Ordumuz 2012-ci ilə yüksək döyüş hazırlığı ilə qədəm qoyur

 

Müasir Azərbaycan ordusunun qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişindən dərhal sonra qısa müddətdə ordunun əsas prioritetləri müəyyənləşdirildi və bu işin hüquqi-elmi əsaslar üzərində həyata keçirilməsi əsas vəzifəyə çevrildi. Onun müxtəlif vaxtlarda xalqa tarixi müraciətləri və bu müraciətlərdə hamını birləşməyə çağırması, ən əsası isə vahid komandanlıq prinsipinin tətbiqində milli maraqlardan çıxış etməsi Azərbaycan cəmiyyətinin orduya olan inamını özünə qaytardı, hərbi vətənpərvərlik tərbiyəsini yenidən dirçəltdi. O dövr üçün ordunun ən böyük problemi sayılan kadr çatışmazlığının dövlət səviyyəsində qabardılması və MDB məkanında, müxtəlif hərbi hissələrdə xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması üçün konkret tədbirlərin həyata keçirilməsi qısa zaman kəsiyində bəhrəsini verdi. Ən ümdəsi isə mövcud boşluqları doldurmaq məqsədilə aparılan ciddi islahatlar nəticəsində Azərbaycanın hərbi təhsil sistemi əsaslı şəkildə təkmilləşdirildi.

 

Müasir hərbi təhsil ocaqlarımız

Hələ ümummilli liderimizin şəxsi təşəbbüsü və fədakarlığı sayəsində 1971-ci ildə yaradılan indiki Cəmşid Naxçıvanski adına hərbi lisey keçmiş SSRİ məkanında öz yüksək keyfiyyət göstəricilərilə daim öndə gedirseçilirdi. Sonradan C.Naxçıvanski adına hərbi liseyin filialı kimi Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan, 2004-cü ildən isə öz tarixinin yeni bir mərhələsinə qədəm qoyan Heydər Əliyev adına hərbi lisey də məhz ümummilli liderimizin ağır və səmərəli fəaliyyətinin bəhrəsidir. Bu gün hər iki təhsil ocağı ordumuzun kadr təminatında strateji rol oynayır. Silahlı Qüvvələrimizin kadr potensialının artırılmasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Təlim və Tədris Mərkəzinin üzərinə böyük məsuliyyət düşür. Ümummilli liderimizin strateji planlarının tərkib hissəsi kimi 1999-cu ildə yaradılan və az müddətdə ordunun peşəkar kadrlarla daha da gücləndirilməsi işinə töhfələr verən Hərbi Akademiya isə Silahlı Qüvvələr üçün peşəkar komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasında artıq ən elitar baza rolunu oynayır. Hərbi məktəblərimizdə 1997-ci ilin sentyabr ayından etibarən müasir qərb standartlarına uyğun yeni təhsil sisteminin tətbiq olunması ordunun kadr təminatının gücləndirilməsini təmin etmişdir. Hazırda yeni dövlət standartlarına uyğun olaraq burada təhsilin daha müasir və mütərəqqi formalarından istifadə olunur. Qrup dərslərindən başqa, ümumi praktikanın artırılması və təkmilləşdirilməsi üçün müasir informasiya texnologiyaları tətbiq edilir.

Hərbi məktəblərdə fəaliyyət göstərən müxtəlif kafedralar kompyuter sinifləri, fizikakimya laborotoriyaları, ixtisaslaşdırılmış hərbi siniflər əyani vasitələrlə tam təchiz olunub. Təlim-tədris ilinin semestr imtahanlarının test üsulu ilə keçirilməsi, sual bankındakı sualların məxfi saxlanılması, imtahan zamanı zala fənn müəllimlərinin deyil, qeyri mütəxəssis müəllimlərin nəzarətçi kimi təyin olunması obyektivlik prinsipinin qorunmasında və yalnız elmi biliklərin əsas meyar kimi götürülməsində önəmli rol oynayır.

