AZƏRBAYCAN
qloballaşmanın çağırışlarına cavab
verməyə hazırdır
Dünyanın bütün
inkişaf etmiş xalqları kimi, Azərbaycan xalqı da
tarixin bütün mərhələlərində ədalətli
dövlət quruculuğu arzusu ilə yaşamış və
ən müxtəlif dövrlərdə bu arzusunun gerçəkləşməsi
üçün mübarizə aparmışdır. Amma ədalətli
dövlət quruculuğunun mühüm şərtlərindən
biri dövlətin müstəqilliyində, xalqın
azadlığında və öz taleyinə sahib
çıxmasındadır. Bir xalq olaraq Azərbaycan artıq
20 ildir ki, bu bəşəri nemətlərin gerçəkliklərini
yaşamaqdadır.
Öz
tarixi müstəqilliyinə yenidən qovuşmasının
iyirmi illik şanlı yubileyini böyük təntənə
ilə qeyd edən ölkəmiz, memarı və qurucusu
ümummilli liderimiz Heydər Əliyevin elmi təməllərə
söykənən inkişaf strategiyasının uğurla
davam etməsi nəticəsində dünyanın ən
sürətlə inkişaf edən, sabit və qüdrətli
dövlətinə çevrilməkdədir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
inkişaf strategiyasına əsaslanaraq yeni dövr
üçün müəyyənləşdirdiyi milli
inkişaf prioritetləri, qurduğu çevik icra mexanizmi
qloballaşan dünyada ölkəmizin öz yolu ilə
inkişaf etməsinə imkan vermişdir. Tarixin arxada
qoyduğu 8 il göstərdi ki, siyasi epoxanın, demokratik dəyərlərin
formalaşmağa başladığı və bazar
iqtisadiyyatının bərqərar olduğu dövrün
yetirməsi kimi siyasi olimpə yüksələn cənab
İlham Əliyev ümummilli lider Heydər Əliyevin hələ
2003-cü il oktyabrın 1-də uzaq Klivlenddən xalqa
ünvanladığı müraciətdə göstərdiyi
kimi, həqiqətən xalqın inandığı və
gözlədiyi yeni siyasi liderdir.
Qloballaşan
dünyanın siyasi və iqtisadi aspektlərini çox
gözəl bilən Prezident İlham Əliyevin ilk gündən
həyata keçirməyə başladığı istər
iqtisadi, istər siyasi strateji xətt onun bələdlədiyi
perspektiv hədəflərə xidmət etməyə
başladı. Çünki o inkişaf etməkdə olan neft
strategiyasının siyasi və iqtisadi dividendlərini yüksək
məharətlə qiymətləndirməyi bacardı və
ulu öndər Heydər Əliyevin yaratdığı iqtisadi
inkişafın start meydançasında çox qısa
zamanda möhtəşəm proqramların
reallaşmasının mühərrikinə çevrilən
çevik bir mexanizm qurdu. Şübhəsiz, bu strategiyanın
bünövrəsində ümummilli lider Heydər Əliyevin
fenomenal düşüncəsinin məhsulu olan neft
strategiyası dururdu. "Əsrin müqaviləsi" ilə
çox böyük uğurla start götürən bu
strategiyanın reallaşmasında cənab İlham Əliyevin
rolu və yeri müstəsna əhəmiyyət
daşıyır. Xüsusilə "Əsrin müqaviləsi"ndən
sonra mühüm strateji əhəmiyyət daşıyan
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
layihələrinin reallaşmasında istər daxildə, istər
xaricdə bir çox siyasətçilər bu layihələri
kəskin şübhə altına alaraq, onların səmərəliliyinə
inanmamağa çağırırdılar. Lakin gənc
dövlət başçısı cəsarətli
addımları və qətiyyətli qərarları ilə
bu təzyiqlərə üstün gələ bildi. Həmin ərəfədə
bədxahların əsassız fikirlərinə cavab olaraq
prezident İlham Əliyev deyir: "Zəngin neft
ehtiyatlarına malik olan Azərbaycanın ətrafında
çoxkombinasiyalı siyasi oyunlar gedir. "Böyük
neftin" müsbət tərəfləri olduğu kimi, mənfi
tərəfləri də var...
