Qafqaz regionuna həsr olunmuş ilk
fundamental ensiklopediya
Bu günlərdə Azərbaycan Respublikası təhsil
nazirinin müavini, tarix elmləri doktoru, professor, əməkdar
müəllim İradə Hüseynovanın "Qafqazın
tarixi ensiklopediyası" adlı dəyərli əsəri,
Bakıda "Çaşıoğlu" mətbəəsində
nəfis şəkildə işıq üzü görüb.
Ensiklopedik nəşrlərin
hazırlanması və nəşri hər bir xalqın mədəniyyətinin
və elminin səviyyəsini müəyyən edən
mühüm amillərdən biridir. Bu nəşrlərin yaradılması
çox mürəkkəb və zəngin elmi informasiya bazasına
söykənən, konkret fakt və hadisələr haqqında
bitkin məlumatların toplusudur. Ensiklopediyalar
tarixən kitabın bir tipi kimi formalaşmışdır.
Universal və sahəvi, mövzu xarakterli
ensiklopedik nəşrlər daha geniş
yayılmışdır. Deməli,
ensiklopediya yaratmaq bütövlükdə yazı və kitab mədəniyyətinin
formalaşmasında bir mərhələni təşkil edir.
Bəşər mədəniyyəti tarixinə
çox qiymətli incilər bəxş etmiş Azərbaycan
xalqının ensiklopediya nəşrlərı yaratmaq sahəsində
zəngin təcrübəsi vardır.
Ensiklopediyaların informasiya bazasının mükəməlliyi
və dolğunluğu, onların dünya
kitabxanalarının soraq-biblioqrafik nəşrlər fondunun əsasını
təşkil etməsinə gətirib
çıxarmışdır. Təsadüfi deyildir
ki, dünyanın məşhur kitabxanalarında bu tipli nəşrlər
xüsusi şəraitdə mühafizə olunur və bir qayda
olaraq, onların mütaliəsi kitabxana şəraitində
mümkündür.
Bu
günlərdə oxuculara təqdim olunan görkəmli alim,
tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil
nazirinin müavini, əməkdar müəllim İradə
Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"
monumental əsəri məhz bu qəbildən olan nəşrlərdəndir
və ensiklopediyalar haqqında qeyd etdiyimiz fikirləri bir daha
tamamlayır.
İradə Hüseynovanın "Qafqazın tarixi
ensiklopediyası" bəşər mədəniyyətinin
ilk məskənlərindən biri olan Qafqaz regionuna həsr
olunmuşdur.
Bu soraq məlumat kitabı, bütövlükdə
Qafqaz haqqında universal informasiya mənbəyidir və öz
miqyası, tərtibatı metodikası, elmi informasiyaların
sistemləşdirilməsi, ümumiləşdirilməsi və
təqdim edilməsi metodikasının müvəfəqiyyətli
həlli baxımından təqdir olunmağa layiqdir.
Oxucuların istifadəsinə verilən bu ensiklopediya
Qafqaz regionunda qədim insan məskənlərində bu
günümüzə qədər yaşayan etnos və
xalqların tarixi barədə kompleks məlumat verən ilk
universal mənbə kimi çox böyük elmi, siyasi və
mədəni əhəmiyyətə malikdir.
Kitabın
elmi redaktoru M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
Bakı filialının rektoru, filologiya elmləri doktoru,
professor Nərgiz Paşayeva ensiklopediyaya ön söz
yazmış və əsəri yüksək qiymətləndirərək
onun milli elmə, eləcə də dünya elminə
sanballı töhvə olduğunu xüsusi qeyd etmişdir.
İradə
Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın elmi redaktorlarından biri də tarix elmləri
doktoru, professor Tofiq Vəliyevdir.
Təqdirəlayiq
haldır ki, çox zəngin milli, siyasi, mədəni və
etnik xüsusiyyətlərə malik olan Qafqaz
xalqlarının tarixi inkişaf proseslərini kompleks şəkildə
öyrənmək üçün mühüm əhəmiyyətə
malik olan bu əsər Azərbaycan Milli Elmlər
Akademiyasının hesabatında mühüm elmi nailiyyət
kimi qeyd edilmişdir.
