Stend Atıcılığı
Kompleksində gələcəyin olimpiyaçıları yetişir
Atıcılıq
qədim idman növlərindən hesab olunur. Azərbaycanda bu
növün böyük ənənələri vardır. Təsadüfi
deyil ki, atıcılıq üzrə
idmançılarımız müxtəlif dövrlərdə
bir çox uğurlara sahib olublar. Bu sahədə ən
böyük nailiyyətlər isə Azərbaycan öz
müstəqilliyini əldə etdikdən sonra
qazanılıb. Stend atıcılığı üzrə
Zemfira Meftəhətdinova Sidney Yay Olimpiya Oyunlarında
qızıl, Afina Olimpiadasında bürünc, güllə
atıcılığı üzrə isə İradə
Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal
qazanıb. Sidney Olimpiadasından sonra ümummilli lider Heydər
Əliyevin göstərişinə əsasən, Stend
Atıcılığı Kompleksinin tikintisinə
başlanılıb. Müasir avadanlıqla təchiz
edilmiş və gözəl arxitekturaya malik kompleksin
açılışı 2003-cü ilin oktyabr ayında olub.
Hazırda atıcılıq kompleksində stend
atıcılığı ilə yanaşı,
atıcılığın digər növlərinin
inkişafı üçün də lazımi şərait
yaradılıb və bu iş davam etməkdədir. Kompleksin fəaliyyəti
barədə geniş məlumat əldə etmək
üçün Stend Atıcılığı Kompleksinin
direktoru Rasim Rzayevlə görüşdük. Rasim müəllim
burada son illər görülən quruculuq işləri barədə
bizə məlumat verdi, qarşıdakı planlardan
danışdı.
-
Rasim müəllim, atıcılıq kompleksinin fəaliyyəti
barədə bir qədər məlumat verərdiniz.
-
Dövlətin diqqət və qayğısı sayəsində
idman qurğularımızın sayı günü-gündən
artır. Hətta dünyanın ən inkişaf etmiş
ölkələrinin bəziləri müasir standartlara cavab
verən belə bir Stend Atıcılığı Kompleksinə
görə bizə qibtə edə bilərlər. Biz də
buna cavab olaraq, çalışırıq ki, bu gözəl
idman qurğusundan səmərəli istifadə edək,
idmanımızın daha da sürətlə inkişaf etməsinə
nail olaq. Bildiyiniz kimi, kompleks təhvil verilərkən, burada
yalnız stend atıcılığı üçün
meydançalar var idi. Hazırda kompleksdə stend
atıcılığı ilə yanışı, olimpiya
idman növü olan güllə atıcılığı və
sportinqin inkişafı üçün də şərait
yaradılıb və bu iş davam edir. Kompleks öz fəaliyyətini
getdikcə genişləndirir. Yığma komandalarımız
burada təlim məşqlər keçirlər. Gənclər
və İdman Nazirliyi, Atıcılıq Federasiyası
idmançıların məşq keçmələri,
onların məşq zamanı hər bir şəraitlə təmin
olunmaları üçün lazımi kömək göstərir.
-
Atıcılığın kütləviləşməsi və
geniş yayılması üçün kompleksdə hansı
işlər görülür?
