"Bəstəkar
ürəkli rəssam"
Mikayıl Abdullayev – 90
Başlığa
çıxardığım bu sözləri Mikayıl
Abdullayev haqqında SSRİ xalq artisti, böyük bəstəkar
Fikrət Əmirov demişdir. Onu tanıyanlar da deyirlər ki,
Mikayıl Hüseyn oğlu Abdullayev olduqca sadə, səmimi insanlarla
xoş ünsiyyət qurmağı bacaran, humanist insan idi. Elə
bil xarakteri əsərlərinə də hopmuşdu. Hansı
mövzuda əsər işləyirdisə orada səmimiyyət,
torpağa bağlılıq, humanizm elementləri aydın
duyulurdu.
Bu
gün "Nizami" metrosuna girənlər oradakı mozaik
tablolara xüsusi maraqla baxırlar. Bura sanki böyük
Nizaminin "Xəmsə"sinin motivləri üzrə
işlənmiş əsərlərin sərgisidir. Mikayıl
Abdullayev bu əsərləri elə istedadla işləmişdir
ki, onların heç birinə biganə qalmaq olmur. Onun belə
gözəl əsərləri onlarcadır. Bu əsərlərin
böyük bir qismi dünyanın məşhur muzeylərində
Azərbaycan xalqını, onun incəsənətini təmsil
edir.
Dekabrın
19-da bu böyük bəstəkarın 90 illik yubileyi qeyd
olunacaq. Əsərlərinin sərgisi təşkil ediləcək,
haqqında xatirələr söylənəcək, yəqin ki,
kataloqu, buklet və plakatları da çap olunacaq. Haqqında
tədqiqat əsərləri işıq üzü görəcək.
Yaradıcılığının
bütün mərhələlərində o bu torpağın
gözəl təbiətini, qəhrəman, yaradıcı
insanlarını öz sehrli fırçasının dili ilə
çox gözəl əsərlərə çevirib bizə
yadigar qoyub.
Mikayıl
Abdullayev şərəfli bir ömür yolu keçib.
Bakıda dünyaya göz açıb, burada Ə.Əzimzadə
adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib.
Sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunda təhsil alıb.
İlk fərdi sərgisi keçiriləndə 36 yaşı var idi. Həmişə Moskvada təşkil olunan və ona əsl şöhrət qazandıran bu sərgini xatırlayırdı. Sovetlər dönəmində tez-tez onun əsərlərinin sərgisi təşkil olunardı. Yüksək yaradıcı qabiliyyətinə görə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilmişdi. SSRİ Rəssamlar İttifaqının katibi idi. Fəxri adları və mükafatları isə saymaqla qurtaran deyil. Mikayıl müəllim SSRİ-nin xalq rəssamı, SSRİ və C.Nehru adına beynəlxalq mükafatlar laureatı idi. Müstəqil Azərbaycanın "İstiqlal" ordeni ilə təltif olunmuşdu.
Geniş yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı o, həm də ictimai xadim kimi bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi.
Rəssamlarımız arasında Mikayıl Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına onun qədər möhkəm bağlı olsun. Dədə Qorquddan, dahi Nizamidən başlamış bu gün yazıb-yaradan şair və nasirlərimizə qədər o, bir çox sənətkarların ya portretlərini yaratmış, ya da onların əsərlərinə illüstrasiyalar çəkmişdir.
Təsviri sənətimizin inkişafında mühüm xidmətləri olan bu istedadlı sənətkarın boyakarlıq və qrafika janrında yaratdığı əsərlər incəsənətimizin çox qiymətli səhifələrini təşkil edir. O, rənglərin dilini bilirdi. Molbet arxasında sanki bu rənglərlə danışırdı. Şair Rəsul Rza ona həsr etdiyi şeirində yazır:
Sənin
dilin olmasa da, çəkərsən
Sözün olmasa da...
Ancaq hər ikimiz ürəksiz yarada bilmərik,
Mənimki sözdü, səninki
rəng,
Var olsun ürək.
Doğrudan da, Mikayıl müəllim böyük
ürək sahibi idi. O, yaratdığı əsərlərə təkcə
rənglərin qüdrətini
deyil, həm də öz ürəyinin hərarətini
gətirirdi. Ona görə də
bu əsərlərdə
təbiət daha canlı, insanlar həyatsevər təsvir olunardı.
Mikayıl Abdullayevin yaradıcılığında
qəribə bir müdriklik hakimdir. Bu əsərlər sanki insanları sabaha ümidlə baxmağa, qətiyyətli və məğrur olmağa səsləyir.
Bu böyük sənətkarın
yaradıcılığı o qədər zəngin və rəngarəngdir ki, bir məqalədə
bütövlükdə əks
etdirmək qeyri-mümkündür. Burada biz onun
yaradıcılığının bəzi məqamları barədə məlumat verəcəyik.
40-cı illər M. Abdullayev
yaradıcılığında ilkin dövrü təşkil edir. Bu dövrdə yaratdığı
tablolardan ikisinin adını qeyd etmək istərdim. Onlardan biri 1944-cü ildə çəkilmiş "Axşam",
ikincisi isə 1947-ci ildə yaradılmış
"Mingəçevir işıqları"
tablolarıdır. Hər iki
əsər professional səviyyədə
yaradılmış sənət
nümunələridir və
onlar bu gün də əvvəlkitək qiymətlidir
və təsviri sənətimizin tarixində
əhəmiyyətli əsərlər
kimi dəyərləndirilir.
