Mirzə İbrahimov - 100.

 

 Gələcək günün adamı

 

Mirzə İbrahimovun 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında xüsusi olaraq vurğuladığı kimi, "XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri olan Mirzə İbrahimovun yaratdığı əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi əks olunmuşdur". Onun yaradıcılığının əsas mahiyyətini, məğzini dəqiq ifadə edən bu dəyərləndirmə Mirzə İbrahimovun böyük istedadı ilə yanaşı həm də onun bir insan və vətəndaş olaraq həyatı və taleyi ilə bağlı bir məsələ idi. M.İbrahimovun bütün bədii və elmi yaradıcılığı, ictimai fəaliyyəti xalqımızın mədəni və mənəvi cəhətdən yetkinləşməsi, milli mənlik şüurunun formalaşması uğrunda çalışmalara həsr olunmuşdu.

 

Mən burada "mübarizəyə həsr olunmuşdu" ifadəsini bilərəkdən işlətmirəm, çünki M.İbrahimov bütün bu işləri pafossuz, hay-haraysız, gördüyü böyük əməlləri qəhrəmanlıq kimi gözə soxmadan, adi, gündəlik zəhmət və çalışma şəklində həyata keçirmişdi.

1911-ci ildə Cənubi Azərbaycanda - Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuş Mirzə 1918-ci ildə 7 yaşında ikən atası və böyük qardaşı ilə birlikdə bir parça çörək dalınca Bakıya gəlir. Bir il çəkmir ki, atası dünyadan köçür və qardaşından da ayrı düşən 8 yaşlı uşaq Balaxanı və Zabrat kəndlərində nökərçilik edərək öz başını dolandırmağa başlayır. Sonrakı illərdə fəhlə məktəbində təhsil alaraq, elə o vaxtlardan da bədii yaradıcılığa başlayaraq ilk şeirlərini yazır. Yaradıcılığının ilk dövründə daha çox publisistik və ədəbi-tənqidi yazıları ilə tanınan M.İbrahimov 1933-cü ildə - cəmi 22 yaşında ikən Naxçıvanda çıxan "Sürət" qəzetinin redaktoru vəzifəsinə təyin olunur. Bütün ömrü boyu davamlı olaraq öyrənmək, təhsil almaq həvəsindən düşməyən M.İbrahimov 30-cu illərin axırlarında Leninqradda - SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır.

Bakıya qayıtdıqdan sonra Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsində işləməyə başlayır. Müharibə illərində Sovet ordusu tərkibində Cənubi Azərbaycanda fəaliyyət göstərərkən Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetinin işinə rəhbərlik edir. Təbrizdən qayıtdıqdan sonra M.İbrahimov Respublikanın Maarif Komissarı vəzifəsində işləyir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılarkən M.İbrahimov onun həqiqi üzvü seçilən ilk akademiklərdən biri olur. Bu zaman onun cəmi 34 yaşı vardı. Sonrakı illərdə də məsul ictimai və dövlət fəaliyyətindən ayrılmayan M.İbrahimov Yazıçılar İttifaqının sədri və Respublika Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışır.

Bütün bu illər ərzində çox böyük vaxtenerji tələb edən mühüm fəaliyyət sahələri ilə yanaşı M.İbrahimov bədii və elmi yaradıcılığa bir günolsa ara vermir. Hələ Leninqradda aspiranturada təhsil alarkən Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında "Böyük demokrat" adlı fundamental elmi-tədqiqat əsərini yazır və bu əsərin əsas müddəaları ədəbiyyatşünaslıq elmimizdə müasir Mirzəcəlilşünaslıq məktəbinin əsasını qoyur. Naxçıvanda qəzet redaktoru işlədiyi illərdə topladığı material əsasında 1935-ci ildə "Həyat" pyesini yazır ki, bu əsər də müasir dramaturgiyamızın dəyərli nümunəsi olmaqla bərabər yazıçının dramaturji yaradıcılığının da başlanğıcını qoyub. Bunun ardınca ədib həmin dövrün teatr həyatında maraqlı fakt kimi qarşılanan "Madrid" (1937) və "Məhəbbət" (1941) pyeslərini yazır. 30-40-cı illərdə nəsr yaradıcılığı əsasən hekayə ilə kiçikhəcmli povestlər üzərində qurulan ilk irihəcmli nəsr əsərini - Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatından bəhs edən "Gələcək gün" romanını yazır. Maraqlıdır ki, sovet yazıçısı olan müəllif xalqının gələcəyini kommunist ideyalarının təntənəsindən daha çox milli azadlıq ideyasında və Azərbaycanın bütövlüyündə görür. Ümumiyyətlə, Mirzə İbrahimov zahirən kommunist ideologiyasına nə qədər bağlı görünsə də, ədəbi yaradıcılığında ilk növbədə ümumbəşəri insani duyğuları və milli-mənəvi dəyərləri tərənnüm edir.