- Qədim vaxtlardan Azərbaycanda atıcılığa böyük maraq olub və şifahi xalq ədəbiyyatı nümunələrində də bu barədə çoxlu məlumatlar var. Ölkəmizdə hazırda bu idman növü populyardır və atıcılığa böyük maraq var. Kompleksdə bu növün kütləviləşməsi istiqamətində də çoxlu işlər görülür. İdmançılarla yanaşı, həvəskar atıcılar da bizə tez-tez müraciət edirlər. Atıcılığa maraq göstərənlər arasında gənclər daha çoxdur. Onlar boş vaxtlarında, xüsusən şənbə, bazar günlərində kompleksə gələrək, həm atıcılığın sirlərinə yiyələnir, həm də vaxtlarını mənalı keçirirlər. Gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri də kompleksin xidmətindən mütəmadi yararlanırlar. Biz əhalinin daha çox buraya gəlməsi və atıcılıqla məşğul olması üçün şərait yaradır, lazım gələrsə, müəyyən endirimlər edirik. Onu da qeyd edim ki, kompleksdə kütləvi şəkildə daha çox sportinqlə (idman ovçuluğu) məşğul olmaq üçün bizə müraciət edirlər. Stend və güllə atıcılığından fərqli olaraq sportinqdə daha çox sərbəstlik var. Sportinqdə hədəflər müəyyən qaydalar əsasında yox, ov quşlarının, dovşanın və yaxud digər heyvanların hərəkətlərini təkrar edir, bu həm idman, həm də ovçuluq vərdişlərinin öyrənilməsinə kömək edir. Bu idman növü ölkəmiz üçün yeni olsa da, onu artıq kifayət qədər inkişaf etdirə bilmişik.
- Sportinq üzrə yığmanın baş məşqçisi kimi komandamızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz? Bu növ üzrə mütəxəssislər hazırlanırmı?
- 2000-ci ildən başlayaraq sportinqi inkişaf etdirməyə başlamışıq. Sevindirici haldır ki, sportinqlə məşğul olmaq üçün təkcə paytaxtdan yox, regionlardan da yeniyetmələr buraya gəlirlər. Onların bu növün sirlərinə yiyələnməsi üçün hər bir şərait yaradılır. Ötən müddət ərzində bu növ üzrə 6 nəfər idman ustalığına namizəd yetişdirilib. Sportinq üzrə hakimlərin hazırlanması istiqamətində də iş gedir. Bu günlərdə FİTASC-ın qərarı ilə mənə beynəlxalq dərəcəli hakim adı verilib. Qeyd edim ki, bu idman növü üzrə beynəlxalq dərəcəli hakim dərəcəsini alan ilk hakiməm. Sportinqçilərimiz artıq bir sıra beynəlxalq turnirlərdə müəyyən nailiyyətlər əldə ediblər. Atıcılıq tariximizdə ilk dəfə irimiqyaslı beynəlxalq turnir ölkəmizdə, məhz sportinq üzrə keçirildi.
- Bəlkə bu barədə bir qədər geniş məlumat verəsiniz.
- 2010-cu ilin oktyabr
ayında Azərbaycanda ilk dəfə
kompleksimizdə sportinq üzrə Qran-pri yarışları keçirildi.
Qran-prini
izləmək üçün gəlmiş
rəsmi qonaqlar arasında Avropa
Atıcılıq Konfederasiyasının prezidenti,
Rusiya Atıcılıq
İttifaqının rəhbəri Vladimir
Lisin, Beynəlxalq Sportinq
Federasiyasının (FİTASC) prezidenti Jan-Fransua Palinkas, Rusiya Milli Olimpiya
Komitəsinin fəxri prezidenti Vitali Smirnov, Mixail Qusman da
var idi.
Yarışlarda Azərbaycanla yanaşı, Rusiya,
Fransa, İngiltərə, Estoniya,
Belarusiya, Ukrayna və
digər ölkələrin atıcıları iştirak edirdilər. Beynəlxalq Sportinq Federasiyasının
prezidenti Jan-Fransua Palinkas da turnirdə
qüvvəsini sınadı. Yarış iştirakçıları
və qonaqlar yarışların səviyyəsini
yüksək qiymətləndirdilər.
Turnirdə komandamızın üzvləri də öz qüvvələrindən
maksimum istifadə etdilər. Yeniyetmələrimiz yarışlarda xüsusilə
fərqləndilər. Sportinq üzrə Qran-prinin hər il Stend
Atıcılığı Kompleksində təşkil
edilməsi qərara alınıb. Bu il
ikinci dəfə bu yarış kompleksimizdə keçirildi,
Azərbaycan atıcılarından
İbrahim Həsənov
birinci, İlham Mahmudov ikinci yeri tutdular. Həmin gün axşam kompleksdə ilk dəfə
olaraq "Gecə atəşləri" yarışı
təşkil etdik.
