Zənginliyə,
tərəqqiyə və yüksək rifah cəmiyyətinə
doğru...
"Azərbaycan
2020: gələcəyə baxış'' inkişaf
konsepsiyası Azərbaycanın yüksək gəlirlərə
və zəngin insan kapitalına malik ölkəyə
çevrilməsini təmin edəcək.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi
fundamental dövlətçilik ənənələrini
möhkəmləndirən və yeni dövrün
reallıqlarına uyğun inkişaf etdirən Prezident
İlham Əliyev ölkədə demokratik cəmiyyət
quruculuğunun, siyasi və iqtisadi islahatların dönməzliyinin
təmin edilməsi, yeni islahatlar kursunun həyata keçirilməsi
sahəsində davamlı tədbirlərə imza
atmışdır. Cənab İlham Əliyev respublikamızda
yeni dövrün inkişaf qanunauyğunluqları nəzərə
alınmaqla çevik, özünəməxsus, modern bir idarəetmə
platforması formalaşdırmışdır.
Azərbaycanın siyasi lideri tərəfindən idarəçilik fəlsəfəsinin yeni komponentləri yaradılmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyənləşdirilmişdir. 2003-cü il Azərbaycan iqtisadiyyatında yeniləşmə mərhələsi və keyfiyyət dəyişikliklərinin başlanğıc tarixidir. Bu mərhələ respublikamızın siyasi və iqtisadi həyatında tamamilə yeni proseslərin baş verdiyi bir tarixi dövrdür. Dövlət başçısı İlham Əliyev Azərbaycanın müstəqil siyasi kursunu, iqtisadi doktrinasını yeni dövrdə ən mükəmməl şəkildə inkişaf etdirən ictimai xadim, siyasi lider kimi diqqəti cəlb edir.
İqtisadiyyatda yeni idarəetmə fəlsəfəsi...
Yeni lider 2003-cü ildən etibarən Azərbaycanın həm daxili, həm də xarici siyasətində idarəetmənin yeni elementlərini yaratdı. Prezident İlham Əliyev yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun konturlarını müəyyənləşdirdi və onun miqyasının daha da genişlənməsinə təkan verən prinsipial addımlar atdı.Bu, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsini təmin etməklə bərabər, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini özündə ehtiva edir.
Hər bir ölkənin inkişafı, sosial tərəqqisi onun hərtərəfli iqtisadi təhlükəsizliyini təmin edən və inkişaf meyarlarının konturlarını göstərən milli konsepsiyasının hazırlanması ilə sıx bağlıdır.
Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. Dövlət başçısı iqtisadi inkişafın əsas təkanverici faktoru kimi siyasi və ictimai sabitliyin gücləndirilməsini vacib sayırdı.
İlham Əliyev Azərbaycanda milli ideya platformasını ən dərin təməllər üzərində inkişaf etdirərək ölkənin sosial-iqtisadi, siyasi-hüquqi proqressiyasının yüksək xətt üzrə irəliləyişini sürətləndirib. Dövlət başçısının ən yeni tarixin qlobal təsirlər və regional proseslər məcrasında mahir və peşəkar siyasi lider kimi çevik qərarları ölkəmizin milli-ideoloji bazisini gücləndirib. Hazırda Azərbaycanın milli-ideoloji konstruksiyasının əsas şaxələri milli inkişafın çoxvektorlu trayektoriyalarını müəyyən edir, güclü vətəndaş cəmiyyətinin inkişafına impuls verir, milli həmrəylik və sıx vətəndaş birliyini möhkəmləndirir, sosial bərabərliyin altqatlarına güclü baza yaradır, eyni zamanda, zəngin gələcəyin və tərəqqinin konturlarının müəyyənləşməsində bilavasitə töhfəverici komponentə çevrilir.
İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın keçid iqtisadiyyatı artıq arxada qalıb. Yeni inkişaf mərhələsi isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanır. Bu model sosialyönümlü iqtisadi sistemin və milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, liberal iqtisadiyyatın təmin olunması ölkəmizin dünya birliyinə sıx inteqrasiyasını dərinləşdirir: "Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır''.
