Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlıgı genişləndirmək niyyətindədir

 

2011-ci il dekabrın sonunda Dünya İnkişaf Bankı rəhbərliyi Masallı-Astara yolunun tikintisinin davam etdirilməsi üçün 200 milyon ABŞ dolları məbləğində 3-cü tranşı təsdiq etməyi planlaşdırır. Masallı-Astara yolunun 2013-cü ildə, Gəncə dolama yolunun isə gələn ilin ortalarında tamamlanması gözlənilir.

 

 

Naxçıvan, Göyçay, Ağdaş və Beyləqan rayonlarında sukanalizasiya sisteminin yenidən qurulması üçün 300 milyon ABŞ dolları məbləğində ikinci tranşın 2011-ci ilin dekabr ayının sonunadək AİB rəhbərliyi tərəfindən təsdiq edilməsi planlaşdırılır.

 

 

Son 8 ildə Azərbaycanda ümumi daxili məhsul 300 faiz, sənaye istehsalı təxminən üç dəfə artıb. Ölkə iqtisadiyyatına 10 milyardlarla dollar sərmayə qoyulub. Son 8 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə enmişdir.

 

 

Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə təsis edimişdir. 2010-cu il dekabrın 31-nə olan məlumata görə AİB-in 67 üzvü vardır ki, bunlardan 48-i AsiyaSakit Okean hövzəsində yerləşir. AİB-in mərkəzi ofisi Filippinin paytaxtı Manilada yerləşir və dünyanın müxtəlif ölkələrində ofisləri, o cümlədən Şimali Amerikada (Vaşinqton), Avropada (Frankfurt) və Yaponiyada (Tokio) fəaliyyət göstərir.

 

Asiya İnkişaf Bankının əsas devizi belədir - "AsiyaSakit Oken hövsəzi yoxsulluqdan azad olsun". AİB kapitallaşdırılmış beynəlxalq bankdır və iqtisadi artım, davamlı inkişafregional inteqrasiya yolu ilə AsiyadaSakit Okean hövzəsində yoxsulluğun azaldılmasına çalışır.

Azərbaycan Respublikası 1999-cu ildə bu quruma üzv olduqdan bugünədək 756,4 milyon ABŞ dolları kredit almışdır. AİB-in ölkəmizlə hazırkı əlaqələri dövlət qurumları ilə yanaşı, həm də özəl sektoru əhatə edir və Azərbaycan hökumətinin inkişaf strategiyasına uyğun həyata keçirilir.

Məlumdur ki, özəl banklar fərdi sahibkarlar, kiçikorta biznes sahəsində çalışanlar üçün ayrılan kreditlərin ilkin mənbəyidir. Heç kəsə sirr deyil ki, bu qurumlar ölkə iqtisadiyyatının dirçəldilməsində mühüm əhəmiyyət kəsb edirlər. AİB 2007-ci ildə bu məqsədlə Azərbaycanın üç aparıcı bankına 56 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır.

Qeyd edək ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti vardır və xarici sərmayədarların ölkəmizə artan marağı bunu bir daha sübut edir. Hazırda iqtisadiyyatımızın müxtəlif sahələrinə cəlb edilən investisiyalar təkcə neft-qaz sektoruna deyil, eyni zamanda, qeyri-neft sektoruna da yatırılır. Son illər görülmüş tədbirlər nəticəsində insanların maddi vəziyyəti daha da yaxşılaşmaqdadır. Bir fakta diqqət yetirək ki, son 8 ildə Azərbaycanda ümumi daxili məhsul 300 faiz,sənaye istehsalı təxminən üç dəfə artıb. Ölkə iqtisadiyyatına 10 milyardlarla dollar sərmayə qoyulub. Son 8 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə enmişdir.

Hazırda ölkəmizdə dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" qaz yatağının ikinci fazasının işlənilməsi ilə bağlı hazırlıq işləri aparılır. Təkcə "Şahdəniz" yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr səviyyəsindədir. Şübhəsiz, bu işlər başa çatdıqdan sonra Azərbaycanda yeni iqtisadi artım gözlənilir və bu, əhalinin sosial problemlərinin həllinə müsbət təsir göstərəcəkdir.

