Davamlı
inkişaf və intensiv iqtisadi artım strategiyasının
uğurları
Rəqabətqabiliyyətli iqtisadiyyatın
formalaşması
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətlilik 2010-2011 hesabatında" 57-ci yeri, makroiqtisadi sabitlik göstəricisinə görə isə bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business 2011: "Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında Azərbaycan 54-cü yeri tutmuşdur.
Başqa tərəfdən isə qlobal iqtisadi böhran nəticəsində rəqabət qabiliyyəti zəifləmiş iqtisadiyyatlar 2010-2011-ci hesabat illərində bərpa dövrünə qədəm qoyduqları halda, Azərbaycan iqtisadiyyatı böhranın təsirinə az məruz qalmışdır. Belədə Azərbaycanın "Qlobal Rəqabətlilik İndeksi" son iki hesabatda eyni - 4,3 bal olmasına baxmayaraq iqtisadiyyatın rəqabət qabiliyyəti azalmayıb. Hesabatda Azərbaycan dövlət büdcəsi balansının Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinə görə dünyada 4-cü, milli yığım səviyyəsinə görə 11-ci, dövlət borcunun ÜDM-ə olan nisbətinə görə 9-cu, orta təhsilə cəlb etmə səviyyəsinə görə 12-ci yerdədir.
Azərbaycan Region ölkələri (Ermənistan və Gürcüstan) ilə müqayisədə rəqabət qabiliyyəti indeksinin ümumi qiymətinə görə irəlidədir. Sonuncu hesabatda Azərbaycan, Gürcüstan və Ermənistan Ümumi Rəqabət Gücü İndeksinə (GCİ) əsasən müəyyən edilən reytinqdə müvafiq olaraq 51, 90 və 97-ci yerlərdə qərarlaşıb. Keçən hesabatla müqayisədə Azərbaycan 69-cu yerdən 18 pillə irəlilədiyi halda, həmin ölkələr əvvəlki mövqelərində qalıb.
İqtisadiyyatda aparılan liberallaşma və iqtisadi inkişafın nəticəsi olaraq bu siyahıda Azərbaycan Rusiya və Ukrayna kimi zəngin iqtisadi potensiala malik olan MDB ölkələrini qabaqlayaraq 69-cu yerdə olub. Qeyd edək ki, bu forumda rəqabətqabiliyyətlilik üzrə 2 göstərici - makroiqtisadi vəziyyəti, qısa və uzun müddətli dövrdə iqtisadi artım imkanlarını göstərən Growth Competitiveness Index (GCI) və mikroiqtisadiyyatı və biznes mühitini əks etdirən Business Competitiveness Index (BCI) hesablanıb. GCI göstəricisi üzrə Azərbaycan 69-cu və BCI göstəricisi üzrə isə 77-ci yerdə olub.
Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyəti yüksək səviyyədədir. Azərbaycanın dünyanın 140-dan çox ölkəsi ilə 28 milyard dollarlıq ticarət dövriyyəsi var. Ötən il iqtisadi göstəricilərə görə, Azərbaycan MDB-də I yeri, makroiqtisadi göstəricilərin inkişafına görə, isə dünyada 139 ölkə arasında XII yeri tutub. Ötən il investisiya yatırımı üçün Azərbaycan ən cəlbedici ölkələrdən olub. Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları keçib, inflyasiya 5,7 faiz səviyyəsində olub.
Makroiqtisadi tarazlıq və dövlət büdcəsi
Azərbaycan Respublikasında həyata keçirılən iqtisadi islahatlar qısa bir zamanda uğurlu iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmış, sivil bazar münasibətlərinin formalaşmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, 2003-cü ildə ÜDM-in artım tempi 11,2%, 2004-cü ildə 10,2% faiz olduğu halda, 2005-ci ildə ümumi daxili məhsulun artım tempi 26,4%, 2006-cı ildə 36,6%, 2007-ci ildə isə 25,0% təşkil etmişdir. Bu, dünya təcrübəsində ardıcıl olaraq üç il ərzində əldə edilən ən yüksək inkişaf göstəriciləridir.
2007-ci ildə Azərbaycan iqtisadiyyatının inkişaf sürəti müasir dünyada ən yüksək səviyyəyə qalxmışdır. İqtisadi artım makroiqtisadi göstəricilərdə öz əksini tapmışdır. 2005-2007-ci illərdə ÜDM-in orta artımı 28,6% olmuşdur. 2007-ci ildə postsosialist ölkələrində ən yüksək artım tempi Çində - 11,5%, Ermənistanda 11,1%, Gürcüstanda 11,0%, Latviyada 10,5%, Türkmənistanda 10,0% olduğu halda Azərbaycanda 25,0% təşkil etmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın belə yüksək artım templəri 2005 (26,4%) və 2006-cı ildə də (31%) olmuşdur.
Ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının daha bir göstəricisi qeyri-neft sektorunda daha üstün artımın olmasıdır. Ölkədə qeyri-neft sektorunun, sahibkarlığın və regionların inkişafı üzrə proqramlar və tədbirlər həyata keçirilməyə başlanmışdır. 2010-cu ildə ÜDM-də sənayenin payı 52,6%, kənd, ovçuluq və meşə təsərrüfatı 5,4%, tikinti 7,5%, nəqliyyat və rabitə 6,0%, topdan və pərakəndə ticarət 6,6%, sosial sahə və digər xidmətlər 11,9% təşkil etmişdir. Qeyri-neft sektorunun inkişafı daha sabit xarakter almaqdadır. Xüsusən 2005-2008-ci illərdə bu sektorun orta artım tempi 8-16% arasında olmuşdur.
