Liderliyin
transformasiyası:
"lider ölkə" idealı
Siyasi liderliyin ən
mühüm göstəricilərindən biri rəhbərlik
etdiyi ölkənin daxili potensialını səfərbər
edərək onu dünyanın qabaqcıl ölkələri
sırasına çıxarmaq əzmindən ibarətdir. Bizcə, Prezident İlham Əliyevin xidmətlərini,
onun dövlətçilik və siyasət müstəvisində
yerini düzgün təsəvvür edə bilmək
üçün Azərbaycanın son illərdə
keçdiyi böyük inkişaf yolunu nəzərdən
keçirmək kifayətdir. İlk növbədə, bu yolun
haradan və nə vaxt başlandığını yada
salmaq istərdik. Belə ki, İlham Əliyevin ölkəmizin
inkişafında oynadığı mühüm rolun və
liderlik əzminin başlanğıcı onun Prezident
seçilməsindən də əvvəlki dövrə təsadüf
edir.
On il
bundan öncə yazdığım və ulu öndər Heydər
Əliyevə həsr etdiyim "Lider, dövlət, cəmiyyət"
kitabını (Bakı, "Azərbaycan Universiteti" nəşriyyatı,
2001) Azərbaycan dövlətçiliyinin gələcəyi
barədə aşağıdakı düşüncələrlə
bitirmişdim:
"İndi biz yeni əsrə qədəm qoymuşuq. Bu əsr qloballaşma əsridir. İndi millətlərin, dövlətlərin səsi təkcə öz paytaxtlarından deyil, beynəlxalq forumlardan, BMT-dən və Avropa Şurasından eşidilir.
Fərəhləndirici haldır ki, yeni əsrin başlanğıcında, müstəqilliyimizin 10 illik yubileyi ərəfəsində, müstəqillik illərinin ideya-siyasi və fəlsəfi təhlilinə, Heydər Əliyevin şərəfli fəaliyyət yoluna həsr olunmuş bu kitabın son sətirlərini kütləvi informasiya vasitələrimizin Strasburqdan verdiyi xoş yeniliklərin sədası altında yazmalı oldum. Sentyabrın 25-də Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq sahəsində qazandığı yeni uğurlar bizim bu kitabı daha nikbin əhval-ruhiyyə ilə bitirməyimizə rəvac verdi. Görünür, bu da təsadüfi deyil.
Ən başlıcası odur ki, yeni əsrin yeni mübarizə metodlarını mənimsəmiş olan, qarı düşmənin qartmış müharibə ideologiyasına qarşı sülhün böyük daxili potensialından məharətlə istifadə edən, həm iqtisadiyyat, həm siyasət, həm də fiziki və mənəvi sağlamlıq yollarında inamla irəliləyən gənc nəsil yetişir. Heydər Əliyev dühasının işığında pərvazlanan bu yeni qüvvənin onun işlərini şərəflə davam etdirəcəyinə, dövlət quruculuğunda və ideologiyada varislik prinsipinə layiqincə əməl ediləcəyinə şübhə yeri qalmır.
Ən başlıcası odur ki, estafet etibarlı əllərdədir!
Neft strategiyasının hazırlanmasında, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasında, Avropa Şurasındakı nailiyyətlərimizdə, habelə idman sahəsindəki beynəlxalq uğurlarımızda, Sidney olimpiadasındakı böyük müvəffəqiyyətlərdə - həmişə, hər yerdə Azərbaycanın milli maraqlarına xidmət göstərilməsinə, Azərbaycan bayrağının yüksəldilməsinə nail olmaq, həqiqətən, böyük hünər, böyük amaldır: "Mən istəyirəm ki, Azərbaycanın, müstəqil dövlətimizin bayrağı həmişə qaldırılsın. Mən istəyirəm ki, bizim dövlət himnimiz həmişə səsləndirilsin. Əminəm ki, həmişə də belə olacaqdır!" (İlham Əliyev)".
Bu kitabın yazıldığı illərdə Heydər Əliyev özünün intensiv və işgüzar fəaliyyətini uğurla davam etdirirdi. O vaxt hələ Heydər Əliyevin estafeti kimə isə ötürməsi müzakirə mövzusu deyildi. Çünki qanunvericiliyə görə, onun 2003-cü ildə yenidən prezidentliyə namizəd olmaq səlahiyyəti var idi və ona alternativ axtarmaq heç kimin ağlına da gəlmirdi. Hətta rusiyalı jurnalistin "Yerinizə kimi isə hazırlayırsınızmı?" sualına o özü də belə cavab vermişdi ki, bu barədə hələ düşünməmişdir. Bu məsələ yalnız 2002-ci ildən sonra, onun sağlamlığında yaranan müəyyən problemlərlə bağlı aktuallaşmağa başladı.
Sual oluna bilər ki, bəs onda nəyə görə biz kitabın son sözünü məhz "estafet" ideyasına və hələ yeni-yeni parlayan gənc siyasi liderin fəaliyyətinə həsr etmişdik? Sadəcə olaraq, ona görə ki, kitabda liderlik problemindən bəhs olunurdu və Azərbaycan siyasi məkanında özünün böyük quruculuq potensialı və yüksək liderlik keyfiyyətləri olan yeni bir şəxsiyyətin yetişdiyini diqqətdən kənarda qoymaq olmazdı.
