Milli ideya: keçmişdən bu günə kimi

 

Sosial tərəqqi və ölkənin inkişafının stimullaşdırıcı faktoru

 

 

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq.

Heydər ƏLİYEV, Ümummilli lider

 

 

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq.

Heydər ƏLİYEV, Ümummilli lider

 

 

Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya birliyinə inteqrasiya strategiyasını nəzərdə tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi və politoloji baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində öz əksini tapır.

Ramiz MEHDİYEV, akademik

 

 

Milli ideyanın formalaşması və transformasiyası və indiki spesifikası barədə kifayət qədər elmi baxımdan əsaslandırılmış məlumat alan oxucuya tam aydın olur ki, azərbaycanlıların milli ideyası - azərbaycançılığı Azərbaycanın dünya birliyində yeri, onun tarixi, mədəniyyəti, milli mentallığı, milli xarakteri haqda təsəvvürlər sistemini əks etdirir.

 

 

Dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycan və həmin dövr ərzində böyük inkişaf, özünəqayıdış, özünüdərk və özünütəsdiq yolunu keçən Azərbaycan xalqı üçün milli ideya taleyüklü məsələlər sırasına aiddir. Milli ideya hazırkı dövrdə Azərbaycanın özünü reallaşdırmasının özülü, dövlətin səmərəliliyinin aparıcı faktoru, ölkənin tərəqqisinin mental baxımdan təminatçısı qismində çıxış edir. Eyni zamanda, milli ideya və milli ideologiya mövzusu fəlsəfə, siyasi fəlsəfə, siyasi tarix və politologiyanın ən çətin və incə, heç vaxt aktuallığını itirməyən, həm də dərin zəka, analitik təfəkkür, ensiklopedik bilik, kompleks, sistemli, komparativ və kreativ yanaşma tələb edən genişəhatəli problem kimi dəyərləndirilə bilər.

 

Təsadüfi deyil ki, cəmiyyəti maraqlandıran bir çox problemlərə daim diqqət yetirən, aktual ictimai prosesləri fəlsəfi, sosial-siyasi və tarixi baxımdan dərindən təhlil edən tanınmış dövlət xadimi və görkəmli alim, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məhz milli ideya mövzusuna xüsusi önəm verir. Son illərdə bu məsələyə hörmətli akademikin bir sıra maraqlı əsərləri həsr olunub. Nüfuzlu alimin "Bakinski raboçi"qazetində dərc olunan geniş və dolğun müsahibəsində də milli ideya mövzusu mərkəzi yer tutur.

Burada milli ideyanın təşəkkülü, inkişafı, zənginləşməsi və hazırkı vəziyyəti, milli mənlik şüurunun yaranması və möhkəmlənməsində, bütövlükdə millətin formalaşmasında onun rolu, real və potensial gücü, dövlətə, cəmiyyətə və hər bir vətəndaşa təsiretmə imkanları, birləşdirmə və həmrəylik enerjisi və digər olduqca əhəmiyyətli xüsusiyyətləri hərtərəfli, dərin elmi-nəzəri və tətbiqi-praktiki nöqteyi-nəzərdən əsaslandırılmış təhlilin predmetini təşkil edir.

Müsahibənin özəlliyi həm də ondadır ki, fəlsəfi və siyasi tutumlu mürəkkəb məsələ sadə, səlis, oxunaqlı dillə geniş oxucu auditoriyasına çatdırılır. Digər fərqləndirici xüsusiyyət milli ideyanın izahında, dahi nəzəriyyəçi və praktik Heydər Əliyevin dövlətçilik xəttinin davam etdirilməsidir. Ulu öndər 2001-ci il noyabırın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərək demişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq".

Buradan belə məntiqi nəticəyə gəlinir ki, azərbaycançılıq dövlət siyasətində strateji əhəmiyyətə malikdir. O, dövləti möhkəmləndirmək, ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaq, iqtisadiyyatı modernləşdirmək, mədəniyyəti inkişaf etdirmək, hazırkı və gələcək nəsillər üçün daha da mükəmməl şərait yaratmağa, onların firavanlığını təmin etməyə yönəlmişdir. Milli ideyaya məhz belə yanaşma müsahibənin əsas qayəsini təşkil edir.

