Müstəqillik
illərində kənd təsərrüfatı sahəsində
böyük uğurlar
əldə olunmuşdur
Müstəqil
dövlət ideyası respublikamızın ən yeni tarixində məhz dahi
rəhbər Heydər Əliyevin adı və şəxsiyyəti
ilə bağlıdır. Ümummilli liderimizin rəhbərliyinin 13 ili
ərzində Azərbaycan ittifaq tərkibində
müasir iqtisadi potensiala malik respublikaya çevrildi. Beləliklə, həmin dövrdə
elə bir tarixi
bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində
indiki müstəqil Azərbaycanın
qurulması mümkün oldu.
XX əsrin 70-80-ci illərində ulu öndərimizin qətiyyəti sayəsində keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, energetika və nəqliyyat kompleksi inkişaf etdirilmişdir. O dövrdə respublikada 125 sənaye müəssisəsi işə salınmışdır.
Milli iqtisadiyyatda neft sənayesinin prioritet rolunu müdrikliklə müəyyənləşdirən ümummilli liderimiz bu sahənin dinamik inkişafına xüsusi diqqət yetirmiş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət etməsi prosesinin əsası qoyulmuşdur. Respublikanın neft maşınqayırma sənaye müəssisələri keçmiş ittifaqın neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının isə 70 faizini istehsal edirdi.Həmin illərdə ittifaq miqyasında yeni neft yataqlarının kəşfi, işlənməsi, mütərəqqi texnologiyalar və üsullarla neft və qaz quyularının qazılması və istismarı sahələrindəki əsas yeniliklər də Azərbaycanın payına düşürdü. Respublika rəhbərliyinin təşəbbüsü və əzmkarlığı sayəsində ölkədə neft sənayesinin inkişaf konsepsiyasının nəzəri əsaslarını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır.
Həmin dövrdə ittifaqdaxili ixtisaslaşma səbəbindən müttəfiq respublikaların ərzaq müstəqilliyi təmin olunmurdu. Həmin ziddiyyəti aradan qaldırmaq və keçmiş ittifaqda əmək bölgüsünü dəyişdirmək barədə təkliflər vermək respublika rəhbərliyindən böyük siyasi qətiyyət tələb edirdi. Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatında ixtisaslaşmanın ərzaq təhlükəsizliyi meyarına uyğun yenidən qurulmasına istiqamətlənmiş tədbirlər həyata keçirdi. Bu isə kənd təsərrüfatının prioritet sahələri kimi müəyyənləşdirilən pambıqçılıq və üzümçülükdə mühüm uğurlar qazanılmasına (1,015 min ton pambıq, 2,100 min ton üzüm istehsalı), kəndlərdə sosial və istehsal infrastrukturunun gücləndirilməsinə və nəhayət, əhali gəlirlərinin artırılmasında misli görünməmiş nəticələrə səbəb oldu.
Dahi şəxsiyyətin respublikaya rəhbərliyinin həmin dövründə Azərbaycanda ümumi istehsalın həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə ittifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə yüksəlmişdir.Bu, o dövr idi ki, "yenidənqurma" pərdəsi altında həyata keçirilən siyasət əslində sosializmin iqtisadi dayaqlarının sarsıdılmasına yönəldilmişdi. Bu gizli məqsədə nail olunması üçün SSRİ-nin tərkibindəki respublikalar və millətlər arasında ayrı-seçkilik yaratmaqla ölkədə özünüdağıtma mexanizmi işə salınmışdı. Məhz bu "münbit" şəraitdə erməni separatçıları, XX əsrin əvvəllərində olduğu kimi, yenidən dənizdən-dənizə "Böyük Ermənistan" dövləti qurmaq niyyətlərini reallaşdırmağa başlamışdılar.
O zaman genetik yaddaşında milli dövlətçilik ənənələrinin qoruyub saxlayan Azərbaycan xalqı ayağa qalxdı və bütün çətinliklərə sinə gələrək öz müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində respublikamızda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başının üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyini möhkəmləndirmək kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini qazanmış Heydər Əliyev idi. Bu baxımdan 1993-cü ildə Azərbaycanın bir dövlət kimi parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevə üz tutması təsadüfi deyildi. O zaman Heydər Əliyevə ünvanlanan müraciətlər maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış axtarması deyil, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün tarixi ümumxalq çağırışı idi.
Ümummilli liderimiz dəyişən dünyada əvvəlki iqtisadi siyasətin aparılmasının perspektivsiz olduğunu qəti surətdə ortaya qoydu, xalqı inandıra bildi və beləliklə, 1991-ci ildə Naxçıvan MR-da başlanan özəlləşdirmə təcrübəsi əsasında 1995-ci ildən etibarən respublikanın aqrar sahəsini bütövlükdə əhatə edən aqrar islahat kursuna start verildi.
