Hulusi KILIÇ: Azərbaycan -
Türkiyə əlaqələri həmişə sülhə,
sabitliyə, inkişafa, rifaha
xidmət edəcək
Tarixən dost və qardaş olan Azərbaycan
ilə Türkiyənin əlaqələri hər il olduğu kimi, 2011-ci ildə də bütün
sahələrdə sürətlə inkişaf
etdi. Bu il İzmirdə keçirilən
Türkiyə - Azərbaycan Strateji Əməkdaşlıq
Şurasının toplantısı və burada
mühüm əhəmiyyətə malik 13 anlaşmanın imzalanması da iki ölkənin
münasibətlərinin gələcək inkişaf
perspektivləri baxımından önəmli hadisədir.
Bu fikirləri dekabrın 16-da ilin yekunlarına həsr edilmiş
mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri
Hulusi Kılıç səsləndirdi.
Səfirin sözlərinə görə enerji, nəqliyyat, iqtisadiyyat və humanitar məsələlərin müzakirə edildiyi şuranın növbəti toplantısı gələn il Bakıda keçiriləcək. Böyük öndərlər - Müstafa Kamal Atatürkün və Heydər Əliyevin iki ölkə münasibətlərini ifadə edən müdrik sözlərini xatırladan Hulisi Kılıç Vanda baş verən son zəlzələni yada saldı. Qeyd etdi ki, təbii fəlakət bölgəsinə ilk yardımın Azərbaycan tərəfindən göstərilməsi Türkiyə üçün böyük təsəlli oldu: "Azərbaycan Cümhurbaşqanı sayın İlham Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova xüsusi təşəkkür edirik. Sayın Cümhurbaşqanın xilasetmə dəstələrini dərhal Türkiyəyə göndərməsi bizim bir millət, iki dövlət olduğumuzu və sevincimizin, kədərimizin ortaq olduğunu sübut etdi".
Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bəyan etdi ki, Türkiyə problemin həllində Azərbaycanın razılaşmayacağı heç bir sülh formulunu qəbul etməyəcək. O qeyd etdi ki, Türkiyə Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır. Ancaq bunun üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Bundan sonra Sürix protokollarına baxıla bilər: "Türkiyə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmamasından narahatdır. Bu ilin sentyabrında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bizim bu narahatlığımızı bir daha BMT Baş Assambleyasının tribunasından dünya dövlətlərinə çatdırdı. Dağlıq Qarabağ problemi Azərbaycanın olduğu kimi Türkiyənin də problemidir. Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyib, bundan belə də dəstəkləyəcəkdir".
Bu il Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlara imza atdığını bildirən Hulusi Kılıç ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini əhəmiyyətli hadisə adlandırdı. Onun bildirdiyinə görə qurum yaradılandan bugünədək ötən 66 il ərzində hətta bir sıra inkişaf etmiş Avropa ölkələri də Təhlükəsizlik Şurasına üzv seçilə bilməyib. Ancaq Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ildönümündə böyük nailiyyət əldə edərək 150 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bu, Azərbaycana beynəlxalq aləmdə göstərilən etimadın bariz nümunəsidir.
İki ölkə arasındakı iqtisadi əlaqələrə toxunan Hulusi Kılıç Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə yatırmasını çox müsbət hal olduğunu bildirdi. Onun sözlərinə görə, bu günə kimi enerji sektoru da daxil olmaqla Azərbaycan Türkiyə iqtisadiyyatına 10 milyard dollar həcmində sərmayə yatırıb. Gələcəkdə bu rəqəm 15 milyard dolları keçə bilər. Türkiyənin Azərbaycandakı sərmayəsinin həcmi isə 6,5 milyard dollar təşkil edir. Bu il ölkələr arasında ticarət dövriyyəsinin həcmi bir qədər də artaraq 3 milyard dollara çatıb. Hər gün Bakıdan İstanbula və əksinə 6 aviareys həyata keçirilir. Səfir belə hesab edir ki, bu, sıx münasibətlərimizin bir göstəricisidir. Bakı-Tbilisi-Qars, Naxçıvan-Qars dəmir yollarının inşası və Naxçıvan-İğdır qaz boru xəttinin çəkilməsi istiqamətində hər iki ölkədə güclü siyasi iradənin olması da əlaqələrin səviyyəsindən xəbər verir.
"Biz iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda da, tək ürəyik" - deyən Hulusi Kılıç bildirdi ki, bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı, bu qədər yaxın olsunlar. Onun fikrincə, Azərbaycan - Türkiyə münasibətləri əcdadlarımızın bizə ərmağan etdiyi ən gözəl, ən təbii duyğuların əksidir. Bu əlaqələr həmişə sülhə, sabitliyə, təhlükəsizliyə, inkişafa, rifaha xidmət edəcək.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2011.- 17 dekabr.- S. 2.