M.Dilbazinin 100 illik yubileyi
Dekabrın 22-də İ.Əbilov adına Mədəniyyət
Mərkəzində "Ədəbi üfüqlər"
silsiləsindən xalq şairi
Mirvarid Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.
Tədbirdə respublikanın tanınmış elm-sənət adamları, eləcə də "Kitab evi" İctimai Birliyinin sədri, filologiya elmləri doktoru yazıçı-publisist Salatın Əhmədli, şair Hacı Zaməddin Ziyadoğlu, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Abı oğlu, şair Vahid Əziz, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgərov, "Məhsəti" jurnalının baş redaktoru, fəlsəfə elmləri doktoru Fəridə Ləman, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, eləcə də yubilyarın qızı Xatirə xanım və yaxın qohumları iştirak etdilər. Tədbiri giriş sözüylə açan Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov Mirvarid Dilbazinin zəngin, çoxşaxəli yaradıcılığından söz açdı. Onun təbiət vurğunu olduğunu, doğulduğu yurda, Vətənə olan sonsuz məhəbbətini poetik düşüncələrlə şeirə çevirdiyini qeyd etdi.
Şair Vahid Əziz, Hacı Zaməddin Ziyadoğlu, Fəridə Ləman, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov və digər natiqlər Mirvarid Dilbazi ilə bağlı xatirələrini yada saldılar. Sonra Mədəniyyət Mərkəzinin gənc istedadlarının Mirvarid Dilbazinin sözlərinə bəstələnmiş mahnıları səsləndirildi.
Tədbirin ən kiçik üzvü Elməddin Həsənovun söylədiyi "Qar çiçəkləri", "Qağayı" vokal qrupunun ifa etdiyi, "Anam yadıma düşür", Nuranə Babazadənin söylədiyi - "Xatirlər danışanda", Rəna və Zəhra Bayramova bacılarının "Nə sükut var, nə tufan", Rəhimə Axundovanın "Nənə və nəvə", "Şəlalə" xalq çalğı alətləri ansamblının solistləri, Asəf Zeynallı adına musiqi kollecinin II kurs tələbəsi Ayil Bəşirovun, T.Quliyevin "İntizar" mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Daha bir yadda qalan musiqi nömrəsi Gülay Mehdiyevanın ifa etdiyi "Ana" mahnısı oldu. Nəzərə alsaq ki, bu şeirlərin və onlara bəstələnmiş mahnıların çoxunun yaşı ifaçıların yaşından qat-qat çoxdur, hiss olunurdu ki, gənc istedadlar bütün tədbirlərdə olduğu kimi, bu tədbirə də ciddi hazırlaşıblar. Üç saatdan artıq davam edən gecənin sonunda Mirvarid xanımın yadigarı Xatirə xanım qonaqlara və bu gecənin təşkilinə görə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 24 dekabr.- S. 16.