Bütün ölkələrdə dövlət başçısı var və bu vəzifəyə həmişə kifayət qədər namizəd də tapılır. Kim hansı vəzifəyə gəlsə, birtəhər onun öhdəsindən gəlir; "bacarmıram" deyən yoxdur. O vaxt Azərbaycanda isə problemin unikallığı ondan ibarət idi ki, prezident kürsüsündən gedən şəxs sıradan biri olmayıb, öz dövrünün ən böyük, ən nüfuzlu siyasi lideri idi və o Azərbaycanı dünya ölkələri içərisində elə bir mərtəbəyə qaldırmaq planını qarşıya qoymuş və elə böyük miqyaslı işləri başlamışdı ki, sıradan biri olan adam bu vəzifələri başa çatdıra bilməzdi.
İndi, Azərbaycanın qarşıya qoyduğu vəzifələr gerçəkliyə çevriləndən sonra biz dönüb arxaya baxarkən 2003-cü ildə ölkəmizin hansı miqyasda bir seçim qarşısında qaldığını dərk edirik. Və nə yaxşı ki, biz o vaxt düzgün seçim edə bildik!
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi kursun özünü doğrultduğu, demək olar ki, hamı tərəfindən etiraf olunmaqdadır. Keçən qısa müddət ərzində ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların səbəblərindən biri, heç şübhəsiz, prezidentimizin öz fəaliyyətini möhkəm bir təməl üzərində qurması, Heydər Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməsidir. Burada ikinci mühüm amil də özünü göstərir ki, bu da İlham Əliyevin bir siyasi lider kimi yeni iqtisadi münasibətlər şəraitində yetişməsi ilə əlaqədardır. Yəni bu yeniliklər onun üçün doğmadır. Üçüncü əsas amil isə, XXI əsrdə başlanan qlobal tendensiyaları, sadəcə, izləmək və mənimsəmək yox, həm də onları istiqamətləndirmək cəhdləri, planetar proseslərin obyekti deyil, fəal subyektlərindən biri olmaq əzmidir.
Prezident İlham Əliyevin ölkə daxilində yeritdiyi iqtisadi siyasətin əsasında "vədlər vermək yox, real iş görmək" prinsipi, "faktın özü ən gözəl təbliğatdır" mülahizəsi dayanır. Bütün ölkəni əhatə edən tikinti və quruculuq işləri, yollar və körpülər salınması, zavodlar və fabriklərin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatında yüz minlərlə iş yerlərinin açılması, aeroportlar, vağzallar, dəniz limanları, qitələri birləşdirən dəmir yolları, transmilli neft və qaz kəmərləri, elektrik, su və qaz təminatının yaxşılaşdırılması və s. Bütün bunları sadalamaq üçün nəinki bir məqalə, böyük bir kitab da bəs eləməz. Biz bu sıraya son ildə əldə etdiyimiz iki beynəlxalq miqyaslı uğuru da əlavə etmək və xüsusi vurğulamaq istəyirik. Bunlar ilk növbədə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və "Eurovision-2011"də əldə etdiyimiz qələbədir.
Bu hadisələr ikisi də "lider ölkə" idealına gedən yolda mühüm məqamlardır. Əvvəla, BMT-nin üzvü olan bütün dövlətlər içərisində sayılıb-seçilənlərdən olmaq, məhz siyasət müstəvisində bir çox böyük dövlətləri arxada qoyaraq beynəlxalq problemlərin həllində səs sahibi olmaq Azərbaycanın siyasət iyerarxiyasında yeni mövqeyindən xəbər verir. İkinci hadisə də mədəniyyət və musiqi sahəsində böyük nailiyyətlərimizin qanunauyğun nəticəsi olmaqdan əlavə, əslində, həm də ölkəmizin yüksək imicini və beynəlxalq miqyasda nüfuzunun nə dərəcədə artdığını göstərir. Heç kimə gizli deyil ki, səsvermələr təkcə musiqi ifaçılarına deyil, həm də dövlətlərə simpatiyanı ifadə edir.
Bu məqalədə bizim məqsədimiz diqqəti, ilk baxışda ola bilsin ki, nəzərə çarpmayan, nisbətən dərin qatda olan fəaliyyət istiqamətlərinə yönəltməkdir. Və bu zaman aydın olur ki, İlham Əliyevin yeritdiyi kursda iqtisadi inkişaf, sadəcə, məqsəd olmayıb, həm də bir vasitədir: dövlət müstəqilliyinin qorunması, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması, yüksək intellektual və mədəni-mənəvi inkişafın təmin edilməsi, vətənimizin "lider ölkəyə" çevrilməsi yolunda vasitə!
