Sumqayıt gəncləri
hər zaman ön sıradadır
Düz 15 il öncə, fevralın
2-də Bakıda Azərbaycan gənclərinin 1-ci forumu
keçirilib. Növbəti ildə xalqımızın
ümummilli lideri Heydər Əliyev həmin tarixin Azərbaycan
Gəncləri Günü kimi qeyd olunması barədə sərəncam
imzalayıb. O vaxtdan hər il ölkənin hər yerində
olduğu kimi, Sumqayıtda da Gənclər günü təntənə
ilə keçirilir, görülən işlərə,
qazanılan uğurlara nəzər salınır, vəzifələr
müəyyənləşdirilir.
Bu dəfəki bayram tədbirləri ulu öndərin möhtəşəm abidəsinin və Şəhidlər Xiyabanının ziyarəti ilə başlandı. Gəncləri Azərbaycanın işıqlı gələcəyi adlandırmış unudulmaz dahi şəxsiyyətin ruhuna dərin ehtiram duyğuları ifadə olundu. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş Vətən oğullarının xatirəsi yad edildi, məzarları üstünə çiçək dəstələri düzüldü.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin gənclərin bir qrupu ilə görüşü xüsusilə maraqlı keçdi. Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyi ilə "İrəli" İctimai Birliyinin təşkilati dəstəyi ilə "Planet Parni iz Baku Studiya" MMC tərəfindən keçirilən 2-ci "Yumor kuboku" teleyarışmasında Sumqayıt təmsilçiləri yenidən qələbə qazanmışlar. Gənclər və İdman Baş İdarəsinin nəzdindəki "Sumqayıtlı gənclər" Şən və Hazırcavablar Klubunun "Bravo" komandası 4 ay davam etmiş müsabiqədə bütün rəqiblərini geridə qoyaraq kuboka və 10 min manat pul mükafatına sahib çıxmışdır. Qalibləri təbrik edən icra hakimiyyətinin başçısı gənc istedadlara qayğı göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri diqqətə çatdırdı, Sumqayıtda bu istiqamətdə atılan addımlardan danışdı. Vaqif Əliyev şəhərin və ölkənin ictimai-siyasi, mədəni həyatında gənclərin rolunu yüksək dəyərləndirdi və qaliblərə yeni yaradıcılıq sevincləri arzuladı.
"Park Restourant"da isə müxtəlif nominasiyalarda fərqlənmiş gənclərin təltifedilmə mərasimi və bayram şənliyi keçirildi. Tədbirə Sumqayıtın ən fəal gəncləri toplaşmışdılar. Onlardan 59 tələbə təhsildə uğurlarına görə Prezident təqaüdü alır. Sumqayıt idmançıları ötən il dünya və Avropa çempionatlarında, mötəbər yarışlarda 877 medal qazanmışlar. Fənn olimpiadalarının, çeşidli yaradıcılıq müsabiqələrinin qalibləri də burada idi. Baş idarənin rəisi Musa Həsənov gəncləri bayram münasibətilə təbrik edərək bildirdi ki, bu bayram ilk növbədə ulu öndərin əziz xatirəsinin gənclər tərəfindən minnətdarlıqla yad edildiyi və özünəməxsus hesabatın verildiyi gündür. Ümummilli liderin gənclərə göstərdiyi diqqət və qayğı hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
Sumqayıtlı gənclər qayğıya cavab olaraq nailiyyətlərini ilbəil artırırlar. Məsələn, ötən il Prezident təqaüdü alan tələbələr 51 nəfər idisə, hazırda 59 nəfərdir. İndi gənclik şəhərində dünya və Avropa çempionu adını daşıyan 60 idmançı var. Sumqayıt özünün olimpiya medalçıları ilə də haqlı olaraq öyünür. Şəhərin rəhbərliyi gənclərin uğur qazanmasına hər cür dəstək göstərir. Burada yaxşı oxumaq, işləmək, idman nailiyyətlərini artırmaq üçün hər cür şərait yaradılıb. Musa Həsənov bütün bunlara görə rəhbərliyə gənclərin hədsiz razılıq hisslərini ifadə elədi.
İcra hakimiyyəti başçısının müavini Ramiz Həsənov bayram münasibətilə sumqayıtlı gəncləri təbrik etdi. Onların ötənilki uğurlarını xüsusi qeyd elədi. Natiq şəhərdə gənclərin iştirakı ilə daim rəngarəng tədbirlər keçirildiyini, sərgilərin təşkil olunduğunu, maraqlı kitabların çap olunduğunu vurğuladı.
Tədbirdə bildirildi ki, ötənilki nailiyyətlərinə görə Sumqayıtın "Gənc İstedadlara Dəstək Fondu" bayram günü nazirliyin fəxri fərmanına layiq görülüb.
Sonra 23 nominasiyada qaliblər mükafatlandırıldı. Elm, təhsil, mədəniyyət, idman və müxtəlif peşə sahələrində, gənclər təşkilatlarının işində fərqlənənlər iştirakçıların alqışları altında təbrik edildilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 3 fevral.- S. 6.