İnkişaf
strategiyası: reallıqlar, perspektivlər
Bu
gün Dövlət Neft Fondunun ötən müddətdəki
fəaliyyəti və bu sahədə şəffaflığın
təmin olunması nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir və Azərbaycan mineral
ehtiyatların hasilatı ilə məşğul olan sənaye
sahələrində şəffaflıq təşəbbüsünü
tətbiq edən və namizəd statusuna malik 26 ölkədən
tamhüquqlu üzv statusunu almış ilk ölkədir.
Ötən illər ərzində ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti iqtisadiyyata 100 milyard dollara yaxın investisiya yönəldilməsinə imkan vermişdir....
2000-ci ildə 47,5 faiz paya malik daxili investisiyalar
10 il ərzində 16,3 dəfə artaraq ötən ilin sonunda
əsas kapitala qoyulan investisiyaların ümumi həcmində
75,7 faiz paya malik olmuşdur. Eyni zamanda, xarici investisiyalar da son 10 il ərzində 4,7 dəfə artmışdır.
Ölkəmizdə
2004-2010-cu illər ərzində orta aylıq əməkhaqqı
3,5 dəfə artmış, minimum əməkhaqqının
artım tempi isə 6,5 dəfədən çox olmuşdur.
1991-ci illə
müqayisədə 2010-cu ildə ölkəmizin xarici ticarət
dövriyyəsi 7 dəfə, o cümlədən idxal 3,5 dəfə, ixrac isə 10,1 dəfə
artmışdır. Hazırda Azərbaycan 150-yə
yaxın ölkə ilə ticarət sahəsində əməkdaşlıq
edir.
Hazırda özünün ən yüksək inkişaf
dövrünü yaşayan Azərbaycan Respublikası siyasi,
sosial-iqtisadi sahələrdə uğurları heç də
asanlıqla əldə etməmişdir. Bu,
ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə
siyasi hakimiyyətə qayıdışından sonra dahi rəhbərin
düşünülmüş, mükəmməl iqtisadi
strategiyasının reallaşdırılması nəticəsində
mümkün olmuşdur. Onu da deyək ki,
dahi rəhbər yenidən ölkə rəhbərliyinə gələndə
Azərbaycan dövləti çox çətin bir vəziyyətlə
üzləşmişdi. Ulu öndərdən əvvəl
hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi
üzündən milli dövlət quruculuğu istiqamətində
heç bir iş görülməmişdi, əksinə,
respublikamız parçalanmaq və məhv olmaq təhlükəsi
ilə qarşılaşmışdı.
Məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra müstəqil Azərbaycan məhv olmaq
təhlükəsindən xilas oldu, ölkədə dövlətçiliyin
milli əsaslarının yaradılması istiqamətində
köklü dəyişikliklər həyata keçirildi. Xatırladaq ki, həmin
dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin davam etməsi, 1 milyondan artıq
soydaşımızın doğma yurd-yuvasından didərgin
düşməsi, respublikamızın iqtisadi, siyasi, informasiya
blokadasına alınması, keçmiş Sovetlər
Birliyinin süqutu nəticəsində müəssisələr
arasında mövcud əlaqələrin pozulması ölkəmizin
sosial-iqtisadi həyatında xaosa gətirib
çıxarmışdı. Ona görə də
ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən
Azərbaycanda siyasi stabilliyin yaranmasını qarşıya
mühüm məqsəd kimi qoydu. Atəşkəs
əldə edildi, irimiqyaslı iqtisadi islahatlara
başlanıldı, ölkədə maliyyə vəziyyəti
tədricən sabitləşdi, iqtisadiyyata cəlb olunan xarici
investisiyaların həcmi ildən-ilə artdı, xalqın
rifah səviyyəsi getdikcə yaxşılaşmağa
başladı.