Bunun üçün isə ilk növbədə ölkəmizdə intellektual fəaliyyətə və elmə münasibət dəyişilməli, yeni keyfiyyət mərhələsinə qalxmalıdır. Məhz buna görə də Prezident İlham Əliyev diqqəti dönə-dönə bu məsələyə yönəldir: "Qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə (S.X.) çevirir". Prezidentin çıxışlarındakı məntiqi ardıcıllıq gələcəkdə ölkəmizdə elmin iki istiqamətdə inkişaf etdirilməsi zərurətini nəzərdə tutur. Əvvəla, iqtisadi inkişafın ən müasir texnologiyalara əsaslanması və bunun üçün ölkəmizdə dəqiq və texniki elmlərin tətbiqinə xüsusi fikir verilməsi; İkincisi isə, Azərbaycanda iqtisadi və elmi-texniki prosesləri düzgün yönləndirmək və siyasətdə olduğu kimi, burada da ilk növbədə milli maraqlardan çıxış edə bilmək üçün ictimai elmlərin prioritetliyinin təmin edilməsi.
Bu gün Azərbaycan öz milli dövlətçilik mənini qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə israrlıdır. Heydər Əliyev deyirdi ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". İlham Əliyev bu fikri davam etdirərək deyir: "Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir."
Burada biz "müstəqillik" anlayışının yeni dövrün tələblərinə uyğun surətdə yeni çalarlarla zənginləşdirildiyini görürük. Həqiqətən də, dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansı isə bir ərazidə müəyyən bir siyasi kursu və hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzimləmək üçün, ilk növbədə, sərhəd toxunulmazlığı təmin olunmalıdır.
Sərhəddi, guya, toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr vardır ki, burada hər şey xarici investisiya, transmilli şirkətlərin sifarişi, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur. Halbuki, əsas məsələ əlaqələrin genişlənməsinə rəğmən, milli maraqların qorunması, ölkədəki qanunlara, hüquq normalarına hamı tərəfindən əməl olunması, mədəni-mənəvi dəyərlərin, maddi və mənəvi milli sərvətlərin toxunulmazlığıdır. "Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun" (İlham Əliyev).
Siyasi liderin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.
XX əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin formalaşması, vahid ümumdünya bazarının yaranması istiqamətində gedir. Azərbaycan rəhbərlıyi bu obyektiv tendensiyaları vaxtında nəzərə aldığından, qlobal və milli maraqlar nəinki toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə tamamlayır. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub-saxlanması, habelə, milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi - bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.
Beləliklə, yeni dövrdə müstəqilliyin qorunması beynəlxalq miqyaslı obyektiv proseslərin mənimsənilməsini və milli maraqlar mövqeyindən dəyərləndirilməsini tələb edir. Bunun üçün isə, ilk növbədə bütövlükdə cəmiyyətin intellektual inkişaf səviyyəsi yüksəldilməlidir.
Nə qədər paradoksal görünsə də, bizim üstünlüklərimizdən biri tarixi inkişaf prosesində Qərbdən geridə olmağımızdır. Yəni biz indi intellektual inkişaf müstəvisində rasionalizm, iqtisadi inkişaf müstəvisində isə postindustrial cəmiyyət mərhələsinə qədəm qoyuruq. Qərbin bütün inkişaf yolu, tərəqqi və tənəzzül məqamlarının mənzərəsi gözümüzün önündədir və biz onların səhvlərini təkrar etmək məcburiyyətində deyilik.
Əlbəttə, "Qərbdən ancaq elmi-texniki nailiyyətləri götürək, "kütləvi mədəniyyətin" və mənəvi aşınmanın isə qarşısını almağa çalışaq" tezisi ilk baxışda nə qədər cazibədar görünsə də, praktika bunun əksini göstərir. Yəni Qərbdən nə isə yaxşı bir şeyi kor-koranə surətdə götürürsənsə, mənəvi aşınmalar onun iki misli ilə gəlir. Bax, belə bir şəraitdə Prezident İlham Əliyev daxili intellektual potensialımızın realizasiyası xəttinə üstünlük verir, elm və təhsilin inkişafı üçün bütün maddi-texniki bazanın yaradılmasını öz üzərinə götürür. Bizdən isə tələbi bu maddi formanın adekvat mənəvi-intellektual məzmunla tamamlanmasını təmin etməkdir. Bunun üçün isə əvvəlcə ictimai və humanitar elmlər hərəkətə gətirilməli, milli fəlsəfi fikrin bütün resursları səfərbər edilməli və qloballaşan dünyanın üstün və zəif cəhətləri üzə çıxarılmalıdır.
Qərb dünyasının ağıllı adamlarının öz ümid dolu nəzərlərini Şərqə yönəltdiyi bir vaxtda, rasionalizmin və intellektualizmin resursları artıq yeni tələbləri ödəmək üçün yetərli olmadığı və ruhi-mənəvi, psixik enerjinin dövriyyəyə daxil olduğu bir vaxtda, biz ölkəmizdə mövcud olan mənəvi-estetik ənənələrdən və bədii-metaforik düşüncə tərzindən tamamilə imtina edə bilmərik. Əksinə, insan dünyasının dərin mənəvi qatlarında yatan enerjinin, irrasional idrak metodlarının dirçəldilməsi üçün tədbirlər görülməli, Şərq fəlsəfi təfəkkür ənənələrinin, təsəvvüfün alternativ yaradıcılıq metodologiyası müasir Qərb düşüncəsinin klassik formaları ilə birləşdirilməlidir.
