Vətənə
və xalqa sədaqətlə xidmət onun ən yüksək
amalı idi
Bütün
dövrlərdə ictimai inkişafın hərəkətverici
qüvvəsinə çevrilmiş siyasi xadimlər tarixə
böyük töhfələr vermişlər. Bu tarixi simalar
sırasında müasir dövrün görkəmli siyasətçilərindən
biri olan Heydər Əliyev xüsusilə seçilir. Görkəmli dövlət xadimi, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev
bütün ömrünü doğma Vətəninin
çiçəklənməsinə, inkişafına,
müstəqil demokratik dövlət kimi beynəlxalq
münasibətlər sistemində özünəlayiq yer
tutmasına sərf etmişdir. Hadisələrlə
zəngin olan yaşadığımız əsrə nəzər
saldıqda, görürük ki, böyük bir dövr ərzində
Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkənin
bir çox məsələlərin- ictimai, siyasi, iqtisadi sahədə
probblemlərin həllindən sonra, respublika üçün
gələcək inkişafın perspektivləri
açılmışdır. Ulu öndər öz timsalında
bütün dünyaya nümayiş etdirmişdir ki, azərbaycanlılar,
türklər necə güclü iradəyə və ruha
malikdirlər, onun xalqı necə böyük enerji
potensialına, intellektual potensiala sahibdir.
Azərbaycan xalqı, bütün Türk dünyası bu günlərdə ümummilli liderin xatirəsini böyük hörmətlə yad etdi. Xalq bir daha bir millət və dövlət kimi Azərbaycanı həyatın ən çətin, taleyüklü ağır sınaqlarından keçirmiş, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında misilsiz rolu olan, unudulmaz tarixi şəxsiyyət Heydər Əliyevin dühası və parlaq zəkası qarşısında ehtiramla baş əydi. Tanrı Heydər Əliyevə nadir keyfiyyətlər bəxş etmişdi. Yüksək iş qabiliyyəti, özünə inam, qətiyyət, insanları öyrənərək onların imkanlarını müəyyənləşdirmək, hadisələri bir göz qırpımında təhlil etmək və qəti qərar vermək bacarığı məhz belə xüsusiyyətlər idi. Bu tarixi şəxsiyyət təkcə Azərbaycana yox, bütün Türk dünyasına verilən Tanrı payı idi.
Azərbaycan xalqı öz liderinə inanırdı
1993-cü ilin iyununda dövlət müstəqilliyi təhlükə altında qalan Azərbaycan xalqı respublikanın idarə olunmasını Heydər Əliyevə tapşıranda bütün Türk dünyası rahat nəfəs aldı. Ümummilli lider böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, ümummilli liderin coşqun siyasəti dünyanı heyran qoymuşdu. Bəli, bu tarixi şəxsiyyətin dəmir iradəsinə, yüksək potensialına, dünyagörüşünə və iş təcrübəsinə Türk dünyası bələd idi.
Xalqlarımızın müəyyən dövrlərdə istəmədən bir-birindən ayrı yaşaması qismətimizin tale yazısı olub. Qardaş Azərbaycan xalqı ilə əlaqələrimizin zəif olmasına baxmayaraq, qəlbimizdə kök salmış məhəbbət, isti duyğular könüldən-könülə yollar açıb. Dili bir, qanı bir qardaşlarımızın həsrətini uzun illər çəksək də, ümidlər ölməyib, xalqlarımızın bir-birinə qovuşacağı günü səbirsizliklə gözləmişik. Böyük türk oğlu, dahi Mustafa Kamal Atatürk hələ o zamanlar "Azərbaycanın sevinci, sevincimiz, kədəri kədərimizdir. Azərbaycan bizim qardaşımızdır", - deyərək qardaş Azərbaycanın Türkiyə üçün nə qədər önəmli olduğunu bütün dünyaya bəyan etmişdir.
Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini tanıyan ilk ölkə də Türkiyə oldu. Ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycan xalqlarının dostluq, qardaşlıq münasibətlərinə böyük diqqət yetirmiş və bu münasibətlərin yüksək səviyyədə inkişafına əvəzsiz töhfələr vermişdir. Hələ Naxçıvanda çalışdığı vaxtlar Heydər Əliyev bu torpağın Türk dünyasına, İslam aləminə bir qapı olduğunu bilərək, 1992-ci ilin mart ayının 22-də Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Ozalın və Baş nazir Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə gedib, iqtisadi əməkdaşlıq barədə protokol imzaladı. Bu protokol əsasında Türkiyə ilə Naxçıvan arasında iqtisadiyyat, təhsil, nəqliyyat və rabitə sahəsində münasibətlərin inkişaf etdirilməsi, Araz çayı üzərində körpünün salınması və s. məsələlərin həyata keçirilməsinə başlanıldı.
Tanışlıq
Mən o zamanlar Türkiyənin Qars vilayətinin polis rəisi vəzifəsində çalışırdım. Qars vilayəti blokada şəraitində yaşayan Naxçıvanın ərzaq, elektrik enerjisi və yanacaqla təmin edilməsi kimi problemlərin həlli imkanlarına malik idi.
Tale elə gətirdi ki, mənə Heydər Əliyev kimi tarixi bir şəxsiyyətlə yaxından tanış olmaq səadəti nəsib oldu. Ümummilli lideri yaxından tanıdıqca, onun qətiyyətinə, özünə inamına, diplomatiyasına, hadisələri qabaqcadan görmək və düzgün qiymətləndirmək bacarığına heyran olurdum. Bu dahi şəxsiyyətdən hər dəfə özüm üçün, gələcək həyat təcrübəm üçün yeni bir şey əxz edirdim. Hətta ən ağır vaxtlarda, blokada şəraitində yaşayan Naxçıvanın başının üstünü ciddi təhlükə alanda belə təmkinini pozmayan ümummilli lider ətrafındakı insanlara böyük ruh yüksəkliyi bəxş edirdi.
O, Azərbaycanın parlaq gələcəyinə inanırdı və düşünülmüş, məqsədyönlü siyasəti ilə bu yolun başlanğıcında olduğunu bilirdi. Ulu öndər Heydər Əliyev uzaqgörən və strateji hədəflərə yönələn bu siyasətin təməl prinsiplərini zaman-zaman həyata keçirmişdir. Naxçıvanda çalışdığı qısa zaman kəsiyində xalqın gələcəyi naminə onun gördüyü işlərin böyüklüyü zaman keçdikcə daha aydın görünür.
Türkiyə ilə Azərbaycanı birləşdirən "Ümid" körpüsünün inşası və təntənəli açılış mərasimi ilə bağlı Heydər Əliyevlə tez-tez görüşürdük. Sərhəd zolağı və körpünün özü Ermənistanla tam sərhəddə yerləşirdi. On bir kilometrlik sərhəd zolağı başdan-başa qamışlıq və bataqlıqdan ibarət idi. İnsanlar həyatlarını təhlükə altında qoyaraq sərhədi qayıqla keçirdilər. Ermənilər Araz çayı vasitəsilə üzən minaları işə salaraq istənilən anda bütün əməyimizi məhv edə bilərdilər. Digər tərəfdən, körpünün təhlükəsizliyini qorumaq üçün xüsusi avadanlıqlar yox idi.
Arzu və ümidlərimizin körpüsü
1992-ci ilin may ayında Araz çayı üzərində Türkiyənin Dilucu və Sədərək bölgələrini birləşdirən on bir aşırımlı "Ümid" körpüsü istifadəyə verildi.
Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitəsi nümayəndələri ilə Araz çayı üzərində qurulan "Ümid" körpüsünün açılışında iştirak etmək üçün Naxçıvana gəldi. S.Dəmirəl Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: "Azərbaycan özünün ədalətli mübarizəsində tək deyildir. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olmuşdur və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik".
