Səbail Azərbaycanın paytaxtı Bakı şəhərinin Xəzər dənizi sahili boyunca yerləşən mərkəzi rayonudur.

 

 Ərazisi 29 kvadratkilometr, əhalisi 92556 nəfərdir. Rayonda 9014 nəfər məcburi köçkün məskunlaşmışdır. Səbaildə 2 ərazi nümayəndəliyi və 3 bələdiyyə fəaliyyət göstərir. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları - Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Bakı Şəhər İcra Hakimiyyəti, Hökumət evi, bir sıra nazirliklər, dövlət komitələri və digər qurumlar Səbaildə yerləşir. Paytaxtımızda fəaliyyət göstərən 13 xarici dövlətin səfirlikləri və bir sıra beynəlxalq təşkilatların, həmçinin şirkətlərin ofisləri rayon ərazisindədir.

 

Qədim əsrlərin yadigarı olan "Qız qalası" Səbail rayonunun rəmzidir. Şəhidlər Xiyabanı və Fəxri Xiyaban, Heydər Əliyev Fondu, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, "Muğam" və "Üns" yaradıcılıq mərkəzləri, bir sıra istirahət və gəzinti obyektləri, Fəvvarələr meydanı, daxili bulvar olan Nizami küçəsi, Dənizkənarı bulvar da buradadır. Rayon ərazisində 93 müxtəlif sənaye obyekti, 727 firma, şirkət və kiçik müəssisə, 20 nəqliyyat, 7 rabitə təşkilatı, bir çox xarici şirkət fəaliyyət göstərir. Paytaxtın 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil, 17 məktəbəqədər müəssisəsi, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 22 səhiyyə ocağı bu rayonda yerləşir.

Respublikanın əsas mədəniyyət mərkəzlərindən 12 teatr, 2 kinoteatr, 6 kitabxana, 15 muzey, 5 mədəniyyət evi Səbaildə fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeylərinin, müharibə və ədəbi qəhrəmanların şərəfinə heykəl və büstlər ucaldılmışdır, 10 istirahət parkı və bağ var. Son illərdə Səbail ərazisində aparılan geniş abadlıq, yenidənqurma və tikinti işləri paytaxtın bu qocaman rayonunu daha da gözəlləşdirmiş, onun simasına yeni bir don biçmişdir.

2010-cu ildə iqtisadi-sosial inkişafda müsbət dəyişikliklər baş vermişdir. İlin yekunlarına görə, sənaye müəssisələri üzrə 20172,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 23,3 faiz çox məhsul istehsal edilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr 476,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,1 faiz çox xidmət göstərmişdir.

Keçən il ərzində rayondakı rabitə obyektləri müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 785,4 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 12,3 faiz çox xidmətlər göstərmiş, əhaliyə 623,8 milyon manatlıq istehlak malları satmış və pullu xidmətlər göstərmişdir.

Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxalaraq 260,8 milyon manata, pullu xidmətlərin həcmi isə 3,1 faiz artaraq 299,5 milyon manata çatmışdır.

2010-cu ilin yanvar - noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 85278 nəfər, orta aylıq əmək haqqının məbləği isə 836,4 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 28,1 faiz çoxdur. İl ərzində rayonda 1396 daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 33184 iş yeri açılmışdır ki, bunlardan 32316-sı daimidir.

