Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu fəaliyyətini uğurla davam etdirir

 

... Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Son illər müstəqil Azərbaycan Respublikası sürətli inkişaf yoluna çıxmış, ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Bu yaxınlarda Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev demişdir: "Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı". Söz yox ki, bütün bu nailiyyətlərin qazanılması uzun illər aparılan düşünülmüş iqtisadi siyasətin, davamlı islahatların nəticəsində mümkün olmuşdur.

 

Bu gün Azərbaycan müharibə şəraitində yaşayır, torpaqlarımızın 20 faizi erməni işğalçıları tərəfindən zəbt olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarını tərk etməyə məhkum olunmuşlar. Ancaq bu insanlar həmişə dövlətimizin gündəlik qayğısı ilə əhatə olunmuş, ildən-ilə onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyev bu insanlara xüsusi qayğı və məhəbbətlə yanaşırdı. Ulu öndər deyirdi: "... İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir". Bu böyük tarixi şəxsiyyətin siyasi kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində isə məcburi köçkünlərin sosial vəziyyəti ildən-ilə yaxşılaşdı və nəticə olaraq onu demək olar ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamışdır. Bu mühüm dövlət əhəmiyyətli tədbirlərin reallaşmasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) böyük xidmətləri olmuşdur.

MKSİF ümummilli lider Heydər Əliyevin 6 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsini, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş layihələrin yerinə yetirilməsi üçün vəsait ayrılmasını və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdir.

MKSİF-in maliyyələşmə mənbələrinin sırasına dövlət büdcəsindən ayırmalar, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və s. donorlar daxildir.

Dünya Bankı Fondun ilk illərdə əsas donoru olmuşdur. Hazırda bu bank fondun ən vacib donorlarından biri olaraq qalır. Qeyd etmək lazımdır ki, məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün Fondun müvafiq fəaliyyətini maliyyələşdirmək məqsədilə Dünya Bankı Azərbaycan hökuməti ilə ardıcıl olaraq üç güzəştli kredit sazişi bağlamışdır.

Bu beynəlxalq təşkilatın 10 milyon ABŞ dolları həcmində ayırdığı birinci güzəştli kredit sazişi çərçivəsində həyata keçirilən layihə 2001-ci ilin yanvar ayından başlanmış və 2005-ci ilin sentyabr ayında başa çatmışdır. İcma mikrolayihələrindən 168 min nəfərdən artıq məcburi köçkün faydalanmışdır.

2008-ci ilin sonunda Dünya Bankı və Azərbaycan hökuməti arasında "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi"nin həyata keçirilməsi məqsədilə bağlanmış ikinci kredit sazişi başa çatmışdır (kredit sazişinin icrasına 2005-ci ilin noyabr ayında başlanmışdır). Layihənin ümumi həcmi 12,6 milyon ABŞ dolları təşkil edirdi.

15 may 2008-ci il tarixdə Bakı şəhərində Dünya Bankı və Azərbaycan Respublikasının Hökuməti arasında "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi üçün əlavə maliyyələşdirmə"ni həyata keçirmək məqsədilə maliyyələşdirmə və layihə sazişləri imzalanmışdır.

Yeni layihə isə 2008-ci ilin sonunda başa çatmış kredit sazişi çərçivəsində həyata keçirilən "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi"nin davamıdır.

Onun əsas komponenti icma mikrolayihələridir. Bu komponent məcburi köçkün icmaları tərəfindən təklif olunan müxtəlif növ infrastruktur mikrolayihələrinin maliyyələşdirilməsini təmin edəcəkdir. İcra müddəti üç il nəzərdə tutulmuşdur.

Burada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində mövcud olan sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan hökuməti iştirak payı kimi yeni layihənin həyata keçirilməsi üçün 8,69 milyon ABŞ dolları həcmində vəsait ayrılmasını nəzərdə tutur.

Yeni kredit sazişi çərçivəsində bu günə kimi hələlik 136 icma mikrolayihəsi həyata keçirilmişdir. Hazırda daha 26 mikrolayihə üzrə müqavilə bağlanmış, 27 mikrolayihə üzrə isə satınalma prosedurları aparılır. Daha 54 icma mikrolayihəsi qiymətləndirmə mərhələsindədir. 58 icma mikrolayihəsi üzrə MKSİF-un İcraiyyə Komitəsi qeydiyyata alınması üçün sənədlər hazırlamışdır.

