Dövlət
Proqramının uğurlu icrası Azərbaycan
üzümçülüyünün əvvəlki
şöhrətini özünə qaytaracaq
Üzümçülük Azərbaycanda hələ qədim zamanlardan mövcud olmuşdur. Bu faydalı bitkinin digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə üstünlüyü hər hektar torpaq sahəsinə görə ən yüksək göstəriciyə malik olmasıdır.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman bilavasitə onun təşəbbüsü və rəhbərliyi sayəsində üzümçülük sürətlə inkişaf etmişdir. Dahi şəxsiyyətin şəxsi göstərişi ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu, həmçinin şərabçılıq sənayesinə mühəndis-texnoloq, mühəndis-mexanik kadrların hazırlanması məqsədilə 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutu yaradılmışdır.1969-cu ildə Azərbaycanda üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində 284 min hektar üzümlüklərdə 2 milyon 165 min ton üzüm yetişdirilmişdir. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, əhalinin rifahının yüksəlməsinə səbəb olmuşdur.
Lakin 1985-ci ildən başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan alkoqolizmə qarşı mübarizə kampaniyası çərçivəsində Azərbaycanda uzun illər min bir əziyyətlə yaradılmış üzüm bağları məhv edilərək ölkə iqtisadiyyatına ciddi ziyan vurulmuşdur.
Bu tendensiya ötən əsrin 90-cı illərinin əvvəllərinə kimi davam etmiş, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə üzümçülüyün inkişaf etdirilməsi üçün mütəmadi addımlar atılmış, müvafiq hüquqi baza yaradılmışdır. Belə ki, 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "2008- 2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" kimi mühüm sənədlərdə digər sahələrlə yanaşı, üzümçülüyün inkişafı üzrə də tədbirlər nəzərdə tutulmuşdur.
Qeyd edim ki, görülmüş işlər nəticəsində üzümçülüyə münasibət köklü surətdə dəyişmişdir. Sahibkarlar və fermerlər yeni-yeni torpaq sahələrində üzümlüklər salıb məhsul yetişdirməyə başladılar. Üzümlüklər haqqında Prezidentin hər bir sərəncamından sonra istehsalçılar qarşısında yeni yollar açılır, onlar müxtəlif maliyyə mənbələri əldə edirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" da bu qəbildən olan sənədlər kimi üzümçülüyün inkişafına böyük töhfələr verəcəkdir.
Əvvəlki üzümçülükdən fərqli olaraq, müasir üzümçülüyün xarakterik cəhəti ondan ibarətdir ki, hər bir sahibkar daha keyfiyyətli sortlar yetişdirməyə çalışır. Bizim məhsulların elmi biliklərə, bunun əsasında isə təkmil texnologiyalara böyük ehtiyacı vardır. Torpaq-iqlim şəraitimizin üzüm və onun emal məhsullarına son dərəcə əlverişli olmasına baxmayaraq, elmi biliklərimizi və istehsalat təcrübələrimizin yenilənməsinə ehtiyac duyulmaqdadır.
Üzümçülüyə dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu sahənin genişlənməsini təmin etmiş, yeni keyfiyyət göstəriciləri əldə olunmuşdur. Bu məsələdə ölkə üzümçülərinin böyük təcrübəsi vardır. Statistik məlumatlara əsasən ötən əsrin səksəninci illərində üzümlüklərin sahəsinə, hektardan məhsuldarlığa və ümumi məhsul istehsalına görə respublikamız keçmiş Sovetlər İttifaqında birinci yerə çıxmışdır. Son illər dövlət başçısının üzümçülüyün inkişaf etdirilməsi sahəsində mütəmadi imzaladığı qanun və sərəncamlar nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmlənmişdir. Üzümlüklər və şərabçılq sənayesinə yeni texnika və avadanlıqların gətirilməsi qısa vaxtda sahənin xeyli irəliləməsinə səbəb olmuşdur.