Müasir elmdə milli ideya problematikası müxtəlif cür izah edilir. Lakin milli siyasi şüurun səciyyəvi xüsusiyyətlərinin, ölkənin və xalqın siyasi inkişafının retrospektiv və perspektiv vəziyyətlərinin kompleks-sistemli təhlilinə, konseptual baxımdan dərk edilməsinə məhz akademik Ramiz Mehdiyevin elmi-nəzəri yaradıcılığı və praktiki-tətbiqi fəaliyyətində rast gəlirik. Hörmətli alimin fundamental əsərlərində, bir çox publisistik yazılarında və çıxışlarında, barəsində danışdığımız müsahibə daxil olmaqla, Azərbaycanın milli ideyası olan azərbaycançılığın mahiyyəti, onun ontoloji əsası, koqnitiv siyasi substratı, aksioloji məzmunu, genezisinin prinsip və mexanizmləri, istiqamətləndirici və birləşdirici rolu, dövlətin və dövlət institutlarının fəaliyyətinin səmərəliliyinə stimullaşdırıcı təsiri və s. ciddi məsələlər elmi analizə cəlb edilir.

Müsahibədə ilk növbədə azərbaycanlıların milli ideyasının formalaşması, xalqımızın milli-ideoloji konseptinin təşəkkülü və transformasiyası prosesi mərhələlərə bölünməklə, bütün mərhələlərin spesifik cəhətləri təfərrüatıyla açıqlanmaqla ardıcıl surətdə işıqlandırılır.

Akademikin fikrincə, birinci mərhələ 1828-1875-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan cəmiyyətində identifikasiyanın əsas meyarı dini faktor olmuşdur. Bununla bərabər, Rusiya imperiyasının tərkibində qalmış azərbaycanlıların tədricən həmrəy olması prosesinə yenicə formalaşan və Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə və başqa böyük ziyalıların adı ilə bağlı olan milli realist ədəbi məktəb təsir edir ki, bu məktəbin parlaq fəaliyyətindən bəhrələnərək milli oyanış impulsu sonrakı onilliklərdə bir qədər geniş yayılır.

İkinci mərhələdə (1875-1905-ci illər) milli mənlik şüurunun təşəkkülü, "Azərbaycan türkləri" (M. Şahtaxstinski) termininin yaranması, milli identikliyin yalnız dini faktorla deyil, ilk öncə etnik əsasla, yəni türk faktoruyla, türk mədəniyyətinin ənənələriylə əlaqələndirilməsi önə çıxır ki, belə yanaşmanın formalaşmasında Həsən bəy Zərdabi, Seyid və Camal Ünsizadə qardaşları, Nəcəf bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə və digər görkəmli maarifçilərin yaradıcılığı tarixi rol oynamışdır. Məhz onların fəaliyyətinin mərkəzində Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid və etnik şüurun dini şüurdan ayrılması ideyası dururdu.

1905-1907-ci illərin inqilabından başlanan və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatan üçüncü mərhələ xalqın oyanışı, milli mənlik şüurunun sonrakı formalaşması, Avropa sivilizasiyası dəyərləri ilə tanışlıq prosesinə fəal cəlb olunan ilk siyasi partiyaların yaranması, dövlətçilik təfəkkürünün və milli azadlıq ideyasının formalaşmasına təkan verən yeni jurnal ("Füyuzat") və qəzetlərin ("Həyat", "İrşad") təsis edilməsi ilə xarakterizə olunur. Bu dövrdə milli ideyanın son məqsədi kimi ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə ön plana çıxmışdı.

Həmin illər yeni ictimai-siyasi xadimlər təbəqəsinin nümayəndələri Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları milli identiklik ideyasını irəli sürməyə başladılar. Həmin ideya azərbaycançılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda get-gedə genişlənən kəskin siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına gətirib çıxardı.

Azərbaycan milli ideyasının formalaşması tarixinin dördüncü mərhələsi 1918-ci il mayın 28-də Tiflisdə, Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında qərar qəbul edildiyi vaxtdan 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir. Həmin dövr milli ideyanın öz məntiqi sonluğuna, "milli ideyanın təntənəsinə" gətirib çıxardı, çünki yaranmış Azərbaycan Xalq Cümhuriyyəti məhz bu ideyanın təcəssümü idi.

Özünüidentifikasiya prosesi sovet dövründə bir sıra səbəblərdən (bu sırada repressiyaları, totalitar dövlətin formalaşmasını, kommunist ideologiyasının qələbə çalmasını, bir qədər sonra volyunatarizmin bərqərar olmasını və s. xatırlatmaq istərdik) çox ləng gedirdi. Lakin 1969-cu ildə çətin şəraitdə böyük Heydər Əliyev kimi dövlət xadiminin siyasi səhnəyə gəlməsi milli maraqların ehtiyatla və ardıcıl olaraq reallaşdırmasına təkan verdi və keçən əsrin 80-cı illərinin axırlarında ölkədə milli hərəkatın genişlənməsi və 1991-ci ildə dövlət müstəqilliyi əldə edilməsi üçün münbit zəmin yaratdı.