Ötən il Səbail rayonunda yeni inşa olunmuş "Dalğa Plaza" İş, Bakı Biznes, "Park Bulvar" ticarət və istirahət mərkəzləri işə salınmışdır. Bayıl yaşayış sahəsində Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin təntənəli açılışı olmuşdur. Neftçilər prospekti - 135 ünvanda inşa olunmuş piyada keçidinin, əsaslı təmir-yenidənqurma işləri aparılmış Respublika Kliniki Uroloji Xəstəxanasının, "Respublika" mehmanxanasının, Fəvvarələr meydanının, Xaqani bağının, Nizami küçəsinin, 132-134 saylı Təhsil Kompleksinin açılış lentləri də ötən il kəsilmişdir. "Bakı - Ələt" avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarının arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması" layihəsi əsasında Bibiheybət qəsəbəsi yaxınlığından keçən yeni yol istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə bağlı rayonun Badamdar qəsəbəsi, Bayıl və 20-ci yaşayış sahələrində yaşayanların içməli su ilə təminatı daha da yaxşılaşacaqdır. Bundan ötrü keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində "Azərsu" SC tərəfindən 2 anbar istifadəyə verilmişdir.Bu obyektlərin açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı paytaxtın inkişafına, Səbail rayonunda aparılan yeniləşmə prosesinə ölkə rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir.

Hazırda 6 saylı məktəb-liseyin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının, Mehdi Hüseyn küçəsində "Alov qüllələri" kompleksinin, Neftçilər prospektində "Four seasons", "Hilton" və "Yeni Abşeron" mehmanxanalarının, Bakı Oksford məktəbi üçün yeni tədris korpusunun, Bülbül prospektində yeraltı keçidin tikintisi sürətlə aparılır. Dövlət Musiqili Komediya Teatrının, Mahnı Teatrının, "Səadət sarayı"nın binalarında, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda əsaslı təmir işləri davam edir.

Keçən ilin may ayında Badamdar qəsəbəsində 1966-cı ildə inşa olunmuş 236 saylı orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdı. Sentyabr ayının 7-də həmin məktəbdə keçirilən açılış mərasimində iştirak edən fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aparılmış təmir işlərindən çox razı qalmışdır. 2010-cu ilin may ayında Səbail Rayon Polis İdarəsinin yeni binası istifadəyə verilmişdir. İlin sonunda isə Badamdar qəsəbəsində Bakıelektrikşəbəkənin Badamdar yarımstansiyasının və Səbail Enerji Təchizatı və Satışı İdarəsinin yeni binasının tikintisi başa çatmışdır.

Rayonda sosial obyektlərin tikintisi və təmiri istiqamətində son illərdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən böyük işlər həyata keçirilmişdir. 23 min üzvü olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün ötən il yeni bina inşa olunmuş, ofis lazımi avadanlıqlarla təchiz olunmuşdur.

Rayon icra hakimiyyətinin qəsəbələrdə keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq, Badamdar qəsəbəsinin Neftçilər küçəsində 2 istirahət bağı salınmış, xeyir-şər mərasimləri və digər tədbirlər keçirilməsi üçün müasir dizaynlı bina tikilib istifadəyə verilmişdir. Bibiheybət qəsəbəsində bankomat və əsas yolda işıqfor quraşdırılmışdır. Xeyir-şər yeri təmir olunmuş, 50 saylı orta məktəbin istilik sistemi qaydaya salınmışdır.

II Dünya müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış layihə əsasında Bibiheybət qəsəbəsində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsində əsaslı təmir-yenidənqurma aparılmış və may ayının 7-də kompleksin açılış mərasimi keçirilmişdir. Tədbirdə veteranlara xatirə medalları və hədiyyələr təqdim olunmuşdur.

Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsində il ərzində 8 həyətdə əsaslı təmir-abadlıq işləri aparılmışdır. Tofiq Məmmədov küçəsi - 9, 14, 18, 22 və 21/7, 11-ci Badamdar küçəsi - 40, Badamdar yolu küçəsi - 107/109 ünvanlarda yerləşən həyətlərdə mini futbol və voleybol meydançaları, söhbətgahlar, oturacaqlar, uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılmışdır. Həyətlər abadlaşdırılmış, dəhliz qapıları dəyişdirilmişdir. Binaların giriş hissəsi və pilləkənlər təmir olunmuş, aqlay üzlüklə üzlənmiş, əraziyə asfalt salınmışdır. Binaların fasadı təmir olunaraq rənglənmiş, bəzi binaların divarları təmizlənmişdir. Həyətlərdə yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır.