On minlərlə türkiyəli və azərbaycanlı qarşısında çıxış edən ümummilli lider Heydər Əliyev "Bu gün arzu və ümidlərimizin körpüsü açılır. Yetmiş ildən artıq idi ki, bu günü gözləyirdik və arzularımız həyata keçdi" deyərək xalqlarımız arasında uzun müddət davam edən həsrətin sona çatdığını bildirdi. O vaxt Naxçıvan MR Ali Məclisinin sədri işləyən ulu öndər Heydər Əliyev "Ümid" körpüsünün Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə, dostluq əlaqələrinin möhkəmləndirilməsinə, qardaş xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli qərarı ilə Sədərək-Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında rəsmi sərhəd, keçid qapısı elan etdi.
Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dili bir, dini bir, ruhu bir, kökü eyni tarixdən qaynaqlanan iki xalqın bir-birinə qovuşması tarixi hadisə idi. Hər iki xalq bu günü uzun illər gözləmişdi. Həmin gün körpü üstündə qucaqlaşan minlərlə insanın gözündən sevinc yaşları axırdı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, həmin gün uzun müddət davam edən həsrət sona çatdı, arzu və ümidlərimizin körpüsü açıldı. Bu körpü blokada vəziyyətində üzülən Naxçıvan üçün böyük əhəmiyyət daşıyırdı. 1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Türkiyənin İqdır vilayətindən 92 kilometrlik bir məsafədən yüksək gərginlikli elektirik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı. Bu layihənin həyata keçirilməsi nəticəsində Naxçıvanın elektrik enerjisinə olan ehtiyacı əsasən ödənildi, yanacağa tələbat bir qədər azaldı.
Beləliklə, Naxçıvanda parlament rəhbəri kimi fəaliyyət göstərən Heydər Əliyev xalqın gələcəyi naminə böyük xidmətlər göstərdi. İqtisadi problemlərin həllinə ciddi fikir verən ulu öndər muxtar respublikanı iqtisadi çətinlikdən, aclıqdan xilas etdi, blokada şəraitində yaşayan Naxçıvanı erməni işğalından qorudu.
Bütün xalq həyəcan içərisində Heydər Əliyevin hakimiyyətə gəlişini gözləyirdi.
Azərbaycan xalqı öz liderinə inanırdı. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş baş vermişdi.
Onun hakimiyyətə qayıdışı zamanı respublikada vəziyyət daha acınacaqlı idi: hakimiyyətsizlik, qarmaqarışıqlıq, hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi xalqı üzürdü. Ölkədə xaos hökm sürürdü. Yaxşı yadımdadır. 1993-cü ildə qanlı 20 Yanvar hadisələrinin anma günü münasibətilə Bakıda nümayəndə heyətinin tərkibində idim. Həmin ərəfədə Heydər Əliyevin qardaşı Həsən Əliyev rəhmətə getmişdi və sayğı əlaməti olaraq hüzr mərasimində iştirak etdim. Naxçıvana döndüyüm zaman Heydər Əliyevlə görüşdüm və ona başsağlığı verdim. Azərbaycanın bu ağır günlərində Heydər Əliyev böyük narahatlıq keçirirdi. Bakıda baş verənlər, pərakəndəlik və hərc-mərcliyin ağır nəticələri göz qabağında idi. Düşmən qana susamış canavar kimi yeni hücumlar planlaşdırırdı. Ümummilli lider xalqın düşdüyü acınacaqlı vəziyyəti çox gözəl başa düşürdü.