Milli
inkişaf konsepsiyası
Ulu
öndər hakimiyyətə gəlişinin ilk dövründə
çoxmülkiyyətli bazar iqtisadiyyatının
başlıca tələblərinin təmin olunması məsələsini
diqqət mərkəzində saxladı, əsaslı
islahatlara start verdi. Eyni zamanda,
qarşıya qoyulan vəzifənin çox çətin və
məsuliyyətli olduğunu da bildirdi: "Azərbaycan
istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını,
dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini
əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə
yenidən qurulmasını qarşıya bir şərt kimi
qoyur. Bununla əlaqədar olaraq Azərbaycan
azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında
yenidənqurma strategiyasını elan etmişdir və bu yolla
gedir. Təbiidir ki, 70 il ərzində
başqa sosial-iqtisadi sistem şəraitində
yaşamış olan respublika üçün bu yol son dərəcə
çətin və mürəkkəbdir. Lakin
bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri
aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və
Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan
ötrü iqtisadiyyatın inkişafını beynəlxalq
standartlara müvafiq surətdə təmin etmək
üçün yeganə yoldur".
Amma bütün bunlara baxmayaraq, dahi öndərin
müdrikliyi, titanik səyi, hazırladığı mükəmməl
iqtisadi strategiya dinamik inkişaf dövrünün çox da
uzaqda olmadığından xəbər verirdi. Ümumiyyətlə,
ümummilli liderimizin necə ağır bir yükü
çiyinlərinə götürdüyünü təsəvvür
etmək üçün o zamanın iqtisadi mənzərəsinə
diqqət yetirmək kifayətdir. Belə
ki, həmin dövrdə, daha dəqiq desək, 1991-1993-cü
illər ərzində ölkə iqtisadiyyatının
inkişaf tempi hər gün aşağı düşür
və ümumi daxili məhsulun (ÜDM) kəskin azalması
baş verirdi. ÜDM hər il orta hesabla 16,5
faiz azalırdı. Tənəzzül meyilləri
həmin dövrdə iqtisadiyyatın əsas aparacı
bölməsi olan sənayedə xüsusilə kəskin xarakter
almışdı və bu sahədə daha dərin böhran
nəzərə çarpırdı. Halbuki,
bir vaxtlar keçmiş İttifaqda aparıcı aqrar sənaye
respublikası kimi tanınan Azərbaycanın sənaye sektoru
yeni yaranmış müstəqil dövlətlər içərisində
ən ağır durumu ilə xarakterizə oluna bilərdi.
Məsələn, 1985-ci ilə nisbətən sənaye
istehsalının həcmi ölkəmizdə 1991-ci ildə 11
faiz, 1992-ci ildə 37,5 faiz, 1993-cü ildə
isə 50,8 faiz azalmışdı. Bu, milli
iqtisadiyyatın tamamilə tənəzzülə
uğraması və defolt vəziyyətinə gəlməsi
demək idi. Nəzərə alsaq ki, bu dövrdə Azərbaycanın
milli iqtisadiyyatının və milli gəlirlərinin 70 faizə
qədəri məhz sənaye sektoru ilə bağlı idi,
onda mövcud durumun nə dərəcədə ağır
olması aydın olur.
Bu dövrdə iqtisadi həyatdakı tənəzzül,
ciddi geriləmə sosial duruma da ağır təsir göstərir
və işsizlik səviyyəsi getdikcə artırdı. 1992-ci ildə inflyasiya həddi
1012,3 faizə çatmışdı. Yəni, ölkədə qiymət indeksinə və
bazara nəzarət tamamilə itmiş və maliyyə sistemi,
demək olar ki, sıradan çıxmışdı. Azərbaycan
1993-cü ildə hiperinflyasiya mərhələsinə qədəm
qoymuş və inflyasiya ən yüksək səviyyəyə
-1763,5 faizə çatmışdı.
Büdcə kəsirinin ÜDM-ə nisbəti 1991-ci ildəki
0,2 faizdən 1993-cü ildə 15 faizə
qədər artmışdı.
O
dövrdə əhalinin ağır həyat tərzi ulu
öndərimizi də ciddi şəkildə narahat edirdi:
"Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə
dağıdılıb, xalqın rifah halı aşağı
düşüb. Lakin respublikanın
böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın
coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri,
uzun illər boyu yaranmış əsas fondları
respublikanı bu ağır böhrandan çıxarmağa
imkan verir. Digər tərəfdən, yeni
islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək
istiqamətində hərəkət etməliyik".
1994-cü ildən başlayaraq, torpaqlar dövlətsizləşdirilməyə
başlandı, kəndlilərin xüsusi mülkiyyətinə
verildi. Digər sahələrdə də özəlləşdirmənin
həyata keçirilməsi iqtisadiyyatın strukturunda ciddi
keyfiyyət dəyişiklikləri ilə nəticələndi.