Silahlı Qüvvələrimizin beynəlxalq əlaqələri

Beynəlxalq əməkdaşlıq ordumuzun əsas inkişaf prioritetlərindəndir. 1993-cü ildə Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramının çərçivə sənədini imzaladı. 1994-cü ilin mayında isə Şimali Atlantika Şurası nəzdində SNT proqramını qəbul etməklə Azərbaycan Respublikası ilə NATO arasında hərbi-strateji münasibətlərin əsası qoyuldu. 1996-cı ildə həmin ünvana növbəti səfəri zamanı Prezident Heydər Əliyev NATO-nun Baş katibi ilə görüşərək SNT proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq üzrə respublikamızın tələbat və potensialını müəyyənləşdirən prezentasiya sənədini təqdim etdi. Nəhayət, 14 noyabr 1997-ci il tarixdə ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissiyasının yaradılması etibarlı əməkdaşlığın əsasını qoydu və beynəlxalq əlaqələrin daha da işkişaf etdirilməsində həlledici rol oynadı. Bundan bir il sonra Azərbaycan tərəfi Şimali Atlantika Müqaviləsi iştirakçı dövlətləri və SNT proqramında iştirak edən digər dövlətlər arasında onların qüvvələrinin Statusu Haqqında Sazişi imzaladı və bu saziş 20 oktyabr 1999-cu il tarixdə ratifikasiya edildi. Hazırda Azərbaycan NATO ilə iki böyük proqram - Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi üzrə ciddi əlaqələr qurub.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda Azərbaycan Respublikasının sülhməramlı qüvvələrinin iştirakı ölkəmizlə NATO arasındakı əlaqələrin daim artan xətlə inkişafından xəbər verir. Xatırladaq ki, 1997-ci il tarixdə Silahlı Qüvvələrimizin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılmışdır. 1999-cu ildən 2008-ci ilin aprel ayınadək sülhməramlı taqımımız Kosovoda Sülhü Dəstəkləmə Əməliyyatında fəal iştirak etmişdir. Sülhməramlılarımızın 151 nəfərdən ibarət digər kontingenti isə 15 avqust 2003-cü il tarixdən 2008-ci ilin dekabr ayınadək İraqda sülhün bərpasına layiqli töhfələr vermişdir. Sülhməramlılarımızın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində Əfqanıstanda fəaliyyətə başlaması isə 20 noyabr 2002-ci il tarixə təsadüf edir. 2009-cu ildə Azərbaycan Milli Məclisinin Əfqanıstandakı sülhməramlı kontingentin daha iki dəfə artırılması barədə qərar qəbul etməsi NATO rəhbəriliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Sevindirici haldır ki, sülhməramlılarımız ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər.

Tibb xidməti

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində 6 mərtəbəli cərrahiyyə korpusunun istifadəyə verilməsi və burada Avropa istehsalı olan yüksək keyfiyyətli tibb avadanlıqlarının quraşdırılması, o cümlədən, 4 mərtəbəli inzibati binanın əsaslı təmiri hərbi səhiyyəmizin son illər əldə etdiyi uğurlardandır. Hazırda ərazidə inşa olunan 8 mərtəbəli müalicə korpusu və hamam-camaşırxana binası, ikinci elektrik yarımstansiyası və iki ədəd hərəsi 500 ton olmaqla su hovuzu müvafiq xidmət sahəsinin dinamik inkişafını şərtləndirən amillərdəndir. Hospitalda xüsusi təhlükəli infeksiyalar üçün nəzərdə tutulanxarici mütəxəssislərin nəzarəti altında inşa olunan laboratoriyanın isə analoqu yoxdur.

Həyata keçirilən əsas tədbirlərdən biriqarnizon poliklinikasının, sanitar-epidemioloji nəzarət və məhkəmə tibbi ekspertizapatoloji anatomiya mərkəzlərinin hospitalın tabeliyinə verilərək ərazidə yerləşdirilməsidir. Hazırda qarnizon hospitalının da hərbi tibb şəhərciyinə köçürülməsi üzrə ciddi işlər görülür.

