Mədəniyyətimiz tarixilik vəmüasirlik kontekstində

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin "Mədəniyyətimizdə tarixilikmüasirlik" adlı yeni kitabı çapdan çıxmışdır. Bu kitabda teatrımızın, kinomuzun, musiqimizin, memarlığımızın, müzeyşünaslığımızın inkişaf yoluna analitik təhlil verilir, həmin sahələrdəki mövcud problemlər çözələnir. Hələ formalaşma mərhələsini yaşayan milli kulturologiya elminin sivilizasiyalararası inteqrasiyada funksiyası, gələcəkdə görüləcək işlərin istiqaməti müəyyənləşdirilir.

 

Çox əlamətdar haldır ki, müəllif mühakimələrində mentalitetimizlə bağlı bütün məsələlərə düzgün münasibəti özündə əks etdirən Heydər Əliyev ideyalarına əsaslanır, bizi mədəniyyətimizin inkişafının dönməzliyinə bir daha inandırır.

Əsərdə meydana gətirilən mövqedən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə mədəniyyətimizə göstərdiyi diqqətə, qayğıya görə bir ziyalı minnətdarlığı duyulur, ölkə başçısının bu sahədə apardığı uğurlu siyasətdən doğulan bir əminlik boylanır. Professor Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilikmüasirlik" əsəri iri həcmli, yetərincə geniş, əhatəlidir. Mən kitabın bütün fəsilləri barədə danışmaq fikrində deyiləm. Yalnız bələd olduğum və fəaliyyətimlə bağlı məsələlərə münasibət bildirməklə kifayətlənmək istəyirəm.

Kitabda musiqiyə geniş yer verilib. Müəllif Azərbaycan musiqisinin eramızdan əvvəlki dördüncü-üçüncü minilliklərdən, Qobustan qayalarındakı "Yallı" rəqsinin ifasını xatırladan rəsmlərdən, ibtidai musiqi aləti sayılan qavaldaşdan başlayaraq, ən müasir sintez nümunələrinə qədər keçdiyi möhtəşəm yolun təsvirini verir. Əsrlər boyu tarixin amansız sınaqlarına tab gətirmiş, milli taleyimizə dəfələrlə çökən zülmətlərdə işığını öləzitməmiş bu mətn incəsənət növünün inkişaf mərhələlərini zəngin faktlar əsasında tədqiq edir. Timuçin müəllim çox düzgün olaraq vurğulayır ki, dəfələrlə istilalar görmüş, əsrlər boyu acı olaylar yaşamış xalqımız musiqisinə sevgisində tarixən heç bir qadağaya məhəl qoymamış, aləti əlindən alınıb sındırılanda, dilinə qıfıl vurulanda belə onu ürəyində pıçıldamış, ruhunun yaddaşında qoruyub saxlamışdır. Üstəlik, Şərqdə aparıcı mövqedə olmuş klassik muğam sisteminin formalaşmasında böyük rol oynamışdır.

Müəllif Azərbaycan musiqisinin ilk dəfə beynəlxalq aləmə çıxışının eramızın birinci minilliyinin axırlarında baş verdiyini yazır. Bunu ölkəmizin islam dünyasına daxil olması ilə əlaqələndirir, bəşəri şairimiz Nizami Gəncəvinin əsərlərində muğam oxunması ilə bağlı səhnələrin, həmin janrın nəzəriyyəsinə aid məlumatların verilməsini göstərir. Mülahizəsini möhkəm etmək üçün bir neçə yüzillik sonra klassik Şərq musiqi elminin nüfuzlu simalarına çevrilmiş, onun universal nəzəriyyəsinin ən yüksək zirvəsini yaratmış Səfiəddin Urməvi, Əbdulqadir Marağayi kimi görkəmli alimlərin məhz azərbaycanlı olmalarını xatırladır.

