Səbaillilər
hesabat verdilər
Fevralın
1-də Səbail Rayon İcra Hakimiyyətində keçirilən
ümumrayon toplantısında 2010-cu ildə əldə
olunmuş sosial-iqtisadi uğurlar, son illərdə rayonda
aparılan genişmiqyaslı quruculuq işlərinin cari ildə
də sürətlə davam etdirilməsi ilə bağlı
hədəflər diqqət mərkəzində oldu.
Əvvəlcə
iştirakçılara ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin Səbail rayonunun problemlərinin həllinə
göstərdikləri diqqət və qayğıdan bəhs
edən videofilm təqdim olundu. Son illərdə hərtərəfli
inkişaf yoluna çıxmış Səbailin ötən
ilki nailiyyətlərindən bəhs edən videohesabat 2010-cu
ildə rayonun həyatında baş vermiş yeniliklərin
canlı mənəzərəsini yaratdı.
Səbail
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun
hesabat məruzəsində isə respublikamızın ötənilki
sosial-iqitsadi yüksəlişi, siyasi-mədəni
uğurları fonunda rayonda aparılan yeniləşmə, hərtərəfli
inkişaf prosesi fakt və rəqəmlərlə
işitirakçıların diqətinə
çatdırıldı. Bütün bunlar paytaxtın mərkəzi
rayonu olan Səbailin simasını tamamilə dəyişdirmiş,
onun bir sıra problemlərini aradan qaldırmış məqsədyönlü
fəaliyyət, Prezident İlham Əliyevin rayonda həyata
keçirilən misli görünməmiş quruculuq işlərinə
fəal dəstəyi barədə iştirakçılara
kifayət qədər bilgi verdi.
Məruzə ətrafında müzakirələrdə ayrı-ayrı sahələrdə əldə olunmuş uğurlar, həlli vacib məsələlər yığcam əksini tapdı. "Bibiheybət" Neft-Qaz Çıxarma İdarəsinin rəisi İlqar Həmzəyev, qaz-istismar idarəsinin rəisi Sadıx Rəhimov, elektrik təchizatı və satışı idarəsinin rəisi Səbuhi Zeynalov, su kəməri və qurğuları istismarı idarəsinin rəisi Rauf Abasov, polis idarəsinin rəisi ilqar Mahmudov, Dövlət Sosial Müdafiə Fondu Səbail Rayon şöbəsinin müdiri Güləhməd Bağırov, 132-134 saylı təhsil kompleksinin direktoru Sara Xanlarova, 5 saylı uşaq poliklinikasının baş həkimi Ayşən Ləmbəranskaya, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Faiq Qurbanov ötən il əldə olunmuş uğurlardan öyünclə söz açdılar, cari ildə səbaillilərin bu yüksəlişi davam etdirmək əzmini ifadə etdilər.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Zahid Qaralov partiya üzvlərinin qazanılmış nailiyyətlərdə layiqli rolunu vurğuladı, onların hər bir sahədə bundan sonra da başqalarına örnək olacaqlarını söylədi.
Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətinin sevindirici nəticələrindən söz açdı, səbaillilərin təşəbbüskar fəaliyyətinin paytaxtın inkişafına töhfə olduğunu qeyd etdi.
Hesabat yığıncağının sonunda son illər yaranmış ənənəyə uyğun olaraq, rayonun 10 nümunəvi şagirdinə mükafatlar, bu il yubiley yaşına çatan Səbail fəallarının bir qrupuna isə xatirə hədiyyələri verildi. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov RİH-in şöbə müdiri Hamlet Baxışova bu yaxınlarda layiq görüldüyü "Vətənə xidmətə görə" üçüncü dərəcəli ordeni təqdim etdi.
Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanmış müraciətdə səbaillilərin ötənilki uğurları, ölkədəki sabitlik və quruculuq xəttinə onların bundan sonra da sadiq qalacaqları əksini tapdı.
Milli Məclisin komissiya sədri Ziyad Səmədzadə və millət vəkili Fuad Muradov hesabat yığıncağında iştirak edirdilər.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 2 fevral.- S. 3.