Aləmdə səsi qalan Əzizə xanım

 

Görkəmli yazıçı, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, ictimai xadim Əzizə Cəfərzadənin XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır. O, Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, elimizin adət-ənənələrinin yaşadılması naminə altmış ildən artıq bir dövr ərzində yorulmadan yazıb-yaratmış, çoxsaylı əsərləri ilə nəsrimizin inkişafına qiymətli töhfələr vermişdir. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, keçmişimizdə böyük iz qoymuş şəxsiyyətlərin parlaq simaları Əzizə xanımın həmişə diqqət mərkəzində dayanırdı.

 

Tariximizin müxtəlif mərhələlərinin bədii mənzərələrini yaradan bu əsərlərlə yanaşı, yazıçısının müasir gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən daim rəğbətlə qarşılanmışdır.

Ə.Cəfərzadə ədəbi fəaliyyətə çox gənc ikən, 16 yaşından başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap etdirmişdir.

O, 1946-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. "Hekayələr" adlı ilk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə müəllif "Axmatovşinalıq"da günahlandırılaraq kitab satışa çıxmamışdan əvvəl qadağan edilib yandırılmışdır. Əzizə xanımın əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsri tarixində bu janrı yenidən həyata qaytarmışdır. Müəllifin "Natəvan haqqında hekayələr" (1963), "Aləmdə səsim var mənim" (1973-1978), "Vətənə qayıt" (1977), "Yad et məni" (1980), "Bakı-1501" (1981), "Cəlaliyyə" (1983), "Ağlar-güləyən Sabir" (1989), "Eldən-elə" (1992), "Bir səsin faciəsi" (1995), "Zərrintac-Tahirə" (1996), "İşığa doğru" (1998), "Bəla" (2001), "Rübabə-sultanım" (2001), "Xəzərin göz yaşları" (2003), "Eşq sultanım" (2003) kimi roman və povestləri əsl sənət nümunəsidir.

Yazıçının "Sahibsiz ev", "Əllərini mənə ver", "Sənsən ümidim", "Xəyalım mənim" kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür.

Onun uşaqlar üçün yazdığı "Qızımın hekayələri", "Anamın nağılları", "Çiçəklərim", "Pişik dili"və s. hekayə və nağılları da oxucular tərəfindən maraqla qarşılanmışdır.

Əzizə Cəfərzadə eyni zamanda, bir tədqiqatçı alim kimi də Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun elmi tədqiqatları ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərləri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevrilmişdir. O, tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə", "Könül çırpıntıları", iki cilddən ibarət "Azərbaycanın aşıq və şair qadınları", "Şirvanın üç şairi", Abdulla Padarlının "Seçilmiş əsərləri", "Hər budaqdan bir yarpaq" daxildir. Onun toplayıb çap etdirdiyi bir çox əsərlərin əsas hissəsini ana və qadın yaradıcılığı təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu əsərlərlə yanaşı, onun yüzlərlə oçerk, elmi-tədqiqat və püblisistik məqalələri dövri mətbuatda çap edilmişdir. O, "Natəvan" adlı kinossenari, çoxlu sayda radio-televiziya pyeslərini, xatirat və saysız-hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi. Təsadüfi deyildir ki, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı başqa yazıları, televiziyaradioda çıxışları onu xalqın sevimlisi etmişdir.

Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Şokumun "Bizim diyar", Ə.Kabaklının "Əjdaha daşı", S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A.Lixanovun "Mənim generalım" və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun öz əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, ərəb, qazaxs. dillərə tərcümə edilərək xarici ölkələrdə nəşr edilmişdir.

Əzizə xanım həm də şərəfli, qayğıkeş bir müəllim ömrü yaşamışdır. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1947-ci ildən isə indiki Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. Burada filologiya elminin sirlərini gənclərə həvəslə öyrətmişdir. O, "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

O, fasiləsiz olaraq televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və s. çoxsaylı proqramların müəllifi və aparıcısı olmuşdur. Bununla yanaşı, radioda uzun illər Cənubi Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının iştirakçısı kimi bu verilişlərdə ədəbi irsimizi təbliğ etmişdir.

Əzizə Cəfərzadə 1981-1989-cu illərdə respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışmışdır. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmişdir. Eyni zamanda, o, həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə Udulu kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Əzizə xanım Azərbaycanın müstəqilliyinin qorunmasında və erməni təcavüzünə qarşı hərəkatda daim öndə olan fəal bir vətəndaş olmuşdur. O, əsl azərbaycanlı kimi həmişə xalqın xeyir və şərində onunla birgə olmuşdur. Onu bütün xalq bir Azərbaycan anası kimi sevir və hörmət edirdi. Bu sevimli ana "mənim partiyam-mənim millətimdir" sözlərini tez-tez təkrarlayar və Azərbaycan xalqını milli birliyə çağırardı.

Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri adlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Bütün bunlarla bərabər Əzizə xanımın ən böyük mükafatı xalqın ona olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o, 2001-ci ildə "Azərbaycan anası" və "Xalq yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür. Elə bu münasibətlə həmin il "Azərbaycan müəllimi" qəzetinin şöbə müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şamxəlil Məmmədov "Aləmdə səsi olan insan" adlı publisistik məqaləsində yazmışdır:

"...Şairdir ana, sözü-söhbəti ilə. Nəğməkardır ana, dürlü-dürlü laylaları ilə. Dünyanın ən böyük rəssamıdır ana, əllərinin xalıda, xalçada açdığı naxışları ilə. Həyatda ilk əbədi, humanist bir varlıqdır ana, yuxusuz gecələri, qiyməti olmayan yaz ətirli nəvazişi ilə... Belə qadınlardan biridir Əzizə Cəfərzadə...".

Bəli, belə idi Azərbaycan anası Əzizə Cəfərzadə. O, 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində haqqın dərgahına qovuşmuş vəsiyyətinə əsasən Udulu kəndində valideynləri qohumları ilə bir məzarlıqda dəfn olunmuşdur.

Bu il dekabrın 29-da xalq yazıçısı, müəllim alim Əzizə Cəfərzadənin 90 illik yubileyi tamam olur. Bu münasibətlə keçiriləcək silsilə tədbirlərə hazırlıq görülür. Görkəmli yazıçı ədəbiyyatşünas, əsl vətəndaş qayğıkeş insan olan Əzizə xanımın işıqlı xatirəsi, onu sevənlərin qəlbində zaman-zaman yaşayacaqdır.

 

Zaur-Fateh İBRAHİMOV, Qobustan rayonu Ərəbqədim kənd orta məktəbinin direktor müavini, yazıçı-publisist

 

Xalq qəzeti.- 2011.- 25 dekabr.- S. 8.