Dünyanın neft biznesində romantizmə və populizmə
yer yoxdur. Biz artıq dünya neft biznesinin müəyyən
edilmiş oyunlarına girəndən sonra, bu oyunda öz
yerimizi tapmalı və qəbul olunmuş qaydalarla
oynamalıyıq".
Gənc dövlət başçısının bu qətiyyətli
və düşünülmüş mövqeyi neft kəmərləri
məsələlərində də özünü göstərdi. Ölkəsinin mənafeyi
olan yerdə heç vəchlə güzəştə getməyəcəyini
açıq nümayiş etdirən Prezident İlham Əliyev
deyirdi: "Biz özümüz kəmərə nəzarət
etməliyik və buna nail olacağıq. İnvestisiya və müasir texnologiya cəlb etmək
bir məsələdir, Azərbaycan neftinin dünya bazarına
çıxmasını təmin edəcək nəqliyyat
kommunikasiyasını başqasının nəzarəti
altına vermək başqa məsələdir. Biz imkan verə bilmərik ki, kimsə kəmərin
mülkiyyətçisi, sahibi olsun".
Prezidentlik fəaliyyətinə başladığı
gündən gənc dövlət başçısı elə
bu qətiyyətlə də ölkəsi və dövləti
üçün iqtisadi və siyasi uğurları
sıralamağa başladı. İlham Əliyevin qətiyyətli
mövqeyi sayəsində Azərbaycan dövlətinin sahibi
olduğu BTC bu gün həm də beynəlxalq enerji təhlükəsizliyi
sisteminin əsas elementlərindən birinə
çevrilmişdir. Mərkəzi
Asiyanın nəhəng neft ölkələrindən olan
Qazaxıstan artıq "Tengiz" yatağından hasil etdiyi
neftin müəyyən həcmini bu kəmər vasitəsilə
Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına
ötürür. İllik ötürücülük
gücü 60 milyon ton olan BTC vasitəsilə hazırda sutkada
1,2 milyon barrel neft Səngəçal
terminalından Aralıq dənizi sahillərinə yola
salınır.
Nəzərə alsaq ki, Türkmənistan Respublikası
da artıq öz neftinin bir hissəsini məhz bu tranzit xətti
ilə Avropa ölkələrinə daşıyır, onda
ölkə başçısının hesablamalarının
necə dəqiq olduğuna bir daha əmin olarıq.
Prezident İlham Əliyev bələdlədiyi hədəfləri
gizlətmirdi və açıq bəyan edirdi ki, "biz neft
dollarlarını boş yerə xərcləməməliyik. Bu pullara gələcək
nəsillər üçün yeni şəhərlər,
yollar, zavodlar və fabriklər tikməliyik. Bu məqsədlə mineral ehtiyatlar fondu yaratmaq
lazımdır. Belə fondlar ABŞ-da,
Kanadada, Səudiyyə Ərəbistanında, Küveytdə,
Norveçdə və digər ölkələrdə
mövcuddur. Onların əsas məqsədi mineral-xammal
ehtiyatlarını (ilk növbədə neft və qazı)
emal sənayesinə istiqamətləndirib maliyyə
ehtiyatlarına çevirməkdir... Artıq bu gündən
neftlə bağlı olmayan yeni iş yerləri, yeni
infrastruktur yaratmaq lazımdır, çünki o nə vaxtsa
qurtaracaq. Əgər bu proqram bu gün işə düşəcəksə
sabah gələcək nəsil neft
hasilatından və neftin dünya bazarlarındakı qiymətindən
asılı olmayacaq. Ona görə də neft
bizim üçün məqsəd yox, güclü iqtisadiyyat
yaratmaq üçün vasitədir".