Prezidentimizin son vaxtlardakı çıxışlarında elmə, intellektə, insan resursuna böyük diqqət yetirir. Doğurdan da, hər bir ölkənin tərəqqisi üçün elmin rolu əvəzsizdir. Lakin hansı isə bir ölkənin lider ola bilməsi xeyli dərəcədə onun başında duran şəxsin liderlik keyfiyyətindən də asılıdır. Sükan etibarlı əllərdə olmasa, ölkənin bu və ya digər sahədəki potensialı da yetərincə reallaşdırıla bilməz. İndiyədək siyasi liderlik də, milli liderlik də hər bir ölkənin öz çərçivəsi daxilində idi. Bəs üçüncü minilliyin ilk onilliyi nə göstərdi? Dünya hansı istiqamətdə dəyişir və yeni dövrün liderindən hansı keyfiyyətlər tələb olunur?
Milli dövlətlərin formalaşması dövründən bəri, bir tərəfdən, dövlətin idarə olunmasında xalqın iştirakı məsələsi, digər tərəfdən də, dövlət başçılarının, siyasi liderlərin öz xalqlarının taleyində oynadığı pozitiv və ya neqativ rol həmişə siyasi polemikaların mərkəzində olmuşdur. Demokratiya ilə mərkəzləşmiş idarə sisteminin bir-birini qarşılıqlı surətdə tamamlaması bu sahədə optimallığın mühüm şərti olmuşdur. Bu proses Qərb ölkələrində artıq beş əsrdir ki, davam edir. Müstəqillik qazanmış yeni ölkələr də bu demokratik idarəçilik məkanına qatılmış, lakin hər bir ölkənin öz spesifik çətinlikləri şəraitində çıxış yolu göstərə bilən müdrik və təcrübəli siyasi liderlərə ehtiyacı olmuşdur.
Bu sahədə bəxti gətirən ölkələr keçid mərhələsini daha tez və daha böyük uğurla başa vura bilmişlər. Qalan ölkələr isə keçmiş sosial-iqtisadi quruluşla yeni iqtisadi münasibətlər sistemi arasında qeyri-müəyyən bir istiqamətdə sonu bilinməyən uzun bir yol keçməkdədirlər. Minilliklərin əvəzləndiyi böyük keçidlər dövründə planetimizin ən böyük siyasi liderlərindən biri olan Heydər Əliyevin sayəsində ölkəmizdə tez bir vaxtda ictimai-siyasi sabitlik təmin edilmiş, dövrün tələblərinə uyğun dövlət quruculuğu işi müvəffəqiyyətlə başa çatdırılmış və ən başlıcası, müstəqilliyimizin dönməz bir prosesə çevrilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Nəhayət, böyük öndərin siyasi-iqtisadi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi inkişafın geniş "asfalt yoluna" çıxmaq vəzifəsini yerinə yetirdi. Bu mərhələnin başa çatdığını o, BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə elan etdi: "Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq". Bu, əlbəttə, müstəqillik dövründə əldə olunmuş ən böyük zəfərlərdən birinin rəsmən təsbit olunması idi.
Bəli, biz iqtisadi sahədə keçid dövrünü artıq başa vurmuşuq. Lakin bu o demək deyil ki, iqtisadiyyatın modernləşməsi ilə bağlı qarşıda duran vəzifələr başa çatmışdır. Əksinə, yeni iqtisadi münasibətlərə keçid prosesinin tamamlanması cəmiyyətdə yeni iqtisadi bazisin və deməli, yeni ictimai paradiqmanın formalaşması deməkdir. Və bu proses labüd surətdə digər ictimai münasibətlər kompleksinin bu yeni bazisə uyğunlaşmasını, onunla ayaqlaşmasını, onun tamamlamasını tələb edir.
Qloballaşma şəraitində daxili prosesləri daha stabil edə bilmək üçün mütləq xarici proseslər də diqqətlə öyrənilməli, proqnozlaşdırılmalı, nəzərə alınmalıdır. Qloballaşma elə bir həddə gəlib çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslərin transformasiyası hər bir ölkənin taleyinə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə planetar düşüncəyə malik olan, yerli məsələləri də beynəlxalq miqyaslı dəyişikliklər kontekstində, ümumi tendensiyaları nəzərə almaqla həll edən, lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən çıxış edən liderlərə ehtiyac yaranmışdır. Söhbət yalnız hansı isə xalqın, millətin deyil, bütövlükdə bəşəriyyətin ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli və şərəfli missiyanı üzərinə götürə biləcək dövlət başçıları çox azdır. Hətta dövlətin böyüklüyü və iqtisadi qüdrəti də burada əsas rol oynamır.