Üzümçülük və şərabçılığın bir sahə kimi inkişafını təmin edən yardımçı sahələrin hər birində müəyyən çatışmazlıqlar vardır. Dövlət Proqramında göstərilir ki, keyfiyyətli süfrə və texniki üzüm sortlarından ibarət plantasiyaların salınması ilkin mərhələdə bioloji və fitosanitar baxımdan təmiz, yüksək məhsuldar, keyfiyyətli, ölkəmizin təbii iqlim şəraitinə uyğun üzüm tinglərinin idxalına ehtiyac yaradır. Bunlardan ən əsası olan ting istehsalı bu gün respublikamızda acınacaqlı vəziyyətdədir. İyirminci əsrin 70-80-ci illərində fəaliyyət göstərən calaq üzüm tingi istehsal edən 5-6, öz kökü üstündə ting istehsal edən onlarla təsərrüfat hazırda fəaliyyətsizdir. Xaricdən ting almaqla üzümçülüyün milli-ənənəvi xüsusiyyətlərini tam qorumaq mümkün deyil.
Xaricdən gətirilən tinglər əsasən
hər bir ölkənin öz sortudur. Söz yox ki, bizim yerli
sortlarımız onlarda yoxdur. Nə qədər ki,
bizim özümüzdə calaq ting istehsal edən müəssisələr
açılmayıb, yerli sortlarımızın qorunub
saxlanılması müşkül olacaqdır. Onu da qeyd etmək lazımdır ki, hazırda
respublikamızda heç öz kökü üstündə də
ting istehsal olunmur.
Üzüm tingi istehsalının bizdə elmi və
praktiki əsası yoxdur. Sovetlər dönəmində
respublikamızdakı mövcud tingliklərin ting becərilməsi
səviyyəsi çox aşağı olmuşdur.
İyirminci əsrin 30-40 və 50-60-cı illərində
öz kökü üstündə becərilən tingliklərdən
ting çıxımı 80 faiz qəbul edilirdisə, 70-ci illərdə
bu göstərici 60 faizə düşdü. Calaq ting
çıxımı isə həmin dövrdə 30-35 faiz
planlaşdırılırdı. Bu göstərici
Fransada 80 faiz, İtaliyada 80-82 faiz təşkil edirdi.
Yaxşı olardı ki, xaricdən mütəxəssislər
dəvət edək və yaxud həmin ölkələrin
ting becərən təsərrüfatlarına təcrübə
qazanmaq üçün mütəxəssislər göndərək. Respublikamızın
üç regionunda (Gəncə ətrafı, Cəlilabad və
Qəbələ rayonlarında) calaq ting becərən müəssisələr
təşkil edək . Bu məsələnin
həlli üçün xarici sahibkarlar da dəvət etmək
olar. Soz yox ki, 3-5 il işlədikdən
sonra onları bizim mütəxəssislər əvəz edəcəkdir.
Ən əsası odur ki, calaq ting becərilməsi
işinə ixtisaslı mütəxəssislər
lazımdır. Belə mütəxəssislər
Azərbaycan Dövlət Aqrar Universitetində hazırlana bilər.
Bütün bunlar işin bir tərəfidir.
Əvvəlcə fillokseraya davamlı
calaqaltılardan ibarət anaclıqlar təşkil edilməli
və calaq aparılan emalatxanalar tikilməlidir. Calaq işinə qədər onun avadanlıqları
alınmalı və calaq işi üçün onlar
müvafiq binalarda yerləşdirilməlidir.
Respublikada üzüm sortlarının genofondunun
yaradılması, xüsusilə yerli üzüm
sortlarının toplanması və onların qorunub
saxlanması məqsədilə Ampeloqrafiya komissiyası
yaradılmalı, sortöyrənmə və introduksiya məsələləri
həmin quruma həvalə edilməlidir. Ampeloqrafiya
komissiyası üzüm sortları fondunu ekspedisiya yolu ilə
yarada bilər.