Prezident İlham Əliyev noyabrın 23-də Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçıları ilə görüşü zamanı Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında münasibətləri yüksək qiymətləndirmiş, ölkəmizin bu beynəlxalq təşkilatla etibarlı tərəfdaşlıq qurduğunu və sıx əməkdaşlıq etdiyini xüsusi vurğulamışdır.

Asiya İnkişaf Bankının ölkəmizdə icra etdiyi ilk layihələr Mingəçevirdə qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisi, Şəki rayonunda sel daşqınlarının qarşısının alınması üçün bəndlərin tikintisi olmuşdur. Belə ki, 2003-cü ildə yoxsulluq səviyyəsi ölkə üzrə göstəricidən yuxarı olan və daşqınların fəsadlarından əziyyət çəkən 12 regionun mühafizəsi üçün AİB Asiya İnkişaf Fondundan 22 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləmişdir. Həmin layihədən beş şəhərin və 43 kəndin əhalisi faydalanmış və bu layihə daşqınlar zamanı itkilərlə üzləşən 240 mindən çox insanın həyat səviyyəsini yaxşılaşdırmaqda davam edir.

AİB həmçinin Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası üzrə pilot layihənin maliyyələşməsi məqsədilə Yaponiyanın Yoxsulluğun Azaldılması Fondundan ayrılmış 2,5 milyon ABŞ dolları həcmində qrantı idarə etmişdir. Layihənin icrası, yeni yerlərinin açılması, 412 ailəyə məxsus evlərin yaxşılaşdırılması nəticəsində məcburi köçkünlərin yaşayış şəraiti də əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Layihədən təxminən 73 faizi yoxsul olmaqla 12 min nəfər yararlanmışdır.

Azərbaycanın əsas ərazisindən təcrid olduğuna görə, Ermənistanın blokadası şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının əhalisi təhlükəsizlik, enerji, ərzaq və içməli su təminatı daxil olmaqla, bir çox çətinliklərlə üzləşir. Azərbaycan hökumətinin köməyi ilə Naxçıvanın elektrik enerjisielektrik şəbəkəsi modernləşdirilmişdir ki, bu da ilk növbədə Muxtar Respublikaya daxili ehtiyaclarını təmin etmək və artıq enerjini İran və Türkiyəyə satmaq imkanı verir. Hökumət içməli su problemlərini tam həll etmək üçün işlər görür. Naxçıvan şəhərində 25 000 kubmetr gücü olan üç su anbarı inşa edilmiş, müxtəlif ölçülü 22 kilometr su kəmərləri yenilənmişdir. Bundan əlavə, su paylayıcı şəbəkə və kanalizasiya sistemi yenidən qurulmuş, sutəmizləyici qurğular da inşa olunur. Tikinti işləri başa çatdıqdan sonra Naxçıvan şəhər sakinləri fasiləsiz və daha keyfiyyətli su ilə təmin ediləcəklər. Layihə həmçinin yerli əhali üçün daimi və müvəqqəti yerləri yaradır. Bu da AİB-in yoxsulluğun azaldılması istiqamətində gördüyü işlərin tərkib hissəsidir.

İcrasına başlanan layihələrdən biri də Gəncə dolama yolunun yenidən qurulmasıdır. Qeyd edək ki, uzun müddət baxımsızlıq üzündən yararsız hala düşmüş həmin yol demək olar ki, istifadəsiz qalmışdır. Bu gün Bakıdan Qazax istiqamətində hərəkət edən avtomobillər Gəncə şəhərinin mərkəzindən keçərək yola davam edirlər. Bu da həm şəhərin ekologiyasını korlayır, həm də yollarda sıxlıq yaranmasına, həmçinin sərnişinlərin narahatlığına səbəb olur. Şəhər kənarından keçən yolun yenidən qurulması avtomobillərin Gəncə şəhərinə daxil olmadan rahatlıqla müxtəlif istiqamətlərə hərəkət etməsinə şərait yaradacaq, eyni zamanda, qədim Nizami yurdunun atmosferinin çirklənməsinin qarşısını alacaqdır.