2003-2010-cu illərdə Ümumi Daxili Məhsul (ÜDM) 6,9 dəfə, qeyri-neft sektoru üzrə 2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır. Həmçinin 2010-cu ildə adambaşına 4653,3 manat və ya 5816,6 ABŞ dolları məbləğində ÜDM hasil edilmişdir ki, bu da 2003-cü ildəkindən 5,3 dəfə çoxdur. Eyni zamanda, 2003-2007-ci illər ərzində dövlət büdcəsinin gəlirləri 9,3 dəfə artmış, büdcənin ÜDM-də payı - 17,1%-dən 27,4%-ə yüksəlmişdir. Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına yatırılan investisiyalar əhəmiyyətli dərəcədə artaraq, 2003-cü ildəki - 4249,2 mln. manatdan 2010-cu ildə 13328,0 mln. manata çatmış və ya 3,5 dəfə artmış, iqtisadiyyatda çalışanların orta aylıq əmək haqqı isə 4,3 dəfə artmışdır .
Adambaşına düşən ÜDM-in həcmi 2003-cü ilin qiymətləri ilə nominal ifadədə 5,3 dəfə, real ifadədə isə 2,7 dəfə artaraq 2010-cu ildə 4653,3 manat təşkil etmişdir. Eyni zamanda, ölkə üzrə işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalmış, son 7 ildə əhalinin gəlirlərinin artımı (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə) qabaqlaması gəlirlərin real ifadədə 2,3 dəfə artmasını təmin etmişdir.
Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən və ÜDM-də xüsusi çəkisi 50%-dən yüksək olan (2010-cu ildə 52,5%) sənaye sahələrində son 8 il ərzində davamlı inkişaf müşahidə olunub, məhsul istehsalının real artım tempi orta hesabla 14,7%-ə çatmışdır.
2010-cu ildə sənaye məhsulunun həcmi 4,4 dəfə artaraq 21852,5 mln. manata çatmışdır. 2007-ci ildə hasil edilmiş neftin həcmi 42,6 mln. ton, təbii qazın həcmi 16,9 mlrd. kubmetr, 2008-ci ildə müvafiq olaraq 44,5 mln. ton və 23,4 mlrd. kubmetr, 2009-cu ildə 50,4 mln. ton və 23,6 mlrd. kubmetr, 2010-cu ildə bu rəqəmlər 50,8 mln. ton və 26,3 mlrd. kubmetr təşkil etmişdir. Hazırda Azərbaycanın sənaye sahəsində 30-dan çox dövləti təmsil edən 235 xarici investisiyalı müəssisə fəaliyyət göstərir.
2010-cu ildə ölkədə ümumi daxili məhsulun 93 faizi neftin payına düşür. Son 5 ildə büdcəyə Neft Fondundan 20 milyard vəsait daxil olub. Bu, çox böyük rəqəmdir və vergi sistemində çox böyük arxayınçılıq yaradır.
2010-cu ildə ümumi iqtisadi artımın əldə edilməsi ilə yanaşı yeni istehsal və emal sahələrinin yaradılması istiqamətində əsaslı işlər görülmüşdür. Son vaxtlar ölkə iqtisadiyyatında emal sənayesinin inkişafına xüsusi önəm verilir. Doğrudan da, emal sənayesi olmadan iqtisadiyyatın hər hansı bir sahəsinin tarazlı inkişafı mümkün deyildir. Bu mənada 2010-cu ildə kənd təsərrüfatı məhsullarının emalı sahəsində də çox işlər görülüb. Keçən il aqrolizinq yolu ilə kənd təsərrüfatı maşınları və texnikası, habelə müasir texnologiyalar və damazlıq mal-qara alınması davam etdirilib, bir çox rayonlarda müasir aqroservis filialları tikilib istifadəyə verilib.
Azərbaycanda 2003-2010-cu illərdə kənd təsərrüfatının ümumi məhsulu hər il orta hesabla 3,7% artmış, 2010-cu ildə bu göstərici 2003-cü illə müqayisədə 2,8 dəfə artaraq 3877,4 mln. manata çatmışdır. Ərzaq təhlükəsizliyinin milli səviyyədə gücləndirilməsi baxımından qeyd etmək olar ki, hazırda kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, süd, mal və qoyun əti, şəkər, meyvə şirələri və digər əsas ərzaq məhsulları ilə Azərbaycan özünü tam təmin edir.
Hökumət qlobal ərzaq böhranının təsirlərini azaltmaq məqsədilə kənd təsərrüfatının inkişafını prioritet istiqamətlərdən biri elan edib və bu 2009 və 2010-cu illərin dövlət büdcəsində də nəzərə alınıb. Bütövlükdə kənd təsərrüfatına ayrılan xərclər 40%-dən çox artırılıb və bu artımın əhəmiyyətli hissəsi hökumətin kənd təsərrüfatına dəstək tədbirlərinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu tədbirlər kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların artırılmasını və "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı" nın reallaşdırılmasını nəzərdə tutur.
Ölkədə həyata keçirilən iqtisadi islahatlar, ilk növbədə neft sektoruna yatırılan iri investisiyalar nəticəsində neft-yanacaq kompleksində irimiqyaslı iqtisadi artımın təmin edilməsi və digər bu kimi amillər ümumdaxili məhsulun və dövlət büdcəsinin gəlirlərinin artımına da öz təsirini göstərmişdir Dövlət büdcəsinin gəlirləri 2000-ci ildə 714,6 mln. manat (798,6 mln. ABŞ dolları) təşkil etdiyi halda, 2005-ci ildə 2055,2 mln. manat (2172,7 mln ABŞ dolları), 2010-cu ildə 11402,5 mln. manat (14207,0 mln. ABŞ dolları) təşkil etmişdir. Azərbaycan Respublikasının dövlət büdcəsi 1995-2010-ci illər ərzində istər nominal, istərsə də real ifadədə təxminən 36 dəfəyə yaxın, 2003-cü illə müqayisədə isə 9,3 dəfə artmışdır. Büdcə daxilolmalarının böyük əksəriyyəti vergi daxilolmalarının payına düşdüyündən, bu real olaraq Azərbaycan iqtisadiyyatının inkişafını, onun imkanlarının daha da genişləndiyini göstərir.