Üzümçülüyün müvəffəqiyyətli
inkişafında mütərəqqi becərmə
texnologiyalarının tətbiqi çox önəmlidir. Bir daha
vurğulamaq istəyirəm ki, respublikamızın torpaq-iqlim
şəraiti üzümçülük üçün
olduqca əlverişlidir və dünyanın ən keyfiyyətli
şərab istehsalçısı olan ölkələrlə
rəqabətə girə bilər. Bütün
üzüm sortları hər bir bölgəmizdə uğurla
becərilə bilər. Ancaq onların becərilməsində
və emalındakı incəliklərin öyrənilməsi
vacib şərt sayılmalıdır. Üzümlükdə
aqrotexniki tədbirlərin faydalılığı, eyni
zamanda, torpaq-iqlim şəraiti ilə də müəyyən
edilir. Bir vaxtlar üzüm
sortlarının rayonlaşdırılması məsələsi
dövlət tədbiri kimi qiymətləndirilirdi. Rayonlaşdırılmış sortlar haqqında
üzümçülərimiz müəyyən bilik və təcrübəyə
malikdirlər. Ancaq indi xaricdən gətirilən
çoxsaylı üzüm sortlarının bölgələrimizin
hansında daha çox fayda verəcəyi haqqında
üzümçülərdə bilgilər azdır. Bu sortlar ayrı-ayrı bölgələrdə
öyrənilməli və nəticəsi Azərbaycan Elmi Tədqiqat
Üzümçülük və Şərabçılıq
İnstitutunda və yaxud yeni yaradılacaq Ampeloqrafiya
komissiyasında cəmləşməlidir.
Dövlət Proqramının məqsəd və vəzifəsində
üzüm istehsalı və emalı sahəsində innovativ
texnologiyaların dəstəklənməsi ayrıca
vurğulanır.
Bu gün üzümlüklərimizin becərilməsində
maşın və mexanizmlərdən istifadənin səviyyəsi
çox aşağıdır. Alaq otlarına
qarşı herbisidlər də tətbiq edilmir.
Üzümlüklərdə mütərəqqi suvarma
üsullarından istifadə olunmur.Yayda suvarma suyu azlıq edən
ərazilərdə üzümlüklər sudan
çox korluq çəkir. Soz yox ki, dəmyə
şəraitində bu hallar tez-tez baş verir. Belə üzümlüklərdə və alaq
otları ilə zəngin üzümlüklərdə
mulça örtüyündən istifadə edilməsi
çox fayda verərdi. Təəssüflər
olsun ki, üzümlükdə mulça örtüyündən
istifadə məsələsində bizim təcrübəmiz
yoxdur. Bu məsələnin həyata
keçirilməsi çox sadədir. Mulça
örtüyündən istifadə məsələsində
Fransa və İtaliya sahibkarlarından istifadə edilə bilər.
Nümunə üçün hər hansı
bir rayonda bu işi təşkil edib təcrübə
keçmək üçün ora başqa bölgələrin
üzümçülərini dəvət etmək olar.
Respublikamızın suvarılan üzümlüklərində
torpaqlar alaq otları ilə zəngindir və onlara
qarşı mübarizə bir problemə çevrilib. Bu baxımdan
mulça məsələsi gündəmdə
olmalıdır.
Üzümlüklərin becərilməsində əl əməyini
yüngülləşdirən tədbirlər yox dərəcəsindədir
və bu işlərin həyata keçirilməsinə
yönələn təşəbbüslər də azdır.
Abşerondakı bir üzümçülük təsərrüfatında
İtaliyadan gətirilmiş və lazer şüaları ilə
işləyən üzüməkən aqreqat həm tingi əkir,
həm də cərgələrin düzgünlüyünə
nəzarət edir.Yarımavtomat və avtomat tənəkkəsən
aqreqatlardan və üzümyığan kombaynlardan biz hələ
də istifadə edə bilmirik. Üzümyığan
kombayn çox bahadır. Bir neçə
qonşu fermer və sahibkarlar birlikdə belə bir kombayn ala
bilərlər.
Üzümlükdə əl əməyini azaldan becərmə
üsullarından istifadə edilməlidir. Bunun
üçün respublikada üzümçülük sahəsində
elm və təsərrüfat əlaqələrini nizamlayan bir
mərkəz olmalıdır.