Əvvəllər Azərbaycanın Qazax şəhərində və Gürcüstanla sərhəd ərazidəki yolun bərbad vəziyyətdə olması yerli iqtisadiyyatın inkişafına mane olurdu. Fermerlər Gəncə, Bakı, yaxınlıqdakı şəhər və rayonlara, eləcə də qonşu Gürcüstana kənd təsərrüfatı məhsullarının daşınmasında yüksək xərclərlə üzləşirdilər. İş adamları təbii gözəllikləri, müqəddəs ziyarətgahları və tarixi abidələri olan bu bölgəyə turistlərin cəlb edilməsində çətinlk çəkirdilər. Amma Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə QazaxGürcüstan sərhədi arasında 35 kilometrlik, 65 kilometrlik isə birləşdirici yolun bərpası qeyd olunan sahələrdə böyük dəyişikliklərə gətirib çıxarmışdır. "Bu yolun bərpası ilə həyatımız yaxşılaşmışdır" - deyə yol kənarında tikilmiş "Damcılı" motelinin rəhbəri Vüqar Vəliyev bildirmişdir. "Çünki bizim biznes bu yolun vəziyyətinə uyğun olaraq artır. Hər gün biz Türkiyəyə gedən onlarla sürücüyə xidmət göstəririk". 2009-cu ilin dekabrında istismara verilən Qazax-Gürcüstan sərhəddindəki avtomobil yolu AİB-in Şərq-Qərb magistral yolunun təkmilləşdirilməsi layihəsi çərçivəsində bərpa olunan yollardan biridir. Həmin layihəyə yol sektorunda islahatlar, eləcə də Gürcüstan ilə sərhəd boyunca yük və sərnişin daşımalarının təkmilləşdirilməsi daxildir. Təkmilləşdirilmə layihəsinə Qazaxdan 14 kilometrlik məsafədə yerləşən Kəmərli kimi kiçik yerli yollar üçün planlar da daxildir. Bu yolun təmiri Astanbəyli və Kəmərli kəndlərinin sosial inkişafına ciddi təsir etmişdir. Ümumiyyətlə, yeni yolların çəkilişi kənd əhalisinin gələcəyə ümidini artırır. Astanbəyli kəndinin 72 yaşlı sakini Mədət Məmmədov demişdir: "AİB-in maliyyələşdirdiyi Kəmərli yolu bizim üçün həyat yolu olacaq".

2011-ci ildə AİB öz fəaliyyətini əsasən nəqliyyat, energetika, su təchizatı və kanalizasiya sektorlarında davam etdirmişdir. Bundan başqa, cari ilin birinci yarısında AİB Azərbaycanla bağlı ölkə üzrə əməliyyatlara dair Bizness Planını təsdiq etmişdir. Biznes Planda 2011-2013-cü illərdə AİB tərəfindən Azərbaycana təqribən 1 milyard ABŞ dolları məbləğində kreditin ayrılması nəzərdə tutulur.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono AİB-in Azərbaycan üzrə fəaliyyətinin builki yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd etmişdir ki, 2011-ci ildə biz nəqliyyat, energetika, su təchizatı və kanalizasiya sektorlarında Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirmişik. Bizim əsas hədəfimiz ölkənin sosial-iqtisadi inkişafına nail olmaq və sadə insanların həyat şəraitini yaxşılaşdırmaqda Azərbaycan hökumətinə kömək etməkdir.

2011-ci ildə AİB nəqliyyat sektorunda təqribən 23 milyon ABŞ dolları məbləğində ödənişlər həyata keçirirb. Vəsaitlər əsasən Gəncə dolama yolunun, Masallı-Astara avtomagistralının və yerli əhəmiyyətli yolların tikintisinə sərf edilib. 2011-ci il dekabrın sonunda Dünya İnkişaf Bankı rəhbərliyi Masallı-Astara yolunun tikintisinin davam etdirilməsi üçün 200 milyon ABŞ dolları məbləğində 3-cü tranşı təsdiq etməyi planlaşdırır. Masallı-Astara yolunun 2013-cü ildə, Gəncə dolama yolunun isə gələn ilin ortalarında tamamlanması gözlənilir.