2004-cü il 1 iyul tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Bu dövlət proqramı ilə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni qəsəbələrin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilmişdir. Dövlət Proqramına əsasən fond tərəfindən 2005-2007-ci illərdə Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli və Sabirabad rayonlarının ərazilərində 26 qəsəbə salınmış və bu qəsəbələrdə 8 mindən artıq ev tikilmişdir. 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgələri tamamilə ləğv olundu və beləliklə, Dövlət Proqramı ilə nəzərdə tutulmuş məqsədlər həyata keçirildi.

Məlumdur ki, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan yüz minlərlə məcburi köçkün vardır. Bununla əlaqədar olaraq məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr təsdiq edilmişdir. Dövlət Proqramına edilmiş əlavələr üzrə əsasən sifarişçi funksiyaları Nazirlər Kabinetinin sərəncamı ilə MKSİF-ə həvalə edilmişdir.

2008-ci ildə MKSİF Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonunun ərazisində 500 ailəlik bir, Xocalı rayonundan olan məcburi köçkünlər üçün isə Goranboy rayonunun ərazisində 500 ailəlik 4 yeni yaşayış qəsəbəsinin tikintisinə başlamışdır. Artıq bu qəsəbələrin tikintisi başa çatmış və burada məcburi köçkünlər yerləşdirilmişdir. Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinin ərazisində tikilən 120 ailəlik yeni qəsəbənin tikintisi 2009-cu ildə başa çatmışdır. Bütün yeni salınan qəsəbələrdə zəruri sosial-texniki infrastrukturlar nəzərdə tutulmuşdur.

2008-ci ilin sonunda MKSİF məcburi köçkünlər üçün Qəbələ rayonunda 155 mənzillik 2 ədəd 5 mərtəbəli, Bakı şəhərində 369 mənzillik 6 ədəd 9 mərtəbəli yaşayış binalarının, Göygöl rayonunda isə həyətyanı sahələri olan 26 ədəd fərdi evin tikintisinə başlamışdır və artıq bu işlər başa çatmışdır.

2009-cu ilin yayında Goranboy rayonunda fin tipli evlərdən ibarət düşərgədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün həmin rayonunun ərazisində yeni qəsəbə salınmışdır.

Hər iki açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş və görülən işlərə yüksək qiymət vermişdir.

Dövlət Proqramına əlavələrdə 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 məcburi köçkün ailələri və respublika üzrə məktəb binalarındakı 2768 köçkün ailələri üçün yeni qəsəbələrin salınması və ya hündürmərtəbəli yaşayış binalarının, fərdi evlərin tikintisi nəzərdə tutulurdu.

Artıq Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət məhəllənin inşası başa çatmış, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 10 noyabr 2010-cu ildə məhəllənin açılışı olmuşdur.

Eyni zamanda, Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və "Azərdövlətlayihə" ilə müqavilə bağlanmışdır. Artıq layihə-smeta sənədlərinin hazırlanması başa çatmış və Dövlət Ekspertiza Baş İdarəsinə sənədlərin təqdim edilməsi üçün müvafiq razılaşdırmaların alınması ilə bağlı müraciət edilmişdir.

Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə müvafiq texniki şərtlər təşkilatlardan alınmışdır. Bunun üçün də layihə-smeta sənədlərinin hazırlaması üçün "Azərmemarlayihə" ilə müqavilə bağlanmışdır. Obyektdə mühəndis-axtarış işləri başa çatıb, hazırda qəsəbənin baş planı, evlərin (1,2,3,4 otaqlı) layihələri və smetaları hazırlanmış, sosial və infrastruktur kommunikasiyalarının layihələri üzərində iş davam edir.

Dövlət Proqramına uyğun olaraq Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında məskunlaşmış 114 məcburi köçkün ailəsi üçün) torpaq sənədləri və texniki şərtlər alınmışdır. "Azərdövləttikintilayihə" ilə hər iki obyekt üzrə müqavilələr bağlanmış və hazırda layihə-smeta sənədlərinin hazırlanması davam edir.

2010-cu ilin may-iyun aylarında respublikanın bəzi rayonlarında təbii fəlakət nəticəsində dəymiş zərərin qısa bir zamanda aradan qaldırılması məqsədi ilə Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması üzrə layihə işləri intensivləşdirilmişdir. Dövlət Ekspertiza Baş İdarəsinə layihə-smeta sənədləri təqdim edilmiş, evlər üzrə müsbət rəy alınmış və evlərin tikintisi ilə bağlı müqavilələr bağlanmışdır. Digər obyektlər üzrə layihə sənədlərin ekspertizası davam edir.