Mirzə İbrahimov 1954-cü ildə Respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçilir. Bu, gənc ictimai xadimin qarşısında çox böyük karyera perspektivləri açırdı. 43 yaşında ikən respublikada ikinci məsul vəzifəyə təyin olunmuş, birinci vəzifənin bir addımlığına qədər gəlib çıxmış Mirzə İbrahimov başını aşağı salıb partiyanın göstərdiyi yolla getsəydi, Moskvanın bütün göstərişlərinə "ləbbey" desəydi, çox tezliklə daha yüksək "etimada" layiq görülə bilərdi. Müqayisə üçün bir faktı misal gətirmək istəyirəm. M.İbrahimovla təxminən eyni dövrdə taleyi onunkuna çox oxşayan özbək yazıçısı Şərəf Rəşidov da cavan yaşlarında respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçilmişdi. Moskvanın nəzərində özünü yaxşı apardığına görə bir neçə ildən sonra Özbəkistanın birinci şəxsi vəzifəsinə seçilmiş, bu vəzifəni ömrünün sonuna qədər daşımış, hətta Siyasi Büro üzvlüyünə namizəd olmuşdu. Mirzə İbrahimov isə həmin vəzifəni tutduqdan bir müddət sonra respublikanın dövlət idarələrində və müəssisələrdə Azərbaycan dilinin işlədilməsi məsələsini qaldırdı. 1957-ci ildə həmin problemə həsr olunmuş "Azərbaycan dili" adlı kitab nəşr etdirdi. Kitaba "Dilimizin inkişaf yolları haqqında", "Dil və ədəbiyyat dərsliklərini nümunəvi təşkil edək", "Azərbaycan dili" və "Azərbaycan dili dövlət idarələrində" adlı dörd məqalə daxil edilmişdi. Sonuncu məqalədən götürülmüş aşağıdakı parça ümumən kitabın əsas ideyasını dolğun əks etdirir: "Təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud azərbaycanca olan buya digər yazılara ana dilində cavab verməyən, ya da bunları tamamilə cavabsız buraxan bürokratlar da tapılır. Belə bürokratlarla mübarizə bütün partiyasovet təşkilatlarının, bütün vətəndaşların borcudur. Respublikanın dövlət, partiyaictimai təşkilatlarında Azərbaycan dilinə etinasızlıq göstərən şəxslər kobud səhvə yol verirlər".

...Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması tamamilə qanuni bir haldır. Çünki hər bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Bu, hər bir xalqın pozulmaz hüququdur. Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur". Mərkəz bu ideyanın təsadüfi olmadığını, "yoldaş" İbrahimovun öz mövqeyində israrla durduğunu gördükdən sonra onu partiya töhməti ilə tutduğu vəzifədən kənar etdi.

Sonralar M.İbrahimov uzun illər Yazıçılar İttifaqına rəhbərlik etdi, arada Asiya, Afrika və Latın Amerikası ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri vəzifəsində də çalışdı. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə yenidən SSRİ Ali Sovetinin deputatı seçildi. Sosialist Əməyi Qəhrəmanı kimi ən yüksək fəxri ada layiq görüldü.

İctimai fəaliyyətində olduğu kimi, bədii və elmi yaradıcılığında da M.İbrahimov dil məsələsinə xüsusi diqqət verir, ana dilimizin praktik işlədilməsinin və nəzəri cəhətdən öyrənilməsinin vacibliyini dönə-dönə vurğulayırdı. Onun orijinal və tərcümə əsərlərinin dili bu cəhətdən nümunəvi örnək rolu oynamağa, Azərbaycan ədəbi dilinin bütün normalarına əməl edilməklə yanaşı yüksək bədiilik nümunəsi sayılmağa layiqdir.

M.İbrahimov kimi bütün həyatı boyu yüksək vəzifələr tutmuş bir adamın fəaliyyətinin hamı tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilməsi, əlbəttə ki, asan məsələ deyil. Onun da haqqında bəzən giley-güzarla, hətta ittihamlarla söz açanlara təsadüf olunur. Ancaq Mirzə İbrahimovun şəxsiyyətinin və fəaliyyətinin dəyərləndirilməsində obyektivliyi, qərəzsizliyi, fikrinin mötəbərliyi şübhə doğurmayan iki ziyalının - xalq yazıçısı İsmayıl Şıxlının və professor Cəmil Həsənlinin onun haqqında yazdıqlarını, xalqına və Vətəninə necə şərəflə xidmət etməsinə dair fikirlərini nümunə göstərməklə kifayətlənmək istərdim.

M.İbrahimovun "Böyük dayaq" romanının baş qəhrəmanı Rüstəm kişi ədəbiyyatımızda bütöv bir qalereya təşkil edən "kişi" obrazları sırasında dəyərli bir yer tutur. O, həyatda səhv addımlar atıb yaltaqların, xəbislərin fitnəsi ilə üz-üzə qalanda müəllif el ağsaqqalının dili ilə ona belə öyüd verir: "Eşitməmisənmi, dayağı dağ olanın başı buluda çatar? Sən xalq kimi bir dağı qoyub kimə söykənirsən, ay oğul?! Əlamətdardır ki, "dağ kimi bir dayaq" deyərkən yazıçı dövrün hakim ideologiyasına uyub "partiya və hökumətimizi" deyil, məhz xalqı nəzərdə tutur. Hər bir yazıçının müsbət qəhrəmanı kimi, Rüstəm kişi obrazında da, şübhəsiz, Mirzə İbrahimovun öz xarakterindən müəyyən cizgilər vardır. O, yazırdı: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır, həyatımın hər nəşə və sevincinə səbəbkar sənsən".

Mirzə İbrahimovun 70 il əvvəl arzuladığı gələcək gün - Vətənin azadlıq və müstəqillik günləri artıq həyata keçməkdədir. Onun ən böyük arzusu - ana dilimizlə bağlı istəkləri ulu öndərimizin iradəsi ilə yerinə yetmişdir. Bu günlərdə də Mirzə İbrahimov xalqı ilə bir sıradadır....

 

İlham ABBASOV

 

Xalq qəzeti.- 2011.- 22 dekabr.- S. 10.