İslahatların ilkin olaraq aqrar sahədən başlanması heç də təsadüfi deyildi. Çünki beynəlxalq təcrübəyə əsasən aqrar sahənin və onun tərkib hissəsi olan kənd təsərrüfatının inkişaf səviyyəsi ölkənin ümummilli iqtisadi inkişafını xarakterizə edən əsas amil sayılır. Əkinçilik mədəniyyəti isə ölkə mədəniyyətinin təyinedici bir amili kimi çıxış edir.
Ulu öndər həmin illərdə çoxsaylı çıxışlarında dəfələrlə vurğulayırdı ki, aqrar islahatların həyata keçirilməsi qısamüddətli tədbir deyil, tarixi bir prosesdir. Bu prosesdə keçmiş təsərrüfatçılıq sistemi yeni istehsal münasibətlərilə əvəz olunmalı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırılmalıdır. Köklü struktur dəyişiklikləri aparılmalı, dövlət mülkiyyəti özəlləşdirilməli, yeni mülkiyyət münasibətləri inkişaf etdirilməli, sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilati və texniki şərait yaradılmalı, müəssisələrarası, sahələrarası və dövlətlərarası yeni istehsal-iqtisadi əlaqələr qurulmaqla kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əsil rəqabət mühiti formalaşdırılmalıdır. Məhz bu məqsədlə ulu öndərin təşəbbüskarlığı və təşkilatçılığı ilə 1995-ci ildə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı haqqında", 1996-cı ildə isə "Torpaq islahatı haqqında" qanunlar qəbul edilmiş və aqrar sahədə bazar münasibətlərinə keçidi reallaşdırmaq məqsədilə çoxsaylı hüquqi-normativ aktlar qəbul edilmişdir. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə və yekdil rəyinə görə o illərdə Azərbaycanda MDB respublikalarında analoqu olmayan radikal aqrar islahatlar kursu seçilmiş və cəsarətlə reallaşdırılmışdır.
Aqrar sahədə dayanıqlı inkişafın ən mühüm parametrlərindən biri isə kəndin sosial səviyyəsinin yüksəldilməsilə bağlı zəruri tədbirlərin həyata keçirilməsidir. Buna da ilk növbədə kənd təsərrüfatı istehsalının qurulması, kənd əhalisinin gəlirlərinin artırılması, yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial infrastrukturun yaxşılaşdırılması yolu ilə nail olunmalıdır. Dayanıqlı inkişaf elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqinin maliyyələşdirilməsindən və mütərəqqi texnologiyaların tətbiqi vasitəsilə məhsul istehsalının həcminin artırılmasından bilavasitə asılıdır. Bunu nəzərə alan ölkə başcısı aqrar siyasətin formalaşdırılmasını və inkişaf strategiyasının müəyyənləşdirilib həyata keçirilməsini bir məqsəd kimi qarşıya qoydu. Bu siyasətin əsas meyarları iqtisadi tənəzzülün qarşısının alınması, əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi, ümumi və əmtəəlik məhsul istehsalı tempinin artımı, kənd təsərrüfatı maşınqayırma sənayesinin və emal sənayesinin yaradılması, müxtəlif mülkiyyət formalarının inkişafı, ayrı-ayrı məhsul növlərinin istehsalı və satışının inhisarlaşma dərəcəsinin tənzimlənməsi və s. məsələləri özündə ehtiva edir.
Müstəqilliyin ilk illərində respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev transmilli korporasiyalarla Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsi məqsədilə müştərək müqavilələrin imzalanmasına ən ümdə məqsəd kimi yanaşırdı. İqtisadi inkişafın, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin əsas şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir.
Bunun ən bariz nümunəsi ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında bağlanan "Əsrin müqaviləsi" qədim neft diyarı kimi Azərbaycanın keçmiş şöhrətini özünə qaytardı, neft-qaz sənayesinin dinamik inkişafının təməlini qoydu, respublikada karbohidrogen hasilatının səviyyəsini yüksəltməyə imkan yaratdı. Ölkəyə böyük həcmdə investisiyalar, ən yeni texnika və texnologiyalar, əməyin təşkilinin mütərəqqi üsulları gətirildi.
Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır. Nəticədə bazar iqtisadiyyatının tələblərinə uyğun liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarəti mexanizminin təkmilləşdirilməsi nəticəsində azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermişdir. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuşdur.
Beləliklə, Azərbaycan öz dövlət müstəqilliyini iqtisadi cəhətdən möhkəmləndirməklə dünya birliyinə müvəffəqiyyətlə inteqrasiya olunurdu. Ulu öndərin tövsiyəsi ilə cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan xalqı tərəfindən ölkə Prezidenti seçilməsi müstəqilliyin qorunub saxlanılması baxımından yeganə və çox uğurlu bir addım oldu.