Bu fəsildə müəllif oynaq rəqs melodiyalarımızın, həzin nəğmələrimizin, yanıqlı mahnılarımızın yaranma tarixindən, təkmilləşmə pillələrindən, vəhdətindən kifayət qədər söz açaraq məntiqi ümumiləşmə aparır. Aşıq musiqisini, nisbətən gənc klassik Avropa üslubunu musiqi sənətimizin inkişaf qolları hesab edir. Muğamatı isə onun ana xətti, əsas daşıyıcısı kimi qiymətləndirir: "Muğam Azərbaycan musiqi təfəkkürünün ən ali parlaq yaradıcılıq təzahürüdür. Öz fəlsəfi-mənəvi dərinliyi, orijinal kompozisiyası təkrarolunmaz intonasiya inkşafı ilə seçilən muğam Azərbaycan şifahi ənənəli professional musiqisinin irihəcmli klassik nümunəsidir". Fikrimizcə, nəhəng, nəhayətsiz bir aləmi tam göründürən bu yığcam elmi tərif dahi Üzeyir bəy Hacıbəylinin ulu sənətimizə verdiyi dəyərləndirmədən geri qalmır, böyük şairimiz Bəxtiyar Vahabzadənin "Muğam" poemasındakı poetik yanaşmalarla çiyin-çiyinə dayanır.

Zəngin mənbələrə söykənən Timuçin müəllim Azərbaycan xalqının musiqi mədəniyyətinin ən sürətli inkişafının XIV əsrdə olduğunu yazır, XIX əsri onun intibah dövrü adlandırır. İlk bədii-musiqili məclisin Şuşada Xarrat Qulu tərəfindən təşkil edildiyini, sonralar həmin ənənənin Mir Möhsün Nəvvabın davam etdirdiyini, nəticədə Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid Şuşinski kimi xanəndələrin yetişib püxtələşdiyini bildirir. Azərbaycan tarının atası Sadıqcanın muğamlarımızı daha da zənginləşdirməsini, onlara yeni guşələr , şöbələr gətirməsini, Məşədi Zeynal, Şirin Axundov, Qurban Pirimov başqa sənətkarlara ustad qayğısı göstərməsini, şairə Xurşidbanu Natəvanın yaratdığı "Məclisi-üns" ədəbi məclisinin poeziya ilə yanaşı, musiqişünaslığımızda da oynadığı müsbət rolu qeyd edir. Müəllif xanəndəlik sənətimizin inkişafında Şuşa ilə yanaşı, Bakı Şamaxı məktəblərinin fəaliyyətini qələmə alır. Bu şəhərlərdəki musiqi məclislərinin təşkilatçıları-muğamın gözəl bilicisi Mahmud ağanın , öz dövründə fikrinin mütərəqqiliyinə görə sayılıb-seçilən Məşədi Məlik Mansurovun xidmətlərini yüksək qiymətləndirir.

Bunun ardınca Timuçin müəllim iyirminci yüzillikdə Azərbaycan musiqi sənətinin keçdiyi şərəfli yolu elmi şəkildə işıqlandıraraq, onda yaşanan ən əlamətdar hadisələri izləyə-izləyə indiki səviyyəsinə qədər gəlib çıxır, gözlərimiz qarşısında zəngin bir tarixin canlı mənzərəsini yaradır. Ölkəmizdə müstəqil dövlətin həyata keçirdiyi parlaq mədəniyyət siyasəti nəticəsində baş verən ən son yenilikləri, beynəlxalq aləmdə qazanılan uğurları oxucu diqqətinə çatdırır. "Müstəqil Azərbaycanın musiqi mədəniyyəti xalqın çoxəsrlik tarixinə, irisinə layiq inamlı yüksəlişini davam etdirir"-deyərək "Musiqi sənəti" fəslini bitirir. Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik müasirlik" kitabında ruhuma daha yaxın olan ikinci mövzu isə müəllifin özünün başçılıq etdiyi Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti haqqındakı qeydləridir. Çünki həmin ali tədris müəssəsində muğam sənəti üzrə müəllim işləyirəm. Oradakı sürətli inkişafın, günbəgün artan nailiyyətlərin bilavasitə şahidiyəm. Hörmətli professorun təvazökarlıqla qələmə aldığı görülən işlərin mərkəzində əslində məhz onun fədakarlığı dayanır. Yüksək rəhbərlik səriştəsi, təşkilatçılıq bacarığı hesabına yaratdığı möhkəm nizam-intizam, böyük nüfuzu sayəsində qurduğu sivil şərait universitetimizi oxumaq üçün xarici ölkə vətəndaşlarının da can atdığı bir mədəniyyət ocağına çevirib.

 

Ruzə İBİŞOVA, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin muğam sənəti kafedrasının müəllimi

 

 

Mədəniyyət.- 2011.- 18 dekabr.- S. 7.