Heydər Əliyev
və müasir Azərbaycan
Bu yaxınlarda
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı çıxışında Prezident İlham
Əliyev müstəqilliyimizin bərpasının 20 illiyinin
qeyd olunacağını bildirərək demişdir: "Bu il
biz müstqilliyimizin bərpasının 20 illiyini qeyd edəcəyik.
20 il ərzindəAzərbaycan müstəqil ölkə kimi
yaşayır". Prezident yanvarın 21-də "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında " sərəncam da
imzaladı. Sərəncamda deyilir: " 1993-cü ilin iyun
ayında ölkədə formalaşmağa başlayan yeni
siyasi kurs vətəndaş müharibəsi təhlükəsini
aradan qaldırdı, separatçılıq meyllərinə
son qoydu və Heydər Əliyevin dövlət quruculuğu
siyasətinin gerçəkləşməsinə gətirib
çıxardı. "
Tariximizin bu dövrünün səhifələrini vərəqləsək aydın görərik ki, müasir Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və dönməzliyi ulu öndər Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır. Məhz ümummilli liderin uzaqgörən siyasətinin nəicəsində Azərbaycan son illər inkişaf etmiş, azad,firavan ölkəyə çevrilmişdir. "Azərbaycan dövlət müstəqilliyi yolunda fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır" - deyirdi ulu öndər. Ulu öndər hakimiyyətdə olduğu illərdə müstəqilliyimiz möhkəmləndi, dönməz xarakter aldı, ölkəmiz bütün dünyada tanındı. Dahi siyasət xadimi deyirdi ki, "müstəqilliyimiz bizim tarixi nailiyyətimizdir".
Bu danılmaz həqiqətdir ki, müstəqillik hər bir xalqin həyatında ən dəyərli nemətdir. Bu dəyərli neməti əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər ağır və mürəkkəb prosesdir. Bunun üçün mökəm, qüdrətli dövlət yaratmaq cox vacib məsələdir. Çünki qüdrətli, möhkəm dövləti olmayan bir xalqın müstəqilliyi də müvəqqəti olacaq, Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı müstəqillik yolunda uzun müddət mübarizə aparmış, yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu dövrdə Azərbaycan öz müstəqilliyinə qovuşaraq dövlətçilik ənənələrini daha da möhkəmləndirmişdir. Ulu öndər yaxşı bilirdi ki, güclü dövlət olmayan yerdə müstəqillikdən danışmağa dəyməz. Ona görə də hakimiyyətə gəldiyi ilk vaxtdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini möhkəmləndirmək üçün bir çox əhəmiyyətli tədbirlər həyata keçirdi, dövlətimizi dağılmaqdan xilas etdi, Azərbaycanı sürətli inkişaf yoluna çıxardı.
Böyük xilaskar 1993-2003-cü illərdə bir neçə hissəyə parçalanan, sosial-iqtisadi tərəqqi zolağında olan, ictimai-siyasi və hərbi-mənəvi böhran içində çabalayan ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı, insan hüquqları ön plana çıxdı, cəmiyyət demokratikləşdi. Azərbaycanın Qərbə interqrasiyası təmin olundu, ölkəyə on milyardlarla dollar xarici sərmayə və müasir texnologiya gətirən layihələr gerçələşdirildi. İnanmaq olmur ki, bütün bunlar bir insanın, bir liderin, bir tarixi şəxsiyyətin adı ilə bağlıdır.
Heydər Əliyev ona görə güclü idi ki, o, haqlı idi. O, müstəqilliyini arzulayan bir xalqın istəyini reallaşdırdı və bu yolda bütün mərhumiyyətlərə hazır idi. "Mən ömrümün qalan hissəsini öz xalqıma bağışlamışam" - ulu öndər bu fədakarlığı bütün siyasi fəaliyyətində büruzə verirdi. Ulu öndərin hakimiyyətdə olduğu illər bizim gözlərimiz qarşısında keçmişdir. Biz bu illərin ağrılarını yaşamışıq və görmüşük ki, müstəqillik yolunda hansı məhrumiyyətlər olur və ulu öndərimiz necə çiyinlərini bu ağırlığın altına verərək, canı qədər sevdiyi xalqını müstəqillik yoluna çıxardı.