İndi zaman başqadır. Təbii resursların tükənməsi hansı isə konkret ölkələr çərçivəsində deyil, bütövlükdə dünya miqyasında problemə çevrilir. Kimdə isə bir az tez, kimdə isə bir az gec. Əsas olan odur ki, daha etibarlı və daha uzunömürlü ehtiyatların üzə çıxarılması istiqamətində işlər görülsün. Və bu məsələdə gecikmək olmaz. Qloballaşma da sadəcə transmilli şirkətlərin fəaliyyət dairəsinin genişlənməsi, iri maliyyə maqnatlarının və sindikatların asılı ölkələrin iqtisadiyyatına müdaxiləsi, planetar miqyas alan ekoloji problemlərin çözülməsi istiqamətində birgə səylər, mədəniyyətlərin transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə daha çox dərəcədə ideoloji və siyasi çalarlar kəsb edir.
İndi bəşəriyyətin taleyi planetar düşüncəli siyasi liderlərin varlığından və fəaliyyətindən daha çox asılı olmuşdur.
Lakin dünyada gedən proseslərin ümumi qanunauyğunluqlarının aşkar edilməsi, bu proseslərə fəal və məqsədyönlü müdaxilə üçün təməl yaradılması dünyanın dərki prosesindən başlayır. Yəni təkcə öz ölkəsində deyil, bütün dünya miqyasında baş verən keyfiyyət dəyişmələrinin vaxtında nəzərə alınması ancaq sosial-siyasi, ictimai-iqtisadi və mədəni-ideoloji ekstrapolyasiya sayəsində mümkündür. XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab idisə, müasir mərhələdə fəlsəfə və sosial-siyasi elmlərin proqnozlaşdırma funksiyasının paradiqmanın əvəzlənməsi prosesində (biz bilərəkdən "inqilab" sözünü işlətmirik) iştirak dərəcəsi önəmli rol oynayacaqdır. Bu isə ictimai elmlərin yüksək dərəcədə mobilizasiyasını tələb edir. Ona görə də, yeni dövrdə siyasi liderin də ən mühüm keyfiyyətlərindən biri bütün intellektual yükü öz üzərinə götürməyərək, bütövlükdə cəmiyyətin, xalqın elmi-intellektual potensialının məqsədəuyğun surətdə yönəldilməsinə nail olmaqdır.
Hər bir xalqın bu və ya digər dərəcədə intellektual resursları vardır. Lakin onun realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla, çox böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb edir. Kasıb ölkələrdə maariflənmənin, təhsilin və nəhayət, elmi fəaliyyətin yüksək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən yaxşı halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və hazırda intellektual inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrdən bir o qədər də geridə qalmır. Lakin səviyyə yüksəldikcə, yuxarıya qalxmağın çətinlikləri və məsrəfləri də artır. Ölkəmiz indi kifayət qədər yüksək maliyyə resurslarına malikdir. Gələcəyimiz bu resursların necə yönəldilməsindən asılıdır. Təsadüfi deyil ki, neft ölkələri üçün səciyyəvi olan iki fərqli situasiya: Norveç modeli və Nigeriya aqibəti simvolik məna kəsb etmişdir. Üstəlik, yeni iqtisadi modellə mədəni-mənəvi inkişaf kursunun uyğunlaşdırılması problemi ortaya çıxır.
Prezident İlham Əliyev xarici dilləri, Qərbin siyasi texnologiyalarını və Avropa mədəniyyətini yüksək dərəcədə mənimsəmiş bir şəxs olmaqla bərabər, həm də milli ruhun dövlətçilik üçün necə böyük önəm daşıdığını nəzərə alaraq, milli-mədəni dəyərlərin prioritetliyini önə çəkir.
Qərblə yarışa girə bilmək, onları heç olmazsa müəyyən məsələlərdə qabaqlamaq üçün yeganə yol özümüzün üstün cəhətlərimizə istinad etməkdir. Yəni söhbət Şərq və Qərb dəyərlərinin inteqrasiyasından gedir. Azərbaycan həm coğrafi mövqeyinə görə Şərq ilə Qərbin qovşağında yerləşir, həm də inkişaf səviyyəsinə və malik olduğu inteqrativ dəyərlər sisteminə görə bu iki fərqli sivilizasiyanın əlaqələndirilməsi və uzlaşdırılması sahəsində aparıcı rol oynayır.
Ölkəmiz, bir tərəfdən, təbii sərvətlərin, neft və qaz məhsullarının Avropaya daşınmasında tranzit bir ölkə kimi çıxış edir, digər tərəfdən də, ictimai-siyasi dəyərlərin, demokratiya və hüquqi dövlətçilik ənənələrinin, habelə elmi və texnoloji ideyaların, müasir texnika və avadanlıqların Qərbdən Şərqə transformasiyasında mühüm rol oynayır. Bir ara biz bu üstünlüyümüzü yetərincə dəyərləndirmək mövqeyi tuturduq. Yaxın keçmişdə, hələ 2005-ci ildə Hava limanı Yük terminalının açılışında Prezidentimiz belə demişdi: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayıb və hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir." 2006-cı ildə yenə də Azərbaycanın Asiya ilə Avropanı birləşdirən körpü olması fikri vurğulanır. Amma bundan cəmi iki il sonra ölkəmizin yüksək iqtisadi inkişaf tempi eyni hadisəyə bir qədər fərqli mövqedən yanaşmaq imkanı verir.
