Nərimanov rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayır

 

Bu lin əvvəlindən Nərimanov rayonunda 1451 daimi iş yeri açılmışdır ki, bunun da 442-si yeni yaradılmış müəssisə və təşkilatların, 355-i mövcud müəssisə və təşkilatların, 654-ü isə fiziki şəxslərin payına düşür. Bütövlükdə isə son beş ildə rayonda 26211 daimi yeri yaradılmışdır.

 

 

Qısa arayış: Nərimanov rayonu 1941-ci ilin yanvar ayında təşkil olunmuşdur. İlk vaxtlar Keşlə adlandırılan bu rayona 1957-ci ilin avqust ayında xalqımızın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun adı verilmişdir. 1960-cı ilin yanvar ayında isə bir qədər əvvəl ləğv olunmuş Dzerjinski rayonunun ərazisi Nərimanov rayonunun tərkibinə daxil edilmişdir. Bununla da, Nərimanov rayonu Bakının iri inzibati ərazilərindən birinə çevrilmişdir. Hazırda rayonun ərazisi 24,5 kvadratkilometr, əhalisi isə 167 min nəfərdir. Nərimanov rayonu paytaxtın mərkəzi hissəsində yerləşdiyindən burada kənd, qəsəbə və digər inzibati ərazi dairələri mövcud deyildir.

Hazırda Nərimanov rayonunun ərazisində 22 iri sənaye müəssisəsi, 4 tarixi abidə, 27 səhiyyə obyekti, 9 xəstəxana, 8 ali və 5 orta ixtisas məktəbi, 34 uşaq bağçası, 3 lisey, 22 orta məktəb, 5 kitabxana və 4 istirahət parkı yerləşir. Bundan əlavə, rayonda 5 siyasi partiyanın mərkəzi qərargahı, 32 ictimai təşkilat və birlik, 3 seçki dairəsi, 7 dini icma fəaliyyət göstərir.

 

2011 -ci ilin əvvəlindən rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye sahəsində xidmətlər də daxil olmaqla 1 milyard 367 milyon manatlıq məhsul istehsal olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,2 faiz artım qeydə alınmışdır. Bunu həm də son 20 il üçün rekord göstərici hesab etmək olar.

 

2005 -ci illə müqayisədə ötən il Nərimanov rayonu üzrə orta aylıq əməkhaqqı 3,4 dəfə, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 4,1 dəfə, əmtəə dövriyyəsi 3,7 dəfə, əhaliyə göstərilən pullu xidmətlər isə 4,9 dəfə artmışdır.

 

 

Bu il Azərbaycan Respublikasının tarixi müstəqilliyinin bərpasının 20-ci ili tamam oldu. Ötən 20 ildə əsrə bərabər inkişaf yolu keçmiş Azərbaycanın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu xeyli artmışdır. Ölkəmizin maliyyə imkanlarının ilbəil artması geniş quruculuq işlərinin həyata keçirilməsinə, xalqımızın rifah halının getdikcə yaxşılaşdırılmasına imkan yaratmışdır. Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası indi yeni inkişaf mərhələsini yaşayır. Azərbaycanın 20 illik müstəqilliyinin hər bir uğurunda, sosial-iqtisadi inkişafın təmin olunmasında ölkənin bütün şəhər və rayonları kimi paytaxtın Nərimanov rayonu da mühüm rol oynamışdır.

Bu il 70 yaşı tamam olan Nərimanov rayonu ötən dövr ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına mühüm töhfələr vermişdir. Rayonun sürətli inkişafının mühüm bir dövrü, heç şübhəsiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 70-80-ci illərində rayonda iri sənaye müəssisələri məhz Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır.

Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbləri ilə yenidən ölkə rəhbərliyinə gəldikdən sonra da Nərimanov rayonunun sosial-iqtisadi inkişafına, əvvəlki şöhrətinin qaytarılmasına xüsusi diqqət və qayğı göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi həyatında, inşaat sektorunun inkişafında mühüm yer tutan "Baku Steel Company" də 2001-ci ilin yayında ümummilli liderimizin xeyir-duası ilə fəaliyyətə başlamışdır. İndi adıçəkilən müəssisə Nərimanov rayonu, eləcə də Bakı şəhəri üzrə işçilərin sayına görə ən iri sənaye obyektidir.

Son illər Nərimanov rayonu yeni inkişaf dövrünü yaşayır. Əsası ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının hazırda Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün ölkədə olduğu kimi, paytaxtın Nərimanov rayonunda da ciddi irəliləyişə və yüksək tərəqqiyə səbəb olmuşdur. İndi rayonun elə bir sahəsi yoxdur ki, orada müsbət dəyişikliklər, dinamik inkişaf nəzərə çarpmasın. Elə rayonun son beş ilin əsas makroiqtisadi göstəriciləri də bu faktı təsdiqləyir. Belə ki, 2005-ci ildə rayon üzrə istehsal olunmuş sənaye məhsullarının və yerinə yetirilmiş xidmətlərin həcmi 157,8 milyon manat təşkil etdiyi halda, 2010-cu ildə bu göstərici 343,1 milyon manata çatmışdır. Bundan əlavə, rayonda fəaliyyət göstərən tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 2005-ci ilin səviyyəsini 4,7 dəfə üstələyərək 365,3 milyon manata çatmışdır. Ötən il rayon üzrə orta aylıq əmək haqqı 2005-ci illə müqayisədə 3,4 dəfə, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 4,1 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi 5,4 dəfə, əmtəə dövriyyəsi 3,7 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 4,9 dəfə, nəqliyyat və rabitə xidmətlərinin həcmi isə müvafiq olaraq 4,2 və 3,3 dəfə artmışdır.

