Örnək ömür sahibi

 

Xalqımızın ulu öndəri, ümummilli lider Heydər Əliyev həkimlərin nəcib və gərəkli əməyinə qiymət verərkən demişdir: "Həkimlik sənəti dövri-qədimdən şərəfli sənət olmuşdur, hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada elə bir sənət tapa bilməzsən ki, o, həkimlik kimi hər bir insana lazım olsun".

 

Anadan olmasının 100 illiyi tamam olan görkəmli tibb mütəxəssisi, respublikanın əməkdar həkimi, tibb xidməti polkovniki Baxış Həsən oğlu Qəhrəmanovun da adı, heç şübhəsiz, ömrünü təbabətin inkişafına həsr etmiş fədakar adamların siyahısında özünəməxsus yer tutur.

B.Qəhrəmanov 1911-ci il dekabrın 25-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərindəki orta məktəbdə başa vurmuşdu. Məktəbi əla qiymətlərlə bitirdiyinə görə gənc məzunu elə həmin məktəbdə müəllim saxlamışdılar.

O illər respublikanın aran rayonlarında tüğyan edən malyariya xəstəliyi və onun fəsadları artıq müəllim kimi püxtələşmiş Baxışı həyat yolunu dəyişməyə vadar etmişdi. Onun qəlbində həkim olmaq, adamları bu müdhiş bəlanın caynağından xilas etmək arzusu və həvəsi oyanmışdı.

1936-cı ildə Bakıya gəlir və sənədlərini Tibb İnstitutuna verir. Tale elə gətirir ki, bu vaxt onun qarşısına ilk çıxan elə institutun rektoru, sonralar məşhur alim, partiya və dövlət xadimi Əziz Əliyev olur. Bu görüş B.Qəhrəmanovun həyatında çox böyük rol oynayır. O, sonralar, tibb institutunda oxuduğu illəri əhatə edən "Xatirələr" kitabında Əziz müəllimin hər bir tələbəyə necə böyük və səmimi qayğı ilə yanaşdığını hərarətlə təsvir etmişdir.

1941-ci ilin qızmar yay günlərində artıq müalicə-profilaktika fakültəsinin son kurs tələbəsi B.Qəhrəmanov tələbə dostları ilə birlikdə buraxılış imtahanlarını uğurla verib diplomlu həkim kimi müharibəyə könüllü yollanır. Onun döyüş yolu Cənub-Qərb cəbhəsindən başlayır, strateji mövqelərdə durmuş artilleriya alayının kiçik hərbi həkimi təyin edilir. Ukraynanın paytaxtı Kiyevin müdafiəsi uğurunda gedən amansız çarpışmalarda ilk döyüş sınağından uğurla çıxan və bacarıqlı həkim, hərbi səhra şəraitində yaralılara tibbi xildmətin mahir təşkilatçısı kimi komandanlığın nəzərini cəlb edən Baxış Qəhrəmanov alayın böyük həkimi təyin edilir. Paqonlarda ulduzların sayı sürətlə artmağa başlayır, hərbi rütbəsi get-gedə yüksəlir.

Böyük Vətən müharibəsini xidmət etdiyi artilleriya alayının tərkibində mayor rütbəsində qələbə ilə başa vuran Baxış Qəhrəmanov ordudan tərxis edildikdən sonra Vətənə dönür və Azərbaycan Dövlət Tibb İnstitutuna işə göndərilir. Ona hərbi kafedraya başçılıq etmək vəzifəsi tapşırılır. Döyüş formasını xalatla dəyişən Baxış müəllim də yeni vəzifəsinin icrasına bir əsgər intizamı ilə başlayır. Azərbaycan SSR-nin baş toksikoloqu təyin edilir. O, respublika elmi-toksikologiya cəmiyyətinin təşkilatçısı və ilk sədri olmuşdur.