Prezident İlham Əliyevin fikrinə görə, indi daha biz, sadəcə, tranzit ölkə statusunda çıxış etmək, əlaqələndirici rolunu oynamaqla kifayətlənə bilmərik. Azərbaycan indi elə bir inkişaf səviyyəsinə qalxmışdır ki, Şərq ilə Qərb arasında körpü funksiyası onu qane etmir. Çünki biz indi öz ölkəmizin timsalında bu iki sivilizasiyanın sintezindən yaranan və daha optimal, rəqabətə daha davamlı, məhz yeni dövrün ruhunu təcəssüm etdirən daha zəngin cəmiyyət quruculuğunun nümunəsini veririk. Məzmununa görə inteqrativ və sintetik olmaqla yanaşı, tolerantlığın bir çox yeni aspektlərdə də bərqərar olması ölkəmizə həm Qərb, həm də Şərq ölkələri ilə müqayisədə bir sıra üstünlüklər verir.
İndi Azərbaycan dini tolerantlıq baxımından da bütün dünya ölkələri üçün bir nümunəyə çevrilmişdir. Bunun bir səbəbi milli mentalitetlə əlaqəlidirsə, digər səbəbi dövlət başçısının qətiyyətli mövqeyi ilə bağlıdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının II Qurultayında bu məsələyə münasibətini belə bildirmişdir ki, Azərbaycanda "müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə də dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir". Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş, müxtəlif ölkələrin böyük din xadimləri ilə yanaşı, tədqiqatçılar və xarici mətbuat da birgəyaşayışın bu yüksək təzahürünə dəfələrlə öz heyranlıqlarını bildirmişlər. Lakin bu fakt əslində, daha böyük miqyaslı bir ideoloji xəttin təzahürlərindən ancaq biridir.
Prezident İlham Əliyevin dövlət başçısı kimi qətiyyətli mövqeyi və işə peşəkar münasibəti xarici siyasət sahəsində də özünü göstərir. İndi ölkəmiz həm regional, həm də qlobal proseslərin fəal subyektlərindən birinə çevrilmişdir. Bir tərəfdən, ABŞ və Avropa ölkələri ilə, digər tərəfdən də, İslam ölkələri ilə sıx əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynamasını, mərkəzçi mövqeyini daha da möhkəmləndirir, əlaqələndiricilik missiyasını qaçılmaz edir. Azərbaycan eyni zamanda Şimalla Cənub arasında münasibətlərin mərkəzində dayanır. Həm Rusiya ilə, həm də Türkiyə və İranla iqtisadi əlaqələr getdikcə genişlənir. İndi Azərbaycan nəinki bölgənin, hətta bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Siyasi balans naminə MDB-nin üzvü olaraq qalmaqla yanaşı, bir çox alternativ beynəlxalq qurumların da üzvü olmaq ölkəmizə öz siyasi iradəsini daha rahat ifadə etmək imkanı verir. Ölkəmiz Türk dövlətləri birliyində, İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal bir mövqe tutmaqla bu təşkilatların daha dinamik fəaliyyətinə müsbət təsir göstərir. Bir sıra Qərb ölkələrində islama qarşı formalaşmış neqativ münasibətə, islamı radikal siyasət və terrorla əlaqələndirmək cəhdlərinə baxmayaraq, Azərbaycan kimi mütərəqqi bir ölkənin İslam dünyasına yeni bir qüvvə kimi daxil olması, apardığı məqsədyönlü siyasət və nümayiş etdirdiyi yüksək tolerantlıq islam haqqında yanlış təsəvvürlərin də dəyişilməsində mühüm rol oynayır. Bu sırada Bakının "İslam mədəniyyətinin paytaxtı" qismində göstərdiyi fəallıq bir çox ölkələr üçün gözəl nümunə oldu.
Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin artması Dağlıq Qarabağ probleminin müzakirələrində də sözümüzün daha kəsərli olmasına imkan yaradır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini qətiyyətlə müdafiə edir və ölkəmizin hərbi büdcəsini və ordunun maddi-texniki bazasını ildən-ilə daha da möhkəmləndirməklə bu məsələdə güzəştə getmək niyyətimizin olmadığını nümayiş etdirir.
Ruhun sağlamlığı təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər ilk növbədə məktəblərdə, təhsil strategıyasında nəzərə alınmalıdır. Son dövrlərdə Azərbaycanda məktəblərə diqqətin artması da bu baxımdan qanunauyğun görünür. Hələ ötən əsrin 90-cı illərində İlham Əliyevin rəhbərliyi ilə başlamış Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman komplekslərinin tikilməsi işi indi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi, mədəni-mənəvi dəyərlərimizin qorunub-saxlanması və canlandırılması işi ilə davam etdirilir ki, bu da lsağlam bədən" üçün görülən işlərin "sağlam ruh" üçün görülən işlərlə tamamlanması deməkdir.
"Sağlam bədən" də, "sağlam ruh" da əslində insan potensialının realizasiyasına xidmət edən ilkin amillərdir. Mənəviyyat məsələsinin son vaxtlarda xüsusilə aktuallaşması və milli-mənəvi özünüdərkin, ictimai elmlərin, fəlsəfi təfəkkürün diqqət mərkəzinə çəkilməsi heç də təsadüfi deyildir. AzTV nəzdində ayrıca "Mədəniyyət" kanalının açılması və uğurlu fəaliyyəti də bu məqsədə xidmət edir.
