Zaqatalada Gənclər
günü geniş qeyd olundu
Rayon gənclərinin nümayəndələri
ilk öncə ümummilli lider Heydər Əliyevin
adını daşıyan parka gələrək ulu öndərin
abidə kompleksini ziyarət etmiş, önünə tər
çiçəklər düzmüşlər.
Daha sonra "Qala düzü" istirahət mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə rayon gənclərinin əl işləri, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Sonra Zaqatala gənclərinin 2010-cu ildə qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirilmişdir.
Əlamətdar gün münasibəti ilə gəncləri təbrik edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Ramazanov XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluğun 1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldığını, 12 il əvvəl ulu öndərimizin imzaladığı sərəncamla fevral ayının 2-nin Azərbaycanda gənclər günü kimi təqvimə salındığını, müstəqil Azərbaycan gənclərinin ilk dəfə 1996-cı ilin həmin günü ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldiklərini xüsusi vurğulamışdır. Daha sonra natiq bu gün də gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyətcə və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirmiş, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədi ilə gördüyü işlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən rayon gəncləri respublıikamızda, o cümlədən Zaqatala rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafı üçün görülmüş bütün işlərə görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmiş və respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində möhtərəm Prezidentimizi daim dəstəkləyəcəklərini xüsusilə qeyd etmişlər.
Sonra 2010-cu ildə təhsil, səhiyyə, dövlət qulluğu, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyət qazanmış rayon gənclərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir rayon gəncləri bədii özfəaliyyət kollektivlərinin geniş konsert proqramı ilə başa çatmışdır.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2011.- 3 fevral.- S. 6.