Şəmkirin qış qayğıları

 

Rayonda bir sıra problemlərin həllindən sonra bu fəslin gəlişi daha heç kimi narahat etmir

 

 

Hazırda rayon əhalisinin 97 faizi təbii qazdan istifadə edir.

 

 

Ümumi su tutumu 175 milyon kubmetr, bəndin hündürlüyü 190 metr olacaq Şəmkirçay dəryaçası tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək. Dəryaçanın qarşısında qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqavatt elektrik enerjisi istehsal olunacaq

 

 

İndiyədək əkilmiş sahələrdən 107 min 542 ton kartof, 120 min 233 ton tərəvəz və 37355 ton meyvə istehsal olunmuşdur

 

Vaxt var idi ki, Şəmkirin kənd və qəsəbələrinə, lap elə rayon mərkəzinə - şəhərə getmək olmurdu. Ona görə yox ki, yollar bərbad vəziyyətdə idi, gediş-gəliş çətinləşmişdi. Xeyr, bunlar öz yerində. Sadəcə, sakinlərin giley-güzarına, sorğu-suallarına cavab tapmaq olmurdu. "Qaz yoxdur", "işığımız yanmır", "suyumuz gəlmir"... Adamları da qınamaq olmurdu. Axı əhalisinin sayı 200 min nəfərə çatan Şəmkirdə bu problemlərin mövcud olması böyük çətinliklər yaradırdı. Kənd təsərrüfatında məhsuldarlıq aşağı düşürdü, əkinçilərin əli işdən soyuyurdu, adamların dolanışığı pisləşirdi. Doğma torpaqları tərk edib pul qazanmaq üçün başqa ölkələrə gedənləri heç kim qınamırdı. Axı bu şəraitdə yaşamaq, ailəsini dolandırmaq çətin bir iş idi. Xüsusilə 90-cı illərin əvvəllərində bu özünü daha qabarıq göstərirdi.

 

Lakin tədricən hər iş öz axarına düşdü. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət Şəmkirdə də öz təsirini göstərməyə başladı. İndi maraq üçün rayonun ən ucqar kəndinə yolunuzu salsanız, sizi gülərüzlə qarşılayacaq, "gəlin, bir stəkan çay için" deyə həvəslə öz evlərinə qonaq dəvət edəcəklər. Çünki evlərin hamısında qaz var, elektrik enerjisi fasiləsiz verilir, su çəkilib, yeni yol salınıb. Yəni 10-15 il qabaq həvəssiz getdiyin yerlərə indi böyük sevinclə ayaq basırsan. Təsadüfi deyil ki, rayon icra hakimiyyətinin başçısı Nazim Veysov səyyar görüşlərə daha çox üstünlük verir, adamların bu sahədəki problemləri ilə maraqlanır. Təkcə bu ilin 9 ayı ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı kəndlərdə 40 səyyar qəbul keçirilmişdir. Bu qəbullarda 12 min nəfərə yaxın adam iştirak etmişdir. Ən müxtəlif təkliflər, o cümlədən yolların təmiri, məktəb tikintisi, əkin xətlərinin suvarılması və digər təkliflər irəli sürülür. Daha rayon rəhbərliyi də əhalinin qarşısına üzüağ çıxır, problemlərin həllinə cəsarətlə söz verir və hətta bu işin dəqiq vaxtını bildirir. "Cəsarətlə" sözünü ona görə işlədirik ki, problemlərin həlli heç də bir çox hallarda təkcə rayon rəhbərindən asılı olmur. Çünki nazirliklər, şirkətlər, respublika təşkilatları var və bütün işlərin həllinə birgə səyin nəticəsində nail olmaq mümkündür. Məsələn, rayon icra hakimiyyətinin başçısı Nazim Veysov söhbət zamanı dedi ki, "Azərenerji" Səhmdar Cəmiyyəti rəhbərliyinin işindən olduqca razıyam. Çünki indiyədək verdiyi vədlərin hamısına əməl edib. Biz də o sakinlərimizin yanında xəcalətli qalmamışıq.