Heydər Əliyev ona görə güclü idi ki, müstəqilliyə can atan xalqının ona böyük inam bəslədiyinə inanırdı. Böyük Mustafa Kamal Atatürk 1919-cu ilin ağır istiqlal savaşı günlərində türklərin mütləq qələbə qazanacağına əminliyini ifadə edərək belə deyirdi: "Hər halda dünyada haqq var və o haqq qüvvədən yüksəkdir". Heydər Əliyev ona görə güclü idi ki, o dövlətçi idi, çünki haqqı hər şeydən üstün sayırdı. O, müstəqilliyin də Azərbaycan xalqının haqq işi olduğunu yaxşı bilirdi.
Heydər Əliyevi nahaq yerə "siyasətin canlı əfsanəsi" adlandırmırlar. Heç bir liderin görə bilmədiyi işləri ulu öndər bacardı. O, Azərbaycanımızı güclü dövlətə çevirərək, müstəqilliymizin əbədiliyini və dönməzliyini təmin etdi, hakimiyyətə gəlişi ilə Azərbaycana, sanki, yeni nəfəs, ruh gətirdi. Bütün dünya siyasətçiləri yaxşı bilirdilər ki, bu müdrik dövlət xadiminin Azərbaycana yenidən rəhbərlik etməsi ilə onun müstəqilliyi təmin olunacaq, Azərbaycan güclü dövlətə çevriləcək. Məsələn, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer demişdir: "Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa gətirib çıxaracaqdır". Bəli, belə də oldu. Dünya xəritəsində balaca görünən Azərbaycan ulu öndərin siyasi səriştəsi, uzaqgörənliyi nəticəsində dünyada tanındı.
Heydər Əliyev ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanda irimiqyaslı tarixi uğurun əldə edilməsi, dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, milli siyasi və iqtisadi sistemin formalaşdırılması istiqamətində çevriliş xarakterli dəyişiklikləri necə məharətlə, siyasi uzaqgörənliklə həyata keçirdiyi bizim gözlərimiz qarşısında baş vermişdir. Bu böyük şəxsiyyətin səyləri nəticəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişləri ilə XX əsrdə Azərbaycan dövlətçiliyinin təməllərinə təhlükə yaratmaq istəyən qüvvələrin qarşısı alındı.
Heydər Əliyev yaxşı bidirdi ki, ölkədə sabitlik olmadan iqtisadi inkişaf mümkün deyildir. Ona görə də Dağlıq Qarabağ müharibəsinin müvəqqəti olaraq dayandırılması mühüm məsələ idi. 1994-cü ildə Ermənistanla atəşkəs respublikada ictimai-siyasi sabitliyin bərqərar edilməsi, dövlətçilik sütunlarının möhkəmləndirilməsi, hərbi quruculuq, vahid komandanlıq altında birləşən nizami ordu yaradılması, demokratik dəyərlərə cavab verən hüquqi, dünyəvi cəmiyyət quruculuğu, bazar iqtisadiyyatına keçid yolunda islahatlar aparılması üçün olduqca mühüm əhəmiyyətə malik idi.
Bundan sonra isə ölkəmizdə iqtisadi islahatlara başlamaq üçün əlverişli şərait yaranmış oldu. Respublikamızı bürüyən kəskin iqtisadi böhrandan çıxış yolları müəyyənləşdi. İqtisadiyyatda inkişafa nail olmaq üçün müvafiq qanunların qəbul edilməsi, liberallaşdırma tədbirlərinin, genişhəcmli özəlləşdirmə proqramının həyata keçirilməsi və s. Heydər Əliyevin bu istiqamətdə nəzərdə tutduğu iqtisadi strategiyanın real bəhrəsidir.
1994-cü ildə bağlanan "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının dirçəlməsində böyük bir mərhələnin başlanğıcını qoymuşdur. "Əsrin müqaviləsi" Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsində çox əhəmiyyətli rol oynadı. Ümummilli liderin müdrik, uzaqgörən və səmərəli xarici siyasəti Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi. Ölkəmiz dünyaya çox sürətlə inteqrasiya etdi. BMT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz çox yaxın əlaqələr qurmuşdur. Bu gün ulu öndərin böyük siyasi uzaqgörənlyi nəticəsində Azərbaycan mötəbər beynəlxalq strukturlara siyasi və sosial-mədəni cəhətdən inteqrasiya olunub, öz üzərinə beynəlxalq öhdəliklər götürüb, çoxsaylı beynəlxalq saziş və konvensiyalara, o cümlədən insan hüquqlarının qorunmasına dair Cenevrə Konvensiyasına, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta qoşulub. Ölkəmiz 150-dən çox dövlətlə diplomatik əlaqələr qurmuşdur. Bu ölkələrin, demək olar ki, hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu işğal altında olan torpaqlarımızın qeyd şərtsiz boşaldılmasını istəyirlər.