Yarış böyük marağa
səbəb oldu.
Bundan başqa, sportinq üzrə bir sıra yarışların
keçirilməsi artıq
ənənə halını
alıb. Hər il Novruz
bayramı ərəfəsində
keçirilən "Novruz
atəşləri" belə
turnirlərdəndir. Sportin
üzrə "Qızıl
patron" yarışı hər il
payızda təşkil
edilir və turnirin iştirakçılarının
sayı ildən-ilə
artır. Bu yarışın
gələn ildən beynəlxalq miqyasda keçirilməsi nəzərdə
tutulur.
- Siz həm də
Azərbaycan Atıcılıq
Federasiyasının vitse-prezidentisiniz.
Atıcılıq növünün inkişafı istiqamətində
görülən işlər
barədə nə deyə bilərsiniz?
- Stend atıcılığı
və güllə atıcılığı olimpiya
növləridir və
bunların inkişafına
xüsusi diqqət yetirilir. Gənclər və İdman
Nazirliyinin, Atıcılıq
Federasiyasının diqqət
və qayğısı
sayəsində bu növlər üzrə çoxlu potensiallı idmançılar yetişiblər.
Kompleksimizdə güllə atıcılığı
üçün əvvəllər
meydança olmayıb.
Bir neçə il bundan
əvvəl, burada 10 metrlik tir inşa
edilib. Tirdə yığma komanda
hazırlıq keçir.
10 metrlik məsafə
üzrə gənclər
arasında Avropa çempionatının mükafatçısı
Nigar Bağırovanın
London Olimpiadasına lisenziya
əldə etmək şansı var və onun bu
tirdə hazırlığı
üçün lazımi
şərait yaradılır.
Burada ölkədaxili yarışlarla
yanaşı, beynəlxalq
turnirlər də təşkil etmək olar. 50 metrlik atıcılıq tirinin inşası davam edir . Burada, eyni zamanda, 20 nəfər məşq edə bilər. 15 nəfərin eyni
zamanda məşq edə biləcəyi 25 metrlik tir demək
olar ki, hazırdır. Bundan sonra
yığma komandamız,
eləcə də, xarici ölkələrin yığma komandaları bu növ üzrə
də, burada təlim məşqlər
keçə bilərlər.
Bildiyiniz
kimi, İradə Aşumova Belqrada keçirilmiş Avropa çempionatında kiçik
çaplı tapançadan
məhz bu məsafə üzrə -
25 metr məsafəyə
atəşaçma yarışlarında
London Olimpiadasına lisenziya
qazanıb. İradə xanım
da London Olimpiadasına
hazırlığını xarici ölkələrin təmsilçiləri ilə
yanaşı, burada təlim məşqlərdə
davam etdirə biləcək. Stend atıcılığının
daha da inkişafı
üçün burada
kompleks tədbirlər
həyata keçirilir.
2008-ci ilin aprel
ayından kompleksdə
Stend Atıcılığı
Məktəbi fəaliyyət
göstərir. Məktəbin şagirdləri bu idman növünün sirlərinə atıcılıq
kompleksində yiyələnirlər.
Atıcılıq məktəbində potensialı olan idmançılar çoxdur.
Onların yüksək səviyyədə
məşq etmələri
üçün lazımi
şərait yaradılıb.
Yeniyetmə atıcılarımızın sorağı artıq beynəlxalq arenalarda keçirilən yarışlardan
gəlir. Əminəm ki, onlar gələcəkdə
Olimpiya, dünya və Avropa çempionatında böyük
qələbələr əldə
edəcəklər. Sportinqi regionlarda
inkişaf etdirməyi
planlaşdırırıq. Qubada səyyar sportinq meydançalarını quraşdırmaq
və müəyyən
müddət ərzində
həmin rayonda məşqlər və həvəskar atıcılar
arasında yarışlar
keçirmək olar.
Bu kimi tədbirləri
Azərbaycanın digər
rayonlarında da keçirmək olar.
- Dünyanın digər kompleksləri ilə əməkdaşlıq sahəsində
hansı işlər görülür?