Bununla ölkədə maliyyə vəziyyəti
tədricən sabitləşdi, iqtisadiyyata cəlb olunan
investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat
səviyyəsi yaxşılaşmağa başladı. Beləliklə, aqrar islahatların
reallaşdırılması, dövlət əmlakının
özəlləşdirilməsi, sahibkarlığın
inkişafı üçün əlverişli biznes və
investisiya mühitinin yaradılması ilə bazar
iqtisadiyyatına keçidin əsası qoyuldu.
Bu dövrdə başlıca vəzifələrdən
biri də ölkənin neft sənayesinə xarici
kompaniyaları cəlb etmək və yeni nəql
marşrutları yaratmaq idi. Ümummilli liderin gərgin
əməyi və qətiyyəti sayəsində neft
müqaviləsi üzrə müzakirələrə,
danışıqlara yenidən başlandı və nəhayət,
Azərbaycanın maraqlarına cavab verən müqavilə
şərtləri hazırlandı. 1994-cü il
sentyabrın 20-də Bakıda "Gülüstan"
Sarayında dünyanın 8 ölkəsindən 11 iri neft
şirkətilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq
saziş imzalandı. Bununla da Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin
enerji təhlükəsizliyinin təməli qoyuldu.
Ulu
öndər həmin sazişin respublikamızın
sosial-iqtisadi, siyasi-ictimai həyatında böyük dəyişikliklərə
səbəb olacağını bildirirdi: "1994-cü ildən
Azərbaycan dövləti özünün yeni neft
strategiyasını həyata keçirir və bu
strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın
zəngin təbii sərvətlərindən, o cümlədən,
neft və qaz sərvətlərindən Azərbaycan
xalqının rifahı naminə daha da səmərəli
istifadə etməkdən ibarətdir".
Neft gəlirlərinin
insan kapitalına çevrilməsi
Mənfəət neftinin satışından əldə
olunan gəlirlərin səmərəli idarə edilməsi, həmin
vəsaitlərin mühüm sosial-iqtisadi layihələrin
reallaşdırılmasına yönəldilməsini həyata
keçirmək üçün Dövlət Neft Fondunun
yaradılması ilə bağlı ulu öndər Heydər
Əliyevin o dövrdə imzaladığı fərman da
mühüm önəm daşımışdır. Qeyd edək ki, bu gün
Dövlət Neft Fondunun ötən müddətdəki fəaliyyəti
və bu sahədə şəffaflığın təmin olunması
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir və Azərbaycan mineral
ehtiyatların hasilatı ilə məşğul olan sənaye
sahələrində şəffaflıq təşəbbüsünü
tətbiq edən və namizəd statusuna malik 26 ölkədən
tamhüquqlu üzv statusunu almış ilk ölkədir.
Adıçəkilən fondda toplanan vəsaitlərin səmərəli
istifadə edilməsilə bağlı dövlət
strategiyasına uyğun olaraq, neft və qaz gəlirləri əsasən
makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında
iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və
orta sahibkarlığın, infrastruktur sahələrinin
inkişafına, yoxsulluğun azaldılması üzrə tədbirlərin
həyata keçirilməsinə, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına və digər sosial
problemlərin həllinə, eləcə də iqtisadiyyatın
intellektual və texnoloji səviyyəsinin yüksəldilməsinin
stimullaşdırılmasına, "insan
kapitalı"nın inkişafına yönəldilir.
Ulu öndərin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
1995-2003-cü illər ərzində dövlət büdcəsinin
gəlirləri təxminən 3 dəfə
artmışdır. 1993-cü ildə Azərbaycanın
dövlət büdcəsinin gəlirləri 110 min dollar,
2003-cü ildə 1 milyard dollar təşkil etmişdir. Bundan başqa, o dövrdə maliyyə vasitəçiliyi
institutları yaradılmış, xarici təsirlərə
daha həssas maliyyə sektorunun dayanıqlığı təmin
olunmuşdur. Strateji valyuta ehtiyatlarından
istifadənin səmərəliliyi təmin edilmiş, milli
valyutanın sabitliyi, bank sisteminin etibarlığı
artırılmış, konservativ borclanma strategiyası həyata
keçirilmişdir. Müstəqilliyin ilk illərində
ölkəmizin valyuta ehtiyatları olmadığı halda,
artıq 2003-cü ildə ölkənin 1,6
milyard ABŞ dolları qədər strateji valyuta ehtiyatları
formalaşdırılmışdı.