Onu da qeyd edək ki, büdcə gəlirlərinin ÜDM-ə nisbətən ən yüksək həddi 2008-2010-cu (26,8 : 29, 0 və 21,45: 27,4 faiz), büdcə xərcləri üzrə müvafiq göstərici də təxminən eyni olaraq (26,8 : 29,5 və 21,01 : 28,3 faiz) olmuşdur. Büdcə kəsirinin ÜDM-ə nisbətən ən yüksək həddi isə 2010-cu ildə (0,9 faiz), ən aşağı həddi 2008-ci ildə (0,03 faiz) olmuş, 2004 və 2006-cı illərdə isə müvafiq olaraq 0,1 və 0,4 faiz profisit yaranmışdır.
2010-cu ildə 2003-cü illə müqayisədə ÜDM 7 dəfə artdığı halda, büdcə gəlirləri və xərcləri orta hesabla 9,3 - 9,4 dəfə artmışdır. Azərbaycanın dövlət büdcəsi xüsusən 2005-ci ildən əsaslı surətdə artmağa başlamışdır. 2005-ci ildə 1995-ci illə müqayisədə dövlət büdcəsinin gəlirləri və xərcləri 5,1 dəfə, 2003-cü illə müqayisədə 1,7 dəfə, 2010-cu ildə isə 2005-ci ilə nisbətən 5,5 dəfə artmışdır.
Dövlət büdcəsinə bütün vergi növləri üzrə daxilolmalar da artan templə inkişaf etmişdir. 2010-cu ildə büdcə gəlirlərinin 45,3%-i vergi gəlirlərinin hesabına yığılmışdır. Halbuki 2002-ci ildə büdcə gəlirlərinin 91,5%-i, 2005-ci ildə isə 84,0 %-i vergi yığımlarının payına düşürdü. Lakin neft kontraktlarında iştirak edən xarici şirkətlərin artıq qoyduqları sərmayə xərclərini çıxarmaları ilə əlaqədar, onların artıq mənfəət vergisi ödəməyə başlayacaqları yaxın illərdə dövlət büdcəsində vergi daxilolmalarının payının yenidən artması gözlənilir.
2003-2010-cu illərdə dövlət büdcəsinin xərcləri 9,5 dəfə artmışdır. Büdcə xərcləri ənənəvi olaraq sosial yönümünü saxlamışdır. Son illərdə büdcə vəsaitlərinin ən azı 21-27%-i, 2010-cu ildə isə 24,7%-i bilavasitə sosial-mədəni tədbirlərə, bütövlükdə büdcənin sosial müdafiə üzrə (əmək haqqı, pensiyalar, müavinətlər, ərzaq, dava-dərman və s.) xərclər də nəzərə alınsa, 55-65%-ə qədəri əhalinin maddi və sosial ehtiyaclarının ödənilməsinə yönəldilmişdir. Büdcədən iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilən xərclər 1995-2010-cu illər ərzində 93 dəfəyə yaxın, 2003-2010-cu illər ərzində 20 dəfədən artıq, dövlət büdcəsi xərclərində payı isə 12,3%-dən müvafiq olaraq 19,7 və 41,6%-ə qədər artmışdır.
Maliyyə sabitliyini şərtləndirən digər mühüm amil inflyasiyanın səviyyəsidir. 2000-2003-cü illərdə təxminən 1,5-2,0%-ə yaxın, sonrakı 3 ildə bir rəqəmli həddi aşmayan, yalnız bütün dünya ölkələrini sarsıdan maliyyə böhranının nəticəsi olaraq 2007-2008-ci illərdə 16-20%, 2009-2010-cu ildə yenə birrəqəmli 1,5-5,7% inflyasiyaya yol verilmişdi. Bu nailiyyətlər iqtisadiyyatdakı dirçəliş və inkişaf meyllərinin təzahürü olmaqla, həm də tələb və təklifin daha düzgün tarazlaşdırılmasını ifadə edir.
İnvestisiya mühiti
Qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan əksər xarici dövlətlərdən fərqli olaraq investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən birinə çevrildi. Bunun nəticəsidir ki, Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında birinci yerdədir.
Xarici investorların ölkəyə cəlb edilməsinə xüsusi önəm verən Prezident İlham Əliyev demişdir: "Biz bu gün də xarici sərmayələrin cəlb edilməsinə çalışırıq. Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq birinci sıralardadır. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan çox vəsait qoyulmuşdur. Onun əksəriyyəti daxili sərmayələrdir, ancaq xarici sərmayələr də mühüm yer tutur. Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən qanunvericilik bunu təmin edir. Bu gün biz xarici sərmayələri eyni zamanda qeyri-neft sektorunda da görürük. Azərbaycanda kənd təsərrüfatının inkişafında xarici sərmayələr rol oynayır, turizmin inkişafında onların rolu kifayət qədər böyükdür".
Ölkədə yerli və xarici investorların fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Ölkənin enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır.
Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.
Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.
Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir.
İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır. Bugünədək Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına 4 milyard dollardan artıq vəsait qoymuşdur. Növbəti illərdə isə təkcə neft kimyası sənayesinə əlavə olaraq 6 milyard dollar sərmayə qoyulması nəzərdə tutulur.
Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmiş və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin tətbiqinə başlanmışdır. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama prosedurları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir.
Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi də əhəmiyyətlidir. Bu məqsədlə Prezident İlham Əliyevin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" imzaladığı sərəncam ölkəyə investorların cəlb edilməsi baxımından xüsusi önəm daşıyır. Ölkəyə sərmayə yatıran xarici investorlar özəlləşdirmədə də iştirak edə bilərlər.
"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli, 12 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 22 dekabr 2009-cu il tarixli 136 saylı əmri ilə Azərbaycan Respublikasına gətirilən mallar üzərində dövlət sərhədinin buraxılış məntəqələrindəki nəzarət orqanlarında müvafiq nəzarətin həyata keçirilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada sənədlər gömrük orqanına təqdim olunur. Bununla əlaqədar, "Dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarətinin həyata keçirilməsinin və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə "icazə" blanklarının verilməsinin ardıcıllığını müəyyən edən müvəqqəti "Texnoloji sxem" təsdiq edilmişdir. Texnoloji sxemdə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə müəyyən olunmuş qaydada gömrük, baytarlıq, fitosanitar və sanitariya karantin nəzarəti və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə "icazə" blanklarının verilməsi işlərinin bu məsələlər üzrə məsul olan gömrük əməkdaşları tərəfindən həyata keçirilməsi göstərilmişdir.
İqtisadi fəaliyyətin artırılması və sahibkarlığın dinamik inkişafı məqsədilə vergi sistemində aşağıdakı dəyişikliklər edilib:
- Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 20%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi.
Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair dövlət reyestri hüquqi şəxslər və onların təsisçiləri barədə ümumi məlumatı daxil edir. Mülki Məcəllənin müddəalarına əsasən, hüquqi şəxslərə dair dövlət reyestri açıq elan edilib və hər bir maraqlanan tərəf qeydiyyat üçün təqdim olunan sənədlərin surətini ala bilər. Dövlət qeydiyyatı 5 gün ərzində keçirilir. "Bir pəncərə" sisteminə görə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər.
2002-ci ilə qədər bir sıra kommersiya fəaliyyəti üçün müxtəlif dövlət orqanlarından xüsusi lisenziyalar almaq lazım idi. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 3 sentyabr tarixli Fərmanına əsasən, kommersiya fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırma ləğv olunmuşdur. Lisenziyanın alınması bank işi, sığorta, audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s. üçün tələb olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. "Doing Business 2010" hesabatında isə ölkəmiz öz mövqelərini qoruyub saxlamış və "Doing Business 2011" hesabatında Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən etibarən 5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilmişdir.
"Qlobal Rəqabətlilik Hesabatın"da Azərbaycan MDB ölkələri arasında 1-ci yer, makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 139 ölkə arasında 13-cü yeri tutmuşdur.
"Qlobal Rəqabətlilik Hesabatı" - Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində 142 ölkə arasında 55-ci yer, makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 16-cı, əmək bazarlarının effektivliyi üzrə 14-cü mövqeni tutub.
Dünya İqtisadi Forumu - informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında 1-ci yeri tutub.
"Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi -
kredit reytinqi "Stabil"dən "Pozitiv"ə yüksəltmişdir.
"Moody's"
Beynəlxalq Reytinq Agentliyi - Azərbaycan üzrə reytinq
proqnozunu "Stabil"dən "Pozitiv"ə yüksəltmişdir.
"Fitch
Ratings" Beynəlxalq Reytinq Agentliyi - ilk dəfə olaraq Azərbaycana
investisiya səviyyəli beynəlxalq reytinq vermişdir. Bu günlərdə "Fitch Ratings" beynəlxalq
reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada
uzunmüddətli reytinqini BBB- səviyyəsində və
proqnozunu "Pozitiv" səviyyəsində təsdiqləmişdir.
"Doing
Business" hesabatı - "Doing Business 2009" hesabatında
Azərbaycan biznes mühitinin
yaxşılaşdırılması sahəsində ən
islahatçı ölkə elan edilmiş, "Doing Business 2010"
və "Doing Business 2011" hesabatında isə ölkəmiz
mövqelərini qoruyub saxlamışdır. "Doing
Business 2011" hesabatında Azərbaycan 183 ölkə
arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən
etibarən 5 il ərzində Azərbaycanın
biznes mühiti üzrə əhəmiyyətli islahatlar
apardığı və biznes mühitinin təkmilləşdirilməsinə
xüsusi diqqət ayırdığı qeyd edilmişdir.
BMT
İnkişaf Proqramının 2010-cu il İnsan
İnkişafı Hesabatı - Azərbaycan "orta insan
inkişafı" qrupundan "yüksək insan
inkişafı" qrupuna yüksəlmişdir.
Respublikamızın güclü maliyyə resurslarına
malik olması, bölgədə ən iri kommunikasiya -
infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı
kimi iştirak etməsi xarici investorları ölkə
iqtisadiyyatına daha böyük maraqla cəlb edir. Ölkəyə
qoyulan investisiyaların həcminin ildən-ilə artması
dövlətimizin bu sahəyə göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir. Bütün
bu amillər onu deməyə əsas verir ki, dünyada
etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda
əlverişli biznes mühiti formalaşıb. Əldə olunan nəticələr iqtisadiyyatın
daha da güclənəcəyinə əlverişli zəmin
yaradır.
Xarici investisiyalar - Son illərin, xüsusən də,
qlobal iqtisadi böhranın qabarıq şəkildə
büruzə verdiyi dövrün təhlili bir daha göstərir
ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya
yatırılması baxımından dünyanın ən cəlbedici
ölkələrindən biri kimi çıxış edir. Elə bu səbəbdən
də xarici investorların Azərbaycana marağı kifayət
qədər böyükdür və ölkəmizə
qarşıdakı dövr ərzində də
yatırılacaq sərmayələrin həcmi milyardlarla
dollar həcmində ölçüləcək. Bunun başlıca səbəbləri, əlbəttə
ki, Azərbaycanda investisiya mühitinin əlverişliliyi,
investorların hüquqlarının qanunvericilik əsasında
yüksək səviyyədə qorunması, ölkəmizin
etibarlı tərəfdaş olduğunu dəfələrlə
təsdiqləməsi, sərmayələrin yönəldildiyi
sahələrdə cəzbedici mənfəətlər əldə
olunması və bu qəbildən olan digər amillərdir.
Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir:
"Xarici investisiyaların cəlb edilməsi
üçün Azərbaycanın çox gözəl
imkanları var. Biz özümüzü etibarlı tərəfdaş
kimi göstərdik və Azərbaycan xarici investisiyalar
üçün çox cəlbedici ölkədir".
Bütün bunların nəticəsidir ki,
dünyanın aparıcı investisiya şirkətləri,
maliyyə qurumları ölkəmizə sərmayə
yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana
irihəcmli kreditlər ayırır. Müstəqillik illərində
əlverişli investisiya mühitinin yaradılması nəticəsində
Azərbaycan iqtisadiyyatına 90 milyard dollara yaxın sərmayə
qoyulub ki, onun yarısını xarici investisiyalar təşkil
edir.
Azərbaycan adambaşına xarici investisiyaların həcminə
görə, MDB ölkələri arasında birinci yerdədir. Təkcə 2010-cu ildə
iqtisadiyyata bütün mənbələr üzrə 14118,9 mln. manat və ya 17591,5
mln. ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki,
onun da 46,9%-ə yaxınını xarici
investisiyalar, 53,1 %-i daxili investisiya təşkil edir. Azərbaycan
iqtisadiyyatına 2003-2010-cu illər ərzində yönəldilmiş
84,3 mlrd. ABŞ dollarının 53,5%-ni və ya 45,1 mlrd. dollarını
xarici sərmayələr təşkil edibdir ki, bunun 2/3 hissəsini
birbaşa xarici investisiyalar təşkil edibdir. Xarici
investisiyaların 35,8%-i neft sənayesinə,
64,2%-i isə qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.
Bütün bunların nəticəsi olaraq, Azərbaycan
iqtisadiyyatında xarici sektor formalaşır və bu sektorun əsasını
başlıca olaraq xarici mülkiyyət təşkil edir ki,
bunu respublika iqtisadiyyatına kapital qoyan xarici şirkətlərin
sayı və iqtisadiyyatın müxtəlif sahələrində
yerləşdirdikləri milyardlarla dollar bir daha sübut edir. İqtisadi artımın
stimullaşdırılması baxımından daha səmərəli
olan birbaşa investisiyalar 2003-cü ildə 89,5%-ni,
2005-ci ildə 82,4%-ni təşkil etdiyi halda, 2010-cu ildə isə
43,8-ə bərabər olmuşdur. Eyni zamanda, qeyd etmək
lazımdır ki, birbaşa investisiyaların strukturunda neft-qaz
sektorunun xüsusi çəkisi 2003-cü ildə 98,5%, 2005-ci
ildə 77,6%-ə, 2010-cu ildə isə 81,8% təşkil
etmişdir ki, bu da iri neft layihələri, Bakı-Tbilisi-Ceyhan
Boru Kəməri Şirkətinin (Əsas neft ixracı kəmərinin)
və Cənub Qafqaz Kəməri Şirkətinin
(Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin) tikinti layihəsi
və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
Azəri-Çıraq-Günəşli yatağının
bir saylı bazasında işlərin intensivləşməsi
ilə əlaqədar səhmdar kapital şəklində daxil
olmuş sərmayələrlə bağlıdır.
İnvestisiyaları
cəlb etməklə yanaşı, Azərbaycan, eyni zamanda
onları ixrac edən ölkəyə çevrilib və son səkkiz
il ərzində başqa ölkələrə 5,7 mlrd. dollarlıq və ya
hər il orta hesabla 711 mln. dollar Azərbaycan
sərmayəsi yatırılıbdır.
Son səkkiz
il ərzində Azərbaycana
yatırılan investisiyaların həcmi əhəmiyyətli
şəkildə artmışdır. Belə ki, 2010-cu ildə
2003-cü illə müqayisədə sərmayələrin həcmi
2,9 dəfə, o cümlədən daxili
investisiyalar 7,7 dəfə artmışdır. Təhlil olunan
dövrdə daxili investisiyaların ümumi investisiyalarda
xüsusi çəkisi 22,1%-dən 53,1%-ə
qədər artıb, xarici investisiyaların payı isə
müvafiq olaraq 77,9%-dən 46,9%-ə qədər
azalmışdır. 2010-cu ildə əsas kapitala yönəldilmiş
sərmayələrin həcmi 2003-cü illə müqayisədə
2,6 dəfə artaraq 9905,7 mln. manata, o cümlədən daxili investisiyalar 8 dəfə
artaraq 7499,2 mln. manata, xarici investisiyalar isə
15,5% azalaraq 2406,5 mln. manata
çatmışdır.
Azərbaycana yönəldilən investisiyaların
qoyulduğu sahələrdə, artıq qeyri-neft sektorunun
xüsusi çəkisi əhəmiyyətli dərəcədə
artıb. Belə ki, xarici investorlar ölkəmizdə enerji
sahəsi ilə yanaşı, qeyri-neft sektoruna da xüsusi
maraq göstərirlər və son nəticədə bu,
qeyri-enerji sferasına qoyulan sərmayələrin həcminin
artması ilə yanaşı, istehsalın da artımında
müstəsna rol oynayır. Bunlar bir daha
göstərir ki, Azərbaycanın qeyri-neft sektoruna
yatırılan sərmayələrin həcmi, xüsusilə,
son altı ildə bir neçə dəfə artıb və
bu sahə daha sürətli inkişaf yoluna qədəm qoyub.