Şəmkir elektrik şəbəkəsinin rəisi Səxavət Məhərrəmov da başçının dediklərini təsdiq edərək bildirdi ki, daha əvvəlki kimi adamlar bizdən narazılıq etmir. Artıq 39 min 500 abonentin təxminən 25 faizi "smartkart" tipli sayğaclarla təmin olunub. Tezliklə bu işlərin başa çatdırılması üçün bütün qüvvəmizi səfərbərliyə almışıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Zəyəm yarımstansiyasında müasir tipli güc transformatorları quraşdırılıb, Alabaşlı yarımstansiyasında isə işlər davam etdirilir. Həmçinin Kür qəsəbəsindəki elektrik verilişləri xəttində yenidənqurma işlərinə başlanılmışdır. Burada yeni dayaqlar quraşdırılır, naqillər SİP tipli kabellərlə əvəz olunur. Yaxın gələcəkdə Zəyəm və Çinarlı qəsəbələrində, Düyərli və Şiştəpə kəndlərində də bu cür kabellər çəkiləcək, "smartkart" tipli sayğaclar quraşdırılacaqdır.

Şəmkirin kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində aparılan işlər də ürəkaçandır. Hazırda rayonun 44 yaşayış məntəqəsində 32 min nəfərə yaxın abonentin mənzilinə təbii qaz verilir. Belə bir fakt diqqəti cəlb edir ki, hazırda rayon əhalisinin 97 faizi təbii qazdan istifadə edir. Bu, respublikanın kənd rayonları arasında ən yüksək göstəricilərdən biridir. Rayon qaz-istismar sahəsinin rəisi Məhərrəm Abbasov söhbət zamanı qışa ciddi hazırlaşdıqlarını dedi və qeyd etdi ki, ən ucqar kəndlərdə də "mavi yanacaq"dan istifadə olunur və tezliklə Şəmkir 100 faiz qazla təmin ediləcək. Sahə rəisi dedi:

- Sahəmiz 1 şəhər, 4 qəsəbə və 39 kəndə təbii qaz verir. Bundan başqa 65 qeyri-dövlət, 7 sənaye və 28 büdcə təşkilatını da biz təbii qazla təchiz edirik.

Qışa yaxşı hazırlaşmışıq. Çinarlı, şəhərin Modul yaşayış massivinə gedən orta təzyiqli qaz xətlərində təmir-bərpa işləri aparmışıq və qaz xəttinin Cəyir çayı yatağından keçən hissəsində kompensator quraşdırmışıq. Şiştəpə, Sabirkənd kəndlərində xətlərin müəyyən hissələri dəyişdirilmiş, ayrı-ayrı yerlərdə xətlər rənglənmişdir.

Şəmkir şəhərinin Sərxan yaşayış massivində əvvəllər qaz almış 95 abonentin qaz təchizatının bərpa edilməsi məqsədilə sahənin daxili imkanları hesabına orta təzyiqli paylayıcı qaz xətləri bərpa edilərək dayaqlar üzərinə qaldırılmış 1130 metr hissəsi rənglənmişdir.

Şəhərin F.Hüseynov küçəsində çoxmərtəbəli yaşayış binalarında mətbəxdən keçən qaz borularının pilləkən qəfəsinə çıxarılması işləri tamamlanmış və 130 mənzildə "Azəriqaz" İB-nin vəsaiti hesabına yeni qaz sayğacları quraşdırılmışdır.

Çaparlı və Məşədihüseynli kəndlərində 990 abonentin qaz təchizatının təmir-bərpa işləri yekunlaşmış və "Azəriqaz" İB-nin vəsaiti hesabına həmin ərazidə fərdi qaydada qaz tənzimləyicilər və sayğaclar quraşdırılmışdır.

Mənzillərə quraşdırılmış və artıq istismar müddəti başa çatmış 2400 qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Şəmkir şəhərinin Sabir küçəsində örtük altında qalmış paylayıcı küçə qaz xəttinin 33 metr hissəsi yer üstünə çıxarılaraq bərpa edilmişdir.