Sosial-iqtisadi
inkişaf strategiyası bu gün yeni müstəvidə
uğurla həyata keçirilir
Ulu öndər Heydər Əliyevin inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən
yeni müstəvidə uğurla həyata keçirilməsi nəticəsində
hazırda makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Ölkə
başçısının rəhbərliyi altında
reallaşdırılan və ilk növbədə
sosialyönümlü problemlərin kompleks həllinə
geniş imkanlar açan səmərəli islahatlar, imzalanan
mühüm fərman və sərəncamlar Azərbaycanda
müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə
xidmət etməklə yanaşı, dünya miqyasında
respublikamızın mövqelərini daha da möhkəmləndirmişdir.
Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən
biri isə onun çoxcəhətli xaratkerə malik
olması, özəl sektorun tərəqqisinə xüsusi
diqqət yetirilməsidir. Elə bunun nəticəsidir
ki, hazırda ölkədə sahibkarlığın
normativ-hüquqi bazası yaradılmış, sahibkarlara
dövlət dəstəyi sistemi
formalaşdırılmışdır.
Ötən illər ərzində ölkədə
yaradılmış əlverişli biznes və investisiya
mühiti iqtisadiyyata 100 milyard dollara yaxın investisiya yönəldilməsinə
imkan vermişdir. Əsas kapitala yönəldilən
investisiyaların ümumi həcmində son illər daxili
investisiyaların xüsusi çəkisi əhəmiyyətli
dərəcədə artmışdır. 2000-ci ildə
47,5 faiz paya malik daxili investisiyalar 10 il ərzində 16,3 dəfə
artaraq ötən ilin sonunda əsas kapitala qoyulan
investisiyaların ümumi həcmində 75,7 faiz paya malik
olmuşdur. Eyni zamanda, xarici investisiyalar da son 10 il ərzində
4,7 dəfə artmışdır. Hazırda özəl sektorun dinamik inkişafı nəticəsində
ÜDM-in istehsalının 80 faizdən çoxu özəl
sektor tərəfindən təmin edilir.
Bütövlükdə,
son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə
artmışdır. Qeyri-neft sahələrinin inkişafına
və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə
də bu sahələrdə mövcud müəssisələrin
maddi və texnoloji bazasının möhkəmləndirilməsinə
yönəlmiş tədbirlər nəticəsində son 5
ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən
44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə
53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Regionlarda
mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin
fəaliyyətinin daha da genişləndirilməsinə,
ixracyönümlü məhsul istehsalının
stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına, məşğulluğun
səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə
məşğulluğunun artırılmasına nail olmaq məqsədilə
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"
uğurla icra edilmişdir. "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrası isə davam etdirilir. Həmin proqramların icrası
nəticəsində 2004-cü ildən etibarən 40 mindən
çox yeni müəssisə və 912 mindən artıq yeni
iş yerləri yaradılmışdır.
1991-ci illə
müqayisədə 2010-cu ildə ölkəmizin xarici ticarət
dövriyyəsi 7 dəfə, o cümlədən idxal 3,5 dəfə, ixrac isə 10,1 dəfə
artmışdır. Hazırda Azərbaycan 150-yə
yaxın ölkə ilə ticarət sahəsində əməkdaşlıq
edir.
İnfrastruktur
layihələri əhalinin rahatlığına xidmət
göstərir
İnfrastruktur layihələri respublikamızın
bütün bölgələrini əhatə etməklə
yanaşı, regional xarakter daşıyır. Belə ki,
mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla
bərabər, digər qonşu dövlətlərin də ərazisini
əhatə edir ki, bu da bölgədə çox nəhəng
infrastruktur şəbəkəsinin yaradılması deməkdir.
Qədim İpək Yolunun modernləşdirilməsi,
Rusiya və İran istiqamətində tranzit
marşrutlarının dünya səviyyəsində yenidən
qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin
sürətləndirilməsi çoxşaxəli regional
infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu
cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırır, həm insanların daha rahat
infrastrukturla təmin olunmasına səbəb olur, həm də
Azərbaycanın regionda gücünü artırır.
