Ömrün daş yaddaşı

 

Kimlər ömrü zaman üçün yaşadı,

Riad elə hər vaxt özü kimiydi.

 

Ədəbiyyatda qəhrəmanlıq mövzusunun gündəmə gəlməsinin əsas səbəbi qəhrəmanlığa, vətənpərvərliyə ehtiyacın yaranmasıdır. Qəhrəmanlığın klassik örnəkləri xalq içərisindəki ozanlar və aşıqlar tərəfindən tərənnüm olunursa, müasir dövrdə bu məsuliyyət daha çox söz adamlarının - şairlərin, yazıçıların üzərinə düşür. Yaradılan obraz, deyilən hər bir söz xalq qəhrəmanlarının şəninə layiq olmalıdır. Xalqın qəhrəmanlıq barədə olan emosional-ekspressivliyinin bütün çalarları öz əksini tapmalıdır. Xalqın qəhrəmanı xalqın idealı olmalıdır. Çünki o, bir tərəfdən cahanşümul keçmişin obrazıdırsa, digər bir tərəfdən bugünün çətinliklərindən çıxış yolunun göstəricisi və gələcəyə yolaçanıdır. Qəhrəman daim yaşayır və yaşadır. Bu mənada xalqımızın folklor yaddaşından süzülüb gələn Koroğlu obrazı özündə keçmiş və gələcəyin ideal sintezini birləşdirir. Bax, bu halda qəhrəman əbədiləşir, zaman ölçülərini alt-üst edir. Sanki, onun timsalında keçmişə varislik, bugünə sahiblik, gələcəyə isə inam formalaşır.

Bu gün də qəhrəmanlıq və milli-vətənpərvərlik ruhuna böyük ehtiyac vardır. Bu baxımdan Mahir Cavadlının ozanların, xalq aşıqlarının məsuliyyətini öz üzərinə götürərək Azərbaycanın milli qəhrəmanı Riad Əhmədov haqqında yazdığı "Riad" poeması təqdirəlayiqdir. Əsərdən aydın olur ki, poema milli təəssübkeşliklə qəhrəmanlığın sözlə yoğrulması nəticəsində ortaya çıxmışdır.

Ümumilikdə götürdükdə, Riad obrazı bütün qəhrəmanlar kimi, yalnız bir şəxsin keyfiyyətlərini deyil, bir xalqın qəhrəmanı kimi onun bütün sevgisini ehtiva edir. O, təpədən dırnağa kimi vətəninə, elinə bağlıdır. Onun bütün varlığı - canı, qanı, iliyi vətənin torpağından, suyundan, havasından yoğrulub. Müəllif sanki, Riad obrazını Vətənin simvolu kimi yaradır.

Poemada bütün əsər boyu müəllif qəhrəmanın həyatı ilə bağlı olan real faktları bədii cəhətdən işləyərək bütöv bir ömrün ayrı-ayrı məqamlarını vahid poema tərkibində birləşdirməyə nail olmuşdur. Özüburada elə məqamlarla rastlaşmaq olur ki, bunlar həyatın bir-birindən zaman baxımından çox fərqli anları olsa da, müəllifin poetik ustalığı bunları bir araya - süjetə gətirə bilmişdir. Bu faktları bir nöqtədə birləşdirən cəhət isə vətən ruhudur. O vətən ruhu ki, Qəhrəman və Müəllifin ruhuna eyni dərəcədə hakimdir. Əsərin əsas ruhunu Riadın timsalında Azərbaycan xalqının şüurunda olan mənfur erməni obrazının yaradılması təşkil edir. "Artek" düşərgəsində erməninin yersiz atmacasına hazırcavab Riadın ağıllı, məntiqli cavabı diqqət çəkir:

Bizoxumuşuq tarixi azdan,

Orda hər millətin yeri, izi var.

Kim olub Altayda, Hunda, Qafqazda?..

Həqiqətin yalnız bircə üzü var.

Bəli, həqiqətin bir üzü var. O həqiqət isə erməni saxtakarlığını, ikiüzlülüyünü, mənfurluğunu, qəddarlığını açıq şəkildə ortaya çıxaran gerçəklikdir. Riad isə bu gerçəkliyi ifadə edən ümumiləşmiş obrazdır. Bu mənada bu obraz yenə Vətənin özüdür.

Poemada, eyni zamanda, ictimai-siyasi hadisələrə münasibət yer almışdır. Belə ki, 1990-cı illərdə respublikada hökm sürən daxili gərginliklər, çəkişmələr Qarabağ müharibəsi zəminində poetik şəkildə ifadə olunmuşdur.

Poema qəhrəman Riadın Şuşa uğrunda gedən Daşaltı əməliyyatında itkin düşməsi ilə bitir. Əsər boyu öz qəhrəmanını poetik boyalarla, coşqun əhval-ruhiyyədə tərənnüm edən müəllif, sanki, öz qəhrəmanını "itirmək" istəmir. Onun müəmmalı, acı taleyi əsərin kövrək tonda yekunlaşmasına səbəb olur. Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədova həsr olunmuş bu poema milli qəhrəmanlarımızın yaddaşlarda daim yaşamasına, gələcək nəsillərə ötürülməsinə xidmət edir. Mahir Cavadlının bu poeması milli əhval-ruhiyyəni, eləcə də qəhrəmanlığı tərənnüm edən bir əsər kimi çox yüksək qiymətə layiqdir.

 

Hikmət QULİYEV, Səfa QARAYEVA

 

Xalq qəzeti.- 2011.- 20 dekabr.- S. 10.