Bu bəyanat yeni siyasi liderin qarşıya qoyduğu vəzifələri
və iqtisadi inkişafın qısa zaman üçün proqramını
aydın göstərirdi. Zaman-zaman artan neft gəlirlərini
çevik şəkildə ölkənin istehsal sənayesinin
yaradılmasına, respublikanın enerji təhlükəsizliyinin
təmin edilməsi üçün qlobal enerji layihələrinin
reallaşmasına, yol-nəqliyyat infrastrukturunun genişləndirilməsinə,
regionların inkişaf proqramlarının maliyyələşməsinə,
ərzaq təhlükəsizliyinin təmin olunması
üçün kənd təsərrüfatının
inkişafına, Azərbaycanda müdafiə sənayesinin
yaradılmasına, informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinə, səhiyyənin və təhsilin
inkişafına və sair sahələrə yönəltmək
özünü çox gözlətmədi.
Artıq
Prezident İlham Əliyevin fəaliyyətinin ikinci ilində -
2005-ci ildə Beynəlxalq Valyuta Fondu gənc müstəqil
respublikamız üçün verdiyi proqnozda göstərirdi
ki, inkişaf tempinə görə Azərbaycan Respublikası
ilə MBD-də müqayisəyə gələ biləcək
ikinci bir ölkə yoxdur. Həmin dövrdə respublikada
ÜDM-in 11,4 faiz olacağı, ikinci yerdə
qərarlaşan Qazaxıstanda isə bu rəqəmin 8,5 faiz təşkil
edəcəyi göstərilirdi. 2004-cü ildə isə bu göstərici
9,1 faiz təşkil edirdi ki, bu da yenə
region dövlətləri içində ən yüksək
göstərici idi. Çünki qonşu Rusiya
Federasiyasında bu göstərici 7,3 faiz,
İranda 6,6 faiz, qardaş Türkiyədə isə 5 faiz təşkil
edirdi.
Lakin yüksək hədəfləri bələdləyən
dövlət başçısının bu dövr
üçün proqnozları optimizmi ilə BVF-nin
proqnozlarını üstələyirdi. Cənab İlham Əliyev
ölkə iqtisadiyyatının 2003-cü ildə 14,1 faiz artacağını, ÜDM-in 10 milyard
dollar təşkil edəcəyini bildirirdi. Zaman
gənc dövlət başçısının bu proqnozlarının
reallığını təsdiqlədi.
İqtisadi
strategiyanın uğurla həyata keçirilməsi,
iqtisadiyyatın daha böyük templə artması, struktur dəyişikliklərinin
uğurla reallaşması və xarici investisiya
axınının artması imkan verdi ki,
Azərbaycan qarşıdakı beş ildə ÜDM-in
istehsalını iki dəfə artırsın. Artıq
bu illər ərzində Azərbaycan hər adambaşına
düşən investisiyanın həcminə görə nəinki
MDB-də, Şərqi Avropa ölkələri arasında da
ön sırada idi. Yəni 2004-cü ildə
gənc müstəqil Azərbaycana yatırılan
investisiyaların həcmi 20 milyard ABŞ dollarını
keçirdi.
Özəlləşdirmə özünün yeni və
əsas mərhələsinə - strateji özəlləşdirmə
pilləsinə daxil olmuşdu. Bu mərhələdə
qarşıya qoyulan əsas məqsəd özəl sektorun
inkişafını stimullaşdırmaq və ölkənin
iqtisadi potensialını möhkəmləndirmək
üçün mülkiyyət formasını dəyişdirmək
idi.
Dövlətin bu yöndə iqtisadi siyasətinin mahiyyəti
heç də dövlət müəssisəsini maksimum baha
qiymətə satmaq və nəticədə onun fəaliyyətinin
dayandırılmasına gətirib çıxarmaq deyildi. Əsas məram müəssisələrin
fəaliyyətini bərpa etmək, onları modernləşdirmək,
oradakı iş yerlərini qoruyub saxlamaq, həmçinin
yenilərinin açılmasına nail olmaq idi.