- Bu sahədə
işlər görülür və bunların miqyası
getdikcə genişləndirilir. 2011-ci ildə Beynəlxalq
Atıcılıq Federasiyasının vitse-prezidenti, Asiya
Ölkələri Atıcılıq Konfederasiyasının
prezidenti, Küveyt Atıcılıq Federasiyasının
prezidenti Şeyx Salman al Sabahın dəvəti ilə
Küveytə getmişdim və səfər çərçivəsində
Küveyt Atıcılıq Mərkəzi ilə tanış
oldum. Küveyt Atıcılıq Mərkəzi, həm də
Asiya ölkələrinin atıcılıq mərkəzi
hesab olunur. Tədbirdə bir sıra ölkələrin milli
olimpiya komitələrinin və atıcılıq
federasiyalarının rəsmiləri də iştirak edirdilər.
Şübhəsiz, mən tədbir
iştirakçılarına kompleksimiz, onun imkanları barədə
ətraflı məlumat verdim. Bu ölkəyə səfər
etməkdə məqsəd həm də, ölkələrimiz
arasında atıcılığı inkişaf etdirmək
istiqamətində işlər görmək, bu sahədə əməkdaşlığı
daha da genişləndirmək idi. Beynəlxalq
Atıcılıq Federasiyasının vitse-prezidenti, Asiya
Ölkələri Atıcılıq Konfederasiyasının
prezidenti olan Şeyx Salman al Sabah ilə görüş
zamanı gələcəkdə həm stend, həm də
güllə atıcılığı üzrə birgə
yarışların təşkili barədə söhbət
etdik, yeni böyük bir layihə barəsində
danışıqlar apardıq. Nəticədə, "İpək
yolu" adlandırılacaq Asiya-Avropa miqyaslı beynəlxalq
yarışın təşkili barədə ilkin
danışıqlar baş tutdu. Onu Azərbaycan
Atıcılıq Federasiyası adından Bakıya dəvət
etdik. Ümumiyyətlə, Avropanın və dünyanın
bir sıra atıcılıq mərkəzləri ilə
sıx əlaqə yaratmışıq. Təsadüfi deyil
ki, artıq kompleksimizdə bir sıra ölkələrin
yığma komandaları təlim məşqlər keçirlər.
Gürcüstanda atıcılıq üzrə baza
olmadığından, bu ölkənin yığma
komandası mütəmadi olaraq, kompleksimizdə təlim məşqlər
keçir. Rusiyanın atıcılıq bazası var, lakin bu
ölkənin yığma komandası da kompleksimizə
üstünlük verirlər. Ölkəmizin iqlim şəraiti
də məşqlərin keçirilməsi üçün
çox yararlıdır. Demək olar ki, bütün fəsillərdə
burada məşqlər keçmək olar. Hazırda Nigeriya
yığması kompleksdə təlim məşq keçməyə
hazırlaşır. Bir neçə gündən
sonra onlar burada olacaqlar.
- Qarşıdakı planlar barədə
nə deyə bilərsiniz?
-
Planlarımız çoxdur. Paytaxtla yanaşı,
regionlarımızda da atıcılığı inkişaf
etdirmək üçün bir sıra tədbirlər həyata
keçirməyi planlaşdırırıq. İstedadlı
yeniyetmələrimiz var və onları üzə
çıxarmaq lazımdır. Bu istiqamətdə işlər
davam etdirilir. 2012-ci il olimpiya oyunları ilidir.
Atıcılıq üzrə artıq 1 lisenziyamız var.
Snayperlərimizin kompleksdə daha yaxşı şəraitdə
məşq etmələri üçün lazımi tədbirlər
görüləcək. Düşünürəm ki, növbəti
ildə lisenziyalarımızın sayı artacaq və
idmançılarımız Londondan yüksək nəticələrlə
qayıdacaqlar. Bu bizim ən böyük arzumuzdur. Fürsətdən
istifadə edib xalqımızı Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
təbrik edirəm.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2011.- 30 dekabr.- S. 10.