Haqlı olaraq ulu öndər deyirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Doğrudan da, dünya ölkələri bu gün Azərbaycanı islahatların sürətlə reallaşdığı bir ölkə kimi tanıyır və onunla hesablaşırlar.
Heydər Əliyev deyirdi ki, "Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir". O, Azərbaycanın müstəqilliyi yolunda mübarizə aparan insanları çox yüksək qiymətləndirirdi. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi missiyası da məhz onun üzərinə düşmüşdü. Vətən yolunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutar, onları əsl vətənpərvər insan kimi səciyyələndirərdi.
Heydər Əliyev müstəqilliyin keşiyində durmağı şərəfli vəzifə adlandırırdı: "Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanmasını təmin etmək və insanların rahat yaşamasını təmin etmək - bu, çox şərəfli vəzifədir". Onu da deyirdi ki, müstəqilliyin təkcə siyasi-mənəvi deyil, habelə maddi nəticəsi də olmalıdır, insanların yaşayışının yaxşılaşması təmin edilməlidir. Ona görə də hakimiyyətdə olduğu illərdə çətinliklər olsa belə insanların güzəranının yaxşılaşması üçün imkan olan hər şeyi edirdi.
Bu böyük siyasət nəhənginin rəhbərliyi altında işləmək mənə də nəsib olmuşdur. Heydər Əliyev tövsiyələrində həmişə Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün güclü iqtisadiyyatın yaradılmasının vacibliyini bildirirdi. O, regionların inkşafına xüsusi diqqət yetirirdi. Ulu öndər deyirdi ki, müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi, onu yaşatmaq və əbədi etmək ondan da çətin bir işdir. Onun bir fikrini də diqqətə çatdırmaq istəyirəm: "Çalışıram ki, Azərbaycanı nəinki tam müstəqil edim, həm də Azərbaycanda saf, pak cəmiyyət yaradım və gələcək nəsilləri paklığa, təmizliyə, düzlüyə sövq edim. Bu mənim həyatımın məqsədidir".
Bugünkü müstəqilliyimizin səbəbkarı, yaradıcısı Heydər Əliyevdir. Məhz ulu öndərin tarixi xidmətləri bizi müstəqilliyin işıqlı yoluna çaxırmışdır. Bu yolun bələdçisi isə bu gün xalqın böyük məhəbətini qazanmış, Azərbaycanı lider dövlətə çevirən, ulu öndərin siyasi kursunun uğurlu davamçısı, Prezident İlham Əliyevdir. Ulu öndər İlham Əliyevə böyük ümidlər bəslədiyini ifadə edərək demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram". Tarix göstərdi ki, ulu öndərin bu tövsiyəsi özünü doğrutldu. İlham Əliyev hakimiyyətə başladığı 2003-cü ildən Azərbaycanda Heydər Əliyev ideyaları sürətlə reallaşır, ölkəmizin müstəqilliyi ildən-ilə daha da möhkəmlənir, iqtisadiyyatımız güclənir. İndi Azərbaycan dünyada islahatların sürətinə görə lider dövlətlər sırasındadır.
Beynələxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək qiymətləndirir. Dünya İqtisadi Forumunun hesabatında rəqabət qabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider dövlətdir. Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlaya bilən, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır. Prezident İlham Əliyev Azərbaycanı ilbəil yeni qələbələrə qovuşdurur. Heydər Əliyev siyasəti, həqiqətən, inamla zəfər çalır.
Bu günlər biz Azərbaycanımızın müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Xalqımız üçün bu olduqca böyük nailiyyətdir. Möhtərəm Prezidentimizin müşavirədə dediyi kimi: "... Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç nə ola bilməz". Bu yazını ulu öndərin belə bir ifadəsi ilə yekunlaşdırmaq istəyirəm: "XXI əsr Azərbaycanın yüksəliş əsri olacaq".
Məhəbbət
QARABAĞLI,
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Bakı Şəhəri
üzrə Təhsil
İdarəsinin rəis müavini
Xalq qəzeti.- 2011.- 1 fevral.- S. 3.