Milli ideyanın formalaşması prosesinin beşinci mərhələsi müsahibədə Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirilir. Hesab olunur ki, bu mərhələ 1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvarından sonra keyfiyyətcə yeni hərəkata - milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır.

Milli ideyanın formalaşmasının altıncı mərhələsi (1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər) milli şüurun inkişaf edərək Azərbaycan milləti tərəfindən müstəqil dövlətini yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi qiymətləndirilir. O zaman, yəni SSRİ-nin dağılması ərəfəsində yaranan və cəmiyyət həyatının bütün sahələrini bürüyən dəhşətli böhran, total xaos və qeyri-müəyyənlik bu prosesin başa çatması və müstəqil dövlətin yaranmasının ilk illərində də davam etdi. Həmin illər yeni, effektiv sosial-siyasi sistemlərin formalaşmasının labüdlüyü get-gedə daha ciddi dərk edilirdi. Milli ruhun dirçəlişinin məntiqi nəticəsi kimi müvafiq milli ideyanın axtarışını, lakin səhvən yalnız etnik faktorla əlaqələndirilməsini qeyd etməliyik.

Akademik Ramiz Mehdiyev haqlı olaraq həmin dövrü belə xarakterizə edir: "Bu dövrün xüsusiyyəti ondan ibarət idi ki, kollektiv özünüidentifikasiya formalarından biri, məhz müstəsna türkçülüklə eyniləşdirilən sosiomədəni özünüidentifikasiya dövlət siyasətinin əsası olmuşdur. Titul millətin özünüidentifikasiya prosesində prioritet kimi müəyyən edilmiş türk bazis komponenti milli ideyanın yeganə forması kimi təklif edilmişdi və istər daxili, istərsə də xarici siyasi fəaliyyətdə bütün sonrakı addımlar yalnız bu amildən irəli gəlirdi. Səhv milli siyasətin nəticələri tezliklə etnik komponentin və separatçı əhval-ruhiyyənin ifadəçisi olan müxtəlif milli qrupların nümayəndələrinin üzdəniraq ictimai təşkilatlarının yaranmasında özünü göstərdi. Hakimiyyətə gəlmiş siyasi qruplar milləti birləşdirməyə, cəmiyyətdə sabitliyi və asayişi bərpa etməyə yönəlmiş "fəaliyyət xəttini həyata keçirə bilmədilər".

Nəhayət, faktlara əsaslanaraq tamamilə düzgün göstərilir ki, milli ideyanın formalaşması tarixinin 1993-cü ilin yayından başlanan və 2003-cü ildə həmin ideyanın gerçəkləşməsi ilə başa çatan sonuncu, yeddinci mərhələsi ictimai-siyasi sabitliyin bərqərar olması, ölkənin gələcək sıçrayışının və siyasi tərəqqinin əsaslarının yaradılması ilə seçilir.

Bu illər milli ideya özünün inkişafında zirvə nöqtəsinə çatmışdır. Bununla əlaqədar, akademik qeyd edir ki, ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində "millət" anlayışının strukturuna özünüidentifikasiyanın bir çox komponentləri, o cümlədən etnik, dini, sosiomədəni, siyasi formaları daxil edilmişdir.

Bu dövrdən başlayaraq azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Hörmətli akademik milli ideyanın yaranması, inkişafı və transformasiyası prosesini düzgün metodoloji yanaşmaya əsaslanaraq ardıcıllıqda izlədikdən və təfərrüatıyla təhlil etdikdən sonra xüsusi vurğulayır ki, 2003-cü ilin axırlarından başlayaraq milli ideya müstəqil dövlətin inkişafının və dünya ilə münasibətlər qurulmasının keyfiyyətcə yeni aspektləri ilə zənginləşir.

Beləliklə, milli ideyanın formalaşması və transformasiyası və indiki spesifikası barədə kifayət qədər elmi baxımdan əsaslandırılmış məlumat alan oxucuya tam aydın olur ki, azərbaycanlıların milli ideyası Azərbaycanın dünya birliyində yeri, onun tarixi, mədəniyyəti, milli mentallığı və milli xarakteri haqda təsəvvürlər sistemini əks etdirir.