Azərbaycan Prezidenti İlham Əliyev regionlarla
yanaşı, Bakı şəhərinin də
inkişafına xüsusi diqqət və qayğı göstərir.Bununla
əlaqədar son illər bir sıra tədbirlər həyata
keçirilmişdir. Xatırlatmaq yerinə düşər ki,
bir müddət bundan əvvəl Prezident İlham Əliyev
ayrı-ayrı dövlət məmurlarını, qəsəbə
ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf
qəsəbələrin problemlərinin kompleks həllinə
xidmət edən xüsusi Dövlət Proqramının
hazırlanması təşəbbüsünü irəli
sürmüşdür. Bu təşəbbüs əsasında
hazırlanaraq imzalanmış "Bakı şəhərinin
qəsəbələrinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair Tədbirlər
Proqramı"nın həyata
keçirilməsi paytaxt və ətraf qəsəbələrin
də sürətli inkişafına böyük təkan
vermişdir.
Proqram
çərçivəsində paytaxt rayonlarında
tikinti-quruculuq, abadlıq işləri geniş vüsət
almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə
və yenidən qurulmasına başlanılmış, əhalinin
kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi
üçün çox iş görülmüşdür.
Nəticədə Bakının, Bakıətrafı qəsəbə
və kəndlərin sosial-iqtisadi və mədəni
siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə
olan tələbatın ödənilməsi, küçə
və məhəllədaxili işıqlandırma sistemlərinin
qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi,
sosial təyinatlı obyektlərin - məktəblərin,
uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət
evlərinin tikintisi və bərpası, müasir
avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli
iş görülmüşdür. Həmçinin
son illər ərzində Bakı qəsəbələrində
yol infrastrukturu yeniləşdirilmiş, Heydər Əliyev
Fondunun dəstəyi ilə yeni məktəb və tibb müəssisələri
tikilmiş, bir çoxları əsaslı şəkildə
təmir edilmişdir. Paytaxtı içməli
su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı
su kəməri çəkilmişdir.
Aqrar sahə
yeni inkişaf mərhələsində
Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən
diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən
olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin
yaradılması prosesində mühüm uğurlar əldə
edilmişdir.
Bu da təsadüfi deyil. Çünki
ölkəmizin bazar iqtisadiyyatı sisteminə
transformasiyası ilk əvvəl aqrar sahədən
başlamış, kənd təsərrüfatında
90-cı illərin əvvəllərində özünü
qabarıq büruzə verən tənəzzül meylləri
dayandırılmış, iqitsadi artıma və inkişafa
nail olunmuşdur. Azərbaycan Prezidentiİlham Əliyevin
2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı
məhsulları istehsalçılarının toxum, gübrə
və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi barədə" sərəncamları
da aqrar sahədə mövcud problemlərin aradan
qaldırılmasına, bu sahənin dinamik inkişafına
ciddi təkan vermişdir. Həmin sərəncamlar
kənd təsərrüfatı məhsullarının
istehsalının artırılmasına,
istehsalçıların yüksək
reproduksiyalıbuğdatoxumuna, cinsdamazlıq mal-qaraya olan
ehtiyacının ödənilməsinə, habelə mineral
gübrə və texnikanın saxlanması üçün
xüsusi anbar binalarının tikilməsinin təmin edilməsinə
müsbət təsir göstərmiş, sadalanan işlərin
görülməsini sürətləndirmişdir.
Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq
edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" isə
qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından müstəsna əhəmiyyətə
malikdir. Həmin proqramda nəzərdə tutulan
164 tədbirin 101-i kənd təsərrüfatının
müxtəlif istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil. Çünki
aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin
ərzaq, emal sənayesinin xammal təminatını
yaxşılaşdırmağa, kənd əhalisinin həyat
səviyyəsinin yüksəldilməsinə və
heyvandarlıqda etibarlı yem bazasının
yaradılmasına xidmət edir.
Bir
neçə il əvvəl bəzi kənd
təsərrüfatı məhsullarını xarici ölkələrdən
idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə
məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul
istehsalının intensiv artımı nəticəsində
mümkün olmuşdur. Azərbaycan
hökumətinin aqrar sahəyə diqqət və
qayğısının güclənməsi və kənd təsərrüfatı
mülkiyyətçilərinə göstərilən güzəştli
yardımların miqyasının artması bu sahədə
inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən siyasət nəticəsində aqrar bölmədə
istehsalın artırılması üçün ən
mühüm layihələr
reallaşdırılmışdır. Respublikamızın
ərzaq təhlükəsizliyinin təmin olunmasını
iqtisadi strategiyanın əsas hədəflərindən biri
hesab edən hökumət aqrar sahədə istehsal
imkanlarının daha da yaxşılaşdırılması
üçün davamlı addımlar atır.