Təqdim olunan nəşrin elmi yenilyi ondan ibarətdir
ki, ilk dəfə olaraq Qafqaz regionunda baş verən hadisələr
kompleks şəkildə, onların vəhdəti və
qarşılıqlı əlaqəsi konteksində konseptual
baxımdan öz həllini tapmışdır.
Elə əsl,
həqiqi tarixin də missiyası məhz ondan ibarətdir ki,
bir sıra millətlərarası, etnik münaqişələrin
obyektiv həllində, millətlərarası münasibətlərdə
pozitiv meyillərin yaranmasında tolerantlığın
formalaşmasında, cəmiyyətin demokratik və hüquqi əsaslarla
möhkəmlənməsində, sosial iqtisadi sferada nailiyyətlərin
əldə edilməsində mühüm rol oynasın.
Ensiklopediya faktların zənginliyi, ayrı-ayrı tarixi
hadisə, fakt və proseslərə yeni baxışların
ümumiləşdirilməsi, tarixi xronologiyanın mükəmməlliyi,
Qafqaz xalqlarının etnogenezi, dövlətçiliyinin təkamülü
konteksində materialların dürüst və dolğun təqdim
edilməsi ilə də diqqəti cəlb edir.
Əsərdə dünyanın nadir tarixi və
coğrafi arealı olan Qafqaz, onun xalqları və
etnoslarının formalaşması prosesləri barədə
qiymətli məlumatların verilməsi həm mütəxəssislər,
həm də geniş oxucu kütləsi üçün
çox maraq doğurur.
Milli Ensiklopediyanın direktoru Tofiq Nağıyevin fikrincə,
"Qafqazın tarixi ensiklopediyası" son dərəcə
qiymətli, nüfuzlu tarixi mənbə, tarix elminin
inkşafı yolunda yeni uğurlu addımları təcəssüm
etdirən stolüstü kitabdır. Təcrübəli tədqiqatçı
alim, professor İradə Hüseynova Qafqaz xalqlarının təsərrüfat
və mədəni həyatında, onların sosial-iqtisadi
sistemində, dillərində, adət-ənənələrində
tarixi inkşafın müxtəlif dövrlərində
baş vermiş dəyişiklikləri təhlil etməyə
müvəffəq olmuşdur.
Azərbaycan
Dövlət Telegraf Agentliyinin - "AzərTac"-ın əsər
haqqında verilmiş məlumatında göstərildiyi kimi,
müəllif bu nəşrdə Qafqaz regionunun bütün
tarixi inkşaf dövrünü əhatə edir. İstedadlı alim qədim tarixə geniş ekskurs
edərək etnosların yaranması, onların
qarşılıqlı münasibətləri,
qarşılıqlı təsiri, mədəniyyətlərin
bir-birinə nüfuz etməsi problemlərinə toxunur, konkret
tarixi faktlar və hadisələr nümunəsində Qafqaz
xalqlarının, çoxşaxəli həyatını
işıqlandırır.
Yüksək milli, mənəvi-əxlaqi və ümumbəşəri
dəyərləri əsas tutan müəllif müasir mərhələdə
uğurlu daxili və xarici siyasət yeridən, dünya səhnəsində
mehriban qonşuluq, əməkdaşlıq və tolerantlıq
prinsiplərinə əsaslanaraq öz münasibətlərini
quran Azərbaycanın lider mövqeyini şərtləndirmiş
amilləri hərtərəfli və dərindən təhlil
edir. O, tamamilə
haqlı olaraq görkəmli dövlət xadimi və siyasi
xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin
müstəqil Azərbaycan dövlətinin
yaradılmasında və möhkəmlənməsində
müstəsna rol oynadığını göstərir.
Azərbaycan
Prezidenti, Heydər Əliyev kursunun ləyaqətlə davam
etdirən İlham Əliyevin
ölçülüb-biçilmiş siyasəti və
yorulmaz fəaliyyəti sayəsində respublikamız
dünyanın inkşaf etmiş və Qafqazın lider dövlətlərindən
birinə çevrilmişdir. Azərbaycan
mühüm beynəlxalq və regional inteqrasiya proseslərinin
təşəbbüsçüsü olmuş, təkcə
öz xalqının deyil, bütövlükdə regionun rifah
səviyyəsinin artmasını təmin etmişdir.
