Həmkarlar
ittifaqları: cəmiyyətdə yeri və
rolu
Cari ilin birinci yarısında AHİK-ə, sahə həmkarlar ittifaqları respublika komitələrinə 400 mindən artıq ərizə və şikayət daxil olmuşdur ki, bunun da 85 faizi müsbət həllini tapmışdır.
S on 3 ildə həmkarlar ittifaqları köməyə ehtiyacı olan insanlara 15 milyon manat həcmində maddi yardım göstərmişdir. 90 min üzvün sanatoriyalarda, pansionatlarda, turist mərkəzlərində istirahəti və müalicəsi təşkli edilmişdir. 20 min nəfərə qədər üzvün övladları həmkarlar ittifaqlarının vəsaiti hesabına uşaq sağlamlıq düşərgələrində dincəlmişlər.
N eft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və onun ilk təşkilatlarına son bir il ərzində 23 min neftçi ərizə ilə müraciət etmişdir. Bu müraciətlərin 98 faizi müsbət həllini tapmışdır. Məhz həmkarlar ittifaqının dəstəyi ilə son 3 ildə 901 nəfər neftçi işə bərpa olunmuşdur.
Həmkarlar ittifaqları müasir dövrdə insanların gündəlik həyatına elə qaynayıb-qarışıb ki, cəmiyyəti onsuz təsəvvür etmək, sadəcə mümkün deyil. Mahiyyətcə insanların zəhmətkeş, köməyə daha çox ehtiyacı olan, kasıb təbəqəsinin mənafeyini müdafiə edən, onları birləşdirən bu kütləvi ictimai təşkilat, əslində, kapitalizm ictimai-iqtisadi formasiyanın törəməsidir. Daha doğrusu, kapitalizm üsul-idarəsi formalaşdıqca bir-biri ilə əks-qütbdə dayanan iki sinif - sahibkarlar (kapitalistlər) və muzdlu işçilər, fəhlələr (proletarlar) yarandı. Bu iki sinif arasında ziddiyyətlər getdikcə dərinləşdi və proletariat istismara qarşı, həyat səviyyəsini yüksəltmək, iş şəraitini yaxşılaşdırmaq uğrunda mübarizəyə başladı. Siniflərarası münasibətlərin kəskinləşməsi fəhlə sinfinin ilk kütləvi təşkilatlarının yaranmasına səbəb oldu.
İlk belə təşkilatlar 1792-ci ildə dünyanın sənaye cəhətdən daha çox inkişaf etmiş ölkəsi olan İngiltərənin toxuculuq fabriklərində təşkil edildi. Lokal xarakter daşıyan və yalnız yüksək ixtisaslı fəhlələrdən ibarət olan bu təşkilatlar nəinki İngiltərədə, eləcə də bütün dünyada həmkarlar ittifaqının ilk rüşeymləri idi. Lakin həm sahibkarlar, həm də onların maraqlarını müdafiə edən dövlət qurumları həmkarlar ittifaqlarının fəaliyyətinə elə ilk günlərdən dözümsüzlük göstərdilər.
1799-1800-cü illərdə İngiltərədə fəhlə yığıncaqlarını qanundankənar hesab edən qanunvericilik aktları qəbul olundu və nümayişlərə qadağa qoyuldu. Lakin belə qadağalar proletariatı nəinki sakitləşdirmədi, əksinə bir-birindən ayrı fəaliyyət göstərən fəhlə təşkilatlarını birləşməyə, öz hüquqlarını daha inadla tələb etməyə ruhlandırdı. Odur ki, 1824-cü ildə antifəhlə qanunvericiliyi ləğv edildi və bununla da İngiltərədə tredyunionların fəaliyyəti faktiki olaraq leqallaşaraq kütləvi hərəkata çevrildi. 1868-ci ildə ingilis həmkarlar ittifaqları hərəkatının birləşməsi Tredyunionlar Konqresinin yaranması ilə nəticələndi və o vaxtdan bəri bu təşkilat Böyük Britaniyanın Həmkarlar İttifaqı hərəkatının mərkəzi əlaqələndirmə orqanı vəzifəsini yerinə yetirir.
Kapitalizmin digər ölkələrdə inkişafı və daha sonra imperializm mərhələsinə keçməsi ilə əlaqədar nəinki Avropanın, eləcə də dünyanın bir sıra dövlətlərində də həmkarlar ittifaqları yaranıb formalaşmağa başladı. Həmkarlar ittifaqları getdikcə beynəlxalq xarakter aldı. Beynəlxalq fəhlə hərəkatında sinfi şüurun inkişafında, həmkarlar ittifaqının proletar mübarizə mərkəzlərinə çevrilməsində Birinci İnternasional və onun baniləri K.Marks və F.Engelsin mühüm rolu oldu.