Sahə rəisinin görülən işlər haqqında bütün detallarına kimi məlumat verməsi bir daha sübut edir ki, Şəmkirdə əhalinin payız-qış mövsümündə normal yaşaması, işləməsi üçün bütün tədbirlərdən məqsədyönlü istifadə olunur və ortaya çıxan çətinliklər, yuxarı təşkilatların və icra hakimiyyətinin yaxından köməyi sayəsində aradan qaldırılır. Rayon icra hakimiyyəti başçısı yanında keçirilən müşavirələrdə bu məsələlər çox ciddi araşdırılır, konkret tapşırıqlar verilir və nöqsanların aradan qaldırılması üçün nəzarət mexanizmi gücləndirilir. Maraq üçün ötən ayın 23-də keçirilən müşavirənin gündəliyinə nəzər salaq: Əhalinin istehlak etdiyi elektrik enerjisi və təbii qazın dəyərinin ödənilməsi vəziyyəti haqqında; rayonda ağac əkininin vəziyyəti haqqında; yerlərdə təmizlik və abadlıq işlərinin vəziyyəti haqqında.

Yeri gəlmişkən, qeyd edək ki, hər həftənin cümə axşamı günləri keçirilən operativ qərargahın iclasında müəssisə və təşkilatların rəhbərləri onlar üçün ayrılan sahələrin təmizliyi, yaşıllığı, digər problemləri ilə bağlı həyata keçirdikləri işlər haqqında hesabat verir, müvafiq tapşırıqlar alır və növbəti həftə onların bu barədə məlumatları dinlənilir. Əslində rayon icra hakimiyyəti başçısının 1 iyun 2009-cu il tarixli sərəncamı ilə yaradılmış bu qərargah çox işlək, həm də olduqca səmərəli bir mexanizmə çevrilmişdir. Şəmkirin hansı məhəlləsinə, qəsəbəsinə baxırsan, gül-çiçəkdir, tər-təmizdir, yaşıllıqdır. Sakinlərin özləri də bu nəcib işlərə cəlb olunmuşlar. Hərə öz həyət-bacasında, yaşadığı evin qarşısında səliqə-sahman yaradır, yaşıllığa qulluq edir, ərazini təmiz saxlayır.

Rayonda əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilmişdir. Təzəkənddə 4 kilometr məsafədə içməli su xətti istifadəyə verilmiş, Ələsgərli kəndinə isə içməli su xəttinin çəkilişi başa çatmaq üzrədir.

Şəmkir şəhərinin su təchizatı daim diqqət mərkəzində saxlanılır. Şəhəri içməli su ilə təchiz edən əsas su kəməri əsaslı təmir olunmuş, Nizami küçəsində yerləşən kəhrizdə təmir-bərpa işləri aparılmış, peşə məktəbi istiqamətində 1,6 kilometr məsafədə su borusu yenisi ilə əvəz edilmişdir.

Şəmkir şəhərində 27 kilometr kanalizasiya xəttinin 15,5 kilometri çəkilmiş, əlavə xəttin və təmizləyici qurğunun tikintisi planlaşdırılmışdır. Daxili imkanlar hesabına şəhərin hərbi şəhərciyində yerləşən çoxmənzilli yaşayış evlərinin çirkab sularını axıtmaq üçün 3 kilometrlik kanalizasiya xətti çəkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli sərəncamı ilə Şəmkir şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması üçün vəsait ayrılmışdır. Hazırda həmin tədbirlərin icrasına başlanılmışdır.

Rayonun Qapanlı, Qaracəmirli, Qılıncbəyli və Talış kəndlərində qrunt sularının səviyyəsinin aşağı salınması ilə bağlı respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər həyata keçirilir.

Rayon "Sukanal" idarəsinin rəisi Mehman Kərimov deyir ki, Şəmkirdə su problemi birdəfəlik aradan qaldırılacaqdır. O, qış mövsümü ilə əlaqədar həyata keçirdikləri işlər haqqında da məlumat verdi:

- Harada kiçik bir problem, narazılıq olursa, onu operativ şəkildə həll etməyə çalışırıq. Məsələn, şəhərdəki 27 nömrəli texniki peşə məktəbində məskunlaşan qaçqınlara və 16 mənzilli 3 binaya 1500 metr məsafədən içməli su xətti çəkmişik. Şəhərin Posanlı kəndinə də yeni su xətti çəkib istismara vermişik. İdarəmizin xlor təchizatı məntəqəsini söküb yenisini tikmişik. Maflar adlanan ərazidə su anbarı inşa edirik. Şəhər əhalisinə 700, Düyərli kəndinə 400, Təzəkənd kəndinə 450 ədəd su sayğacı qoyulub və bu işlər davam etdirilir. Ayrı-ayrı yerlərdə subartezian nasosları təmir olunub, yeni su xətləri çəkilib, siyirtmələr dəyişdirilib və sair.