İlham Əliyevin prezidentliyinin ikinci beşilliyi - XXI əsrin ilk onilliyinin sonu dünya iqtisadi sistemində yeni meyillərin meydana çıxması və ölkələrin milli inkişafında bir sıra təmayüllərin nəzərə çarpması ilə diqqəti cəlb etdi. Qlobal böhranın dərinləşərək ölkələrin iqtisadiyyatının motivasiya olunması yönündə zəruri tələblər qoyması və postböhran dövrünə hazırlıq siqnalları sosioiqtisadi metodologiyanın dəyişməsini də ehtiva edən əsas şərtlərdən sayıla bilərdi.
İslahatların
sosial formulu insan amilinə xidmət edir...
İlham
Əliyev dövlət başçısı kimi fəaliyyətinin
birinci beş ilində nəzərdə
tutulmuş islahatlar proqramındakı tədbirlərin, verdiyi
vədlərin vaxtından əvvəl həyata keçirilməsinə
nail oldu. Bu, həm də Prezidentin siyasi-iqtisadi
idarəetmə sisteminin bütün komponentlərinə dərindən
bələdliliyinin təsdiqidir.
İlham Əliyevin birinci prezidentlik dövrü Azərbaycan
iqtisadiyyatının ən sürətli inkişaf mərhələsi
hesab olunur. Bu beşillikdə Azərbaycan tarixə iqtisadi cəhətdən
dinamik inkişaf etmiş ölkə kimi daxil olmuşdur.
Həmin dövr ərzində iqtisadiyyatın inkişafı 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə
artmışdır. Yoxsulluğun səviyyəsi
3-4 dəfə aşağı düşmüş, büdcə
xərcləri 10 dəfədən çox yüksəlmişdir.
Eyni zamanda, növbəti beşillik
üçün yeni iqtisadi meyarlar müəyyən
olunmuş, qarşıdakı mərhələdə
inkişafın sürətlənməsini təmin edəcək
möhkəm zəmin yaradılmışdır.
Cənab İlham Əliyevin ikinci prezidentlik dövrü
iqtisadiyyatın strukturunun daha da təkmilləşməsi,
idarəetmə texnologiyasının innovativ mərhələyə
keçməsilə xarakterizə olunur. Xatırladaq
ki, həmin mərhələdə milli inkişaf modeli iqtisadi
mahiyyətinə görə, həm də
sosiallığı ilə seçilir. Yəni
bu modelin alt qatı birbaşa sosialyönümlü liberal
iqtisadiyyata bağlıdır. Bu siyasət
ictimai münasibətlərin sosial ədalət ruhunda dəyişdirilməsinə,
gəlirlərin bərabərləşdirilməsinə,
insanlar arasında maddi bölgülərin istehlakında bərabərsizliyin
aradan qaldırılmasına və son nəticədə sosial
rifahın yüksəldilməsinə hesablanmışdır.
Bu, eyni zamanda, dövlətin iqtisadi
gücünün artımı əsasında yeni demokratik cəmiyyətin
qurulmasına kömək edir. Sosial-iqtisadi
islahatlar makroiqtisadi dinamizmi möhkəmləndirməklə
yanaşı, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyinə
də səbəb olmuş, modernləşməni sürətləndirmişdir.
Yeni inkişaf erasını yaşayan Azərbaycan
hazırda idarəetmə sistemini ən müasir innovasiyalara
uyğun qurmaqdadır. Son illər bütün dünyada
olduğu kimi, ölkəmizdə də dövlət hakimiyyəti
orqanları tərəfindən irimiqyaslı
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
keçilib. Burada əsas məqsəd
dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə
tələbatın artmasıdır.
Bu gün Azərbaycanda elektron formada dövlət xidmətlərinin
göstərilməsinə xüsusi önəm verilir. Əhəmiyyətli
investisiyalar da məhz bu istiqamətdə cəmləşmişdir.
Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat
və digər sahələrdə artıq bəzi informasiya
sistemləri yaradılmışdır.
Azərbaycanda
bu il "Elektron Azərbaycan" Dövlət
Proqramının qəbul edilməsi dövlət idarəetmə
sisteminin tam yeni innovasiyalara
uyğunlaşdırılmasına, kreativ iqtisadi yeniliklərin
tətbiqinin sürətləndirilməsinə geniş
imkanlar açmışdır. Həmin
proqramın icrası telekommunikasiya, poçt infrastrukturu və
xidmətlərin inkişafına, dövlət və yerli idarəetmə
orqanlarında İKT-nin tətbiqinə, informasiya cəmiyyətinə
keçid üçün şəraitin yaradılmasına,
ixrac və rəqabətədavamlılıq
potensialının gücləndirilməsinə müsbət
təsir göstərəcəkdir.