XX əsrin əvvəllərində həmkarlar ittifaqları hərəkatında inqilabi meyillərin güclənməsi özünü göstərdi. Xüsusən, Oktyabr Sosialist İnqilabından sonra kapitalist dövlətlərinin antisovet hərbi müdaxiləsinin pozulmasında dünya həmkarlar ittifaqlarının "Rusiyadan əlini çək!" şüarı altında keçirdikləri kütləvi nümayişlər, mitinqlər təsirsiz ötüşmədi. Bundan sonra Qərb ölkələrinin islahatçı rəhbərləri 1919-cu ildə Həmkarlar İttifaqlarının Amsterdam İnternasionalını təşkil etdilər. Sovetlər Birliyinin, kapitalist ölkələrindəki, habelə müstəmləkə və asılı ölkələrdəki inqilabi ruhlu həmkarlar ittifaqları bu quruma buraxılmadılar. Buna cavab olaraq, Sovet Həmkarlar İttifaqı, kapitalist ölkələrinin, müstəmləkə və asılı ölkələrin inqilabi həmkarlar ittifaqları yığışıb 1921-ci ildə Həmkarlar İttifaqının Qırmızı İnternasionalını (Profintern) yaratdılar.
Bununla da, əslində beynəlxalq həmkarlar ittifaqları hərəkatı rəsmən parçalandı. Buna baxmayaraq, həmkarlar ittifaqlarının apardıqları mübarizə nəticəsində 20-30-cu illərdə Almaniya, Fransa, İtaliya, İsveç, Belçikada və digər ölkələrdə sənaye fəhlələri 8 saatlıq iş günü müəyyən edilməsinə nail oldular. 1936-cı ildə Fransa hökuməti 40 saatlıq iş həftəsi haqqında qanun qəbul etdi. Lakin bu qanun və sazişlər tez-tez pozulurdu. İtaliyada, Almaniyada, İspaniyada və digər ölkələrdə faşist diktaturası qurulduqdan sonra isə həmkarlar ittifaqları tamamilə ləğv edildi. Fəhlə sinfinin bütün təşkilatlarını, dünya proletarlarını antifaşist mübarizədə birləşdirməyə çalışan inqilabi həmkarlar ittifaqları 1937-ci ildə Profinternin fəaliyyətini dayandırdılar.
İkinci Dünya müharibəsi illərində həmkarlar ittifaqları faşizmə qarşı mübarizədə fəal iştirak edirdilər. Sovet İttifaqının alman faşizmindən azad etdiyi ölkələrdə işğal dövründə qadağan olunmuş həmkarlar ittifaqlarnın fəaliyyəti bərpa olundu. Dünya ölkələrinin həmkarlar ittifaqları arasında birlik, həmrəylik meyli gücləndi. 1945-ci ildə SSRİ Həmkarlar İttifaqlarının təşəbbüsü və fəal iştirakı ilə Ümumdünya Həmkarlar İttifaqları Federasiyası (ÜHİF) yaradıldı.
Böyük Oktyabr Sosialist İnqilabından sonra həmkarlar ittifaqlarının rolu və funksiyaları əsaslı surətdə dəyişdi. Həmkarlar ittifaqları istismar olunan zəhmətkeş sinfin yarımleqal fəaliyyət göstərən təşkilatından hakim sinif olan proletariatın ən kütləvi təşkilatının qurulması və möhkəmləndirilməsi uğrunda mübarizədə, köhnə dövlət aparatının dağıdılmasında, milliləşdirilməsində, nizam-intizamın yaradılmasında, iş və məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı.
Həmkarlar İttifaqları dövlət planlarının, əmək qanunçuluğunun işlənib hazırlanamasında, istehsalın idarə olunmasında, sosializm yarışlarının təşkilində yaxından iştirak edirdi. Əhalinin sosial sığortası məsələsi də həmkarlar ittifaqlarının ixtiyarına verilmişdi.
O vaxtlar həmkarlar ittifaqlarına "kommunizm məktəbi" deyirdilər. Onlar xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasında, əməkçilərin siyasi fəallığının artırılmasında, əhalinin sağlamlığının qorunmasında, bədən tərbiyəsi və idman sahəsində iş aparırdılar. Bununla belə, həmkarlar ittifaqları, əslində müstəqil deyildi, Kommunist Partiyasının tam nəzarəti altında idi və onun diktəsi ilə fəaliyyət göstərirdi.