Azərbaycançılıq kimi başa düşülən milli ideya cəmiyyətdəki ahəngdarlığa və konsensusa xidmət edir, sosial tərəqqi və ölkənin inkişafının stimullaşdırıcı faktoruna çevrilir. İctimai şüura aktiv təsir edərək, azərbaycançılıq ideyası sosial subyektlərin davranışının əsas dəyər və siyasi motivasiyalarından biri olur və bütün milləti birləşdirərək onu xaotik defraqmentasiyadan xilas edir. Azərbaycançılıq Azərbaycan millətinin şüurunun tarixi inkişafı nəticəsində formalaşıb, millətlə yanaşı və ona uyğun olaraq çoxmərhələli yol keçib. Həmin ideya inteqrativ ideyadır, özündə sosial ədalət, səmərəlilik və vətəndaş azadlıqlarını birləşdirir. Sonuncular isə cəm halında bu ideyanın demokratik və modernist mahiyyətini şərtləndirirlər. Çox önəmlidir ki, ümummilli ideya kimi azərbaycançılıq həm ölkə daxilində, həm də onun hüdudlarından kənardakı milyonlarla azərbaycanlını birləşdirmək qüdrətinə malikdir.

Müsahibədə digər son dərəcə aktual, həm böyük praktiki, həm də elmi əhəmiyyət kəsb edən məsələlərə də tam aydınlıq gətirilir. Belə ki, milli ideyada azərbaycanlıların etnogenezinin rolu, bu gün millətin daha çox siyasi, yoxsa etnik məzmuna malik olması, millət anlayışına yeni yanaşma, ermənlərin süni dövlətçiliyini tarixi Azərbaycan ərazilərində qurması, onların tarix boyu yer dəyişməsi, Cənubi Qafqaza necə və haçan gəlməsi məsələləri dolğun açıqlanır.

Zənnimizcə, cavablanan sualların ikisi xüsusi önəm daşıyır. Bir sual "azərbaycançılıq konsepsiyasının təşəkkülündə şəxsiyyətin rolunu necə səciyyələndirirsiniz" sualıdır. Möhtərəm akademik tarixə istinad edərək və inandırıcı faktlara əsaslanaraq göstərir ki, cəmiyyətin ictimai-siyasi proseslərini və millətin inkişafını müəyyən edən, onları istiqamətləndirən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Millətlərin dünəni və bugünü görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Azərbaycan xalqının milli ideyasının təkamülü prosesində ideoloji konsepsiyanın son versiyasının formalaşmasına öz töhfəsini verən parlaq şəxsiyyətlər olmuşdur. Bizim tariximizdə fəaliyyətləri ilə dərin izlər qoymuş, xalqımızın taleyini dəyişmiş şəxsiyyətlər sırasında Heydər Əliyev şəxsiyyətinin müstəsna əhəmiyyəti elmi dəlillərlə bir daha sübuta yetirilir.

Digər sual "müasir mərhələdə milli ideyanın inkişafı üçün hansı şərtlər əsasdır" sualıdır. Öz cavabında akademik demokratiya məsələsini önə çəkir ki, bu heç də təsadüfi deyil. Çünki XXI əsrdə iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin müstəqilliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir. Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə real imkanlar yaradır, qarşıdan gələn yeni sivilizasiyaya yaxınlaşmaq üçün meydan açır. Eyni zamanda hörmətli alim demokratiya ilə milli ideyanın qarşılıqlı əlaqəsinin labüdlüyünü vurğulayır. Bununla yanaşı, sosiumun sosial quruluşunun vacib elementi, demokratiyanın tərkib hissəsi sayılan vətəndaş cəmiyyəti məsələsinə də toxunur. Nəhayət, xüsusi olaraq qeyd edir: "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya birliyinə inteqrasiya strategiyasını nəzərdə tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi və politoloji baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində öz əksini tapır".

Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlirik: Azərbaycanın müasir milli ideyası olan və vətən siyasi diskursunda nisbətən yaxın vaxtlardan işlədilən azərbaycançılıq anlayışı yarandığından sonra təxminən iki əsrlik formalaşma müddətində inkişaf etmiş və transformasiya olunmuş bir ideyanın məntiqi davamıdır. Əvvəlcə dini, sonra etnik başlanğıca müncər edilən milli ideya müasir dövrdə yeni çalarlar və komponentlərlə zənginləşmişdir. Akademik Ramiz Mehdiyev çox inandırıcı, elmi və praktiki baxımdan əsaslandırılmış ciddi dəlillərlə sübuta yetirir ki, azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi 1992-1993-cü illərdə xüsusilə geniş yayılan ifrat millətçilik və separatçılıq əhvali-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir.

Hal-hazırda isə dahi Heydər Əliyevin adı ilə bağlı olan bu canlı və anlaşıqlı ideya bütün xalqı, milləti birləşdirən, müstəqil Azərbaycanın möhkəmlənməsinə, onun uğurlu gələcəyinə yönələn unikal tarixi sərvət və istiqamətverici qüvvə kimi azərbaycançılıq ideologiyasının özülünü təşkil edir.

 

Nigar ƏLƏKBƏROVA, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya və siyasi idarəetmə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor

 

 

Xalq qəzeti.- 2011.- 15 dekabr.- S. 5.