...Şəmkirdə həyata keçirilən ən böyük layihələrdən biri respublika üçün hədsiz əhəmiyyətli olan Şəmkirçay dəryaçasının tikintisidir. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və qayğısı ilə tikilən bu dəryaçada gedən işlər barədə əlavə yazı verəcəyik. Hələlik isə qeyd edək ki, ümumi su tutumu 175 milyon kubmetr, bəndin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. Dəryaçanın qarşısında qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqavatt elektrik enerjisi istehsal olunacaq. Dəryaçadan çəkiləcək sağ və sol sahil kanallarının çəkilişinə isə artıq başlanmışdır. Bu nəhəng anbarın tikintisindən söhbət açarkən qeyd etməliyik ki, Şəmkir rayonu respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Ötən ildəki kimi rayon icra hakimiyyəti kənd əməkçilərinin problemlərinin həllinə xüsusi diqqət yetirir. Rayon üzrə 181 min 610 hektar torpaq sahəsinin 59 min 504 hektarı dövlət, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 394 hektarı suvarma suyu ilə təmin edilmişdir. Bu sahədə heç bir problem olmamışdır. Bu mühüm tədbirin həyata keçirilməsində rayonda fəaliyyət göstərən Şəmkir suvarma sistemləri, Şəmkir Maşın Kanal və Subartezian Quyularının İstismarı idarələrinin kollektivlərinin böyük əməyi olmuşdur.

Rayonda kənd təsərrüfatı dinamik inkişaf edir. Heyvandarlıq və bitkiçilik sahəsində yüksək göstəricilər əldə olunur. Bu il 17077 hektar sahədə taxıl əkilmişdir. Görülmüş aqrotexniki tədbirlərin nəticəsində biçilmiş sahələrdən 65100 ton məhsul toplanılmış, hər hektardan məhsuldarlıq 38,1 sentner təşkil etmişdir. Taxıl biçininin qısa müddət ərzində itkisiz başa çatdırılmasında "Aqrolizinq"in Şəmkir filialının kollektivinin böyük əməyi olmuşdur. Rayonda 2337 hektar sahədə qarğıdalı, 6389 hektar sahədə kartof, 6124 hektar sahədə tərəvəz, 251 hektar sahədə bostan bitkiləri, 588 hektar sahədə günəbaxan, 10 min 93 hektar sahədə isə yem bitkiləri əkilmişdir. İndiyədək əkilmiş sahələrdə 107 min 542 ton kartof, 120 min 233 ton tərəvəz və 37355 ton meyvə istehsal olunmuşdur.

Şəmkir rayonu respublikanın qədim tarixə, zəngin mədəniyyətə malik rayonlarından biridir. Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə qədim Şəmkir şəhərinin yerində arxeoloji qazıntı işlərinə başlanılmışdır. Aparılan qazıntılar nəticəsində Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli elmi nəticələr əldə olunmuşdur. Qaracəmirli kəndində Almaniya, Gürcüstan və Azərbaycan alimlərindən ibarət beynəlxalq elmi ekspedisiya tərəfindən aparılan arxeoloji qazıntılar nəticəsində 2500 il bundan əvvəl mövcud olmuş şəhər yerinin və möhtəşəm sarayın qalıqları aşkar edilmişdir.

Şəmkir rayonunda sənayenin əsas hissəsini istehsal gücü 300 meqavatt olan Şəmkir Su Elektrik Stansiyası və istehsal gücü 150 meqavatt olan Yenikənd Su Elektrik Stansiyasında istehsal olunan enerji təşkil edir. Bu ilin 9 ayı ərzində Şəmkir SES üzrə planda nəzərdə tutulmuş 634 milyon kilovat-saat əvəzinə 640 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmiş, plana 102 faiz əməl edilmişdir. Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi üzrə planda nəzərdə tutulmuş 885 milyon kilovat-saat elektrik enerjisi əvəzinə 896 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmiş, plana 101,3 faiz əməl olunmuşdur.