Sosial sahəyə
xüsusi önəm verilir
Azərbaycanın iqtisadi uğurları əhalinin həyat
səviyyəsinin yaxşılaşdırılması ilə
bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə,
xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımların atılmasına daha əlverişli
şərait yaratmışdır. Bu fikrin təsdiqi kimi,
bəzi göstəricilərə diqqət yetirsək
faydalı olar. Müstəqillik illərində dövlət
büdcəsindən əhalinin sosial müdafiəsi və
sosial təminatına çəkilən xərclər 30,8,
iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər
isə 93 dəfə artmış, əməkhaqqı, pensiya
və müavinətlərin ödənilməsinə 52 dəfə
çox vəsait sərf olunmuşdur. Son 20 il ərzində əhalinin
real gəlirləri 2,4, ölkə üzrə
iqtisadiyyatda məşğul olan işçilərin orta
aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə
artmışdır. Əhalinin hər nəfərinə
düşən gəlirlər də 16,2 dəfə
artaraq 2010-cu ildə 2866 manata çatmışdır. Ən əsası,
məqsədyönlü tədbirlərin
reallaşdırılması ölkədə yoxsulluğun səviyyəsinin
2001-ci ildəki 49 faizdən 2010-cu ildə 9,1
faizə qədər azalmasına gətirib
çıxarmışdır. Regionların inkişafı,
yoxsulluğun və işsizliyin azaldılmasını nəzərdə
tutan Dövlət proqramlarının nəticəsi olaraq
2004-2010-cu illər ərzində ölkədə 1 milyona
yaxın yeni iş yeri yaradılmışdır.
BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini
əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın
sosial sahədə əldə etdiyi nailiyyətlər yüksək
qiymətləndirilmişdir. İnsan
inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan
Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə
yaxşılaşdıraraq 2010-cu ildə 67-ci pilləyə
yüksəlmişdir. 2000-2010-cu illər üzrə
ölkəmiz MDB ölkələri arasında insan
inkişafı indeksinə görə ən yüksək
göstəriciyə nail olmuş və "orta insan
inkişafı" qrupundan "yüksək insan
inkişafı" qrupuna keçmişdir. Azərbaycanda
insan inkişafı indeksinin yüksəlməsinə təhsil
göstəriciləri əhəmiyyətli təsir göstərmişdir.
Belə ki, həmin hesabata əsasən, Azərbaycanda
savadlılıq səviyyəsi 99,5, ibtidai
təhsillə əhatə səviyyəsi 100, orta təhsillə
əhatə səviyyəsi 95,6 faiz təşkil edir.
Ölkədə
sosial infrastrukturun yeniləşdirilməsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun təşəbbüsü
ilə "Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı çərçivəsində indiyədək
300-ə yaxın təhsil müəssisəsi tikilib istifadəyə
verilmiş, əsaslı təmir və bərpa olunmuş,
müasir avadanlıqlarla təchiz edilmişdir. Eləcə
də fond tərəfindən səhiyyə və mədəniyyət
infrastrukturunun yaradılması və bərpası, mədəniyyətimizin
təbliği istiqamətində böyük layihələr həyata
keçirilmişdir.
Ümumiyyətlə, həyata keçirilən
sosial-iqtisadi islahatların sürətlənməsi bir tərəfdən
iqtisadiyyatın daha da güclənməsinə əlverişli
imkanlar yaratmış, digər tərəfdən əhalinin
maddi-rifah halının yüksəlməsinə müsbət
təsir göstərmişdir. Bu, son illər əməkhaqlarının
artmasında da özünü büruzə vermişdir.Elə
bu günlərdə dövlət
başçısının imzaladığı müvafiq sərancamlarla
cari ilin dekabr ayının 1-dən minimum aylıq əməkhaqqının
məbləği 93,5 manat müəyyən edilmiş,
dövlət büdcəsindən maliyyələşdirilən
təhsil (ali təhsil müəssisələri istisna olmaqla),
səhiyyə sahələrində çalışan
işçilərinin, mədəniyyət, gənclər və
idman müəssisələrinin, elm və elm-tədqiqat
müəssisə, idarə və təşkilatlarının
və digər qurumların əməkdaşlarının
Vahid Tarif Cədvəli ilə aylıq vəzifə
maaşları isə 10 faiz artırılmışdır. Bu, dövlət başçımızın fəaliyyətində
sosial şəraitin yaxşılaşmasına xüsusi diqqət
yetirməsinin əyani sübutudur.