Cənab İlham Əliyevin 8 illik prezidentlik dövründə atılan məqsədyönlü addımlar, imzalanan çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar dövlət başçısının xalqın mənafeyinin daim qorunmasını öz fəaliyyətinin başlıca prinsipi olduğunu bir daha təsdiqləmişdir.
Qazanılan sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən, cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanın əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu sənədlə start verilmişdir. Sözügedən fərman, sonrakı mərhələlərdə imzalanaraq hazırda uğurla icra edilən dövlət proqramları üçün baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyllərinə böyük təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin həlli, regionların proponsional inkişafı, qeyri-neft sektoruna, o cümlədən aqrar sahəyə diqqətin artırılması, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.
Həyata keçirilən birinci və ikinci regional Dövlət proqramları Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə, eləcə də regionlarda özəl sektorun inkişafı və iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına azalmasında mühüm rol oynamaqdadır. Bu proqramlar çərçivəsində görülmüş işlər indiyə qədər regionların sosial-iqtisadi tərəqqisinə mane olan problemləri aradan qaldırmışdır. Kənd təsərrüfatının inkişafına diqqətin artırılması, hər regionun malik olduğu təbii resurslardan məqsədyönlü istifadə, sərmayələrin qeyri-neft sektoruna cəlb edilməsinin sürətləndirilməsi, yeni, müasir emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərinin salınması, turizmin inkişafı bölgələrdə yüz minlərlə yeni iş yerlərinin açılmasına imkan vermişdir.
Ölkədə qeyri-neft sektorunun payının artırılmasına yönəldilmiş siyasət artıq öz bəhrəsini verməkdədir.Belə ki, hazırda ÜDM-də bu sektorun xüsusi çəkisi 47 faizi ötür.Təbii ki, bu, son hədəf deyildir.Aqrar sahədə bu gün 2336 kənd təsərrüfatı müəssisəsi, 2618 fərdi sahibkar təsərrüfatı, 551 emal müəssisəsi və on minlərlə ailə-kəndli və ev təsərrüfatları fəaliyyət göstərir.
Ölkə Prezidentinin kənd təsərrüfatına daim diqqət göstərməsi bu sahənin inkişafına prioritet münasibətdən irəli gəlir. Məhz buna görə də dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə "Aqrolizinq" ASC-nın yaradılması, texnikanın alınması, gübrə və yanacaq üçün hər il böyük həcmdə vəsait ayrılması kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Şübhəsiz ki, aqrar sahəyə göstərilən bu diqqət regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayır. 2005-ci ildən etibarən "Aqrolizinq" ASC-yə ayrılmış ümumi vəsaitin məbləği 26 milyon manat təşkil etmişdir. O cümlədən, 2008-ci ildə 37,5 milyon manat, 2009-cu ildə 48,2 milyon manat, 2010-cu ildə isə 35 milyon manat ayrılmışdır. Hazırda "Aqrolizinq"in bölgələrdə 55 "Aqroservis" fılialı və onların nəzdində 107 mexanikləşdirilmiş dəstə fəaliyyət göstərir. Həmin qurumların istifadəsində 4234 kənd təsərrüfatı texnikası, o cümlədən 588 kombayn, 1051 traktor, 49 ekskovator və 2546 müxtəlif kənd təsərrüfatı texnikası vardır.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalar əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 50 faiz güzəştlə satılır. Bundan başqa, Azərbaycan Prezidentinin 21 avqust 2008-cu il tarixli sərəncamına əsasən, dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumu da toxum istehsalçılarına dəyərinin 50 faizi qədər güzəştlə satılır. Eyni zamanda, 2008-ci ildə 1000 baş, 2009-cu ildə 770 baş, 2010-cu ildə isə 3 milyon manatlıq cins damazlıq heyvan ölkəyə gətirilərək, müqaviləyə əsasən dəyərinin 50 faizi qədər güzəştlə 3 il müddətinə lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.
Respublikada kənd təsərrüfatında tənəzzülün qarşısı alındıqdan sonra 2005-2010-cu illərdə və 2011- ci ilin 9 ayı ərzində dövlət büdcəsi vəsaitləri hesabına qəbul edilmiş qaydalara uyğun olaraq, lizinqə 12 min 357 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən, 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 komplekt texniki avadanlıq və soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istilik avadanlıqları və digər avadanlıqlar, 300 min ton mineral gübrə, 300 ton pestisid alınaraq satılmışdır.
Həyata keçirilən tədbirlər
nəticəsində 2008-ci ildə kənd təsərrüfatında
1 milyon 77 min ton kartof, 1 milyon
228 min ton tərəvəz
yığılmışdır. 2009-cu ildə taxıl
istehsalı 2 milyon 988 min
tona, o cümlədən
buğda istehsalı 2 milyon
140 min tona
çatmışdır. 2010-cu ildə 433 min ton bostan bitkisi, 729 min ton meyvə və 129 min ton üzüm istehsal edilmişdir. Bu ilin dekabrın 1- nə kimi isə qarğıdalı
da daxil olmaqla 2 milyon 457 min ton taxıl, 938 min ton kartof, 1
milyon 196 min ton tərəvəz,
761 min ton meyvə və
giləmeyvə, 235 min ton şəkər
çuğunduru toplanmışdır.