Təbii ki, ilkin neftin hasilatından sonra ölkənin
xarici ticarət dövriyyəsi də sürətlə
artmağa başladı. Doğrudur, bunun böyük bir hissəsi
neft-qaz satışının payına düşürdü.
Amma bunun hesabına qeyri-neft sektoru heç kimin
gözləmədiyi templə inkişaf etməyə
başlamışdı.
İqtisadiyyatın
inkişaf mərhələsində olmasına baxmayaraq, ilk beş ilin dövlət büdcələri də
əsasən sosial yönümlü idi. Təhsil
və səhiyyə xərcləri sürətlə
qalxır, minimum əmək haqqı, pensiya və təqaüdlər
sistemli şəkildə artırılırdı.
Önəmli məsələlərdən biri də, ildən-ilə
artan büdcədə investisiya həcminin, xüsusilə
özəl sektorun dəstəklənməsinə yönələn
xərclərin artması idi. Artıq 2005-ci ilin
büdcəsində Sahibkarlığa Dəstək Milli Fondu
üçün 200 milyard manat (köhnə manatla)
ayrılmışdı ki, bu da 2004-cü illə müqayisədə
iki dəfə çox idi. Əlavə
olaraq ölkədə yaradılan Aqroservislərə kənd
təsərrüfatı texnikası almaq üçün 100
milyard manat (köhnə manatla) ayrılmışdı.
2004-cü ildən başlayaraq neft sektoru ilə
yanaşı, prioritet təşkil edən bir çox sahələrə
də investisiyalar yönəldilməyə başlandı. Bunlar əsasən artan kənd
təsərrüfatı məhsullurının emalı,
yüksək səmərəlilik infrastrukturunun
yaradılması, xüsusilə energetika, telekommunikasiya, su və
qaz təchizatı sistemləri, neft sektoruna xidmət göstərən
sənaye sahələrinin inkişafı və genişləndirilməsi,
qaz emalı sahəsində ölkənin böyük
imkanlarını nəzərə alaraq, qaza əsaslanan sahələrin
inkişafı və s.
Bu sahələrdə ən vacibi, fikrimizcə ölkənin
enerji təhlükəsizliyinin təmin olunması məqsədi
ilə Azərbaycanda tam müasir texnologiya əsasında
energetika infrastrukturlarının yaradılması elektrik
enerjisi istehsalının artırılması idi. Hələ 2006-cı ilə
qədər ölkəmiz ildə 1,2-1,5
milyard kilovatsaat elektrik enerjisi idxal etmək məcburiyyətində
idi. Bu gün təbii ki, tam başqa bir
reallıqla üz-üzəyik. Üç
ildir ki, ölkəmiz elektrik enerjisi ixrac edir. Lakin buna baxmayaraq, Azərbaycanın energetika
potensialının gücləndirilməsi üçün
2012-ci ildən başlayaraq mərhələli şəkildə
bir neçə SES-in istifadəyə verilməsi
planlaşdırılmışdır.
Maraqlı
məqamlardan biri də ondan ibarətdir ki, artıq cənab
İlham Əliyevin prezidentlik fəaliyyətinin beşinci ili ərəfəsində Azərbaycanda
dünyada analoqu olmayan iqtisadi sıçrayış qeydə
alındı. Uzaqgörən, çevik və qətiyyətli
ardıcıl tədbirlər nəticəsində ölkə
iqtisadiyyatının həcmi 2 dəfə, o cümlədən
sənaye istehsalı 24 faiz artdı. 2008-ci
ildə büdcə xərcləri 10 dəfə artaraq 12
milyard dollara çatmışdı. 4 ildə dövlət
investisiya qoyuluşunun həcmi 20 dəfədən çox,
ölkənin valyuta ehtiyatları 4,5 dəfədən
çox, iqtisadiyyatın qeyri-neft sektoru 1,8 dəfə
artmışdı. Əhalinin yaşayış
səviyyəsi və sosial rifah halı sürətlə yaxşılaşırdı.