İradə
Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın
əhəmiyyətini artıran amillərdən biri də Azərbaycan
mədəniyyətinin, elminin, təhsilinin, incəsənətinin
və bütövlükdə sosial sferada köklü dəyişikliklərin
baş verməsi üçün böyük səy göstərən
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyətinə mühüm yer
ayrılmasıdır.
İradə Hüseynovanın "Qafqazın tarixi
ensiklopediyası"nın informasiya tutumunun genişlənməsində
əsərin sonunda "ərazi və demoqrafik məlumatlar",
"Qafqaz regionu: tarixi hadisə və faktlarda", "Hadisə
və terminlərin kataloqu"-nun verilməsinin oxucular
üçün çox böyük əhəmiyyətinin
olduğunu qeyd etmək lazımdır.
"Ərazi və demoqrafik məlumatlar"
yardımçı aparatında Cənubi və Şimali
Qafqazın respublikaları, onların ərazisi, əhalisi,
paytaxtları haqqında müfəssəl məlumatların verilməsi
Qafqaz regionunda olan dövlət və xalqlar haqqında oxuculara
operativ informasiya əldə etməyə imkan verir.
İkinci
köməkçi göstərici "Qafqaz regionu: tarixi hadisə
və faktlarda" adlanır. Ensiklopediyanın dəyərini
artıran bu bölmə çox böyük zəhmətin bəhrəsidir
və Qafqazın ərazisində qədim dövrdən
müasir dövrə qədər baş verən ən
mühüm tarixi hadisə və faktlar üzrə sinxron cədvəl
şəklində tərtib edilmişdir.
Ensiklopediyada diqqəti cəlb edən cəhətlərdən
biri də "Hadisə və terminlərin kataloqu"dur. Bu kataloq iki
hissədən ibarətdir. Birinci hissədə
tarixi hadisə və faktların əlifba siyahısı
verilmiş və onlar haqqında ensiklopediyanın hansı səhifəsində
bəhs olunduğu qeyd edilmişdir. Təqdimatın
bu forması ensiklopediyadan istifadəni asanlaşdırmaq
üçün tərtib edilmişdir və ona müraciət
edən mütəxəssislərin vaxt itkisinin
qarşısını almağa xeyli kömək edəcəkdir.
Bu bölmənin ikinci hissəsi isə ensiklopediyada
adı keçən tarixi-ictimai termin və
anlayışların əlifba siyahısından ibarətdir. Bu yarımbölmə
"Qafqazın tarixi ensiklopediyası" adlı nəşrin
müasir elmi və məlumat ədəbiyyatının
hazırlanmasında çox zəruri olan və təəssüf
ki, az istifadə edilən köməkçi
aparatdır. Onun ən mühüm əhəmiyyəti
ondan ibarətdir ki, ensiklopediyanın termin və anlayış
aparatının dairəsini müəyyən etməyə
imkan verir. Mükəmməl tərtib
olunmuş bu hissənin də ensiklopedik və digər bu tipli
məlumat nəşrlərində istifadə edilməsini arzu
etmək olar. Min səhifə həcmi olan
"Qafqazın tarixi ensiklopediyası" zəngin informasiya
bazası əsasında yaradılmışdır. Burada
Azərbaycan, rus və ingilis dillərində 844 adda Qafqaz
regionu haqqında qaynaq, o cümlədən siyasi, tarixi,
elmi-metodoloji, mədəniyyət, təhsil, etnoqrafiya, beynəlxalq
münasibətlər, beynəlxalq hüquq, ədəbiyyat,
folklor, etnopsixologiya, konfliktologiya və digər sahə və
problemlər üzrə zəngin mənbə və arxiv sənədlərindən,
o cümlədən qiymətli, nadir xəritələrdlən
geniş istifadə olunmuşdur. Bu da region
haqqında ensiklopediya məlumat kitabının
arxitekturasının mükəmməlliyini, elmi çəkisinin
mötəbərliyini və obyektivliyini təmin etməyə
imkan verir.