Ağdam rayonu üzrə (rayondakı fin qəsəbəsində məskunlaşmış 689 məcburi köçkün ailələri üçün) Quzanlı qəsəbəsinin yaxınlığında yeni qəsəbənin inşası başa çatmış, Azərbaycan Respublikasının Prezidenti 11 noyabr 2010-cu il tarixində bu yeni qəsəbənin açılışında iştirak etmişdir.

Dövlət Proqramına əlavələrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni mikrorayonun salınması da nəzərdə tutulur. Bu qəsəbənin salınması üçün Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisindəki 14 nömrəli qış yatağından 22,0 hektar (örüş) torpaq sahəsi (Müşviqabad qəsəbəsinin yaxınlığında) ayrılmışdır. "Azərsu" ASC, "Azəriqaz" İB və "Azərenerji" ASC-dən texniki şərtlər alınmış, Bakı İcra Hakimiyyəti tərəfindən "İnşaat Pasport"-u hazırlanmış və layihə təşkilatı ilə müqavilənin bağlanması üçün hazırlıq işləri aparılır.

Ağdam rayonunun "Dördyol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpiç daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmışdır. Hazırda texniki şərtləri alınmış və "İnşaat Pasportu" hazırlanmışdır.

Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar öncə Zarağan bələdiyyəsi tərəfindən ayrılmış və bu ərazidə tikilmiş 155 məcburi köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli binanın məhəlləsində 1 ədəd 5 mərtəbəli 40 mənzilli binanın tikintisi başa çatıb. Hazırda binanın istismara qəbulu ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsi davam edir.

Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) 5 mərtəbəli binaların, 360 şagird yerlik məktəbin tikintisi başa çatmışdır və hazırda Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. Uşaq bağçasında və mühəndis kommunikasiyalarında işlər davam edir. Goranboy şəhəri ərazisində inşa edilən məhəllədə əlavə binanın (musiqi məktəbi, inzibatı bina) və razılaşdırılmış baş planda düzəlişlərin edilməsi məqsədi ilə müvafiq layihə-smeta sənədlərinin hazırlanması üçün hazırlıq işləri aparılır.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırması məqsədi ilə Bakı Dövlət Universitetinin tələbə şəhərciyinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin köçürülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli sərəncamı ilə çoxmərtəbəli binalardan ibarət məhəllənin layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2010-cu il tarixli sərəncamı ilə Abşeron rayonunun Masazır bələdiyyəsinin ərazisində yeni məhəllənin salınması üçün 12 ha torpaq sahəsi ayrılmışdır. Yeni məhəllənin müvafiq mühəndis kommunikasiyalarla təmin edilməsi üçün MKSİF tərəfindən aidiyyəti təşkilatlara müraciətlər edilmiş və texniki şərtlər alınmışdır. "İnşaat Pasportu"nun hazırlanması ilə əlaqədar Abşeron rayon İH-ə müraciət edilmişdir. Layihə işlərinə başlanması üçün hazırlıq işləri aparılır.

Biz yaxşı bilirik ki, inşa etdiyimiz bu qəsəbələr, ayrı-ayrı binalar məcburi köçkünlərimizin müvəqqəti ünvanıdır. Cənab Prezidentimiz demişdir: "Belə gözəl evləri biz yaradırıq. On minlərlə vətəndaşımızı biz yeni evlərlə, mənzillərlə təmin etdik. Ümumiyyətlə, biz 90 minə yaxın köçkünü belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Hər yerdə fərdi evlər, mənzillər tikilir, quruculuq-abadlıq işləri aparılır. Ancaq bu, necə deyərlər, müvəqqəti bir ünvandır".

Cənab Prezident bu gün də məcburi köçkünlərin daha yaxşı şəraitdə yaşamasına xüsusi qayğı göstərir. Biz də çalışırıq ki, bu insanlar rahat evlərdə yaşasınlar, hər cür şəraitləri olsun.

 

 

Ayaz ORUCOV,

Milli Məclisin deputatı,

Məcburi Köçkünlərin Sosial

İnkişaf Fondunun direktoru

 

Xalq qəzeti.- 2011.- 3 fevral.- S. 5.