Azərbaycan gəncliyi
öz uğurlarına görə Prezident İlham Əliyevə
borcludur
Mən
əminəm ki, Azərbaycanın gələcəyi
etibarlı əllərdədir. Çünki bizim
bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir,
vətənpərvər gənclərdir, xalqını, millətini
sevən gənclərdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycan gəncləri
hər il fevralın 2-də özlərinin əziz
bayramını - Gənclər Gününü qeyd edirlər.
Müstəqillik dövrümüzün gəncliyi əslində
bu dəyərli və müqəddəs günün təsis
edilməsinə görə xalqımızın ümummilli
lideri, dünya şöhrətli siyasi xadim, müasir və
çiçəklənən Azərbaycanın banisi Heydər
Əliyevə borcludur. Bu günü qədirbilən Azərbaycan
gənclərinə ulu öndər 1997-ci il fevralın 1-də
imzaladığı xüsusi fərman əsasında bəxş
etmişdir. Həmin fərmana əsasən, 1996-cı il
fevralın 2-si - Azərbaycan gənclərinin birinci forumunun
keçirildiyi gün ölkəmizdə Gənclər
Günü kimi təsbit edilmişdir. Biz gənclər bu diqqət
və qayğıya görə ulu öndər Heydər Əliyevi
həmişə minnətdarlıq hissi ilə yada salır,
xatirəsini əziz tuturuq.
Hər
yeni Gənclər Günündə ulu öndərimizin
qarşımıza qoyduğu min dəfə
ölçülüb-biçilmiş, tarixin və
zamanın süzgəcindən keçirilmiş mühüm
vəzifələri xatırlayır, dövlət müstəqilliyimizin,
suverenliyimizin möhkəmləndirilməsi üçün nə
kimi işlər görə biləcəyimizi müəyyənləşdiririk.
Əslində, gənclərimizin qarşısında duran vəzifələri
də ümummilli liderimiz 1996-cı il fevralın 2-də
keçirilmiş Azərbaycan gənclərinin birinci və
1999-cu il mart ayının 2-3-də keçirilmiş ikinci
forumlarındakı proqram xarakterli
çıxışlarında əks etdirmişdir. Ümummilli
liderimiz bu vəzifələr sırasında mənəvi tərbiyə,
milli ruhda tərbiyə, milli vətənpərvərlik məsələsi,
mükəmməl təhsil və sair kimi məsələlərə
böyük önəm verirdi. "Azərbaycanın gənc
istedadlarına dövlət qayğısı haqqında"
22 iyun 1996-cı il tarixli fərmanı, "Gənc
İstedadlar Fondu"nun yaradılması ilə bağlı
13 sentyabr 1996-cı il tarixli sərəncamı və digər
sənədlər gənclərin böyük dostu və himayədarı
olan Heydər Əliyevin Azərbaycan gəncliyinə
qayğı və diqqətini, məhəbbətini əks
etdirirdi.
Biz tələbə
gənclər ulu öndərin qayğısını həmişə
öz üzərimizdə hiss etmişik. Azərbaycan dövlətinin
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
gənclər siyasəti bu gün onun siyasi varisi, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
ardıcıllıqla davam etdirilir.
Prezidentimiz
ölkənin ictimai-iqtisadi-siyasi həyatında gənclərin
böyük rol oynamasına xüsusi önəm verir. Məhz
dövlət başçısının qayğı və
diqqətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri
həm dövlət strukturlarında, həm ictimai sektorda, həm
də elmi-pedaqoji sahələrdə fəal iştirak edirlər.
Son illərdə dövlətin gənclərlə
bağlı məqsədli dövlət proqramlarının həyata
keçirilməsi bu sahədə müsbət dəyişikliklərə
təkan vermişdir. Bu baxımdan Prezident İlham Əliyevin
sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" böyük əhəmiyyət
daşıyır. Bu proqramın həyata keçirilməsi gənclərimizin
dünyanın nüfuzlu ali təhsil müəssisələrində
təhsil alaraq respublikamızın inkişafına xidmət
etmələrinə geniş imkanlar yaradır. Son illərdə
aparılan kadr islahatları zamanı müxtəlif sahələrdə,
xüsusən gənclərlə iş sahəsində kifayət
qədər təcrübəyə malik olan bacarıqlı gənc
kadrların dövlət idarəetmə orqanlarında, icra
hakimiyyəti strukturlarında rəhbər vəzifələrə
təyin edilməsi dövlət başçısının
gənclərə böyük etimadından xəbər verir.
Prezident
İlham Əliyev gənclərin yaxşı təhsil
alıb cəmiyyətə faydalı insanlar kimi yetişməsi
məsələsinə həmişə böyük diqqət
yetirir. Bu məqsədlə əla qiymətlərlə oxuyan
tələbələrə Prezident təqaüdünün
verilməsi bu qayğının bariz nümunəsidir. Bu, biz
gəncləri biliklərə daha səylə yiyələnməyə
həvəsləndirir. Eyni zamanda, Gənclər və
İdman Nazirliyi, gənclər təşkilatları tərəfindən
mütəmadi olaraq olimpiadaların, müsabiqələrin,
bilik yarışlarının, elmi əyləncəli
oyunların, elmi-texniki yaradıcılıq müsabiqələrinin
keçirilməsi gənclərin intellektual səviyyəsinin
yüksəlməsinə kömək edir.
