Xətai rayonunda yerli demokratiya həftəsinə yekun vuruldu

 

Dünən Xətai rayon bələdiyyəsində bu il dekabrın 19-dan start götürmüş "Azərbaycanda yerli demokratiya həftəsi"nə yekun vurulmuşdur. Bu münasibətlə keçirilən dəyirmi masada Xətai Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

 

Xətai rayon bələdiyyəsinin sədri Ədalət Fərəcov rayonda "Azərbaycanda yerli demokratiya həftəsi" çərçivəsində keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycanda bələdiyyələr yerli idarəetmə orqanları kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildən fəaliyyətə başlamış və ötən illər ərzində bu orqanların fəaliyyət dairəsini, səlahiyyətlərini müəyyənləşdirən mükəmməl qanunvericilik bazası yaradılmışdır.

Xətai rayon bələdiyyəsinin də öz fəaliyyətini bu qanunların tələbləri səviyyəsində qurduğunu diqqətə çatdıran Ə.Fərəcov sədri olduğu orqanda bu gün üç daimi komissiya ilə yanaşı, üç müvəqqəti komissiya da yaradıldığını bildirdi.

Qeyd olundu ki, hesabat dövründə yerli idarəetmə orqanına ayrı-ayrı vətəndaşlardan 276 ərizə, idarə və müəssisələrdən isə 100 məktub daxil olmuş, şikayətlərin 99-u öz müsbət həllini tapmış, digər şikayətlər müvafiq orqanlara ünvanlanmışdır.

Xətai bələdiyyəsi həftə çərçivəsində "Auro-Adenaur" adına qeyri-hökumət təşkilatı ilə birlikdə 138 saylı orta məktəbin yuxarı sinif şagirdləri ilə "Demokratiyanı yalnız kitablardan deyil, həyatdan da öyrənmək olar" mövzusunda müzakirələr keçirmişdir. Dekabrın 19-dan başlayaraq rayon ərazisində müxtəlif ünvanlarda "bələdiyyə poçtu" qutuları quraşdırılmış, vətəndaşların qəbulunu təşkil etmək məqsədilə "açıq qapı" günü elan edilmiş, sakinlərlə operativ əlaqələrin təmin edilməsi məqsədilə "qaynar xətt" telefon nömrəsi elan edilmişdir.

Dəyirmi masada bələdiyyənin Xətai Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyətinin ümumi işin xeyrinə olduğu da xüsusi vurğulandı. Tədbirdə qarşıda duran məsələlər, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün təkliflər də dəyirmi masa iştirakçıları tərəfindən geniş müzakirə olunmuşdur.

 

İ.RÜSTƏMOV

 

Xal qəzeti.- 2011.- 24 dekabr.- S. 16.