Sovetlər Birliyinin subyektləri olan müttəfiq respublikaların hamısında, o cümlədən Azərbaycan SSR-də də həmkarlar ittifaqları yalnız partiya tərəfindən qarşıya qoyulmuş vəzifələri icra edirdi.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk illərində o vaxtkı iqtidar tərəfindən çox təhlükəli duruma düşən qurumlardan biri həmkarlar ittifaqları oldu. Həmkarlar ittifaqları "köhnəliyin qalığı" kimi qələmə verilir, onu birdəfəlik ləğv etməyə, təşkilatın malını, mülkünü, əmlakını, inzibati binalarını, mədəniyyət, idman, sosial obyektlərini, müalicə və istirahət ocaqlarını pay-püş edib mənimsəməyə çalışırdılar. Əslində, bu kampaniyaya start verilmişdi. Lakin ulu öndər Heydər Əliyevin xalqın iradəsi və təkidi ilə yenidən hakimiyyət başına keçməsi təşkilatı məhv olmaq təhlükəsindən xilas etdi.
Ümummilli lider həmkarlar ittifaqlarını dövlətin gərəkli, perspektivli tərəfdaşı hesab edirdi. O, təşkilata öz başlıca vəzifəsini "əmək adamlarının hüquqlarını və mənafelərini qorumaq" missiyasını fəal surətdə yerinə yetirməyi tövsiyə edir, xüsusi olaraq vurğulayırdı ki, "həmkarlar ittifaqları dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq".
Köhnə, ənənəvi dövlət sosial müdafiə sistemi işə yaramırdı. İşsizlik, yoxsulluq kütləvi hal alırdı. O zaman ümummilli liderimizin başçılıq etdiyi hökumət insanlarda islahatlara inam oyatmaqdan ötrü milli səviyyədə danışıqların aparılmasını zəruri saydı. Sosial tərəfdaş kimi sıralarında çoxsaylı insanlar birləşən həmkarlar ittifaqları ilə birgə qəbul etdiyi qərarlar nəticəsində ciddi sosial münaqişələrdən yan keçmək mümkün oldu.
Əlbəttə, həmkarlar ittifaqları sosial tərəfdaş olaraq keçid dövrünün ortaya qoyduğu problemlərin həllinə təsir göstərə bilən güc kimi iştirak etməkdən ötrü təşkilat ilk növbədə öz daxilində struktur islahatları həyata keçirməli idi. Odur ki, 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Şurası buraxıldı. 29 sahə respublika komitəsi, Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası yenidən konfederasiya formasında birləşdi. Beləliklə, mərkəzi aparatın əksər hüquq və səlahiyyətləri sahə və yerli komitələrə keçdi. Bu isə sosial dialoqun cəmiyyətin ən dərin qatlarında belə aparılmasına imkan verən çox vacib bir addım oldu.
Ulu öndər cəmiyyətdə həmkarlar ittifaqlarının yerini və rolunu müəyyənləşdirmək üçün bir sıra qanunvericilik aktlarının qəbul olunmasını vacib saydı. Onun təşəbbüsü ilə işlənib hazırlanan "Həmkarlar ittifaqları haqqında" Qanun 1994-cü ildə qəbul olundu. Bunun ardınca daha bir neçə hüquqi aktın - "Kollektiv müqavilələr və sazişlər haqqında", "Kollektiv əmək mübahisələrinin həll edilməsi haqqında" qanunların qəbulu təşkilatın sosial dialoqda fəal iştirakına geniş şərait yaratdı.
İqtisadi islahatların vüsəti yeni strukturların meydana gəlməsinə rəvac verirdi. Belə strukturlardan biri də Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası oldu. Ətrafında 1500-dən çox təsərrüfat subyektini, 40 sahə birliyini, bir o qədər də rayon bölmələrini birləşdirən konfederasiya 2001-ci ildən etibarən hökumət və həmkarlar ittifaqları ilə bərabər sosial dialoqun üçüncü tərəfi oldu. Hazırda dövlətin, sahibkarların, işçilərin maraqları Baş Kollektiv Sazişdə razılaşdırılır. Bunun vasitəsilə götürülən öhdəliklərə qarşılıqlı şəkildə nəzarət edilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sosial dialoqun geniş imkanlarından daha geniş bəhrələnmək üçün sosial və iqtisadi məsələlər üzrə daimi əsaslarla fəaliyyət göstərən üçtərəfli milli komissiyanın yaradılması təşəbbüsünü irəli sürmüşdür.