Dövlətin ən zəngin resursları onun milli sərvətləri
ilə yanaşı, elmi kəşfləri, elmi
innovasiyaları hesab olunur. Milli sərvət o
vaxt ölkənin inkişafının, iqtisadiyyatının hərəkətverici
qüvvəsi sayılır ki, onun altqatı intellektual
mülkiyyətə, milli elmi idraka, insan kapitalına söykənərək
inkişaf edir. Azərbaycanın ümumi
strateji inkişaf doktrinası da məhz bu mühüm tezisin təşəkkül
tapmasında özünün real təcəssümünü
nümayiş etdirməkdədir. Cənab
İlham Əliyev də dünya iqtisadiyyatının
inkişafının əsas meyarları kimi modern kəşflərin,
ixtiraların, innovasiyaların, kreativ iqtisadi strategiyanın tətbiqinin
genişlənməsinə xüsusi əhəmiyyət verir.
Dinamik inkişafın, sürətlə
reallaşan layihələrin də məhz altbazisi fenomenal
insan kəşfləri, ideyaları ilə əlaqədardır.
Müasir sənaye iqtisadiyyatının
inkişafını, onun ideya və platformasını biliklərə
əsaslanan iqtisadi tədqiqatlar təşkil edir. Cənab İlham Əliyev zəngin sərvətlərin
insan zənginliyinə, kapitalın intellektual mülkiyyətə
transformasiyasını reallaşdırmaqla strateji bir
ideyanın - insan kapitalı fondunun yaradılmasını təmin
etmişdir.
Dünya
iqtisadiyyatında Azərbaycan modeli...
XXI əsrin ilk onilliyini Azərbaycan üçün
siyasi, sosial-iqtisadi sahələrdə tamamilə yeni bir
inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Yola
saldığımız onillik Azərbaycanın iqtisadiyyat
tarixində intibah dövrü kimi yadda qalmışdır.
Son on ilin nəticələrinə görə, ölkə
iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət və
keyfiyyət inkişafına nail olmuşdur. Faktlara
diqqət yetirək. Ötən 10 il ərzində
iqtisadiyyata 100 milyard dollara yaxın investisiya yönəldilmişdir.
Qeyri-neft sektoru 2,8 dəfə
artmışdır. Son beş ildə ÜDM-də qeyri-neft
sektorunun payı 40,7 faizdən 44,7 faizə
yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən
48,5 faizə qədər azalmışdır.
Bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində
əldə edilmişdir - orta illik inflyasiya 7 faiz, manatın məzənnəsinin
orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında
olmuşdur. Belə bir mühitdə ölkənin maliyyə
sektorunun əsas göstəriciləri 15-20 dəfə
artmışdır. Bu, postkeçid
dövründə ən pozitiv bir mənzərə sayıla
bilər və yeni onilliyin kifayət qədər uğurlu
başlanğıcı üçün böyük
stimulyaradıcı amildir.
Dünya iqtisadiyyatının dialektikasına və
mövcud meyillərə rəğmən tam əsaslı bir
arqumentlə çıxış etmək mümkündür
ki, qloballaşmanın dərinləşdiyi dünyada öz
milli iqtisadiyyatını beynəlxalq iqtisadi təsirlərdən
qorumaq və xarici bazarlarda baş verən mənfi tendensiyalara
dözümlülük nümayiş etdirmək hər
ölkəyə nəsib olmur. Sonuncu qlobal maliyyə
böhranı göstərdi ki, dünya iqtisadiyyatında
baş verən proseslər bir-biri ilə sıx ticari-iqtisadi
münasibətlərə malik dövlətlərin əksəriyyətini
maliyyə bazarındakı sarsıntılarından
sığortalamayıb. Azərbaycanın son illərdə,
xüsusilə də böhranın dərinləşdiyi son
bir ildə həyata keçirdiyi siyasət inkişafın
dinamikasına baza yaratmaqla, digər ölkələr
üçün də örnək ola biləcək
qədər uğurlu və mükəmməldir.