Ölkəmizin nəhəng enerji ehtiyatlarına malik
olması və qlobal enerji təhlükəsizliyinin təmin
edilməsində xüsusi çəkisinin artması isə həmişəki
kimi bu sahəni xarici investorlar üçün cəlbedici etməkdədir. Azərbaycan
hökuməti ilə xarici şirkətlər arasında imzalanmış
PSA (Production Shearing Agreement) tipli neft-qaz müqavilələri
üzrə ölkəmizə 60 milyard dollar həcmində
investisiyaların qoyulması nəzərdə tutulub. Artıq göstərilən məbləğin
yarısından çoxu indiyə kimi neft və qaz
yataqlarının işlənməsi üçün
yatırılıb. Təkcə 15 il ərzində
"Azəri-Çıraq-Günəşli" yataqları
blokunun işlənməsi üzrə investisiyaların həcmi
21 milyard 395 milyon dollar, bonuslar, akrhesabı və pay ödənişləri
413 milyon dollar təşkil edib.
"Əsrin
müqaviləsi" ilə yanaşı, digər əhəmiyyətli
layihə hesab olunan "Şahdəniz"
yatağının işlənməsi məqsədilə
yatırılan investisiyaların həcmi artıq 5,5 milyard
dollar, bonuslar, akrhesabı və pay ödənişləri isə
təxminən 88 milyon dollar təşkil edib. Lakin
"Şahdəniz" layihəsinin ikinci mərhələsinin
başlanması ilə bağlı buraya yatırılan
investisiyaların həcmi qarşıdakı dövrdə 20
milyard dollara kimi artacaq. Bununla bağlı Prezident
İlham Əliyev bildirmişdir: "Bu yaxınlarda
imzalanmış yeni neft-qaz layihələri üzrə əməli-praktik
işlər gələn ildən başlanacaqdır. "Şahdəniz" layihəsinin ikinci mərhələsinin
başlanması ilə bağlı konkret tədbirlər
görülür. Dünya miqyasında bu
böyük, nəhəng layihənin icrası nəticəsində
təkcə "Şahdəniz" qaz yatağına 20
milyard dollara yaxın vəsait qoyulacaqdır".
İndiyə
qədər isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
inşası layihəsi çərçivəsində
kapital qoyuluşlarının həcmi təxminən 5 milyard
dollar, Bakı- Tbilisi-Ərzurum qaz kəmərinin
inşası layihəsi üzrə isə 1,4 milyard dollar olub.
Bir məqamı da xüsusi olaraq qeyd etmək lazım gəlir
ki, Xəzərin Azərbaycan sektorundakı yeni perspektiv
strukturlarının kəşfiyyatına investisiya
qoyuluşları 2 milyard 760 milyon manat və ya təxminən
3,5 milyard dollar məbləğində qiymətləndirilir.
Son yeddi ilin təcrübəsi isə burada daha bir önəmli
məqamı üzə çıxarır ki, bu da qeyri-neft
sektoruna daha çox investisiya yatırılması ilə
bağlıdır. Avropa Yenidənqurma və İnkişaf Bankı
(AYİB) bu il Azərbaycan iqtisadiyyatına
200 milyon dollardan artıq vəsait ayırıb və
yuxarıda göstərildiyi kimi, gələn il də bu qədər
məbləği ayırmağı nəzərdə tutub. İndiyə qədər isə sözügedən
bankın Azərbaycan üçün nəzərdə
tutduğu ümumi investisiyanın həcmi 911 milyon dollar təşkil
edir. Ötən il AYİB Azərbaycanda
19 müxtəlif layihəyə 114 milyon dollar həcmində vəsait
yatırıb.
Azərbaycana investisiya yatırımı və kredit
ayrılması baxımından təkcə AYİB fərqlənmir. Bu sırada
Dünya Bankı (DB) da aparıcı rollardan birini
oynamaqdadır. Cari ilin ilk 8 ayı ərzində
Dünya Bankı tərəfindən Azərbaycanda əsas
kapitala yönəldilmiş investisiyaların həcmi 540 milyon
dollardan artıq olub. Bu isə o deməkdir ki, Dünya
Bankı tərəfindən yatırılan investisiyanın həcmi
ötən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artıb. Ümumiyyətlə,
hesabat dövrü ərzində xarici ölkələr və
beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda
əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində
Dünya Bankının ayırdığı sərmayələrin
xüsusi çəkisi 6,6 faiz təşkil
edib.
Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə
1992-ci ildən əməkdaşlıq edir. Ötən
müddət ərzində bank Azərbaycana 2 milyard ABŞ
dolları məbləğində maliyyə yardımı
göstərib. Hazırda Dünya Bankı Azərbaycanda
"Abşeron yarımadasında neftlə çirklənmiş
ərazilərin təmizlənməsi", "Dəmir yolu və
ticarətin dəstəklənməsi", "Korporativ və
dövlət sektorlarında mühasibatlıq", "Azərbaycanda
magistral avtomobil yollarının yenidən qurulması",
"Azərbaycan maliyyə sisteminin modernləşməsi",
"Milli su təchizatı və kanalizasiya xidmətləri"
və bir sıra digər icra olunan layihələri maliyyələşdirir.
Dünyanın maliyyə nəhənglərindən biri
olan Asiya İnkişaf Bankının Direktorlar Şurası isə
bir müddət əvvəl Azərbaycana su təchizatı və
kanalizasiya sisteminin yaxşılaşdırılması
üçün 600 milyon dollar məbləğində
çoxtranşlı maliyyələşdirmənin verilməsini
təsdiqləyib. Şuranın qərarına görə, Asiya
İnkişaf Bankının kreditinin birinci tranşı 4
illik güzəşt dövrü ilə 25 il
müddətinə verilir. Məlumat
üçün bildirək ki, bankın və Azərbaycan
hökumətinin vəsaitləri kiçik şəhərlərdə
və paytaxt Bakıdan kənardakı yarışəhər ərazilərdə
500 min nəfərin su təchizatını və kanalizasiya
xidmətini yaxşılaşdıracaq.