Prezident
İlham Əliyevin
2008-ci il 25 avqust tarixli sərəncamı ilə
təsdiq edilmiş
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı" qarşıdakı
illərdə respublikanın
ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından müstəsna
əhəmiyyətə malikdir.
Dövlət Proqramında 2008-2015-ci illərdə Azərbaycan
əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Tədbirlər Planı öz əksini tapmışdır.
Dövlət Proqramına
görə, 2015-ci ilədək
dənli bitkilərin əkin sahələrinin
900 min hektara, məhsuldarlığı
32 sentnerə, ümumi
istehsalı 2,8 milyon tona, ət məhsulu
istehsalını 340 min tona,
süd və süd məhsullarının
istehsalını 2,4 milyon
tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80
min tona, yumurta istehsalını 1,12 milyard
ədədə, tərəvəz
və bostan bitkilərinin istehsalını
1,72 milyon tona, meyvə istehsalını
800 min tona, yağlı
bitkilərin əkin sahəsini 135 min hektara, şəkər çuğundurunun
əkin sahəsini 20
min hektara, çay yarpağı istehsalını
3 min tona, yem bitkilərinin əkin sahələrini 500 min hektara
çatdırmaq nəzərdə
tutulmuşdur. Ölkə
Prezidentinin aqrar sahəyə göstərdiyi
diqqət və qayğısı sayəsində
bu məqsədə
nail olunacağını əminliklə
söyləmək olar.
Aparılan təhlillər göstərir
ki, ölkədə istehsal həcmləri əhalinin ərzaq ehtiyaclarını kifayət
səviyyədə ödəməyə
imkan verir. 2000-ci illə
müqayisədə 2010-cu ildə
taxıl istehsalı
30 faiz, kartof 103 faiz, tərəvəz 52 faiz, meyvə 53 faiz, şəkər çuğunduru 5,3 faiz, ət məhsulları 33 faiz, süd 49 faiz, yumurta istehsalı
117 faiz artmışdır.
Qeyd etmək
lazımdır ki, son illərdə bütün
növlər üzrə
ərzaq məhsulları
istehsalı bütün
növlər üzrə,
qismən də olsa məhsuldarlığın
artımı hesabına
baş vermişdir. Lakin məhsuldarlığın
artım templəri istehsal həcmlərinin artımı ilə müqayisədə hələlik
aşağıdır. Bu fakt hazırda
aqrar sahənin əsas problemlərindən
biri olaraq qalır. Dünya ölkələri üzrə
taxılın məhsuldarlığının
yüksək göstəricisi
80 sentner, orta göstərici isə 30 sentner olduğu halda, ölkəmizdə taxılın ən yüksək məhsuldarlığı
27 sentner (2009-cu il) olmuşdur. Digər bitkiçilik və
heyvandarlıq məhsulları
üzrə də vəziyyət oxşardır.
Lakin bütün növ ərzaq məhsulları istehsalında son 10 ildə
məhsuldarlıq göstəricilərində
davamlı artım dinamikasının olmasını
nəzərə alaraq
sahədə əsaslı
nəticələrin əldə
olunması baxımından
nikbinliyə əsas vardır. Son illər ölkə rəhbərliyi tərəfindən
aqrar sahəyə göstərilən davamlı
yardımlar da bunu deməyə əsas verir. Hazırda ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulunun
95 faizə qədəri
özəl sektorun payına düşür.
Beləliklə, ötən 20 ildə
keçilən yolun mürəkkəbliyinə və
ağırlığına baxmayaraq, ölkə Prezidentinin fədakar fəaliyyəti və qətiyyəti sayəsində
Azərbaycan Respublikası
siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətlənə
bildi, dünya iqtisadiyyatına və siyasi həyatına inteqrasiya etdi, dünyəvi sivil bir dövlətə çevrildi. İqtisadiyyatın bütün sahələrində
əldə olunan müsbət dəyişikliklər
aqrar sahə timsalında da özünü daha aydın şəkildə
göstərdi. Bu, sahənin rəqabətədavamlığının
artırılması istiqamətində
yaxın və uzaq perspektivə hesablanmış və uğurla həyata keçirilən ölkənin
ərzaq təhlükəsizliyinin
tam təmin olunması
kimi hədəfə
nail olunacağına əminlik
yaradır.
Sadıq SALAHOV,
iqtisad elmləri doktoru,
professor
Mədəniyyət.- 2011.- 30
dekabr.- S. 8.