Əgər 2003-cü ildə Azərbaycanda
yoxsulluq şəraitində yaşayan əhali 49 faiz təşkil
edirdisə 4 ilə bu rəqəm 16 faizə enmişdi.
Şübhəsiz bu adi məsələ deyildi. Baxın,
2008-ci ildən başlayaraq dünyanı silkələyən
maliyyə-iqtisadi böhranın səbəbləri sırasında
nələr var? Qida məhsullarının,
enerjinin həddindən artıq bahalaşması, inkişaf
etmiş ölkələrə inamın sürətlə
aşağa düşməsi. Bəli,
yoxsulluq dünyanın bir nömrəli problemi olaraq bu gün
də qalmaqdadır. Dünyada
yoxsulluğun artmasının əsas səbəblərindən
biri isə işsizlikdir. Qlobal böhran
qlobal iqtisadiyyatın qarşısında qoyulmuş bu problemi
daha da gərginləşdirdi. Bu gün
ABŞ-da, Avropa ölkələrində işsizlik sürətlə
artmaqdadır.
Azərbaycan dövlət başçısının
bu məsələyə münasibəti isə
orijinallığı ilə seçilirdi. Cənab İlham Əliyev
deyir: "Kasıb ölkədə, yoxsullar olan ölkədə
tam şəkildə demokratik cəmiyyətin qurulması da
mümkün deyil. Çünki əgər
insanlar kasıbdırsa, əgər yoxsulluq, işsizlik şəraitində
yaşayırsa, onları tamamilə başqa məsələlər
düşündürür. Ona görə
biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik".
Məhz ona görə Azərbaycan Prezidenti indiki
qloballaşma dövründə köhnə iqtisadi modellərin
səmərəsizliyini, inkişaf gətirməyəcəyini
hamıdan qabaq gördü və özünün inkişaf
modelini qurdu. Bəli, indi artıq yeni iqtisadi reallıqları nəzərə
alıb, onların tələbləri səviyyəsində hərəkət
etmək lazımdır.
Zaman da
göstərdi ki, Prezident İlham Əliyevin gerçəkləşdirdiyi
iqtisadi strategiya nəticəsində əldə olunan 4 illik
inkişaf tempi Azərbaycanı təkcə sonrakı 4 illik
iqtisadi böhrandan sığortalamadı, eyni zamanda ölkədə
sabit və dayanıqlı iqtisadiyyatın
formalaşdığını bütün dünyaya
nümayiş etdirdi. Elə bunu əsas götürən
rusiyalı iqtisadçı ekspert S.Pritçin yazır:
"Dünya maliyyə böhranının fonunda Azərbaycan
iqtisadiyyatı bütün qonşuları ilə müqayisədə
daha sabit görünür".
Etiraf etmək
lazımdır ki, hələ 2009-cu ildə dünyanın nəhəng
iqtisadiyyatlarının maliyyə böhranından qurtuluş
yolu axtardığı bir vaxtda 9,3 faizlik artımla ili başa
vuran Azərbaycan iqtisadiyyatı ÜDM-in artım tempinə
görə dünyanın üçüncü ölkəsi
oldu. Ona görə də "İnternational living"
jurnalı 2009-cu ilin nəticələrinə görə Azərbaycan
iqtisadiyyatının, nəinki Cənubi Qafqazda, bütün
MDB məkanında ən güclü iqtisadiyyat olduğunu bəyan
etdi və "iqtisadiyyat" kateqoriyasında Azərbaycan 100
ballıq şkalada 42 bal, Rusiya 38 bal, Gürcüstan və
İran 33 bal, Türkiyə 32 bal, Ukrayna isə 31 balla qiymətləndirildi.
Rəqabətqabiliyyətlilik üzrə
Ümumdünya İqtisadi Forumu isə bütün dünya
ölkələrinin arasında Azərbaycanı 51-ci yerə
layiq gördü və bununla da ölkəmizin MDB məkanında
lider ölkə olduğunu təsdiq etdi.