Çoxtranşlı maliyyələşdirmə isə
Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti
arasında səkkiz illik yeni əməkdaşlığın
təməlini qoymaqla yanaşı, dəqiq strategiya və
islahatlar proqramı ilə möhkəmləndirilmiş mərhələli
investisiyanı nəzərdə tutur. Vəsaitlərin ilk
tranşı zəruri infrastrukturun yenidən qurulmasını
və inşasını, planlaşdırılmanın
genişləndirilməsini, nəzarət idarələrində
idarəetmənin texniki və maliyyə imkanlarını,
Göyçay və Naxçıvan şəhərlərində
layihənin idarə edilməsi üzrə şöbələrin
yaradılmasını nəzərdə tutur. Sonrakı tranşlarda digər şəhərlərdə
analoji fəaliyyət həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən Asiya
İnkişaf Bankının üzvüdür. Əməkdaşlıq
dövründə bank Azərbaycanın dövlət və
özəl sektorunda layihələrin
reallaşdırılması üçün 585,4 milyon dollar vəsait ayırıb. Hazırda
bank Azərbaycanın kommersiya bankları ilə onlara maliyyə
dəstəyi göstərmək üçün fəal məsləhətləşmələr
aparır. Eləcə də dövlət
sektorunda enerji layihələrinin kreditləşdirilməsi haqda
danışıqlar gedir.
Bununla yanaşı, iqtisadi cəhətdən kifayət
qədər güclənən Azərbaycan xaricdən
investisiya cəlb etməklə bərabər, həm də
özü potensial investor kimi çıxış edir. Məsələn,
Gürcüstanın qaz infrastrukturunun inkişafında və
yenidən qurulmasında əsas investor olan Azərbaycan
Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın beş il ərzində bu ölkənin
qazlaşdırılmasına 100 milyon dollar həcmində sərmayə
qoymağı planlaşdırır. 2009-cu ildə
isə bu məqsədlə yatırılan investisiyaların həcmi
20 milyon dollara çatıb.
Xatırladaq ki, 2008-ci ilin dekabrında Azərbaycan
Dövlət Neft Şirkəti və Gürcüstan hökuməti
22 regional qazpaylaşdırıcı şirkətin "Socar
Georgia Gas"ın idarəçiliyinə verilməsi haqda
müqavilə imzalayıb. Müqaviləyə görə,
şirkət üç il ərzində qaz
istehlakçılarının sayının 55 min abonentdən
150 min abonentə çatdırılmasını və
Gürcüstanın qaz infrastrukturunun inkişafına 40 milyon
dollar həcmində investisiya qoyuluşunu üzərinə
götürüb. Hazırda Azərbaycan
Gürcüstana əsas təbii qaz
ixracatçısıdır. Bundan əvvəl
isə Gürcüstan kəndləri olan Yol-Muqanlı (Saqareco
rayonu), Çumleki (Qurcaani rayonu), və Niniqoridə (Laqodexi
rayonu) qaz kəmərlərinin inşası başa
çatıb.
Ölkəmiz
Türkiyə, Ukrayna və bir sıra digər dövlətlərə
də investisiya yatırılmasında fəal rol oynayır. Onu da qeyd edək ki, Azərbaycan əsas etibarilə
məhz son altı ildə əsas investorlardan birinə
çevrilib. Bütün bunlar Azərbaycanın
həm xarici investisiyalar üçün cəlbedici ölkə
olduğunu, həm də özünün potensial investor
qismində çıxış etdiyini göstərir. Perspektivdə isə hər iki istiqamət üzrə
Azərbaycanın imkanlarının dəfələrlə
artacağı dünya miqyasında da açıq etiraf
olunur.
Bununla
bağlı həyata keçirilən siyasəti şərh
edən İlham Əliyev bildirib: "Azərbaycan şirkətlərinin
xaricə sərmayə qoyması ölkəmizin ümumi
inkişafına təsir edən amillərdəndir. Əvvəllər
biz bütün dövrlərdə xarici investisiyaların Azərbaycana
gətirilməsi ilə məşğul idik, bu gün də
məşğuluq, sabah da məşğul
olmalıyıq. Bizim özümüzün nə
qədər valyuta ehtiyatlarımız olursa-olsun, yenə də
xarici investisiyaları Azərbaycana, xüsusilə də
qeyri-neft sektoruna cəlb etməliyik. Amma
bununla bərabər, başqa inkişaf etmiş ölkələrdə
olduğu kimi, indi Azərbaycan şirkətləri xaricə sərmayə
qoyur. Xüsusilə, Dövlət Neft Şirkəti həm
Gürcüstana, həm Türkiyəyə, həm də
Şərqi Avropa ölkələrinə belə
investisiyaların qoyulması prosesinə başlayıb və
bu, davam edəcək. Əgər biz
bütün investisiya paketini götürsək, bu, bir
neçə milyard dollar həcmindədir".
Hazırda qonşu ölkədə inşasına
başlanılan yeni limanın, yanacaqdoldurma məntəqələrinin,
neft emalı müəssisələrinin və ən nəhəng
layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin
maliyyələşdirilməsi məhz Azərbaycanın
valyuta ehtiyatları hesabına gerçəkləşməkdədir. Xatırladaq
ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin maliyyələşdirilməsinə
ARDNŞ tərəfindən güzəştli şərtlər
əsasında 200 milyon dollar kredit ayrılıb. Bundan başqa, ARDNŞ Gürcüstanda neft emalı
ilə bağlı torpaq paylarının alınmasına da
külli miqdarda vəsait xərcləyir. Ümumilikdə
isə, Azərbaycanın Gürcüstana
yatırdığı investisiyaların həcmi yarım
milyard dolları keçməkdədir.