RİH tərəfindən qəsəbədə yeni idman kompleksinin tikintisi və ümummilli liderin büstünün ucaldılacağı Heydər Əliyev parkının əsaslı yenidənqurulması üçün layihələndirmə və hazırlıq işləri aparılır. Hazırda Salyan yolu - 32 ünvanda piyadalar üçün yol keçidi, Mətbuat prospekti - 2 ünvandakı idman meydançası və xeyir-şər yerinin tikintisi, Qafur Məmmədov parkının əsaslı təmiri, Xanlar küçəsi - 2 ünvanda yeni bağın salınması işləri aparılır.

RİH-nin birbaşa rəhbərliyi ilə 2010-cu ildə 2 saylı musiqi məktəbində, 110 və 130 saylı uşaq bağçalarında, Badamdar qəsəbəsindəki Mədəniyyət evində, 15 saylı uşaq poliklinikasında, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail şöbəsinin və rayon Veteran Təşkilatları Şurasının qərargahlarında da əsaslı təmir aparılmışdır.

Vətəndaşların sosial problemlərinin həllinə diqqət və qayğının artırılmasına dair ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı aparılan irihəcmli abadlıq və quruculuq işləri ötən il də uğurla davam etdirilmişdir. Rayonun mərkəzi hissəsindəki, həmçinin Badamdar və Bibiheybət qəsəbələrindəki küçələrdə il ərzində 467940 kvadratmetr sahəyə yeni asfalt döşənmişdir. Müxtəlif diametrli 3321 metr su, 3492 metr kanalizasiya xətti çəkilmişdir. Yolların kənarlarındakı 244 mağaza və ticarət obyektlərinin üzlənməsi işləri aparılmışdır. Mərkəzdəki küçələrin səkilərinə, ümumilikdə, 3000 kvadratmetrdən çox dekorativ daş düzülmüşdür.

İl ərzində rayon Kommunal Təsərrüfatı Birliyi abadlaşdırma, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görmüşdür. Rayon sakinlərinin elektrik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir. Bunun nəticəsidir ki, 2010-cu il ərzində rayon üzrə əhali üzrə abonentlərə satılmış təbii qazın dəyərinin 96,1 faizinin ödənişi təmin olunmuş, enerji sərfiyyatına görə yığım 100 faiz olmuşdur. İstehlak olunmuş elektrik enerjisinin haqqının yığılması üzrə 2010-cu ilin yekununa görə Səbail Enerji Təchizatı və Satışı İdarəsi Bakı üzrə birinci yeri tutub.

Səbail rayonunda və ilk növbədə Bibiheybət buxtasında neftlə çirklənmiş, əhali üçün təhlükə mənbəyinə çevrilmiş torpaqların təmizlənməsi ilə bağlı işlər davam etdirilmişdir. Artıq Bibiheybət buxtasında 215 hektar ərazini Dövlət Neft Şirkətinin Ekologiya Departamenti təmizləmiş, burada 55 minə yaxın ağac və kol əkilmişdir. Ölkə başçısının 2010-cu ili "Ekologiya ili" elan etməsi rayonda ekoloji problemlərin həllinə diqqəti daha da artırmışdır. Keçən il keçirilən iməciliklərdə minlərlə insan iştirak etmiş və rayonda 37,5 minə yaxın ağac əkilmişdir.

Hesabat ilində Səbail Rayon İcra Hakimiyyətinin ciddi nəzarətdə saxladığı məsələlərdən biri də təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi olmuşdur. 2009-2010-cu tədris ilində rayonun orta məktəblərini 1592 nəfər bitirmiş, onlardan 1490 nəfəri kamal attestatı almışdır. 1313 nəfər ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, 861 nəfər tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 162 nəfəri 500-dən, 43 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsində keçən il Səbail rayonunun 7 və 236 saylı orta məktəbləri, 49 saylı "İntellekt" məktəb-liseyi qaliblər sırasında olmuşdur. Sevindirici haldır ki, Prezidentin sərəncamı ilə "İlin ən yaxşı müəllimi" adına layiq görülmüş 100 müəllimdən 13-ü Səbail rayonunun məktəblərində çalışırlar. Əlamətdar haldır ki, 5 Oktyabr Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısının fərmanına əsasən, Səbail rayonu təhsil işçilərindən 3 nəfəri "Əməkdar müəllim" adına, 2 nəfəri isə "Tərəqqi" medalına layiq görülmüşdür.