Mən Bakıda baş verənlər barədə ulu öndərə ətraflı məlumat verdim və bildirdim ki, xalq Heydər Əliyevin təcrübəsinə və dünyagörüşünə böyük ümid edir və Azərbaycana rəhbərlik etməsini çox arzulayır. O, "sən bunu haradan bilirsən", - deyə mənə sual verdi. Cavab verdim ki, Bakıda olduğum bir neçə gün ərzində ünsiyyətdə olduğum hər bir insandan "Bizi bu fəlakətdən yalnız Heydər Əliyev qurtara bilər. Xalqın düşdüyü bu bəladan qurtuluş yolunu Heydər Əliyev göstərəcək" - sözlərini eşitdim. Xalq Sizi özünün şəksiz lideri hesab edir və Sizə inanır. Bütün Türk dünyası Sizin Azərbaycana rəhbərlik etməyinizi istəyir. Bu, Azərbaycan xalqı ilə bərabər, bütün Türk dünyasının istəyidir. O zamanlar ümummilli liderə çox bağlanmışdım. Hər hansı bir sıxıntı və narahatlığım zamanı Naxçıvana gəlir, bu tarixi şəxsiyyətlə görüşürdüm. Hər görüşümüz məndə xüsusi ruh yüksəkliyi yaradırdı. Onun qurub-yaratmaq eşqi bitib-tükənmək bilmirdi. Geniş dünyagörüşə, böyük həyat təcrübəsinə malik olan Heydər Əliyevdən yaşından asılı olmayaraq hamı öyrənirdi. Hər bir insanda rast gəlinməyən xüsusiyyətləri - siyasi davranış, diplomatik etiket incəlikləri, tərəf müqabilini sonadək dinləmək mədəniyyəti və s. keyfiyyətləri ilə digərlərindən fərqlənirdi.
Həmin vaxtlar ölkədə vəziyyət gündən-günə ağırlaşırdı. Torpaqları bir-birinin ardınca əldən gedən Azərbaycanın müstəqilliyi ciddi təhlükə altında idi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Heydər Əliyev xalqının belə bir dar gündə qaldığını görüb, onun təkidli dəvətini qəbul edərək, yenidən böyük siyasətə qayıtdı.
Bu çətin, lakin şərəfli quruculuq yolunda xalq ümummilli liderin sadiq müttəfiqi oldu, Heydər Əliyev oktyabr ayında Prezident seçildi. Xalq ümummilli liderinin hakimiyyətə qayıdışını böyük sevinc və sonsuz ümidlə qarşıladı, həmin gün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldı. Müasir dövrün görkəmli siyasətçilərindən biri olan Heydər Əliyev möhkəm iradə nümayiş etdirərək, məqsədyönlü siyasəti ilə xalqı fəlakətdən qurtarmaq üçün fəaliyyətə başladı. Ümummilli lider Gəncədə qardaş qırğınının qarşısını aldı, Gəncə qiyamını dinc yolla yatırtdı, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ölkəni parçalanmaqdan xilas edən Heydər Əliyev qısa bir zaman kəsiyində Azərbaycan həqiqətlərini bütün dünyada tanıda bildi. O vaxtlar mən təqaüdə çıxmışdım. Heydər Əliyev tərəfindən Bakıya dəvət olundum və 1993-cü ildən 1998-ci ilədək Türkiyənin Bakıdakı səfirliyində əmniyyət şöbəsinin müşaviri vəzifəsində çalışdım.
Çətin və şərəfli quruculuq yolu
Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, xalq ümidsiz bir vəziyyətdə olduğu vaxtda, perspektivləri gördü, onda öz gələcəyinə inam yarandı. Ölkədə dərin ictimai-siyasi və iqtisadi böhran artıq heç kimi qorxutmurdu. Öz liderinə ürəkdən inanan və ona böyük ümidlər bəsləyən xalq bu taleyüklü dövrdə ulu öndərin sadiq müttəfiqi oldu.
Heydər Əliyev sadə, lakin böyük bir həqiqətə inanırdı: Azərbaycan xalqı güclü potensiala malik, istedadlı xalqdır. Bu xalq hər bir şəraitdə dözümlüyünü saxlayıb, cəsarətini itirməyib. Bu ağır, çətin və enişli-yoxuşlu yollarda xalqın qüvvəsinə arxalanıb parlaq gələcəyə doğru yolda inamla addımlamaq olar".