1953-cü ildə B.Qəhrəmanova tibb xidməti podpolkovniki rütbəsi verilir və SSRİ Hərbi-Tibb Akademiyası nəzdində ali akademik kurslara göndərilir. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra artıq polkovnik rütbəsində doğma instituta qayıdır, fəal pedaqoji və elmi-tədqiqat işini davam etdirir. Müdafiə əhəmiyyətli çox vacib və səmərəli elmi-tədqiqat işinin uğurlu nəticələrinə görə 1958-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona tibb elmləri namizədi alimlik dərəcəsi, az sonra dosent rütbəsi verilir. Polkovnik Baxış Qəhrəmanov ölkəmizdə tibb elminin və səhiyyənin inkişaf etdirilməsində fəal xidmətlərinə görə 1968-ci ildə Azərbaycanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür.

Baxış müəllim uzaqgörənliklə hələ 1969-cu ildə respublikamızın ali təhsil müəssisələrində mülki müdafiə kursları yaradılmasının təşəbbüskarı və təşkilatçılarından biri olmuşdur. Elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun hərbi kafedrası bazasında mülki müdafiə kursu yaradılımış və o, həmin kursun rəisi təyin edilmişdir. Baxış Qəhrəmanov müxtəlif illərdə nəşr edilmiş, lakin əhəmiyyətini bu gün də itirməyən 50-dən çox elmi işin, eləcə də məzmunu ilə seçilən bir neçə monoqrafiyanın müəllifidir. Onun ali məktəb tələbələri üçün mülki müdafiə və toksikologiya sahəisndə ilk dəfə Azərbaycan dilində yazdığı 3 orijinal dərslik nəşr edilmişdir.

Baxış Qəhrəmanov həm də elmi-kütləvi biliklərin yorulmaz təbliğatçısı, mahir publisist idi. Onun "Doktor Nərimanov" kitabı xalqımızın tarixi yaddaşında müstəsna yer tutan Nəriman Nərimanovun həkimlik fəaliyyətinin bütün cəhətlərini ilk dəfə geniş əks etdirən etibarlı mənbədir. "Xatirələr" kitabı müəllifin özünün şahidi olduğu çox maraqlı, ibrətamiz həyat hadisələri ilə zəngindir. "Doktor Şamama" kitabı Azərbaycanda ən nümunəvi doğum evinin baş həkimi, Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın şəfqət dolu həyat və fəaliyyətinə həsr edilmişdir. O, Baxış Çıraqlı təxəllüsü ilə gözəl şeirlər yazırdı. Bir neçə poetik toplusu nəşr edilmişdir.

Baxış müəllimin bütün varlığı, mənəviyyatı, sanki hərbi-vətənpərvərlik ruhu ilə yoğrulmuşdu. O, gənclərlə bu mövzuda söhbət etməkdən yorulmazdı. Böyük Vətən müharibəsi iştirakçıları Bakı bölməsinin rəyasət heyətinin üzvü, müharibə iştirakçıları Bakı ictimai şurasının və Azərbaycan Dövlət Tibb İnstitutunun müharibə və əmək veteranları şurasının sədri idi. Onun Vətən qarşısında xidmətləri - döyüş, şücaət və əmək fəaliyyəti yüksək qiymətləndirilmiş, müharibə və əmək veteranı birinci dərəcəli Vətən müharibəsi və Qırmızı Ulduz ordenləri ilə, iki dəfə Döyüş şöhrəti ordeni ilə, Əmək igidliyinə görə və 20-yə qədər digər medallarla, bir çox Fəxri fərman və nişanlarla təltif olunmuşdur.

Baxış Qəhrəmanov 1995-ci il avqustun 28-də vəfat etmişdir. Ömrünün mənasını Vətənə, xalqa şərəflə, sədaqətlə xidmətdə görən belə insanlar həmişə gənc nəslə örnək olaraq qalacaqlar.

 

Nijad MİKAYILZADƏ, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti

 

 

Xalq qəzeti.- 2011.- 25 dekabr.- S. 8.