Regionların potensialından səmərəli istifadə əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırır

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 14-də imzaladığı fərmanla regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin əsası qoyulub. Xatırladaq ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qeyd olunur ki, ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir.

 

2009-2013-cü illərdə ölkənin davamlı və tarazlı inkişafını nəzərdə tutan yeni proqram respublika iqtisadiyyatını şaxələndirmək yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədini daşıyır.

Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd edildiyi kimi sözügedən Dövlət Proqamında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün artıq möhkəm təməl və zəngin təcrübə mövcuddur. Əlbəttə, burada söhbət 2004-2008-ci illəri əhatə edən regional Dövlət Proqramının uğurla başa çatmasından gedir. Təkcə onu demək kifayətdir ki, birinci regional Dövlət Proqramının icrası müddətində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik artım baş vermiş, xüsusən də sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri isə dörd dəfə artmışdır.

Sadalanan uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən bu mühüm proqramda üç əsas istiqamətdə tədbirlər nəzərdə tutulmuşdur. Bunlar isə ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən ibarətdir.

Qeyd olunmalıdır ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm şərtdir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz kəmərlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı şəkildə reallaşdırılmasına əlverişli şərait yaratmışdır.

Həyata keçirilən tədbirlər əminlik yaradır ki, bundan sonra da orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.

Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığın genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönəldiləcəkdir.

Hazırda büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan yaxın gələcəkdə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılması mühüm vəzifə kimi qarşıda durur. Ümumiyyətlə, regional Dövlət Proqramında ölkə iqtisadiyyatının prioritet istiqamətləri aydın göstərilmişdir. Bu, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə subsidiyaların artırılmasını, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlbini, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafınının dəstəklənməsini nəzərdə tutur.

Yeni Dövlət Proqramında vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlər də öz konkret ifadəsini tapmışdır. Məsələn, qarşıdakı illərdə vergi dərəcələrinin optimallaşdırılması, sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması, sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter terminallarının, habelə özəl vergi məsləhəti xidmətinin yaradılması nəzərdə tutulur.

Qarşıdakı illərdə pul-kredit siyasətinə də xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə ilk növbədə manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanılmasını reallaşdıran məzənnə siyasətinə mühüm əhəmiyyət veriləcəkdir. Bununla yanaşı, pul-kredit siyasətinin əsas məqsədləri sırasına ölkənin valyuta ehtiyatlarının artırılması, bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional şəbəkəsinin genişləndirilməsi, nağdsız ödəniş vasitələrinin quraşdırılmasının sürətləndirilməsi, sığorta və lizinq xidmətlərinə xüsusi üstünlük verilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Bu gün Dövlət Proqramına əsaslanaraq özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdirilir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyəti dəstəklənir, müasir istehsal avadanlıqlarının quraşdırılması sürətləndirilir.

Regional inkişaf haqqında danışarkən, bir məqama da toxunmağı zəruri sayırıq. Bu da 2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramında ərzaq təhlükəsizliyinin prioritet vəzifə kimi qarşıya qoyulması ilə bağlıdır. Həmin sənəddə göstərilir ki, proqramda nəzərdə tutulan dövrdə aqrar islahatların keçirilməsi davam etdiriləcək, dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcək, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalacaqdır. Bundan başqa, suvarma və meliorasiya təminatının yaxşılaşdırılmasına, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə mühüm önəm veriləcəkdir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ilə bağlı indiyədək bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Qeyd edək ki, proqramda dövlət qurumlarına torpaq və sudan istifadənin səmərəliliyinin artırılması tədbirlərinə aid məsələlər - eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflərin hazırlanması tapşırılmışdır.

Ölkədə heyvandarlığın, ətlik maldarlığın inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, dövlət damazlıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması, ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsi, yem bitkiləri sahələrinin genişləndirilməsi, stasionar şəraitdə mal-qara və qoyunların saxlanılması, arıçılığın inkişaf etdirilməsi və digər bu kimi məsələlər də proqramda əksini tapmışdır.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilir ki, ölkədə aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri ilə bərabər keçən ildən dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, dövlət və özəl toxumçuluq təsərrüfatlarına yetişdirdikləri toxumlara görə subsidiyalar verilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının buğda toxumuna, mineral gübrələrə və damazlıq heyvanlara olan ciddi ehtiyacı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində əlavə tədbirlərin görülməsini şərtləndirir. Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50 faizinə, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilmişdir.

Ölkə ərazisində kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədi ilə artıq xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçirilir.

Bundan başqa, hazırda mineral gübrələrin, habelə dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların, kənd təsərrüfatı məhsullarının müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların layihələndirilməsi və tikintisi işləri görülür. Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilməsi üçün alınan gübrələrin, kənd təsərrüfatı texnikasının və avadanlığın istehsalçılar tərəfindən istifadəsinin asanlaşdırılması, eyni zamanda, istismara yararlı vəziyyətdə saxlanılmasını təmin etmək məqsədilə "Aqrolizinq" ASC-nin aqroservis filiallarının regionlarda tikintisi üçün Prezidentin Ehtiyat Fondundan adı çəkilən cəmiyyətin nizamnamə kapitalına əlavə vəsait ayrılmışdır.

Bu səhmdar cəmiyyətin yaradılması, fəaliyyətinin genişləndirilməsi ilə bağlı dövlət başçımız demişdir: "Aqrolizinq"in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrələrin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin..."

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 2 fevral.- S. 1.