Azərbaycan həyata keçirdiyi inkişaf ssenarisi və
böhran zamanı iqtisadi manevrləri ilə sübut etdi ki,
artıq o, keçid iqtisadiyyatına malik ölkə yox,
dünya dövlətləri içərisində
böyük inkişaf yolu keçmiş dövlətdir. Çünki
keçid iqtisadiyyatını yaşayan ölkə heç
vaxt qlobal resessiyaları bu qədər məharətlə dəf
edə bilməzdi. Prezident İlham Əliyevin bəyan
etdiyi kimi, ölkəmizin yüksək iqtisadi inkişafı
keçid dövrünün arxada qalmasını şərtləndirir:
"Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş
dövlət kimi tanınır. Mən hesab edirəm
ki, biz artıq iqtisadi sahədə keçid
dövrünü başa vurmuşuq. Həm
də nəzərə alaq ki, dünyanın aparıcı
maliyyə qurumları Azərbaycanda aparılan islahatları
çox yüksək qiymətləndirir. Müxtəlif
hesablamalara görə, Azərbaycan postsovet məkanında
iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci
yerdədir. Mən hesab edirəm ki,
artıq bu sahədə keçid dövrü başa
çatıbdır''.
2010-cu ildən sonrakı dövrdə ölkəmizin
makroiqtisadi mənzərəsi qətiyyətlə onu deməyə
əsas verir ki, Azərbaycan iqtisadiyyatı struktur
baxımından tamamilə keçid uzaqdadır və modernləşmə
mərhələsinə qədəm qoymuşdur. Təbii ki,
keçid iqtisadiyyatından yeni modernləşmə
erasına daxil olmaq milli iqtisadi inkişafın yeni modelinin
hazırlanması və tətbiqi sayəsində baş
vermişdir. Azərbaycan MDB-də mükəmməl
iqtisadi model hazırlayan novator ölkə kimi səciyyələndirilə
bilər. İqtisadi modelin uğurla nəticələnməsi
həm də dövlətin siyasi qətiyyətindən, onun
güclü iradəsindən asılıdır. Azərbaycanın dövlət başçısının
həm novatorluğu, həm də qətiyyəti bu mənada
iqtisadi modelin yüksək effektiv nəticələrə səbəb
olmasının birbaşa real məntiqi nəticəsi kimi
çıxış edir. Həmin
dövrdə dünyada müxtəlif siyasi qütblərin,
ideologiyaların, sivilizasiyaların qarşı-qarşıya
gəldiyi, ənənəvi, modern və postmodern
dünyagörüşü və simvollarının
toqquşduğu bir zamanda Azərbaycanın siyasi liderinin qətiyyət
və əzmkarlığını heyrətamiz və təqdirolunacaq
hal kimi qəbul etmək olar.
Ölkəmizin milli iqtisadi inkişaf modeli vahid iqtisadi siyasət
strategiyasının fundamental prinsiplərinə əsaslanır. Azərbaycanın
iqtisadi modeli sosialyönümlü olmaqla, pozitiv iqtisadi və
investisiyatutumlu mahiyyətinə görə fərqlənir.
Respublikamız heç bir ölkənin
inkişaf konsepsiyasını təkrarlamayan, özünəməxsus
inkişaf yollarını və metodlarını müəyyənləşdirən,
milli mənafeləri daha üstün tutan, dövlət-vətəndaş
münasibətlərinin ən yüksək formada
inkişafını tənzimləyən, sosial tərəqqini
və yüksək rifahı təmin edən milli iqtisadi
modelin sahibidir.
Keçid
iqtisadiyyatının sonu, innovativ iqtisadiyyatın milli formulu...
XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni
iqtisadi siyasətini müəyyənləşdirən, yeni
istiqamətlər açan milli inkişaf konsepsiyasının
əsas məqsədi ölkəni irəliyə aparmaqdan, cəmiyyətin
daha da inkişafı üçün geniş imkanlar
yaratmaqdan ibarətdir. Modernləşmənin iqtisadi bazisini
formalaşdıran Azərbaycan suveren dövlət kimi,
artıq yeni tarixi və iqtisadi şəraitdə
iqtisadiyyatın inkişafını sürətləndirir,
prinsipial baxımdan yeni olan iqtisadi sərbəstliyə,
dünya təsərrüfat sisteminə inteqrasiya etməyə
yönəlmiş iqtisadiyyat qurur.