Bu tipli tədbirlər təhsil aldığım qocaman ali məktəblərimizdən olan Bakı Dövlət Universitetində də keçirilir. Universitetin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov gənclərimizin təkcə bilikli deyil, həm də yüksək intellektual səviyyəli, siyasi cəhətdən yetkin kadrlar kimi formalaşması üçün geniş şəraitin yaradılmasına çalışır. Gənclərimiz azad şəkildə seçim edərək ictimai-siyasi təşkilatlara üzv olur, ictimai tədbirlərdə fəallıq göstərirlər. Mən də öz azad seçimimi edərək Yeni Azərbaycan Partiyasına üzv olmuşam. Sevindirici haldır ki, partiyanın 500 mininci üzvü mən olmuşam. Bu münasibətlə Yeni Azərbaycan Partiyasında xüsusi toplantı keçirildi və mənə YAP-ın üzvlük bileti təqdim olundu. Həmin tədbirdə çıxış edən partiyanın sədr müavini-icra katibi Əli Əhmədov bildirdi ki, YAP üzvlərinin təxminən 40 faizini gənclər təşkil edir. Hazırda təhsilimi lazımınca davam etdirməklə yanaşı, siyasi səriştəmin artırılması qayğısına da qalmağa çalışır, eyni zamanda, universitet gənclər təşkilatının işində fəal iştirak edirəm.
Prezident İlham Əliyev Azərbaycan gəncləri ilə hər dəfə görüşəndə onların vətənpərvərlik hisslərini yüksək qiymətləndirir. Bu məsələnin torpaqlarımızın Ermənistanın işğalından azad olunmasında böyük rol oynayacağını qeyd edir. Cənab Prezident son vaxtlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Mübariz İbrahimov kimi vətənpərvər oğulların gənclərimiz üçün örnək olduğunu da qürur hissi ilə bildirmişdir.
Prezidentin həyata keçirdiyi uğurlu dövlət gənclər siyasətinin prioritetlərindən biri də fiziki cəhətdən sağlam olan gənc nəsil yetişdirməkdir. Azərbaycan gəncliyinin təxminən son10-12 il ərzində bir çox sahələrdə, o cümlədən, idman sahəsində əldə etdiyi uğurların bazasında məhz Prezident İlham Əliyevin yüksək qayğısı dayanır. Hələ Neft Şirkətinin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti vəzifələrində çalışarkən hörmətli İlham Əliyev respublikada olimpiya hərəkatının hərtərəfli inkişafına böyük təkan vermişdi. Məhz bunun nəticəsi idi ki, dünya Olimpiya yarışlarında idmançılarımız bir-birinin ardınca misilsiz qələbələr qazanmışdılar. Milli Olimpiya Komitəsi İlham Əliyevin rəhbərliyi ilə bu gün də gənclərimizi dünyanın ən mürəkkəb və çətin idman yarışlarında qələbəyə həvəsləndirir.
Prezident gənclərimizin sağlamlığına qayğı məsələsini daim diqqət mərkəzində saxlayır. Məhz onun təşəbbüsü ilə respublikanın, demək olar ki, bütün rayonlarında olimpiya-idman mərkəzlərinin yaradılması bu fikrin əyani təsdiqidir.
Azərbaycan gəncliyi bu gün dövlət başçısından əlavə, Heydər Əliyev Fondu kimi nüfuzlu bir təşkilatın, eyni zamanda, həmin fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da hərtərəfli qayğısı ilə əhatə olunub. Hörmətli Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə təhsil sahəsində böyük işlər görülüb, minlərlə yeni məktəb binası inşa edilib, köhnə və yararsız binalar isə əsaslı şəkildə təmir olunaraq məktəblilərin istifadəsinə verilib. Bu istiqamətdə yeni işlər görülməkdədir. Bu, Heydər Əliyev Fondunun və şəxsən onun prezidentinin Azərbaycan məktəblilərinin problemlərinə daim diqqət yetirdiyini göstərir. Keçmiş sovet dönəmində qayğıdan kənar qalmış Azərbaycan təhsili müstəqillik dövründə dövlətimizin və Heydər Əliyev Fondunun səyi ilə böyük dirçəlişə nail olmuşdur.
Mehriban xanımın mütəmadi olaraq uşaq bağçalarında olması, burada təlim-tərbiyə alan körpələrimizlə görüşlər keçirməsi də biz gənclərin dövlətçilik ruhunda tərbiyələnməsində mühüm rol oynayır. Heydər Əliyev Fondunun prezidenti uşaq evlərində böyüyən yeniyetmələrimizi də unutmur, daim onların da problemlərinin həllinə yardım göstərir.
Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva isə Azərbaycan gəncliyinin parlaq bir nümunəsi kimi yetişməkdə olan yeni nəsil üçün əsl örnəkdir. O, Rusiyadakı Azərbaycan gənclər təşkilatının xətti ilə böyük işlər həyata keçirir, SSRİ-nin dağılmasından sonra ağır fəlakətlər yaşamış, Ermənistanın işğalına məruz qalmış, torpaqlarının 20 faizini itirmiş, 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın haqq səsinin təkcə Rusiyaya deyil, bütün dünyaya yayılmasında mühüm xidmətlər göstərir. Biz gənclər Leyla xanımın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının da öz bəhrəsini verəcəyinə və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağına inanırıq.
Son olaraq ölkəmizin bütün gənclərini Gənclər Günü münasibətilə təbrik edir, onlara təhsillərində və əmək fəaliyyətlərində böyük uğurlar arzulayıram.
Ləman FƏRZƏLİYEVA,
Bakı Dövlət
Universiteti hüquq
fakültəsinin
III kurs tələbəsi
Xalq qəzeti.- 2011.- 2 fevral.- S. 4.