Qeyd etmək yerinə düşər ki, AHİK-in sosial dialoqun inkişafı və respublikada sosial siyasətin reallaşdırılması sahəsindəki fəaliyyəti keçən il noyabrın 23-də Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş forumunda təqdirəlayiq hesab olundu və bu təcrübənin beynəlxalq konfederasiyanın üzvü olan təşkilatlarda da yayılması tövsiyə edildi. Həmin tədbirdə xüsusi olaraq vurğulandı ki, Azərbaycanda aparılan məqsədyönlü dövlət siyasəti sayəsində zəhmətkeşlərin rifahının yüksəlməsinə və sosial müdafiəsinin gücləndirilməsinə yönələn böyük layihələr həyata keçirilmişdir. Bu işdə 1 milyon 600 min nəfər üzvü olan ən böyük ictimai təşkilatın - AHİK-in də rolu var. Beynəlxalq Konfederasiyanın Baş katibi V.P.Şerbakovun çıxışında o da qeyd edildi ki, AHİK-in təşəbbüslərinin və fəaliyyətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən daim dəstəklənməsi həmkarlar ititfaqlarının ölkənin vətəndaş cəmiyyətində yerini və rolunu gücləndirir. Respublika Prezidenti həmkarlar ittifaqlarının sosial tərəfdaş kimi nüfuzunu, xidmətlərini, fəallığını yüksək qiymətləndirərək demişdir: "Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu vardır".
Əmək, sosial məsələlərin həllində prinsipiallıq həmkarlar ittifaqlarına əhali arasında müsbət imic qazandırmışdır. Problemlərlə üzləşmiş insanlar AHİK-ə inam hissi ilə gəlir, yazılı, şifahi müraciətlər edirlər. Konfederasiyanın şöbələri, strukturları müraciətlərə diqqətlə yanaşır, qanunun imkanları daxilində onların böyük əksəriyyəti müsbət həllini tapır.
Faktlara müraciət edək: Cari ilin birinci yarısında AHİK-ə, sahə həmkarlar ittifaqları respublika komitələrinə 400 mindən artıq ərizə və şikayət daxil olmuşdur ki, bunun da 85 faizi müsbət həllini tapmışdır.
Son 3 ildə həmkarlar ittifaqları köməyə ehtiyacı olan insanlara 15 milyon manat həcmində maddi yardım göstərmişdir. 90 min üzvünün sanatoriyalarda, pansionatlarda, turist mərkəzlərində istirahəti və müalicəsi təşkli edilmişdir. 20 min nəfərə qədər üzvünün övladları həmkarlar ittifaqlarının vəsaiti hesabına uşaq sağlamlıq düşərgələrində dincəlmişlər.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin 400 min nəfərədək üzvü var. Təkcə keçən il 2250 nəfər təhsil işçisi və onların ailə üzvlərinin müalicəsi və istirahəti təmin olunmuşdur. Bu məqsədlə 1 milyon 200 min manatadək vəsait ödənmişdir.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və onun ilk təşkilatlarına son bir il ərzində 23 min neftçi ərizə ilə müraciət etmişdir. Bu müraciətlərin 98 faizi müsbət həllini tapmışdır. Məhz həmkarlar ittifaqının dəstəyi ilə son 3 ildə 901 nəfər neftçi işə bərpa olunmuşdur.
Qlobal maliyyə böhranı dövründə dəmiryolçuların sahə həmkarlar ittifaqının Respublika Komitəsi 300 işçini ixtisara düşməkdən xilas etmişdir. Bütün bunlar böyük əziyyətlər, çəkişmələr, üzüntülü get-gəllər ilə müşayiət olunmuşdur. Çox vaxt işçinin vəzifədən çıxarılması müəssisə müstəvisindən kənarda - məhkəmə salonlarında həll edilmişdir. 2008-ci ildən bəri AHİK-in və sahə HİRK-ların hüquqşünasları, mütəxəssisləri 54 dəfə öz üzvlərinin haqqını ədalət məhkəməsində müdafiə etmiş və işi udmuşlar.
Konfederasiya nəinki ölkə daxilində, hətta xaricdə də vətəndaşlarımızın əmək, sosial problemləri ilə məşğuldur. Bu yaxınlarda AHİK Gürcüstan Həmkarlar İttifaqları Birliyi, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Sverdlovsk Vilayət Həmkarlar İttifaqları Federasiyası ilə bu sahədə müqavilələr imzalamışdır.
Yüz ilin təcrübəsinə söykənən, öz monolitliyini qoruyub saxlayan və daha da möhkəmləndirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bütün fəaliyyəti ərzində, hətta ən ağır vaxtlarında belə bir məqsədə, amala - insanların mənafeyinə, onlar üçün normal iş və yaşayış şəraiti yaradılmasına xidmət göstərib. AHİK bu gün də həmin missiyanın daşıyıcısıdır və ulu öndərin təbirincə desək, hələ indən belə uzun illər boyu insanların mənafeyinə xidmət edəcəkdir.
Qüdrət
PİRİYEV
Xalq qəzeti.- 2011.-23 dekabr.- S. 9.