Suraxanı rayonunda Gənclər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

 

Suraxanı rayonunda Gənclər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.Belə tədbirlərin davamı olaraq Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və "İrəli" İctimai Birliyinin birgə layihəsi - "Azərbaycan gəncləri və fəal vətəndaşlıq" mövzusunda gənclərlə canlı diskussiya təşkil olunmuşdur.

 

Tədbirdən əvvəl rayon gənclərinin nümayəndələri Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Daha sonra gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.

Mərkəzin birinci mərtəbəsində ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. Mərkəzdəki multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verilmişdir. İkinci mərtəbədəki geniş sərgi salonunda baş divarda yerləşdirilən "Ulu öndər" əsəri ilə yanaşı, ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlarplazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır. Gənclər elektron auditoriyada mərkəzin sifarişi əsasında hazırlanmış filmlərə baxmışlar.

Üçüncü mərtəbə ilə tanışlıq zamanı məlumat verilmişdir ki, burada "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş elektron-lektoriya zalı fəaliyyət göstərir.

Mərkəzin elektron-lektoriya zalında rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri Gənclər Günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.

Qeyd edilmişdir ki, ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Diskussiya formasında keçirilən görüşdə başçı İlqar Abbasov və "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmış və ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən irimiqyaslı layihələr haqqında ətraflı məlumat vermişlər.

Tədbirin sonunda beynəlxalq yarışlarda fərqlənən bir qrup suraxanılı gənc mükafatlandırılmışdır.

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 3 fevral.- S. 4.