Binəqədi rayonunda Gənclər Günü

 

Azərbaycan Gəncləri Günü Binəqədi rayonunda da təntənə ilə qeyd olundu.YAP Binəqədi rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov bildirdi ki, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir.

 

Ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tutmuşdur. Heydər Əliyev Azərbaycan gəncliyini inkişaf yoluna çıxarmış, onların hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır.

1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan ulu öndər bəyan etmişdi ki, biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik. Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev dedi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son illərdə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək müvafiq sərəncamı ilə 2007-ci ili Gənclər ili elan etmişdir. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayği ildən-ilə artırılmaqdadır. Tələbələrin I yaradıcılıq festivalının, yaradıcı gənclərin I ümumrespublika toplantısının keçirilməsi buna əyani misal ola bilər. Gənclərin cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi məqsədilə 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqram (2005-2009-cu illər)" qəbul edilmiş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Bu mühüm dövlət sənədini hər bir gəncə ünvanlanmış qayğı kimi də qiymətləndirmək olar. Ölkəmizin dünya birliyinə inteqrasiya etdiyi dövrdə belə bir proqramın qəbul edilməsi gənclərlə aparılan işin konseptual əsaslarının konkretləşməsinə kömək edir. Sivilizasiyanın innovativ inkişafına daha çox üstünlük verildiyi bir vaxtda gənclər siyasəti elmi əsaslarla formalaşdırılır və sistemli şəkildə reallaşdırılır.

Toplantıda Milli Məclisin deputatı R.Cəbrayılov, Gənclər və İdman Nazirliyinin əməkdaşı E.Hüseynov, YAP Binəqədi təşkilatının sədri N.Xəlilov, Əmək və Sosial Münasibətlər Akademiyası YAP gənclər təşkilatının sədri R.Şükürov gənclərlə işin dövlət siyasətinin mühüm qollarından birinə çevrildiyini, yeni nəslin təhsilinin, mənəvi-əxlaqi tərbiyəsinin diqqət mərkəzində saxlandığını bildirmişlər.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr verilmiş, YAP-ın üzvlük biletləri təqdim olunmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 2 fevral.- S. 3.