Son illərdə Şəmkirin ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də xüsusi diqqət yetirilir. Rayonun ümumtəhsil məktəblərində 4007 nəfər müəllim 30409 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Şəmkirdəki 79 ümumtəhsil məktəbindən 58-i yenidən tikilmiş və əsaslı təmir olunmuşdur, 19 məktəb üçün yeni binalar tikilmişdir. Onlardan 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmişdir. Son bir il ərzində Təzəkənd kəndində 960, Zəyəm-Cırdaxan kəndində 1200, Dəllər qəsəbəsində 880, Qapanlı kəndində 460 şagird yerlik məktəb binaları istifadəyə verilmişdir.

Abbaslı və Şeyidlər kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılmış, 2 saylı Düyərli kənd orta məktəbində isə bərpa gücləndirmə işləri və yeni tədris korpusunun tikintisi üçün hazırlıq görülür. Rayonun bir neçə məktəbində də cari təmir işləri aparılmışdır.

Görülmüş tədbirlər nəticəsində birnövbəli olmaqla beşgünlük tədris prosesinə keçmiş məktəblərin sayı 38-ə çatmışdır. Məktəblərin istilik təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür və görülməkdədir. Ümumtəhsil məktəblərinin 23-də fərdi qazanxana sistemi fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vəsaiti hesabına Dəllər qəsəbəsində tikilmiş yeni məktəb binasında Bakı-Oksford məktəbinin filialı fəaliyyətə başlamışdır. Hazırda həmin məktəbdə 125 nəfər şagird təhsil alır. Aparılan məqsədyönlü tədbirlər təhsilin keyfiyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir. Bu il orta məktəbləri bitirən 2272 nəfər şagirddən 1937 nəfəri (85,2 faiz) bütün fənlərdən müsbət nəticə göstərərək orta təhsil haqqında attestat almışdır. Onlardan 988 nəfəri respublikanın ali məktəblərinə qəbul üçün sənəd vermişdir. 467 nəfər tələbə adını qazanmışdır. Onlardan 16 nəfəri 600-dən çox, 39 nəfəri isə 500-dən çox bal toplamışdır.

2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni doğum evinin, poliklinikanın tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının və Kür qəsəbə xəstəxanasının əsaslı təmiri nəzərdə tutulmuşdur. Son günlər Kür qəsəbə xəstəxanasının binasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar respublika Nazirlər Kabineti və Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Artıq Kür qəsəbə xəstəxanasının əsaslı təmiri 2012-ci ilin dövlət planına salınmışdır.

Səhiyyə sistemində aparılan islahatlar nəticəsində səhiyyə müəssisələri yeni avadanlıqlarla təchiz olunmuşdur. Hazırda rayonda əhaliyə 11 xəstəxana, 32 həkim məntəqəsi, 21 tibb məntəqəsi, 1 təcili yardım stansiyası, 1 təsərrüfathesablı stomotoloji poliklinika, 1 gigiyena və epidemiologiya mərkəzi və rayonlararası taun əleyhinə mübarizə mərkəzi xidmət göstərir. Səhiyyə sistemində 378 nəfər həkim, 1206 nəfər orta tibb işçisi çalışır.

Şəmkirin qışı da gözəldir, baharı da, payızı, yayı da. Çünki bu yerlərə hər gün sığal çəkilir, gözəllik yaradılır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2011-ci ilin sonunadək rayonda bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Abbaslı və Şeyidlər kəndlərində yeni məktəb binalarının, 2 saylı Düyərli kənd orta məktəbində isə tədris korusunun təmiri, şəhərin küçələrinin asfaltlaşdırılması davam etdiriləcək. Kür qəsəbəsinə gedən 12 kilometrlik yol əsaslı təmir olunacaq. Şəmkir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 54 mənzilli yaşayış evinin tikintisinə başlanılacaq.

Bax, Şəmkir beləcə Qərb bölgəsində özünəməxsusluğu ilə seçilən füsunkar bir diyara çevrilir. Uğur olsun.

 

Hamlet QASIMOV

 

 

 

Xalq qəzeti.- 2011.- 18 dekabr.- S. 5.