2011-ci ildə su təchizatı və kanalizasiya sektoru üzrə AİB təqribən 11 milyon ABŞ dolları məbləğində ödənişlər həyata keçirib. Vəsaitlər dəyəri 600 milyon ABŞ dolları olan Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı çərçivəsində Naxçıvan və Göyçay şəhərlərində su təchizatı və kanalizasiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Naxçıvan, Göyçay, Ağdaş və Beyləqan rayonlarında sukanalizasiya sisteminin yenidən qurulması üçün 300 milyon ABŞ dolları məbləğində ikinci tranşın 2011-ci ilin dekabr ayının sonunadək AİB rəhbərliyi tərəfindən təsdiq edilməsi planlaşdırılır.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi, texnika elmləri üzrə fəlsəfə doktoru Madər MUSAYEV:

- Asiya İnkişaf Bankı və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə respublikamızın beş şəhərində sukanalizasiya xətlərinin yenidən qurulması layihəsi həyata keçirilir. İşlərin birinci mərhələsi 2009-cu ildə başa çatıb. AİB birinci tranşda 75 milyon ABŞ dolları həcmində vəsait ayırmışdır ki, bunun 47 milyon dolları "Azərsu" vasitəsilə AğdaşGöyçay rayonlarının, qalanı isə MeliorasiyaSu Təsərrüfatı üzrə Dövlət Agentliyi vasitəsilə Naxçıvan şəhərinin su təchizatının yaxşılaşdırılmasına sərf olunub. İkinci tranşda 300 milyon dollar ayrılıb. Bu vəsaitə sukanalizasiya sisteminin yenidən qurulması başa çatadırılacaq. AİB ilə Azərbaycan arasında çoxtranşlı maliyyə əməliyyatlarında su təsərrüfatının yenidən qurulmasına ümumilikdə 600 milyon ABŞ dolları həcmində kredit ayrılması nəzərdə tutulur. Qeyd edək ki, layihə çərçivəsində qeyd olunan rayonlardan başqa, Ağcabədi, Balakən və Beyləqanın rayon mərkəzlərinin su təchizatı yenidən qurulacaq. Bu işlər başa çatdıqdan sonra 2030-cu ilədək inkişaf planına uyğun olaraq Naxçıvanda 72 min, Göyçayda 40 min, Ağdaşda 27 min 500, Beyləqanda 14 min , Ağcabədidə 13 min 500, Balakəndə 12 min nəfər əhalinin su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə investisiya proqramı çərçivəsində Azərbaysanda 500 mindən artıq əhalinin içməli su ilə təminatı maksimum səviyyədə ödəniləcəkdir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəis müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Aydın RƏFİYEV isə bildirdi ki, rayonlarda hazırda görülən işlərdə əsasən yerli işçi qüvvəsindən istifadə olunur. Hər rayonda təxminən 80 - 100 nəfər tikinti işlərinə cəlb olunur. Bundan başqa, layihə başa çatdıqdan sonra rayonlarda yeni yaradılan xidmət sahələrində də xeyli sayda vətəndaş daimi işlə təmin olunacaqlar.

Energetika sektorunda, Elektrik Ötürücü Xəttləri Layihəsi çərçivəsində AİB təqribən 35 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirib. Layihə çərçivəsində Mingəçevirdən Abşeronadək 280 kilometr uzunluğunda və "Şimal" elektrik stansiyasından Hövsana qədər uzunluğu 97 kilometr olan elektrik ötürücü xətlərin 5 ədəd yarımstansiyanın tikilməsi nəzərdə tutulur. Layihənin 2012-ci ilin ortalarında tamamlanması gözlənilir.

Ümumiyyətlə, Asiya İnkişaf Bankının Azərbaycan Hökuməti ilə həyata keçirdiyi layihələrin bir məramı var - insanların həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, infrastrukturun müasir tələblər səviyyəsinə qaldırılması. Tərəflərin əməkdaşlığı gələcəkdə davam etdirmək niyyəti, yeni layihələrin icrası yönündə atılacaq addımlar, başlıcası isə şəffaflıq prinsiplərindən qaynaqlanan münasibətlər ölkəmizdə sosial poblemlərin həlli işinə mühüm töhfələr verəcəkdir.

 

Məqalə Asiya İnkişaf Bankının "AİB-in Azərbaycandakı əməliyyatları" mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2011.- 17 dekabr.- S. 5.