Xatırladaq
ki, ölkəmizdə 2004-2010-cu illər ərzində orta
aylıq əməkhaqqı 3,5 dəfə
artmış, minimum əməkhaqqının artım tempi isə
6,5 dəfədən çox olmuşdur. Göründüyü
kimi, sosial siyasətin uğurla həyata keçirilməsi
insanların əməkhaqlarının artmasına öz
mühüm təsirini göstərir. Bunun nəticəsidir
ki, ölkəmizdə vətəndaşların illik gəlirlərində
hər il 15 faizə yaxın artım qeydə
alınır.
Azərbaycanın
uğurları beynəlxalq reytinq agentliklərinin
hesabatlarında
Ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər
nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən
də qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc
edilən dünya ölkələrinin rəqabət qabiliyyətliyi
səviyyəsini xarakterizə edən "Qlobal Rəqabət
Qabiliyyəti İndeksi" hesabatlarında Azərbaycan 142
ölkə arasında 55-ci yerə layiq görülmüş
və beləliklə də son 7 hesabat ərzində ölkəmizin
mövqeyi 14 pillə yaxşılaşmışdır. Bu göstəriciyə görə artıq son 3 illik
hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında
1-ci yerdədir.
"Dünya Rəqabət Qabiliyyəti İndeksi:
2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər
üzrə də yüksək nəticələr əldə
etmişdir. Belə ki, "əmək bazarının səmərəliliyi"
alt göstəricisi üzrə ölkəmiz dünyada
14-cü, "makroiqtisadi vəziyyət" alt göstəricisi
üzrə isə 16-cı yerə layiq
görülmüşdür. Qeyd etmək lazımdır
ki, son bir il ərzində ölkəmiz "əmək
bazarının səmərəliliyi" alt göstəricisi
üzrə 11, "əmtəə və xidmətlər
bazarının səmərəliliyi" alt göstəricisi
üzrə isə 14 pillə irəliləmişdir.
Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. "Doing Business - 2009" hesabatının nəticələrinə əsasən Azərbaycan "top islahatçı" ölkə kimi qiymətləndirilmiş, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırmışdır. "Doing Business" hesabatlarının tarixi ərzində bu, ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının "Doing Business - 2011" hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur.
"Fitch Ratings" agentliyi tərəfindən ilk dəfə
olaraq ölkəmizə investisiya reytinqi verilmişdir. Azərbaycan Cənubi
Qafqaz ölkələrinin iqtisadiyyatları arasında
investisiya reytinqi almış ilk və indiyədək yeganə
iqtisadiyyatlı ölkə olaraq qalmaqdadır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın
kredit reytinqinin yaxşılaşması Avropanın bəzi
inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin
aşağı düşməsi fonunda baş verir.
Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası
bu gün bütün sahələrdə real bəhrələrini
verir. Prezident İlham Əliyev tərəfindən yeni
müstəvidə uğurla reallaşdırılan bu
strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da
mühüm nailiyyətlərə imkan yaratmışdır.
Respublikamız postsovet məkanında keçid
dövrünü uğurla başa vuran ilk ölkə olaraq,
bununla əslində, yürütdüyü iqtisadi-sosial
islahatların dünyada ən mükəmməl inkişaf
modellərindən biri olduğunu təsdiq etmişdir. Bu
gün dünyanın tədqiqatçı-mütəxəssisləri,
həmçinin iqtisad elmi "İnkişafın Azərbaycan
modeli"ni inkaredilməz fakt kimi qəbul
edir, araşdırır və öyrənir.
Niyazi
İSMAYILOV, Teymur ZEYNALOV, Azərbaycan Dövlət İqtisad
Universiteti "İqtisadi təhlil və audit"
kafedrasının dosentləri
Xalq qəzeti.- 2011.- 17 dekabr.- S.
1-2.