Azərbaycan modernləşmənin həyata
keçirilməsində çox maraqlıdır. Bu halda həmin proses fəal
sosial qrupların maksimum sayda nümayəndələrini əhatə
edəcəkdir. İnnovasiya modernləşməsi
tipologiya baxımından inkişafın təkamül yoluna
yaxındır, bu isə ölkədə keyfiyyət dəyişiklikləri
üçün mühüm stimul deməkdir. Azərbaycan dövləti yeni
çağırışlara cavab verən müasir
iqtisadiyyatı inkişaf etdirməklə, postindustrial cəmiyyətə
keçidi reallaşdırmaqla sosioiqtisadi mühitdə,
dinamik inkişaf mərhələsində güclü
mövqeyə sahib olmağa qadirdir.
Milli inkişaf modeli ilə gələcəyə
doğru irəliləyən Azərbaycanın
qarşısında yeni onilliyin meyarlarına uyğun zəruri
addımların atılması kimi mühüm vəzifələr
durur. Yeni onillik XXI əsrin ilk onilliyinin sürətli
inkişaf mərhələsinin məntiqi davamı kimi bir
sıra ssenariləri də meydana
çıxarmışdır. Artıq bu
gün dünya birliyi üçün təsdiq olunmuş bir
meyar da mövcuddur ki, Azərbaycan inkişaf etmiş ölkə
kimi qlobal proseslərə inteqrasiyanı gücləndirərək
öz mövqeyini möhkəmləndirir. 2000-2010-cu
illər ərzində ən yüksək artım templəri
nümayiş etdirən və mütərəqqi
islahatları həyata keçirən Azərbaycan bir çox
region ölkələrinə örnək olacaq konsepsiyanın
müəllifidir. Bu qiymətləndirmə
metodologiyası əsl real makroiqtisadiyyatın dərin təhlilinə
əsaslanır və heç bir tərəddüd etmədən
Azərbaycanın inkişafının dünya
üçün qəbul olunduğunu təsdiqləyir.
İqtisadiyyatın modernləşdirilməsi
üçün təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən
olan özəlləşdirmə siyasətinin
aparılması, sahibkarlıq sektorunun və azad biznesin
inkişafını stimullaşdıran proqramların
icrası, özəl bölmənin iqtisadiyyatda aparıcı
mövqeyinin təmin edilməsi, orta təbəqənin
formalaşması üçün dövlətin geniş
imkanlar yaratması ötən 10 ilin əsas makroiqtisadi
uğurları sayıla bilər.
XXI əsrin birinci onilliyində Azərbaycanda real iqtisadi
artım dörd dəfə yüksəlmişdir. İxracın həcmi 15 dəfədən
çox, dövlət büdcəsi 15 dəfəyə qədər,
investisiya xərcləri 96 dəfə, bank aktivləri 15 dəfə
artmışdır. Bu dövrdə yoxsulluq səviyyəsi
6 dəfəyə qədər azalmışdır. Ölkəmizdə həyata keçirilən
islahatlar artıq tam yeni meyarlar kəsb edir. Respublikamızda güclü siyasi və iqtisadi
sabitlik mühiti fonunda islahatların aparılması
üçün vahid texnokrat institut
formalaşmışdır.
Yeni əsrin yeni onilliyinə inkişaf meyarları ilə
daxil olan ölkəmizin qarşısında mühüm vəzifələr
durur. Həmin vəzifələr Azərbaycanda qeyri-neft
sektorunun iqtisadiyyatda dominantlığını və
çoxşaxəli iqtisadiyyatın
davamlılığını təmin etməkdən,
innovasiyaların tətbiqi dairəsini genişləndirməkdən
ibarətdir.
Ümumdünya reallıqları yaxın gələcək
üçün yetkin bir iqtisadi konsepsiyanın ortaya
çıxacağını ehtiva edir. Fundamental
mahiyyətinə görə, sosial və iqtisadi novatorluğun
nümunəsi sayıla biləcək bu konsepsiyanın müəllifi
Azərbaycan olacaq. İqtisadi idarəetmənin
Azərbaycan nəzəriyyəsinin formalaşması yaxın
onilliyyin əsas zəruri hadisələrindən biri
sayılacaq. Respublikamız dünyanın
iqtisadi praktikası üçün nadir nailiyyətlərə
yol açan bir sosial-iqtisadi mühit formalaşdıracaq.
