial imkanlarının yaxşılaşması məhz İlham Əliyevin rəhbərliyi dövründə geniş vüsət aldı.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin iqtisadi inkişafında dinamizmi daha da gücləndirmək, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmaq istəyirdi. Bu iqtisadi hədəflər regional Dövlət proqramlarında da öz əksini tapmış oldu. Dövlət başçısı fəaliyyətinin ilk günlərindən bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls vermək üçün kompleks tədbirlər proqramının hazırlanmasına sərəncam verdi.
Regional Dövlət proqramları Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış oldu. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb oldu. Bölgələr arasında iqtisadi tarazlığın bərpası, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılması strateji hədəflərə nail olunduğunu təsdiqlədi. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Bu proqramların məzmunu birbaşa sosial xarakter daşıdığından son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb oldu.
Prezident İlham Əliyevin sosial sahədə dinamizmə və əhalinin imkansız təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasına impuls verən qərarlarından başlıcası ünvanlı sosial yardımların tətbiqi ilə əlaqədardır. Bu mexanizmin reallaşması minlərlə ailənin vəziyyətinin yaxşılaşmasına, onlar üçün yeni maliyyə mənbələrinin təmin olunmasına səbəb olub. Region ölkələrinin və Avropanın bir çox dövlətlərinin sosial müdafiə sisteminə diqqət etsək görərik ki, onların pensiya sistemində vətəndaşlara yardım və yaxud sosial güzəşt mexanizmi yox dərəcəsindədir. Hökumət onlara qayğı göstərsə də, təmənnasız yardım etmir. Bu siyasətin mühüm istiqamətləri paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsini də əhatə edir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi sosial siyasətin ən böyük istiqamətlərindən biri kimi həmişə ön yerdə dayanıb. Azərbaycan hökuməti qısa müddətdə qaçqın və məcburi köçkünlərin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Dövlət başçısının bəyan etdiyi kimi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritet məsələsidir və bu məqsədlərə böyük vəsait ayrılır. Bu məqsədlər üçün qəbul olunmuş proqramlar, imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş qərarlar insanların həyat səviyyəsini yaxşılaşdırıb, çadır şəhərciklərinin ləğvinə gətirib çıxarıb. Bu məqsədlə qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramına əsasən 500 milyon manat həcmində vəsait xərclənib. Yeni qəsəbələrin tikilməsi məcburi köçkünlərin məişət problemlərini həll edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ən mühüm üstünlüklərindən biri də dünya maliyyə böhranının bütün inkişaf etmiş dövlətlərin iqtisadiyyatına sarsıdıcı zərbələr vurduğu halda, respublikamıza təsir göstərə bilməməsidir. Dünya böhranının birinci və ikinci mərhələlərini dəf edən Azərbaycan makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, maliyyə sektorunda və real sektorda iqtisadi dinamizmin artmasına nail olmaqdadır. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir və böhranın növbəti fazasının ölkəmizə mənfi təsirlərinin qarşısını almış olur.
Azərbaycan iqtisadiyyatının 2012-ci ildə də əlverişli olmayan xarici iqtisadi mühit şəraitində inkişaf edəcəyi proqnozlaşdırılır. Yaradılmış möhkəm təməl və düşünülmüş iqtisadi siyasət nəticəsində 2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacağı və əvvəlki illərdə müşahidə olunan müsbət meyillərin davam edəcəyi gözlənilir. Belə ki, 2012-ci ildə ölkədə iqtisadi artımın 5,7 faiz 2015-ci ilədək isə orta illik iqtisadi artımın 6,3 faiz olacağı gözlənilir. Adambaşına düşən ÜDM 2012-ci ildə 4744 manatdan 2015-ci ildə 5963 manata qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcəkdir.
Bəli, bu gün Azərbaycanda keyfiyyətcə yeni iqtisadi şərait yaranmışdır. Azərbaycan iqtisadiyyatı bu uğur sayəsində dünyadakı iqtisadi böhrandan da çox az itki ilə çıxmışdır. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının dörddəüçünü özündə birləşdirir, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. Azərbaycan iqtisadiyyatı son 8 ildə 3 dəfə artmışdır. Dünyada isə qlobal böhranın ikinci dalğası artıq başlayır. Hamıya məlumdur ki, bu, başlıca olaraq avrozonanı əhatə edir. Bu gün Avropanın beş dövlətinin toplam borcu 4 trilyon ABŞ dollarından çoxdur. Bu, fantastik bir rəqəmdir. Həmçinin ABŞ-da da eyni böhran yaşanır. İşsizlik bu ölkələrə hakim kəsilmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə dünya üzrə resessiya çox zəif gedir.
Qlobal iqtisadi böhrana qarşı Azərbaycanda dövlət başçısının uğurlu fəaliyyəti nəticəsində nümunə göstərilən dayanıqlıq təmin edilmişdir. Hazırda dünyanın əksər ölkələrinə təsir göstərən qlobal böhran Azərbaycandan demək olar ki, yan keçmişdir. Dünya iqtisadiyyatında müşahidə olunan tənəzzülə baxmayaraq, 2011-ci ilin 10 ayı ərzində Azərbaycanda ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 8,6 faiz artmış və 10 ay ərzində bu sahədən büdcəyə proqnozda nəzərdə tutulandan 21,8 faiz çox vergi daxil olmuşdur. Ümumilikdə 10 ay ərzində ölkə üzrə 114,1 milyard manat vergi yığılmışdır ki, bu da ötənilkindən 26,5 faiz çoxdur. Bu gün Azərbaycanda işsizlik məşğul əhalinin 0,8 faizini təşkil edir. Cari ilin ötən 10 ayı ərzində 71 minə yaxın iş yeri açılmış, əhalinin pul gəlirləri 19 faiz artmışdır. Əhalinin banklara qoyduğu əmanətlərin məbləği isə 29,5 faiz çoxalmışdır. Regionların sosial-iqtisadi inkişafı nəticəsində yerlərdən büdcəyə daxilolmaların çəkisində də artım vardır. Bu artım ilin sonunda 14,4 faizə çatacaqdır.
Onu da deyək ki, 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün 102 manatdan 116 manata, pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün 76 manatdan 87 manata, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75 manatdan 84 manata qaldırılacaqdır.
2012-ci ildə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etdiriləcəkdir. Əhalinin gəlirləri 6,8 faiz artacaqdır. İlin sonuna orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 11,8 faiz artaraq 432,5 manat təşkil edəcəkdir. Əmək qabiliyyətli əhalinin orta illik sayı 5 milyon 913 min, iqtisadi fəal əhalinin orta illik sayı 4 milyon 366 min, iqtisadiyyatda məşğul olanların orta illik sayı 4 milyon 161 min nəfərə çatacaqdır. İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayının azalma tempi 3 dəfə aşağı düşəcəkdir. Gələn ilin sonuna əhalinin sayının 9 milyon 342 min nəfərə çatacağı proqnozlaşdırılır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 14 dekabr.- S. 1.