Azərbaycan xalqı tədricən dünya arenalarında öz haqq səsini qaldırmağa başladı. Məhz ümummilli liderin uzaqgörən siyasəti, müdrikliyi sayəsində bütün bunlar mümkün oldu. Ölkədə bütün sahələrdə baş erən böhran tədricən aradan qalxmağa başladı. Təcrid vəziyyətindən çıxan Azərbaycan dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Dağlıq-Qarabağ savaşının, qanlı münaqişənin məhz Heydər Əliyevin hakimiyyəti dövründə beynəlxalq hüquq prinsipləri əsasında həlli üçün sülh danışıqları mərhələsi başlandı. Quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yolunu məhz Heydər Əliyev göstərdi. Məhz onun dövründə Azərbaycan özünün geosiyasi vəziyyətinin nadir imkanlarından istifadə edə bildi. Müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Bu yol çətin idi, lakin şərəfli bir quruculuq yolu idi.
İslahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli sürətli yüksəlişə səbəb oldu.
1994-cü ildə Azərbaycan iqtisadiyyatında sabitliyin yaradılması üçün addımlar atılırdı. O illərdə düzgün strateji seçim edilməli idi. Ölkədə iqtisadiyyatın inkişafını təmin edəcək tədbirlər həyata keçirilməyə başlandı.
Məhz o illərdə Azərbaycanın yeni neft strategiyasının başlanması, onun dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurla aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar - bütün bu amillər bugünkü inkişafı şərtləndirdi. 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qətiyyətli addımlar atıldı və "Əsrin müqaviləsi"nın imzalanması ilə Azərbaycan Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açaraq öz inkişafının uzunmüddətli və uğurlu inkişafını təmin etdi. Bu məqsədə çatmaq üçün yollar hamar deyildi.
O zaman ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin fəal iştirakçılarından oldu. Neft strategiyasının məqsədi təkcə neft hasil etmək, onu nəql edərək bundan mənfəət əldə etmək deyildi. Məqsəd bu sahədə əldə edilən bütün gəlirləri, mənfəəti Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək idi. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların bəzi mərhələləri çox ağır keçsə də, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun bağlanıldı. Cənab İlham Əliyev öz çıxışlarında həmin anları belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: "Siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür və heç bir səhvə yol verə bilmərik".
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaygörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ağır, ilkin şərtlərə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə edildi. Ölkədə aparılan müstəqil dövlət qürücülüğü prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yarandı. Beləliklə, iqtisadiyyatın inkişafında neft-qaz sektoru lokomotiv rolunu oynadı, düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı. Bütün sınaqlardan şərəflə çıxan Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, həyata keçirilən nəhəng layihələr bu gün Azərbaycan reallıqlarını əks etdirir.
Artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. Amma neft və qaz amili uzun illər Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcək, həm dünyadakı mövqelərini möhkəmləndirəcək, xalqın rifah halının yaxşılaşdırılması üçün uzun illər öz rolunu oynayacaqdır. Bununla bərabər, Azərbaycanın qeyri-neft sektorunun inkişafı da sürətlə gedir, buna təkan verən məhz neft strategiyası, neft siyasəti olmuşdur. Neft strtategiyasının uğurlu icrası Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Qarşılıqlı maraqlar əsasında qurulan bu əməkdaşlıq həm xarici tərəfdaşlara, həm də Azərbaycana böyük mənfəət gətirmişdir.
Türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir
"Bir millət - iki dövlət" olan Türkiyə və Azərbaycanın bugünkü inkişafını dünyada istəməyən qüvvələr də vardır. Taleyin qismətindən Türkiyə və Azərbaycanın kökləri, maraqları bir olduğu kimi düşmənləri də eynidir. Şübhəsiz, Azərbaycan və Türkiyə arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yaranması bir sıra qüvvələri narahat edir. Təbii ki, Ermənistan və onun havadarları bu qüvvələrin başında durur. Hər iki ölkə ilə sərhədi bağlı olan Ermənistan Azərbaycanla Türkiyə arasında yaranan belə münasibətlər fonunda bir sıra regional layihələrdən kənarda qalır. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən və Dağlıq Qarabağı işğal altında saxlayan mənfur ermənilər Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edirlər. Onlar Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" iddiasından əl çəkmək istəmirlər. Zaman-zaman Türk dünyasına qarşı xain və cinayətkar əməlləri ilə ad çıxarmış ermənilər türkləri zəif salmaq üçün hər vasitəyə əl atmağa cəhd edirlər.
Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan və Türkiyəyə qarşı kütləvi soyqırımlar həyata keçiriən mənfur düşmən xaricdəki havadarlarının köməyindən istifadə edərək, öz əməllərini ört-basdır etməyə müvəffəq olub. Tarix boyu əsl iç üzünü gizlədən üzdəniraq qonşumuz dünyada özünü "məzlum", "yazıq", "əzilən" xalq kimi qələmə verib. Şübhəsiz, bu düşmən münasibət xalqlarımızı narahat edir. Məkirli ermənilər və onların xaricdəki havadarları Azərbaycanla Türkiyəni bir-birindən incik salmaq, onların münasibətlərinə xələl gətirmək, bu ölkələr arasında şübhə toxumu əkmək üçün məqam gözləyirlər. Bu gün xalqlarımız düşmənin planlarının ifşa edilməsi üçün birgə haqq səslərini ucaldırlar. Bakıda, Sumqayıtda, Gəncədə - Azərbaycanın müxtəlif yerlərində səslənən "Azərbaycanın torpaqları azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz" etirazlara Türkiyənin hər yerindən dəstək xarakterli bəyanatlarla cavab verilir. Bu, xalqlarımızın çəkici eyni zindana vurmasına işarə edir. Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədin açılmasını unudun", - deyə Türkiyənin mövqeyinin qəti bildirib.
Eyni kökə, mədəniyyətə, tarixə, mentalitetə malik olan türk xalqlarının coğrafiyası, iqtisadi və mədəni çevrəsi getdikcə böyüyür. Türkiyənin mərhum Prezidenti Turqut Ozal sağlığında bu hədəfləri görərək deyirdi: "XXI yüzil Türk əsri olacaq".
Türk dünyasının böyük liderləri bizə əsrlər boyu həmişə bir yerdə olmağımızı vəsiyyət etmişlər. Bu günlər Türkiyədə baş verən zəlzələnin ağır nəticələri türkiyəliləri üzdüyü kimi, qardaş Azərbaycan xalqının da iztirablarına səbəb olub. Bütün Türk dünyası bir olub, Türkiyənin bu ağır günündə ona dəstək verir. Türkiyənin Van şəhəri və Ergiz kəndində baş verən zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün ilk olaraq Azərbaycan dövləti yardım əlini uzatdı və hər bir dəstək verməyə hazır olduğunu nümayiş etdirdi.
"Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə söykənmiş qardaşlığı əsrlərin ağır sınaqlarından çıxmışdır. Cənab İlham Əliyev öz çıxışında vurğulamışdır: "Türkiyə - Azərbaycan əlaqələri, deyə bilərəm ki, Türk dünyasının daha sıx birləşməsi üçün həlledici rol oynayır... Naxçıvanda keçirilmiş Türkdilli dövlət başçılarının Zirvə görüşü, görüşün nəticələri, əldə edilmiş qərarlar bir daha göstərdi ki, biz hamımız çalışmalıyıq və çalışırıq ki, Türk dünyasını daha sıx birləşdirək. Əgər buna nail olsaq, bizim gücümüz böyük dərəcədə artacaqdır. Azərbaycan və Türkiyə öz üzərinə düşən rolunu şərəflə yerinə yetirir. Türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir".
Osman GEZEKER,
"Özkaya Group" şirkətinin prezidenti
Xalq qəzeti.- 2011.- 15 dekabr.- S. 3.