Rayonun dinamik sosial-iqtisadi inkişafı 2011-ci ilin ötən doqquz ayında da davam etmişdir. Belə ki, cari ilin yanvar-oktyabr aylarında rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye sahəsində xidmətlər də daxil olmaqla, 1 milyard 367 milyon manatlıq məhsul istehsal olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,2 faiz artım qeydə alınmışdır. Bunu həm də son 20 il üçün rekord göstərici hesab etmək olar. Hesabat dövrü ərzində rayon üzrə bütün mənbələr hesabına əsas kapitala 171, 2 milyon manatlıq investisiya qoyulmuşdur ki, bunun da 86,1 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. 2011-ci ilin doqquz ayında tikinti təşkilatlarının öz gücləri ilə həyata keçirdikləri tikinti-quraşdırma işlərinin həcmi 350 milyon manat, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 178,7 milyon manat, o cümlədən tikinti-quraşdırma işləri 148,1 milyon manat, əmtəə dövriyyəsinin həcmi 611,4 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 190,1 milyon manat təşkil etmişdir. Bu dövrdə əhaliyə 49,1 milyon manatlıq nəqliyyat və 12,1 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir.

Son illər ölkəmizdə bazar iqtisadiyyatının daha da inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması çoxsaylı yerlərinin açılmasına səbəb olmuşdur. Bu baxımdan paytaxtın Nərimanov rayonunda da məqsədyönlü işlər həyata keçirilmiş, ötən illər ərzində müəyyən obyektiv səbəblər ucbatından fəaliyyətini dayandırmış müəssisələri müasir dövrün, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni istehsal və xidmət sahələri əvəz etmişdir. Həmin müəssisələr isə rayonda məşğulluq strategiyasının həyata keçirilməsinə mühüm töhfələr verməkdədir. Ölkəmizdə sahibkarlığa göstərilən dövlət qayğısının ilbəil artması, təşəbbüskarlığa geniş meydan verilməsinin nəticəsidir ki, Nərimanov rayonunda yeni istehsal və xidmət sahələrinin açılması 2011-ci il ərzində də davam etdirilmişdir. Belə ki, cari ilin ötən dövründə yaradılmış "Azeri Retais", "AS Besix", "Steel Structures", "Kaspian Marin", "Araz-2011", "Bati-X" məhdud məsuliyyətli cəmiyyətləri, eləcə də "Bank of Baku", "Dəmirbank", "Texnikabank" açıq səhmdar cəmiyyətlərinin filialları və digər yeni müəssisələrin rayonun iqtisadi həyatına və xidmət sferasına daxil olması da bunun bariz nümunəsidir. Yeni yaradılmış müəssisələr isə öz növbəsində rayonda məşğulluq strategiyasının reallaşmasına mühüm töhfələr vermişdir. Yeri gəlmişkən, cari ilin doqquz ayında Nərimanov rayonunda 1451 daimi yeri açılmışdır ki, bunun da 442-si yeni yaradılmış müəssisə və təşkilatların, 355-i mövcud müəssisə və təşkilatların, 654-ü isə fiziki şəxslərin payına düşür. Bütövlükdə isə son beş ildə rayonda 26211 daimi yeri yaradılmışdır ki, bu da məşğulluq strategiyasının uğurla həyata keçirilməsindən xəbər verir.

Ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması nəhəng quruculuq işlərinin, iri infrastruktur layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır. Nərimanov rayonu paytaxtın mərkəzi rayonlarından olduğu üçün həmin layihələrin xeyli hissəsi məhz burada reallaşdırılmışdır. Son illər rayonda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Park və xiyabanların abadlaşdırılması, yeni yaşayış binalarının inşası, mövcud binaların fasad hissələrinin milli memarlıq elementləri ilə bəzədilməsi isə rayonun simasına əlavə yaraşıq gətirir.

Yeri gəlmişkən, Bakını dünyanın ən yaraşıqlı bir şəhərinə, müasir meqapolisə çevirməyi qarşıya məqsəd qoymuş ölkə Prezidenti İlham Əliyev bütün abadlıq-quruculuq işlərinin xüsusi zövqlə aparılmasını tövsiyə etmişdir. Məhz bunun nəticəsidir ki, indi abadlıq-quruculuq işlərinin, yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi rayon rəhbərliyinin başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.