Təbii ki, bütün bu qiymətləndirmələr
arqumentlərə, əldə olunan nəticələrə,
faktlara və rəqəmlərə söykənir. Onlar isə həqiqətən
qürur və fəxarət doğurur.
Diqqət
yetirək:
2010-cu
ilin yekunlarına görə ümumi daxili məhsulun hər nəfərə
düşən həcmi 4653,3 manat və
ya 6797,8 ABŞ dollarına çatmış, iqtisadi
böhranın qarşısının alındığı
1996-cı ilə nisbətən ÜDM-in istehsalı 5,7 dəfə
çox olmuşdur. BMT-nin insan inkişafına dair növbəti
hesabatında 169 ölkə arasında ölkəmiz 67-ci yeri
tutaraq "orta insan inkişafı ölkələri"
qrupunu tərk edib, "yüksək insan inkişafı
ölkələri" qrupuna daxil edilmişdir. Təkcə
2010-cu ildə istehsal olunmuş sənaye məhsulu ötən
əsrin 50-60-cı illərin 10 ili ərzində
istehsal olunmuş məhsula bərabər olmuşdur.
2004-cü
ildən bu günə ölkədə 40 min yeni müəssisə
açılmış, bir milyona yaxın yeni iş yeri
yaradılmışdır.
8 ildə
ölkənin iqtisadiyyatı 300 faiz artmış,
yoxsulluğun həddi 5 dəfə azalmış, büdcə
xərcləri 20 dəfə artmışdır.
Azərbaycanın valyuta ehtiyatları onun xarici borcunu 8 dəfə
üstələyir ki, bu da 40 milyard ABŞ dollarından
çox vəsait deməkdir. Azərbaycanın iqtisadiyyatı Cənubi
Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir.
2011-ci il
yanvarın 1-nə olan məlumata görə əhalinin
banklardakı əmanətləri 3 milyard manatı
keçmişdir. Fikrimizcə, əhalinin yaşayış səviyyəsinin
bir barometri də məhz bu göstəricidir.
Təhsilə,
səhiyyəyə, mədəniyyətə, elmə, sosial
müdafiəyə yönələn xərcləri də
göstərməklə bu siyahını xeyli uzatmaq olar.
Etiraf etmək lazımdır ki, dövlət büdcəsində
bu sahələrdə də çox böyük məbləğdə
vəsaitlər ayrılıb. Ancaq əsas məram ondan ibarətdir
ki, bütün bunlar uğurla həyata keçirilən Azərbaycanın
milli iqtisadi inkişaf modelinin sayəsində mümkün
olmuşdur.
Məhz
dünya iqtisadçı ekspertlərinin diqqətini çəkən
bu modelin sayəsində Azərbaycan beynəlxalq iqtisadi
müstəvidə çox etibarlı işgüzar partnyor
imici qazanmışdır. Bunu ölkə
başçısı Prezident İlham Əliyev də bu
günlər xarici mətbuat orqanlarına verdiyi müsahibədə
təsdiqləyir: "Elə bir fakt olmayıb ki, biz üzərimizə
götürdüyümüz öhdəliyə əməl
etməyək".
Ölkədə şəxsi mülkiyyətin qorunması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, investisiyaların təşviqi və qorunması istiqamətində müasir tələblərə cavab verən qanunvericilik bazasının olması da etibarlı partnyor nüfuzunun möhkəmlənməsində az rol oynamır. Çox yəqin ki, bunları nəzərə alan, əslində yaxından öyrənən İngiltərənin "The Tayms" qəzeti yaxın keçmişdə dərc etdiyi məqaləyə elə bu səbəbdən belə də başlıq verir: "Azərbaycan xarici investisiyalar üçün əsas ölkədir".
Bütün bunlar belə qənaətə gəlməyə tam əsas verir ki, Azərbaycan dövləti bu gün yeni, müasir dövrün çağırışlarına cavab verməyə hazırdır.
Arzuman MURADLI,
iqtisadiyyat üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 30 dekabr.- S. 9.