İlham Əliyev BDU-nun yeni korpusunun açılışındakı çıxışında demişdir: "Bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik". "İnsan kapitalı" isə "intellektual kapitala" nisbətən daha geniş anlayışdır. Onun açılışını qısaca belə ifadə etmək olar: insan kapitalı = fiziki sağlamlıq + intellektual inkişaf + milli-mənəvi ruh. Bax, bu sonuncu komponentin xüsusi vurğulanmasına biz Prezident İlham Əliyevin çıxışlarında indi daha tez-tez rast gəlirik.
BDU-nun 90 illik yubiley mərasimində İlham Əliyev məhz bu amili önə çəkdi: "Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün qloballaşan dünyada, bəlkə də, buna daha da çox diqqət verilməlidir".
Prezident gəncləri xəbərdar edir və onları xaricdən gələn yabançı dəyərlərin zahiri cazibəsinə uymamağa, milli varlığımızın mühafizə olunması naminə ayıq-sayıqlığa dəvət edir: "Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir".
Əlamətdar haldır ki, son illərdə elm, təhsil və təsərrüfat sahələrinin kompüterləşməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı heç də təkcə kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində həyata keçirilir. Bütün bunlar Azərbaycanın heç də yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını və elm tutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir.
Azərbaycan hökumətinin strukturundakı dəyişikliklər, xüsusən Rabitə nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə çevrilməsi, Sənaye və Energetika nazirliyi, Hərbi Sənaye Nazirliyinin yaradılması da müvafiq sahələrdə elmin xüsusi çəkisinin artırılması zərurətindən, bu sahədə uzun müddətli planlardan xəbər verir. Milli Elmlər Akademiyasında aparılması nəzərdə tutulan islahatlar da, universitetlərdə elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tapşırıqlar da, bu yaxınlarda yaradılan və artıq səmərəli fəaliyyəti ilə diqqəti cəlb edən Elmin İnkişaf Fondu da bilavasitə bu məqsədə xidmət edir.
Prezident İlham Əliyevin dönə-dönə elm və təhsil məsələlərinə toxunması və bu sahələrin dövlət siyasətində prioritetliyini vurğulaması təsadüfi deyildir. İqtisadi sahədə keçid mərhələsinin başa vurulması və dünyanın qabaqcıl ölkələri ilə eyni start xəttinə çıxılması həmin ölkələrin qabaqcıl və güclü olmasını təmin edən əsas amillərin də mənimsənilməsini tələb edir.
Qərb dünyası nəyə nail olubsa, ilk növbədə elmi-texniki yaradıcılıq sayəsində nail olubdur. Əgər biz onlarla yarışa girmək istəyiriksə, deməli, qarşımızda duran əsas vəzifələrdən biri elm və təhsil sisteminin yeniləşdirilməsi olmalıdır. Lakin söhbət təkcə dövlət qayğısından getmir. Çünki dövlət öz strateci kursunu artıq müəyyən etmiş və bu sahələrin maddi-texniki təchizatı istiqamətində böyük işlər görülməsinə başlamışdır. Prezident İlham Əliyevin öz dediyi kimi, "son altı il ərzində Azərbaycanda 1800 yeni məktəb tikilibdir. Yüzlərlə məktəbdə yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi göstərir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir".
Lakin bu, işin ancaq başlanğıcıdır. Yeni binalar tikilməsi və maddi-texniki təchizat dövlət qayğısının ifadəsidir. İnsan kapitalını inkişaf etdirmək istəyən dövlət rəhbərliyi fəlsəfi tədqiqatların və ictimai elmlərin yeni şəraitdə ictimai gerçəkliyin elmi təhlili və proqnozlaşdırılması istiqamətində səfərbər edir. Həm də bu, sadəcə bir istək deyil; ölkəmizin yüksəlmiş olduğu yeni inkişaf mərhələsinin elmi surətdə dəyərləndirilməsi ilə yanaşı, bütün dünyada gedən böyük proseslərin, paradiqmaların əvəzlənməsinin mahiyyətinin açılması lazımdır. Bu gün kim həm özünü, həm də dünyanı daha yaxşı dərk edirsə, gələcək də onundur. Milli fəlsəfi fikir və ictimai elmlər qarşısında duran ən mühüm vəzifə də ideala xidmət etməkdir.
Azərbaycan iqtisadi inkişaf sahəsindəki uğurlarına və dövlət başçısının yeni ictimai paradiqmanı vaxtında mənimsəmək və milli intellektual potensial zəminində ölkəmizi lider ölkələr sırasına çıxarmaq əzminə güvənərək elm və təhsil sahəsindəki quruculuq işlərini də ən yeni dövrün və milli ruhun tələblərinə uyğun surətdə qura bilər. Bizcə, Prezidentin ölkəmizdə və dünyada gedən ictimai proseslərin daha dərindən öyrənilməsi məqsədilə ictimai elmlərin bütün potensialının səfərbər olunması barədə verdiyi tapşırıqlar da məhz bu ehtiyacdan irəli gəlir.
