"Xalçalarda Nizami dünyası"

 

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində bu mövzuda sərgi keçirilir

 

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş "Xalçalarda Nizami dünyası" adlı sərgi keçirilir. Sərgidə Nizami obrazları və onun ölməz əsərlərindəki motivlərin əks olunduğu xalçalar, tikmələr, metalçini qablar nümayiş olunur.

 

Nizami Gəncəvinin yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamış, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Bakı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Pariss. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. N.Gəncəvinin ölməz poemalarında xalq sənətlərinə və xüsusən xalçaçılıq sənətinə, saraylar bəzəyən gözəl xalça təsvirlərinə geniş yer verilmişdir. "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsində İsgəndərin Bərdə şəhərinə Nüşabənin sarayına qonaq getməsi səhnəsini, "Xosrov və Şirin"də Xosrovun Şirinin qəsrinə getməsi səhnəsini təsvir edərkən müxtəlif xalça növlərinə və yenə də "XosrovŞirin" poemasında Xosrovun ova çıxmasını təsvir edərkən məfrəşin və "Yeddi gözəl" əsərində Azərbaycanda çox geniş yayılmış xalça məmulatı olan heybənin təsvirini vermişdir. Bu məlumatlar Azərbaycanda yüksək keyfiyyətli xalça məmulatları istehsal edildiyini tam göstərir.

XIX əsrə aid "Bəhram Gur və Fitnə ovda" xalçasında xalça ustalarının ov səhnəsini həm rəng baxımından, həm də süjet baxımından yüksək sənətkarlıqla işlədiyinin şahidi oluruq. XX əsrə aid "Bəhram Gur ovda" xalçasında biz ov səhnəsi ilə qarşılaşsaq da, süjetaltı xətdə Azərbaycan xalqının mərd, igid, mübariz, qəhrəman övladlarının obrazlarını görürük. "Məcnun danışan ağacın qarşısında" xalçasında isə təbiətlə insanın vəhdətinin, ünsiyyətinin şahidi oluruq.

Görkəmli sənətkarlar Lətif Kərimov və Kamil Əliyev yaradıcılıqlarında Nizami obrazına, Nizami dünyasına dəfələrlə müraciət etmişlər. Bunu biz həm portret, həm də müxtəlif süjetli xalçalarda görə bilərik. Sənətkarlar müxtəlif olsa da, onların ustalıqları nəticəsində yaranan əsərlərdə bu obraz yenə də əzəmətli və möhtəşəm görünür. N.Gəncəvi yaradıcılığından bəhrələnən sənətkarlar "Ovçuluq" mövzusunda müxtəlif miniatür, və xalça nümunələri yaratmışlar. Sənətkarlar qızğın ov səhnələrini, ov mənzərlərini bacarıqla canlandırmışlar. Xalçaçı rəssamlar G.Bəbirovun "Ovçuluq", M.Hüseynovun "Ov səhnəsi" əsərləri yüksək peşəkarlıqla yaradılmışdır. Xalçalarla yanaşı, Nizami obrazlarına misgərlik nümunələrində, saxsı qablar üzərində və tikmələrdə də rast gəlirik. Sənətkarlar əl işlərinin bədii dəyərini artırmaq, onu daha da gözəlləşdirmək məqsədilə klassik ədəbi obrazlardan, xüsusən də Nizami obrazlarından yararlanmışlar. Nizami poeziyasının zəngin xəzinəsindən bəhrələnən sənət xadimlərinin yaratdıqları əsərlər dahi şairin ölməz obrazlarının əbədi həyatının parlaq səhifələridir. Sərgidə həmçinin Nizami yaradıcılığının davamçıları, öz dövrlərinin görkəmli yaradıcı ziyalılarının portret-xalçaları da yer almışdır. Nizamidən bəhrələnən bu şəxsiyyətlər Azərbaycan ədəbiyyatına dəyərli əsərlər töhfə etmişlər. Sərgidə "Xalçalarda Nizami dünyasi" Videoçarxı Dənizkənarı Parkda nümayiş etdirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 27 dekabr.- S. 11.