Silahlı Qüvvələrimizin tibb xidməti sahəsində üç elmlər doktoru, 10-dan çox elmlər namizədi alimlik dərəcəsi almış ali ixtisaslı kadrlar şəxsi heyətin sağlamlığı keşiyində dayanır.

Dövlət qayğısı

Hərbçilərin sosial və məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin daha da gücləndirilməsi sahəsində dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər də ordu quruculuğu işinin əsas prioritet məsələlərindəndir. Bu qism insanların, demək olar ki, bütün təbəqələrini əhatə edən tədbirlərə misal olaraq ilk öncə Hərbi Xidmətkeçmə haqqında qanuna və əsasnaməyə edilən dəyişikliklər qeyd olunmalıdır. Bundan əlavə, 2006-cı ildən hərbi qulluqçuların sığorta məbləği də on dəfə artırımışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ilin iyul ayında Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarına edilən əlavələr və dəyişikliklər isə hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsini, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizinin müəyyən edilməsini nəzərdə tutur. 2008-ci ildə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyanın məbləği də iki dəfə artırılmışdır.

Ümumiyyətlə, son bir neçə il ərzində ölkə başçısının imzaladığı sərəncamlara əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, o cümlədən digər güc strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşları da dəfələrlə artırılmışdır.

2010-cu il iyunun 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat vəsait ayrılmışdır.

Hazırda Prezident İlham Əliyevin göstərişi ilə müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə inşa olunan 5 hərbi şəhərcik kompleksi, əsasən, istifadəyə tam hazırlanmışdır. Bölgələrdə geniş yaşayış sahəsinə malik onlarla xidməti mənzillərin orderləri isə gizir və zabitlərin ailələrinə paylanılmışdır. Hazırda Silahlı Qüvvələrimizin 43 hərbi hissə və şəhərciyində əsaslı tikinti və təmir-bərpa işləri uğurla davam etdirilir.

Döyüş hazırlığı

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hər il olduğu kimi, bu il də müxtəlif istiqamətlər üzrə keçirilən genişmiqyaslı komanda-qərargah təlimləri uğurlu nəticələrlə yadda qalmışdır. Şəxsi heyətin döyuş hazırlığınının və mənəvi-psixoloji səviyyəsinin yoxlanılmasını, qoşunların birgə fəaliyyətinin planlaşdırılması və praktiki olaraq həyata keçirilməsini özündə ehtiva edən bu kimi təlimlərin əsasən müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında reallaşdırılması hərbi qulluqçularda məsuliyyət hissini gücləndirməklə yanaşı, onların döyüş əzmini də yüksəltmişdir. Təsadüfi deyil ki, ordumuzun müxtəlif qoşun növlərinin cəlb olunduğu təlimlərin bütün mərhələlərində hərbçilərimiz peşəkarlıq nümayiş etdirmişlər. Taktiki döyüş tətbiqini əhatə edən genişmiqyaslı tədbirlərdə yüksək standartlara cavab verən və kifayət qədər böyük döyüş qabiliyyətinə malik hərbi texnikanın, modern radiolakasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin cəlb olunması isə yeni keyfiyyət göstəricilərini üzə çıxarmışdır. Artilleriya bölmələrinin şəxsi heyəti hədəflərə sərrast atəş açmış, döyüş təyyarə və vertolyotları yüksək pilotaj sərgiləmiş, tank və piyadaların döyüş maşını - heyətləri texnikaların manevr və atəş imkanlarından maksimum bəhrələnmişlər. Ümumiyyətlə, bu il iyunun 26-da keçirilən möhtəşəm hərbi parad da bir daha sübut etdi ki, silah-sursatın və hərbi texnikaların modernləşdirilməsi, hərbi qulluqçularımızın yerli və beynəlxalq əhəmiyyətli təlimlərdə fəal iştirakı, onların sosial müdafiəsinin gücləndirilməsi Silahlı Qüvvələrin döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunmasına rəvac vermişdir.

 

İbrahim RÜSTƏMOV, mayor, əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 25 dekabr.- S. 7.