Süfrə üzümçülüyü sahəsində
nəzəri və təcrübi biliklərimiz də yetərincə
deyil. Tarixən bizim ölkədə süfrə
üzümü becərilməsi sahəsində xalq müəyyən
bilik və təcrübə qazanmışdır. 1970-80-ci illərdə keçmiş Xanlar (indiki
Göygöl) rayonunun aqrokombinatı və qonşu təsərrüfatlar
Ümumittifaq fonduna 300 min ton süfrə üzümü
göndərirdi. Bu göstərici
üzüm becərən respublikalar arasında birinci yer demək
idi. Bununla belə, bizdə süfrə
üzümü istehsalı ilə məşğul olan
ixtisaslaşmış təsərrüfat
olmamışdır. Təcrübə
mübadiləsi ilə bir neçə bölgədə bu
tipli təsərrüfatlar təşkil etmək mümkündür.
Hazırkı mövcud şərab bazarlarının
alıcılıq qabiliyyəti şərab istehsalı səviyyəsindən
aşağıdır və hamı da öz məhsulunu xarici
bazarlara çıxara bilmir. Mövcud şərab
növlərinin siyahısında dəyişiklik
aparılması fayda verərdi. Orta keyfiyyətli
və orta qiymətli şərablar siyahısına ən ucuz
və ən bahalı şərablar da daxil edilməlidir.
Muskat ətirli şərablara da yer verilməlidir.
Krımda Massandra şərab kombinatında ən
keyfiyyətli muskat şərabları istehsal olunur. Onların bəzilərinin qiyməti 200-300 ABŞ
dollarıdır. Bəlkə də 30-40- il
öncə belə şərabların alıcısı
olmazdı. Lakin indi dünyanın dörd tərəfi
ilə əlaqələr qurulduğu bir vaxtda keyfiyyətli məhsulun
alıcısı hər yerdə tapılır. İlk növbədə təhlillər
aparılmalı və belə şərabların
istehsalının vacibliyi öyrənilməlidir.
Yuxarıda
göstərilən məsələlərdən başqa son
30-40 il ərzində
üzümçülükdə tətbiq edilən, ancaq hələ
geniş yayılmayan intensiv və super-intensiv becərmə
texnologiyalarından söhbət açmağı vacib
bilirik. Dünya
üzümçülüyündə, o cümlədən
bizim respublikamızda da üzümlüklər ənənəvi
becərmə texnologiyaları ilə becərilir.
İntensiv becərmə texnologiyası üçün
intensiv sortlar seçilməlidir. Becərilməsində
isə ənənəvi üsullardan fərqli texnologiyadan
istifadə edilir. Üzümlük
seçmə tinglərlə salınır. Üzümlüyün torpağı qida maddələri
ilə zənginləşdirilməli və bağsalma işi
vaxtında aparılmalıdır. Adi becərmə
texnologiyasında üzümlükdə bilavasitə kolla
bağlı heç bir iş aparılmır. Ancaq burada may
ayının birinci yarısından etibarən kolda
yaşıl əməliyyat aparılır, bu zaman
mümkün qədər bir ədəd zoğ
saxlanılır və o dayağa qaldırılır. Kol üzərində işlər sentyabr
ayının ortalarına və yaxud axırlarına qədər
davam etdirilir. Belə zoğ ikinci ilində bar verir. Adi
üzümlükdə bu proses kolun 3-cü ilində olur. Kol üzərindəki işlər intensiv olaraq davam
etdirilir və kolun formalaşması tez başa çatır.
Kolun məhsula düşməsi onun
formalaşması ilə əlaqədardır. Forma
vaxtından əvvəl başa çatırsa, kolun tam bara düşməsi də tezləşir. Belə üzümlükdə geniş fəzalı
dayaq qurulur. Üzümlüyün 3-cü
ilində 400-500 sentner, 4-cü ilində 600-700 sentner, 5-ci ilində
800-1000 sentner məhsul almaq mümkündür (sort Bayanşirə
və yaxud ona oxşar çox yüksək məhsuldar
olmalıdır).
