Elşad Nərimanov - 70
İnamlı addımlarla fəxri
kürsüyə doğru
Əməkdar məşqçi, əməkdar
bədən tərbiyəsi və idman xadimi, fəxri bədən tərbiyəsi və
idman işçisi,
beynəlxalq dərəcəli hakim,
SSRİ idman ustası, professor...
Bunlar ölkəmizdə bədən tərbiyəsi
və idmanın, xüsusən də akrobatikanın
inkişafında böyük xidmətləri
olan Elşad Əhməd
oğlu Nərimanovun
daşıdığı yüksək ad-sanların heç də tam
siyahısı deyil. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
2010-cu ildə "Tərəqqi" medalına da layiq görülmüş
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Gimnastikanın nəzəriyyəsi
və metodikası" kafedrasının müdiri
Elşad müəllim bu
günlərdə tamam olan
70 yaşını yaxşı əhval-ruhiyyə ilə qeyd etməkdə haqlıdır.
... Bunu heç bilmirik necə adlandırmaq olar, taleyin hökmü, yoxsa özünün istəyi? Hər halda, Elşad idmanda ilk addımlarını atarkən əvvəlcə "Neftçi" cəmiyyətində üzgüçülüklə məşğul olmuş, suyatullanma məşğələlərinə getmiş, hətta artıq 15 yaşında ikən, 1956-cı ildə idmanın bu növü üzrə Minskdə keçirilən şəhərlərarası turnirdə Bakının şərəfini qorumuşdur. Lakin onun üzgüçülük məşğələləri çox çəkməmiş, tezliklə böyük qardaşı Bəhram kimi akrobat olmaq istəmiş və indi bizə məlum olduğu kimi, seçimində yanılmamışdır. SSRİ idman ustası adına layiq görülmüş ilk Azərbaycan akrobatlarının məhz Nərimanov qardaşlarının olması faktı da bu sətirləri tam təsdiqləyir.
Ölkəmizdə akrobatikanın təşəkkül və inkişaf tarixini yada saldıqda bir daha əmin olursan ki, 10 dəfə Azərbaycan çemipionu, SSRİ çempionatlarının, Ümumittifaq Həmkarlar İttifaqları birinciliklərinin, digər məsul yarışların dəfələrlə qalib və mükafatçısı Elşad Nərimanov akrobatikada çoxları üçün əlçatmaz olan uğurların sevincini yaşamışdır.
Hələ ötən əsrin altmışıncı illərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda yaxşı məktəb keçib dərin bilik alan, təşkilatçılıq bacarığına da şübhə yeri qoymayan E.Nərimanov sonralar uzun illər ərzində müxtəlif idman təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır (Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin müavini, "Ehtiyat Əmək Qüvvələri" Ümumittifaq Könüllü İdman Cəmiyyəti Bakı Şəhər Şurasının sədri, "Lokomotiv" cəmiyyəti sədrinin müavini, Nərimanov Rayon İdman Komitəsinin sədri və s.).
İyirmi iki il - 1972-ci ildən 1994-cü ilədək Azərbaycan İdman Akrobatikası Federasiyasının "sükanı arxasında" dayanmış Elşad müəllim 1982-1987-ci illərdə SSRİ Dəmiryolçularının İdman Akrobatikası Federasiyasına da rəhbərlik etmişdir. Onun ümumdünya akrobatika hərəkatında fəal iştirakına görə 1998-ci ildə Beynəlxalq İdman Akrobatikası Federasiyasının qızıl medalı və diplomu ilə təltif olunmasını da xüsusi qeyd etmək olar.
E.Nərimanov 1996-cı ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim işləmiş, 2005-ci ildən isə dosent vəzifəsində çalışır. Doxsana qədər dərslik, dərs vəsaiti, metodik vəsait və tədris proqramlarının müəllifidir. İdman ictimaiyyətimiz onu həm də kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin ssenari müəllifi və baş quruluşçu rejissoru kimi tanıyır. Dəfələrlə Olimpiya idman komplekslərinin açılış mərasimlərinin, Azərbaycan idmançılarını Olimpiya oyunlarına yolasalma tədbirlərinin təşkili işinə rəhbərlik etmişdir.
Professor Elşad Nərimanov Azərbaycan Gimnastika Federasiyasının Akrobatika Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti və həmin federasiyanın Veteranlar Şurası sədrinin müavini, Azərbaycan İdman Veteranları İttifaqı İdarə Heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərir, ona həvalə olunan hər bir işdə etimadı doğrultmaq üçün qüvvə və bacarığını əsirgəmir. Yetmiş illik yubileyi münasibətilə yaxınlarından, həmkaralarından, dost-tanışlarından, tələbə və yetirmələrindən təbrikləri qəbul edən Elşad müəllim Azərbaycan idmanının daha da tərəqqisi naminə bundan sonra da yorulmadan fəaliyyət göstərmək əzmindədir.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2011.-24 dekabr.- S. 16.