Müasir elmi, nəzəri, metodoloji və tarixi
yanaşmanın yeni konsepsiyasına əsaslanan müəllif
dünya düzənində və Qafqazda uğurlu siyasətin
inkişafina böyük töhfələr vermiş
ümummilli liderimiz Heydər Əliyevin əsərlərini
ensiklopediyanın elmi aparatına daxil etmiş, bu da əsərin
informasioloji və elmi dəyərini artımışdır. Təqdim olunan materiallar
içərisində Azərbaycan mədəniyyətinin,
elminin, təhsilinin, incəsənətinin,
bütövlükdə cəmiyyətin sosial həyatının
bütün sferalarının inkişafı üçün
son illər böyük xidmətlər göstərmiş
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın fəaliyyətinə
mühüm yer ayrılması da xüsusilə qeyd edilməlidir.
"Qafqazın
tarixi ensiklopediyası" Qafqaz regionunun tarixi, etnoqrafiyası,
mədəniyyəti, elmi, təhsili, regionda geosiyasi vəziyyəti,
inkişaf meyillərini, region xalqlarının adət-ənənələri,
folkloru, ədəbiyyatı, incəsənət ilə
maraqlanan alim və mütəxəssislər və geniş
oxucu auditoriyası üçün nəzərdə
tutulması onu da arzulamağa imkan verir ki, bu sanballı əsərin
müəllifi onu həm Azərbaycan, həm də ingilis dillərində
nəşrinə də müvəffəq olacaqdır.
Digər bir arzumuz isə ensiklopediyanın çox
böyük əhəmiyyətini nəzərə alaraq
müvafiq icra hakimiyyəti orqanlarının 12 mindən
çox kitabxanası olan respublikamızda bu nəşrdən
ictimai istifadəni səmərəli təşkil etmək
üçün tədbirlər həyata keçirməsi ilə
bağlıdır. Nəşrə oxucuların böyük təlabatını
nəzərə alaraq onun Mədəniyyət və Turizm
Nazirliyi kitabxanalarına, Təhsil Nazirliyi sistemi
kitabxanalarına, kitabxanası olan digər ali və icra
hakimiyyəti orqanlarının kitabxanalarına göndərilməsi
ölkə vətandaşlarının Qafqaz regionu haqqında
biliklərini genişləndirər, onlarda bizim
apardığımız ədalətli mübarizəyə
inamı bir daha möhkəmləndirər və gənc nəslin
Vətənə məhəbbət ruhunda tərbiyə
olunmasına qiymətli töhfə ola bilər.
Müəllif
ensiklopediyanın quruluşu haqqında yazır:
"Ensiklopediyanın quruluşu bir-biri ilə məntiqi və
qarşılıqlı əlaqədə olan bölmələrdən
ibarətdir. Onlar əsas informasiya kütləsi,
cədvəl formalı ümumiləşdirici materiallardan,
tarixi-biblioqrafik mənbə bazası və həmçinin
illüstrativ blokdan ibarət axtarış sistemindən ibarətdir".
Nəşrdə diqqəti cəlb edən əsas məsələlərdən
biri də ondan ibarətdir ki, informasiyanın bir hissəsi
Qafqaz xalqlarının tarixi keçmişində, müasir
dövrdə böyük xidmətləri olan görkəmli
dövlət xadimləri haqqında olan məlumatlardır.
Mübaliğəsiz söyləmək olar ki,
"Qafqazın tarixi ensiklopediyası" əsər qiymətli
tarixi mənbədir və onun müəllifi tarix elmləri
doktoru, professor İradə xanım Hüseynovanın peşəkar
tarixçi kimi böyük nailiyyəti, yaradıcılıq
uğurudur.
Belə bir sanballı ensiklopediyanın Bakıda
hazırlanması və nəşri Vətən
tarixşünaslığında, Qafqazşünaslıqda, həm
də dünya tarixşünaslığında mühüm
hadisədir, eyni zamanda Qafqazın tarixinin öyrənilməsi
sahəsində Azərbaycan tarix elminin regionda aparıcı
mövqeyinin nümayişi və təsdiqidir.
Abuzər XƏLƏFOV,
BDU-nun kitabxanaşünaslıq
kafedrasının müdiri, əməkdar
elm xadimi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma
Akademiyasının
akademiki, tarix elmləri doktoru,
professor,
Nadir İSMAYILOV,
BDU-nun biblioqrafiyaşünaslıq
kafedrasının müdiri, pedaqoji
elmlər namizədi, dosent
Xalq qəzeti.- 2011.- 2 fevral.- S. 4.