Yeni
onilliyin inkişaf platforması...
Prezident
İlham Əliyevin müəllifi olduğu "Azərbaycan
2020: gələcəyə baxış'' inkişaf
konsepsiyası yeni dövrün sosial-iqtisadi və
makroinkişaf çağırışlarının
reallaşması üçün fundamental baza sənədi
hesab oluna bilər. Azərbaycanın qarşıdakı
sosial-iqtisadi inkişaf platforması və makroiqtisadi ssenarisi
innovativ iqtisadiyyata keçidi uğurla başa
çatdırmaqdan ibarətdir. İnkişaf
konsepsiyası yeni onilliyin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni,
humanitar sektorlarında həyata keçirilməsi hədəf
seçilən tədbirlərin müəyyənləşdirilməsini
nəzərdə tutur. Qarşıdakı
dövrün ssenarisi çox nikbin və daha irəliyə
baxmaq üçün stimulvericidir. Azərbaycan
bir çox parametrlər üzrə öz mütərəqqi
idarəetmə formullarının tətbiqinə
hazırlaşır. Dünyada orta gəlirli
ölkə statusuna malik olmaqla Azərbaycan iqtisadi
sıçrayışları, maliyyə zənginliyi,
yüksək sosial inkişaf indikatorları ilə yeni milli
modelin tətbiqinə hazırlaşır.
Hazırda iqtisadi siyasətin başlıca mahiyyəti
yaxın illərdə respublikamızın "orta gəlirli
ölkələr'' şkalasındakı daha pozitiv indikatorlara
çatmasından ibarətdir. Məlumdur ki, "orta
gəlirli ölkələr'' qrupunun daha yüksək
şkalası var və burada adambaşına düşən
milli məhsulun həcminin 17-18 min dollara
çatdırılması əsas meyardır. Ölkəmizdə hazırda hər nəfərə
düşən ÜDM-in həcmi təxminən səkkiz min
dollar təşkil edir. Yəni ölkəmizin
iqtisadiyyatının artım tempini iki dəfə
artırmaqla buna nail olmaq
mümkündür. ÜDM-in həcmi təxminən
70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin
gəlirləri isə 20-22 milyard manata bərabər
olmalıdır. Mövcud inkişaf meyilləri
və sosial-iqtisadi proqnozlar Azərbaycanın yaxın onillikdə
bütün bu strateji hədəflərə çatmasına
tamamilə əsaslı zəmin yaradır. İllik
iqtisadi artımın təxminən 6-7 faiz olması, maliyyə
və makroiqtisadi sabitliyin indiki templə saxlanması, valyuta
ehtiyatlarının il ərzində 5-10 milyard manat artması və
digər makro amillər Azərbaycanın "orta gəlirli
ölkələr'' qrupunun daha yüksək şkalasına
çatmasına baza yaradır.
Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenariləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı beş ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaq. Bununla yanaşı, qeyri-neft sektorunda artım ÜDM-də 40-45 faiz yer tutmaqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan verəcək. ÜDM-in həcminin 2011-ci ildə 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur. Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə 551 manat olacaq.
Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycan 181 ölkə arasında 91-ci yerdən 56-cı yerə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin Yaxın Şərqin əsas neft hasilatçıları, xüsusilə də OPEK ölkələri ilə eyni səviyyədə olmasına imkan verəcək. Bütün bu makromeyillər indistruial cəmiyyətə, sosial iqtisadiyyata malik qüdrətli Azərbaycanın gücünü daha da artıracaq.
Azərbaycan iqtisadiyyatının postneft dövründə daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması, sosial infrastrukturun keyfiyyətcə dəyişməsi və modernləşməsi, innovativ iqtisadiyyatın bütün komponentləri ilə makroiqtisadi sferalarda tam oturuşması ölkəmizin inkişafını təmin edəcək.
Aydın
HÜSEYNOV, iqtisadçı
Xalq qəzeti.- 2011.- 23 dekabr.- S. 7.