Gənclər Gününün bayram sevinci

 

Respublikanın hər yerində olduğu kimi, Bakının Xətai rayonunda da Gənclər Günü böyük təntənə ilə qeyd olundu.Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun, qonaqların və bayram iştirakçılarının ilk ziyarət yeri, təbii ki, bizə, Gənclər Günü də daxil olmaqla, bütün bayramları qeyd etməyə imkan yaratmış müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkdakı abidəsi oldu.

 

Xətai Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin birgə səyi ilə yaraşıqlı "Fəridə" şadlıq sarayında düzənlənən tədbir dövlət himnimizin sədaları ilə başladı. Qonaqların və YAP Xətai rayon gənclər təşkilatının təbrikindən sonra söz rayon icra hakimiyyətinin başçısı Razim Məmmədova verildi. Natiq ulu öndər Heydər Əliyevin müstəqilliyimizin bərpasında xidmətləri olan Azərbaycan gəncliyinə necə böyük qayğı və diqqətlə yanaşdığını xatırladaraq dedi:

- Böyük dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük diqqət və qayğı göstərmiş, haqlı olaraq ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi kimi bu təbəqəyə böyük etimad göstərmiş və inanmışdır.

1996-cı il fevralın 2-də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi əslində gəncləri həmin dövrdə başlamış böyük dövlət quruculuğu işlərinə daha sıx cəlb etmək məramından irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin forumdakı dərin məzmunlu nitqi sonradan bütün Azərbaycan gəncliyinin fəaliyyət proqramına çevrildi. Bir il sonra forumun birinci ildönümü ilə əlaqədar bir qrup gənci qəbul edən Prezident Heydər Əliyev elə həmin günün, yəni fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında sərəncam imzaladı.

14 ildir ki, məhz bu gün təkcə gənclərin yox, Azərbaycanın parlaq gələcəyini gənclərdə görən bütün xalqımızın sevinc və təntənə ilə qeyd etdiyi bayrama çevrilib.

Sonra R.Məmmədov Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin gənclər siyasəti ilə bağlı fikir və mülahizələrini bölüşdü, gənclərə göstərilən dövlət qayğısından danışdı. Qeyd olundu ki, Prezident İlham Əliyev 7 ildə Azərbaycan gənclərinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi üçün çox böyük işlər görmüş və mühüm fərman və sərəncamlar imzalamışdır. Bunun nəticəsidir ki, yüzlərlə gəncimiz yüksək ali təhsil almaq üçün dünyanın ən qabaqcıl ali təhsil ocaqlarına göndərilir. Respublikada bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülən işlərə gəldikdə isə deməliyəm ki, bunu təsəvvür etmək üçün təkcə ölkənin müxtəlif regionlarında tikilmiş 28 Olimpiya İdman Kompleksinin adını çəkmək kifayətdir. Hazırda daha 11 müasir Olimpiya İdman Kompleksinin tikintisi davam etməkdədir.

Bu quruculuq işləri sırasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə geniş vüsət almış məktəb tikintisini də xüsusi qeyd etmək lazımdır.

Bütün bunlar Azərbaycanda gənclər siyasətinin çox doğru istiqamətdə olduğunu və real nəticələrlə xalqımızın gələcək inkişafını təmin etmək işinə xidmət etdiyini göstərən cəhətlərdir.

Çıxışının sonunda R.Məmmədov dövlət gənclər siyasətinin real nəticələrinin Xətai rayonunda da özünü bariz şəkildə göstərdiyini konkret faktlar və rəqəmlərlə diqqətə çatdırdı.

Sonda rayon icra hakimiyyətinin başçısı idman və təhsil sahəsində fərqlənən Xətai rayon gənclərinin bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim etdi.

Rəsmi hissədən sonra Gənclər Gününə həsr olunmuş bayram tədbiri incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 2 fevral.- S. 6.