Bir neçə ilin söhbətidir: Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon fəallarının iştirakı ilə keçirilən iclasların birində demişdi ki, yeni yaşıllıqların salınması zamanı kəmiyyət göstəricisindən daha çox keyfiyyətə üstünlük verilməli, əkilən hər bir ağaca xüsusi qayğı göstərilməlidir. Cəmi bir neçə il əvvəl əkilmiş növbənöv ağacların boy atıb ətrafa xüsusi gözəllik, cazibədarlıq gətirməsi isə onu deməyə əsas verir ki, yaşıllıqlara qulluq edilməsi artıq rayonda gündəlik vacib işlərdən birinə çevrilmişdir.

Qeyd etdiyimiz kimi, ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Nərimanov rayonunun inkişafına daim diqqət və qayğı göstərmişdir. Qədirbilən sakinlər də ulu öndərin bu xidmətlərini həmişə yüksək dəyərləndirir, onun əziz xatirəsini ehtiramla yad edirlər. Hazırda müstəqil Azərbaycanın memarı Heydər Əliyevin adını daşıyan, paytaxtımızın baş prospektinin xeyli hissəsinin Nərimanov rayonunun ərazisindən keçməsi, burada ulu öndərin xatirəsinə xüsusi bir mərkəzin inşa edilməsi də, bir növ, ümummilli liderimizin bu rayonla bağlılığını təsdiqləyən amillərdəndir. Qafqazda analoqu olmayan, Azərbaycanın yeni simvoluna çevriləcək bu unikal mərkəzin tikintisi artıq başa çatmaq üzrədir. Hazırda burada tikinti-quraşdırma tədbirləri ilə yanaşı, bir sıra tamamlama işləri görülür. Mərkəzin ətrafında geniş quruculuq və abadlıq işləri həyat keçirilir, ətrafda yerləşən binaların fasadları milli memarlıq üslubunda üzlük daşlarla bəzədilir, müasir işıqlandırma sistemi quraşdırılır.

Ulu öndərin şanlı quruculuq epopeyasını uğurla davam etdirən Azərbaycanın dövlət başçısı İlham Əliyev də bütün ölkə kimi, paytaxtın Nərimanov rayonunun da sosial-iqtisadi inkişafına daim qayğı və diqqətlə yanaşır, burada həyata keçirilən abadlıq-quruculuq işlərinin ən yüksək səviyyədə aparılmasını xüsusi nəzarətdə saxlayır. Təsadüfi deyil ki, ölkə Prezidenti 2006-cı ildən indiyədək Nərimanov rayonunda 35 açılış və təməlqoyma mərasimində iştirak etmişdir.

Nərimanov rayonunun təhsil, səhiyyə, mədəniyyət, eləcə də idman və gənclər siyasəti sahəsində əldə etdiyi nəticələr də ürəkaçandır. Son illər dövlətimizin adıçəkilən sahələrə qayğı və diqqəti nəticəsində rayonda yeni təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilərək sakinlərin ixtiyarına verilmişdir. Bundan əlavə, bir sıra obyektlərdə əsaslı təmir və bərpa işləri həyata keçirilmişdir. 2006-cı ildən ötən dövr ərzində rayonda üç yeni məktəb binası inşa edilmiş, bir sıra məktəblər üçün əlavə korpuslar tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondu da xüsusi fəallıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, son illər fondun təşəbbüsü və maliyyə dəstəyi ilə rayon ərazisində Talassemiya Mərkəzi və Psixonevroloji Uşaq Evi üçün yeni bina, kor və zəif görən uşaqlar üçün isə musiqi məktəbi inşa olunmuşdur. Eyni zamanda, fondun vəsaiti hesabına 83 saylı uşaq bağçası üçün yeni bina inşa edilərək istifadəyə verilmişdir. Hazırda akademik Zərifə Əliyevanın adını daşıyan həmin bağçanın həyətində əlavə korpus inşa edilir.

Bütün bunlarla yanaşı, rayon sakinlərinin sosial-məişət qayğıları, əhalinin üzləşdiyi problemlərin həlli də xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, son illər sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülür, bütövlükdə kommunal sektorun işi günün tələbləri səviyyəsində yenidən qurulur. Bütün bunlar isə onu deməyə əsas verir ki, dövlət başçısının vətəndaşların üzləşdiyi sosial-məişət problemlərinin dərhal aradan qaldırılması ilə bağlı verdiyi tövsiyə və konkret tapşırıqlar Nərimanov rayonunda da uğurla icra olunur.

Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı davam edir, qarşıya həlli vacib olan bir sıra məsələlər çıxır. Bütün bunlar ölkənin perspektiv inkişaf proqramlarında öz əksini tapır. Həmin proqramlarda isə bütün şəhər və rayonların sosial-iqtisadi inkişafına dair konkret tədbirlər nəzərdə tutulur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu baxımdan diqqəti cəlb edir. Paytaxtımızın növbəti üç ili üçün nəzərdə tutulmuş bu inkişaf proqramında Nərimanov rayonu üzrə də 48 tədbir nəzərdə tutulmuşdur. Həyatın müxtəlif sahələrini əhatə edən həmin tədbirlərin reallaşdırılması isə rayonun sosial-iqtisadi mənzərəsinə yeni impuls gətirəcək.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 21 dekabr.- S. 10.