Üzümlükdə maşın və mexanizmlərin
tətbiqindən başqa yeni becərmə texnologiyası
birbaşa kolla bağlı işləri xeyli (60-65%)
azaltmağa imkan verir.
Əgər
adi üzümlükdə bir mövsümdə bir fəhlə
1,5-2 hektar üzümlüyü becərirsə,
burada 6-8 hektarın öhdəsindən gələ bilir. Ancaq bu becərmə texnologiyasında məhsuldarlıq
adi becərmə texnologiyasında olduğu kimidir.
Dövlət Proqramında
üzümçülüyün və şərabçılığın
elmi təminatının və kadr potensialının gücləndirilməsi
də diqqəti cəlb edir. Göründüyü
kimi, müasir üzümçülükdə savadlı,
sırf üzümçü mütəxəssislərə
ehtiyac vardır.
Respublikada üzümçü mütəxəssislər azdır, olanlar da uzun müddət bu sahədən ayrılmış adamlardır. Üzümçülük və şərabçılığın inkişafı haqqında Prezident sərəncamından sonra əvvəlki illərdə olduğu kimi, indi də üzümlüklərin sahəsi genişləndiriləcək və innovativ məlumatlar əsasında becərmə işləri davam etdiriləcək. Bunun üçün üzümçü və şərabçı mütəxəssislər hazırlanmalıdır.
Dövlət Proqramında biotik və abiotik amillərə davamlı, məhsuldar, keyfiyyətli süfrə və texniki üzüm sortlarının müəyyənləşdirilməsi, eləcə də məhsul istehsalının təşkili üzrə kompleks tədbirlərin həyata keçirilməsi məsələsi də xüsusi yer alıb. Bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olan Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində üzümçülük və şərabçılıq fakültəsinin bərpa olunması, elmi işləri aparmaq üçün universitetin nəzdində sahəvi elmi laboratoriya açılması və orada çalışan mütəxəssislər hazırlanması Prezident sərəncamının reallaşmasına töhfə olardı. Üzümçülük rayonlarında texniki-peşə məktəblərinin bir qisminin profili bu istiqamətə yönəldilməlidir. ADAU-nun nəzdində üzümçü və şərabçı mütəxəssislər üçün ixtisasartırma kursları fəaliyyət göstərməlidir, yaxud aşağı pilləli üzümçü kadrlar hazırlanması üçün qısamüddətli (6 ay - 1 il) ödənişlı kurslar açılmalıdır.
Dünya üzümçülüyündə baş verən yeniliklərlə tanış olmaq üçün qabaqcıl üzümçülük ölkələrinə və onların universitetlərinə tələbə, magistrant və cavan müəllimlərin müəyyən müddətə ezam olunması da ümumi işimizə fayda gətirərdi.
Bəs bu proqramın icrasının ölkəmizə faydası nə ola bilər? İlk növbədə əhalinin süfrə və quru üzümə, şərabçılıq və digər üzüm emalı məhsullarına, üzüm emalı və şərabçılıq sənayesinin isə xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsi təmin ediləcək, yeni iş yerləri yaratmaqla kənd əhalisinin güzəranının yaxşılaşdırılmasına nail olunacaq.
Əgər biz Prezident sərəncamı ilə qüvvəyə minən Dövlət Proqramının icrasını gecikdirmədən və keyfiyyətlə həyata keçirə bilsək, inanıram ki, Azərbaycan üzümçülüyünün əvvəlki şöhrətini özünə qaytara bilərik. Bunun üçün aidiyyatı dövlət qurumları, elmi tədqiqat müəssisələri və fermerlər birlikdə çalışmalı, hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Famil
ŞƏRİFOV, ADAU-nun meyvə-tərəvəzçilik
və üzümçülük kafedrasının
müdiri, əməkdar müəllim, professor
Xalq qəzeti.- 2011.- 27 dekabr.- S. 11.