Əlbəttə, "intellektual kapital" ideyası özlüyündə bir yenilik deyil, çünki Qərbdə xeyli vaxtdır ki, hallandırılmaqdadır. Amma burada fərqli bir məqam var. Qərbdə bu ideya alimlər tərəfindən irəli sürülür və onun hər hansı bir dövlətin strateci xəttinə çevrilməsi üçün siyasi iradə də lazımdır. Yəni ideya əvvəlcə cəmiyyətdə formalaşır və realizasiya şansı qazanmaq üçün ictimai-siyasi təbəddülatlarla dolu uzun bir yol keçməli olur. Elmi ideyaların, xalqın istək və arzularının, potensial imkanlarının, fəaliyyət əzminin siyasi liderin fəaliyyət proqramı ilə üst-üstə düşməsi heç də asanlıqla əldə olunmur.
Bu gün bütün dünya iqtisadiyyatı ilə bərabər, dünya ictimai sistemi də, sanki, bir böhran keçirir. İndi hətta dünyanın sonu haqqında filmlər də çəkilir. Düzdür, Avropada Qərb ruhunun tükənməsi, onun süqutu, tənəzzülü haqqında söhbətlər çoxdandır ki, başlanmışdır. Lakin bunu yazanlar daha böyük miqyaslı proseslərdən çıxış edən filosoflardır. Həmin ölkələrdə yaşayanların heç də hamısı getdikləri yolun haraya aparıb çıxaracağını təsəvvür etmir. Əhali bu təlaşı, qorxu hissini daha çox dərəcədə iqtisadi böhranlar zamanı yaşayır. Həm də bu hadisələr zamanı kimi isə təsirləndirmək də çox çətin olur. Çünki, belə böhranlar, adətən, qloballaşan dünyanın dərinliklərindən gəlir. Və hamı "palaza bürünüb elnən sürünməli olur." İndi ekoloji böhranlar, kütləvi xəstəliklər, kütləvi qırğın silahlarının qlobal vahiməsi, zəncirvarı müharibə təhlükələri və s. getdikcə artır.
İndi demək olar ki, hər şey qloballaşır. Qloballaşma
KİV və internet vasitəsilə artıq mənəviyyat
sferasına da müdaxilə edir və bu sahədəki
virusların da dərmanını tapmaq asan deyil. Yəni, qloballaşma şəraitində hər bir
ölkənin dərd-səri özünə bəs
deyilmiş kimi, başqalarının da qurbanına
çevrilmək təhlükəsi yaranır. Dərdlər qloballaşır. Deməli,
daha hər kəs təkcə özünü qorumaq, milli
maraqlardan çıxış etməklə məhdudlaşa
bilməz. Jan-Pol Sartr deyirdi ki, hər bir
insan bütün dünyadakı günahlara görə məsuliyyət
hissi keçirməlidir. İndiki dövrdə
isə təkcə mənəvi məsuliyyət və ya
günahkarlıq hissi bəs eləmir. İndi
qlobal təhlükələr insanların həyatını
bilavasitə təhdid edir.
Son onilliklərdə dünyada gedən proseslərin
sürəti o dərəcədə artmışdır ki,
indi ənənəvi normativlər dünyanın tənzimlənməsi
üçün yetərli görünmür. Bəli,
artıq yeni normaların formalaşdırılmasına ehtiyac
yaranır, paradiqmalar dəyişir. Yeni
dövrün ruhunu ifadə edən yeni ideyalar, idarəetmə
sistemləri, milli ilə qlobalın yeni
qarşılıqlı münasibət formulu harada, hansı
siyasi lider tərəfindən irəli sürülürsə
və həyata keçirilirsə, bütün bəşəriyyətin
nəzərləri də təmsil etdiyi dövlətin
miqyasından asılı olmayaraq, belə liderlərə
yönəlir. İndi o dövlət rəhbərləri
bütün dünya miqyasında sayılıb-seçilir ki,
onlar ən azı öz xalqlarını böhranlardan və
qlobal təbəddülatlardan xilas edə bilir.
İndi
böyük dövlətlərin başçıları da,
böyük siyasi təcrübəyə malik siyasi liderlər
də yeni iqtisadi münasibətlər sisteminə təzə
qoşulan Azərbaycan dövlətinin inkişaf tempinə və
iqtisadi uğurlarına təəccüblənməyə
bilmir, dünya praktikasında misli olmayan bu uğurları yeni
iqtisadi model və yeni siyasi rəhbərlik metodlarından kənarda
izah etməyə çətinlik çəkirlər.
"Maddi
kapitalın insan kapitalına çevrilməsi" planı
da, şəxsi liderlik keyfiyyətlərinin
bütövlükdə xalqa və ölkəyə transfer
edilməsi və öz ölkəsini "lider ölkəyə"
çevirmək istəyi də şəxsiyyətin
miqyasından və daha böyük quruculuq əzmindən xəbər
verir.
Xalq qəzeti.- 2011.- 24 dekabr.- S.
7-8.