"Naxçıvanın
elm-sənət adamları və saz-söz
ustaları"
Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor, Azərbaycan dilçiliyi
kafedrasının müdiri Sevindik Vəliyevin və
yazıçı-publisist Akif Axundovun "Naxçıvanın elm-sənət
adamları və saz-söz
ustaları" adlı kitabının təqdimatı keçirildi.
Kitabda 32 portret-oçerkdə görkəmli elm xadimləri Firudin Hüseynovun, Yusif Seyidovun, məşhur bəstəkarlar Ramiz Mirişlinin, Nəriman Məmmədovun, kino sənətimizin ustadları Həbib İsmayılovun, Şamil Mahmudbəyovun, səhnəmizin korifeyi İbrahim Həmzəyevin və digər elm-sənət adamlarının timsalında Naxçıvanın 42 yetirməsi haqqında söz açılır. Həmçinin bölgə aşıq mühitinin 17 nümayəndəsi haqqında dolğun təsəvvür yaradılır, onların şeirlərindən nümunələr verilir. Kitab Naxçıvan ədəbi-mədəni mühitinin əsas istiqamətləri və yaradıcıları haqqında birgə araşdırmaların nəticəsidir. Bu həm də 2008-ci ildə "Naxçıvanın ədəbi mühiti", 2010-cu ildə "Naxçıvanın şair və yazıçıları" kitablarını oxucuların ixtiyarına vermiş müəlliflərin bu silsiləyə daxil olan üçüncü kitabıdır.
Mərasimdə NDU elmi kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevin, həmin şöbənin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərlinin, Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Muxtaroğlunun, kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılovanın, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Mədət Səfərovun, elmi kitabxananın direktor müavini Röyal Məmiyevin kitab haqqında fikirləri dinlənildi.
Xalq qəzeti.- 2011.-23 dekabr.- S. 10.