Mikayıl Abdullayev kənd adamlarının həyatını
və məişətini
böyük ustalıqla
öz əsərlərinə
gətirirdi. Elə "Masallı silsiləsi"ndən
olan "Körpəsinin
ardınca", "Manqabaşı
Rəxşəndə" tabloları bu mövzuda ən qiymətli əsərlərdəndir.
Onun yaradıcılığında
nikbin bir ruh yaşayır. O, yaratdığı
əsərlərdə həmişə
bu nikbinliyi qorumağa çalışır.
"Tarlada", "Lənkəranlı
kolxozçu qadın",
"Abşeronda", "Astarada
çay yığımı",
"Çəltikçi qızlar"
və s. əsərlərinə
tamaşa edənlər
bunu aydın hiss edirlər.
M.Abdullayev tematik tablolar ustası idi. Onun yaratdığı portretlər
qalereyasında məşhur
sənət adamlarının
çox qiymətli portretləri var. "M.Qorki
1928-ci ildə Bakıda",
"Üzeyir Hacıbəyov"
, "Səməd Vurğun",
"M.F.Axundov", "M.P.Vaqif",
"İmadəddin Nəsimi",
"Pianoçu F.Bədəlbəyli"
və s. əsərlər
rəssamın böyük
portret ustası olduğunu bir daha təsdiq edir. Eyni zamanda unudulmaz
rəssam baxımlı
qrafika əsərlərinin
- illüstrasiya və
kitab tərtibatı nümunələrinin müəllifi
kimi də tanınırdı.
Onun
"Kitabi Dədə
Qorqud" dastanına,
Füzulinin "Leyli və Məcnun" poemasına, Bəxtiyar Vahabzadənin "Şəbi-hicran"
mənzum əsərinə,
Süleyman Rəhimovun
və bir çox başqa qələm sahiblərinin
yaradıcılıqlarına çəkdiyi təsvir nümunələri tamaşaçılar
tərəfindən maraqla
qarşılanmışdı. Rəssamın kətan üzərində yaratdığı
obrazlar - "Yüz yaşlı usta",
"Şair Süleyman
Rüstəm", "Ornament ustası Lətif Kərimov", "Yazıçı
Həsən Seyidbəyli"
bu gün də tamaşaçıların
zövqünü oxşayır.
Ustad sənətkarı həmkarlarından
fərqləndirən bir
cəhəti heç
unutmaq olmur. Onun zəngin biliyi, bənzərsiz müşahidələri
vardı. Deyərdi:
"Hər gün ən azı 4 saat mütaliə edirəm, 2 saat yazıram, 8 saat molbert önündə dayanıram". Bakının küçələrini gəzər, dənizkənarı
parka çıxardı. 1970-80-ci illərdə onun "Kommunist", "Ədəbiyyat
və incəsənət",
"İzvestiya", "Literaturnaya
qazeta" qəzetlərində,
"Azərbaycan", "Qobustan" jurnallarında
sənət haqqında
dəyərli məqalələri
dərc olunmuşdu. Mərhum kinorejissor Həsən Seyidbəyli deyərdi ki, "Nəsimi" bədii filmində Nəsimi rolunu oynayacaq aktyoru seçməyimdə Mikayıl
Abdullayevin eyniadlı məşhur tablosu köməyinə çatdı.
Yeri gəlmişkən, fırça
ustasının fantaziya
və təfəkkürünün
vəhdətindən yaranmış
həmin portret milli təsviri sənətimizin qızıl
fonduna daxil olmuş boyakarlıq nümunələrindən biridir.
Azərbaycanın iftixarı Üzeyir
bəy Hacıbəyovun
naturadan portretini çəkməsindən qürur
hissi ilə danışardı: "1943-cü ildə dünya şöhrətli bəstəkarın
yağlı boya ilə obrazını yaratmışdım. Əsər Üzeyir
bəyin çox xoşuna gəlmişdi.
Onu muzeyə verməyib, evində saxladı. Məni görüşünə çağırıb
pul təklif etdi. Götürmədim. Çünki Moskvada Ali Rəssamlıq
Məktəbində təhsil
alanda bir çox tələbələr
kimi, mənə də qayğı, yardım göstərmişdi".
Rəssamın teatrımızın inkişafında
da xidməti çox olmuşdur. O, "Leyli
və Məcnun",
"Koroğlu" operalarına,
Niyazinin "Çitra"
baletinə bədii tərtibat vermişdi. Görkəmli bəstəkar Fikrət
Əmirov onu "Bəstəkar ürəkli
rəssam" adlandırmışdı.
Qədirbilən tamaşaçılarla rənglərin diliylə danışan mahir fırça ustası tez-tez onların görüşünə gedər,
ölkəmizi oba-oba gəzərdi. Ürəkaçan nə görərdisə,
min bir həvəslə
kağız-kətan üzərində
əbədiləşdirərdi.
M.Abdullayevin yaradıcı irsi bu gün sənətşünaslarımız
tərəfindən tədqiq
edilir, öyrənilir.
Onun sənəti
həqiqətən böyük
məktəb idi. Bu məktəbin yetirmələri
olan onlarca sənətkar bu gün milli rəssamlıq sənətimizin
inkişafına xidmət
etməkdədir. Mikayıl Abdullayevin
yaratdığı əsərlər
isə hələ uzun illər muzeylərimizin əbədi
eksponatı kimi qorunub saxlanacaq, neçə-neçə nəsillər
bu əsərlərdən
mənəvi zövq alacaq.
M.Mükərrəmoğlu
Xalq qəzeti.- 2011.- 18 dekabr.- S. 7.