Lerik ildən-ilə
gözəlləşir
Rayon icra hakimiyyəti
başçısının Lerik şəhər inzibati ərazi
dairəsi üzrə nümayəndəliyinin 2010-cu ildə
görülən işlərə və qarşıda duran vəzifələrə
həsr olunmuş hesabat yığıncağında idarə,
təşkilat və müəssisələrin rəhbərləri,
ictimaiyyət nümayəndələri iştirak edirdi.
Hesabat
məruzəsi ilə şəhər ərazi icra nümayəndəsi
Atamalı Nəcəfov çıxış etdi. O, bildirdi
ki, ölkə Prezidentinin diqqət və qayğısı ilə
tikinti-quruculuq işləri dağlıq bölgədə də
davam etdirilmişdir. Bunun nəticəsində Lerik şəhəri
simasını tamamilə dəyişmişdir. Möhtərəm
Prezidentimiz İlham Əliyevin rayona üçüncü səfəri
bütün leriklilərin qəlbində sonsuz sevinc və
qürur hissləri yaratmışdır. Burada görülən
işlər fərəh doğurur. Dövlət Neft Şirkətinin
vəsaiti hesabına rayon mərkəzi xəstəxanası əsaslı
təmir edilib istifadəyə verilmiş, müasir tibb
avadanlığı ilə təmin edilmişdir. Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin dəstəyi ilə inşa edilən 16 mənzilli
yaşayış evi istifadəyə verilmişdir. Şəhərin
baş meydanında Heydər Əliyev Mərkəzi, rayon icra
hakimiyyəti, baytarlıq idarəsi, habelə
"Uzunömürlülər" muzeyi üçün bina
tikilib və istifadəyə verilmişdir.
Şəhərdə
küçə və meydanların təmiri, bərpası və
yenidən qurulması davam etdirilmişdir. N.Nərimanov
küçəsində şəhərin giriş
qapısı, Şəhidlər Xiyabanı, yolun alt hissəsində
dağılmış istinad divarları bərpa edilmişdir.
C.Cabbarlı küçəsində bulağın və pilləkənlərin
tikintisi başa çatdırılmışdır. Hacı
Heydər küçəsində yol genişləndirilmiş,
küçədəki bulağın və ona bitişik sahədə
pilləkənlərin, istinad divarlarının yenidən
tikilməsi başa çatdırılmışdır. A.Nuriyev,
E.Qarayev, A.Əsədullayev, N.Nərimanov, Ş.Qurbanov
küçələrində işıqlandırma sistemi təmir
və bərpa edilmişdir. Hesabat
yığıncağında rayon icra hakimiyyətinin
başçısı Rövşən Bağırov
çıxış edərək bildirdi ki, 2010-cu ildə
dünyada iqtisadi və maliyyə böhranının davam etməsinə
baxmayaraq, Azərbaycan böyük uğurlara nail olmuşdur. Prezident
İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin
yekunlarına həsr edilmiş yığıncağında
qeyd etdiyi kimi, ölkə qarşısında duran
bütün vəzifələr şərəflə yerinə
yetirilmişdir. İqtisadiyyatımız təxminən 5 faiz, əhalinin
pul gəlirləri 12 faiz artmış, inflyasiya cəmi 5,7 faiz
təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə
qoyulmuş, valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard
dollara qalxmışdır.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mühüm dövlət proqramları, məqsədyönlü islahatlar nəticəsində respublikanın sosial-iqtisadi tərəqqisi getdikcə güclənir, ölkənin davamlı inkişafı üçün yeni-yeni imkanlar yaranır. Bu gün fəxrlə qeyd edə bilərik ki, Azərbaycan artıq digər ölkələrə investisiya qoyaraq mühüm layihələrin icrasını həyata keçirir.
Dövlətimiz tərəfindən sosialyönümlü siyasət davam etdirilmiş, minimum əməkhaqqı və pensiyaların baza hissəsi qaldırılmış, ünvanlı sosial yardım proqramı uğurla icra edilmişdir.
Respublikamızdakı uğurlu iqtisadi islahatlar Lerikin də sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.
İyunun 25-də rayona səfər edən Prezident İlham Əliyevin Lerik şəhərində inşa edilmiş sosial obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü hər kəsə unudulmaz təsir bağışladı. Prezidentin görüşdə söylədiyi fikirlər rayonda görülmüş işlərə verdiyi ən böyük qiymətdir.
Ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi meydan yenidən qurulmuş, bəzək ağacları və gül kolları əkilmiş, fəvvarə tikilmiş və müasir işıqlandırma sistemi yaradılmışdır. Ümummilli liderin möhtəşəm abidəsi ucaldılmış, Heydər Əliyev Mərkəzi üçün əzəmətli bina inşa edilmişdir. Azərbaycan Respublikası Dövlət Bayrağının asılması üçün meydanda 35 metrlik qüllə qaldırılmışdır. Lerik şəhərinin küçələrində istinad divarları milli ornamentlərə uyğun inşa edilmiş, küçə və xiyabanlara üzlük daş döşənmiş, müasir işıqlandırma sistemi yaradılmışdır. İctimai xadim N.Nərimanovun abidəsi və onun yerləşdiyi park əsaslı təmir edilmiş, rayon tarix-diyarşünaslıq muzeyinin qarşısında fəvvarə kompleksi tikilmişdir. Lerik şəhər 2 nömrəli orta məktəbin binası isə Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilmişdir.
Dövlət Proqramı üzrə Lerikdə 2010-cu ildə bütün sahələrdə uğurlara nail olunmuşdur. Ümumiyyətlə, son illərdə dağların qoynunda hər cür sosial infrastrukturu olan bir şəhər salınmışdır. Rayonda 22 yeni məktəb binası tikilmiş, 30-dan çox məktəb binası əsaslı təmir edilmiş, müasir avadanlıq və kompyuterlərlə təmin edilərək məktəblilərin istifadəsinə verilmişdir.
Yığıncaqda çıxış edən sakinlər göstərilən qayğı və diqqətə görə ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 1 fevral.- S. 4.