GUAM çərçivəsində Azərbaycanın
strateji tərəfdaşı sayılan Moldovada da Azərbaycan
neft emalı zavodunun və yanacaq terminallarının tikintisini
həyata keçirməkdədir. İlkin hesablamalara
görə, Moldova indiyə qədər 50 milyon dollar həcmində
Azərbaycan investisiyasını özünə cəlb edə
bilib.
Tacikistanda isə Azərbaycan, yenə öz
investisiyası hesabına, alüminium zavodu tikməyi
planlaşdırır. Bununla əlaqədar olaraq, iki ölkə
arasında artıq müvafiq razılaşmalar əldə
edilib. Qeyd edək ki, imzalanmış
müqavilələrə əsasən, Azərbaycan növbəti
illər ərzində Tacikistana, təxminən, 100 milyona
yaxın investisiya yatıracaq.
Rumıniyada və Türkiyədə isə Azərbaycan
böyük neft-yanacaq kompleksinin inşasını nəzərdə
tutur. Artıq Ceyhan limanında yeni neft emalı zavodunun
tikintisi ilə bağlı Bakı və Ankara arasında
razılıq əldə edilib və bu sahədə müəyyən
addımlar da atılıb. Türkiyə
ilə strateji əməkdaşlıq və imzalanan müqavilələr
isə Azərbaycanın, əsasən, bu ölkəni
investisiya hədəfi seçməkdə olduğunu göstərir.
Yaxın illər ərzində Türkiyəyə
yatırılan sərmayənin həcminin isə 5 milyard
dollara çatacağı gözlənilir.
Azərbaycanın qeyri-neft sektoruna investisiyaların cəlb
edilməsinin ən mühüm vasitələrindən biri
özəlləşdirmə prosesidir. Xarici şirkətlər,
həmçinin ölkəmizdə aparılan özəlləşdirmə
prosesində iştirak edə bilərlər. Bununla əlaqədar olaraq, özəlləşdirmə
qanunvericiliyində xarici şirkətlərin bu prosesdə
iştirakının şəffaf və aydın mexanizmləri
nəzərdə tutulmuşdur. Bundan
başqa xarici investorların cəlb edilməsi ilə
bağlı müxtəlif təşkilatlar
yaradılmışdır. Bu məqsədlə respublika
prezidentinin 30 mart 2006-cı il tarixli
"İnvestisiya fəaliyyətinin təşviqi üzrə
əlavə tədbirlər haqqında" sərəncamı
ilə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ)
yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları
ilə iqtisadiyyatın xarici investorlar üçün
xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika,
maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrinin
özəlləşdirməyə açılması xarici
investisiya axınına güclü təkan vermişdir. Dünya Bankı, Beynəlxalq
Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və
İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya
İnkişaf Bankı, Qara Dəniz Ticarət və
İnkişaf Bankı və digər maliyyə qurumları Azərbaycanda
iqtisadiyyatın müxtəlif sahələrində layihələrin
həyata keçirilməsinə güzəştli şərtlərlə
kreditlər ayırmışlar.
Xarici investisiyaların, müasir texnologiyaların və
avadanlıqların, idarəetmə təcrübəsinin
ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə
yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların
istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən
etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib
hissəsidir.
İqtisadi strategiyanın tətbiq edildiyi müddətdə
respublikada investorların hüquq və mənafelərinin
qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və
xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə
edilmiş mənfəətdən maneəsiz istifadə
olunması ilə bağlı mühüm qanunlar qəbul
edilmişdir. Bundan başqa Azərbaycan hökuməti
bir sıra xarici ölkələr ilə ikiqat vergi tutmanın
aradan qaldırılması, investisiyaların təşviqi və
qarşılıqlı qorunması haqqında sazişlər
imzalamışdır.
Yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edilməsini həvəsləndirmək məqsədilə 2003-cü ildə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. Fond investorlar, yerli istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-özəl sektor dialoqunda əhəmiyyətli işlər görür. AZPROMO xarici investorlara öz investisiya layihələrini həyata keçirmək üçün sahələrin müəyyənləşdirilməsində, yerli bürokratiya ilə mübarizə aparmaqda və onların Azərbaycana gəlməsini asanlaşdırmaqda yardım edir.
2008-2011-ci illər
üçün "Azərbaycan Respublikasının Dövlət
İnvestisiya Proqramı" ölkə iqtisadiyyatının,
əsasən qeyri-neft sektorlarının davamlı olaraq
yüksək artım templəri ilə dinamik və tarazlı
inkişafına, əhalinin iqtisadi və sosial tələbatının
daha yüksək səviyyədə təmin olunmasına,
regionlararası inkişaf fərqinin azaldılmasına,
optimal sektor istehsal strukturuna nail olunmasına, ixrac
potensialının yüksəldilməsinə, ölkənin
iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf
mühitin qorunmasına yönəlmiş dövlət əhəmiyyətli
investisiya layihələrinin ardıcıl və əlaqəli
şəkildə həyata keçirilməsi məqsədi
ilə hazırlanmışdır. 2008-2011-ci illər üzrə
DİP-i əhatə edən orta müddət ərzində Azərbaycanın
neftin və qazın ixracından böyük həcmdə gəlirlər
əldə edəcəyi gözlənilir.
(ardı var)
Tanrıverdi
PAŞA, AMEA İqtisadiyyat İnstitutu, Maliyyə, pul-kredit
şöbəsinin müdiri
Xalq qəzeti.- 2011.- 24 dekabr.- S.
10-11.