İl ərzində həyata keçirilən işlərlə yanaşı, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər də təşkil edilmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi, rus şairi A.S.Puşkinin anadan olmasının ildönümü qeyd olunmuşdur. AFFA, Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Azərcell" və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Məktəbli kuboku" yarışı keçirilmişdir. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı, Zaqatala, Bərdə şəhərlərindəki hərbi hissələrində görüşlər, Quba şəhərində hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinin yaradılması ictimaiyyətin ürəyindən olmuşdur. Rayonun hamilik etdiyi cəbhə bölgəsindəki "N saylı hərbi hissənin şəxsi heyəti ilə Novruz bayramındakı və Silahlı Qüvvələr Günündəki görüşlər, Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir də yaddaqalan olmuşdur.

Səbail rayonunda 6 məscid, 1 ibadət yeri, 1 mədrəsə var. 2010-cu ildə tarixi abidələrin bərpa və konservasiyası üzrə "Master Plan"a uyğun olaraq İçərişəhərdə yerləşən XI əsr abidəsi olan "Həzrət Məhəmməd" məscidində Avstriyanın "Remmers" şirkəti tərəfindən bərpa və konservasiya işləri aparılmış və dekabrın 24-də istifadəyə verilmişdir. Dekabr ayının 16-da Bibiheybət ziyarətgahında və İçərişəhər "Cümə" məscidində qanvermə aksiyaları təşkil olunmuşdur.

Keçən il IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən görülməsi zəruri olan əsas təşkilati və hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilmişdir. Hər iki dairə üzrə seçkilər tam şəffaf, ədalətli və demokratik keçmişdir.

Ötən il dekabr ayının sonunda "Qay.Nar.info.az" Milli Xəbər Portalında 2010-cu ilin yekunları ilə bağlı bir neçə istiqamət üzrə keçirilən rəy sorğusunun yekunlarına görə, "İlin Rayon İcra Hakimiyyəti" nominasiyası üzrə qalib Səbail Rayon İcra Hakimiyyəti olmuşdur.

2010-cu il ərzində həyata keçirilən profilaktiki tədbirlər nəticəsində baş verən cinayətlərin sayı 2009-cu illə müqayisədə 90 fakt azalmışdır. Aparılan qabaqlayıcı tədbirlər nəticəsində ağır və xüsusi ilə ağır cinayətlərin sayı 2 fakt azalmışdır. Qəsdən adamöldürmə, adam oğurluğu və zorlama kimi ağır cinayət hadisələri qeydə alınmamışdır.

Rayon ərazisində qeydiyyatdan keçən 4631 nəfər qaçqın (850 ailə) və 10615 nəfər (2642 ailə) məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.

İl ərzində rayondakı teatr və muzeylər, mədəniyyət mərkəzləri şəhərimizin sakinlərinə və çoxsaylı qonaqlarına xidmət göstərmişdir. S.Vurğun adına Rus Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşalar qoyulmuş və İncəsənət Muzeyində yeni ekspozisiya fəaliyyətə başlamışdır. Təmirlə əlaqədar Dövlət Musiqili Komediya Teatrının kollektivi müvəqqəti olaraq Dənizçilərin Mədəniyyət evində fəaliyyətini davam etdirmişdir.

Bu gün Səbail Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında ötən il əldə olunmuş uğurlardan geniş söhbət açılacaq, cari ilin vəzifələri müzakirə olunacaq.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 1 fevral.- S. 5.