Azərbaycan Universitetində Gənclər Gününə həsr olunmuş elmi-praktik konfrans

 

Azərbaycan Universitetində 2 fevral Gənclər Gününə həsr olunmuş "Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar,perspektivlər"mövzusunda gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfransı öz işinə başlamışdır.

 

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Akif Musayev açaraq 2 fevral Gənclər Günü münasibətilə konfrans iştirakçılarını təbrik etmiş, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır.Rektor sürətli tərəqqi yolunda inamla irəliləyən ölkəmizin qısa zaman kəsiyində böyük uğurlar qazanmasından,yerləşdiyi regionda aparıcı dövlətə çevrilməsindən söhbət açmışdır.O, vurğulamışdır ki, təhsil və elm sahəsində də inkişafın təmin olunması Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindən biridir. Ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı Azərbaycan təhsil mühitinin yüksəlməsi və inkişafı üçün hüquqi əsas yaratmışdır. Eyni zamanda, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının qəbul edilməsi bu istiqamətdə atılan önəmli addımlardan biridir. Dövlət Proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gənc xaricdə təhsil almaq imkanı əldə etmişdir. Təhsil sistemini cəmiyyətin tərəqqisinin vacib amillərindən biri kimi dəyərləndirən rektor konfrans iştirakçılarına uğurlar arzulamışdır.

Konfransda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) sədri Məmməd Musayev Azərbaycan Universiteti ilə son illərdə yaxın əməkdaşlıq etdiklərini bildirərək, praktika ilə nəzəriyyənin vəhdətinin əhəmiyyətindən danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycanın inkişafında gənclər xüsusi rol oynayır. ASK gənc sahibkarların inkişafına xüsusi əhəmiyyət verir və yaxın vaxtlarda Gənc Sahibkarlar Assosiasiyasının yaradılması planlaşdırılır.

Milli Məclisin deputatı Əli Məsimov çıxışında gəncliyi önəmli həyat mərhələsi kimi dəyərləndirmişdir.Deputat bildirmişdir ki, inkişaf etmiş cəmiyyəti yaradan bilikdir. Bu cəmiyyətə gedən yol insan potensialından səmərəli istifadə, islahat proqramlarının həyata keçirilməsi, inteqrasiya və milli-mənəvi dəyərlərə söykənməkdən keçir. Milli Məclisdə müzakirəyə çıxarılacaq yeni qanun layihələri haqqında da konfrans iştirakçılarına məlumat verən Ə.Məsimov "Təhsil kreditləri" haqqında qanun layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına təkan verəcəyinə inandığını bildirmişdir.

Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov günün əhəmiyyətindən danışmışdır. O, çıxışında vurğulamışdır ki, fevralın 2-nin 15 il əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər Günü elan olunması dövlətimizin gələcəyi olan gənclərin cəmiyyətdə fəal mövqe tutmasına öz töhfəsini verir. Azərbaycan təhsil məkanının nöqsanları haqqında məlumat verən Cəfər Cəfərov Azərbaycan Universitetini real biliklər vermə sahəsində öndə gedən təhsil ocaqlarından biri kimi dəyərləndirmişdir.

Qafqaz Universitetinin prorektoru Məmmədəli Babaşlı Azərbaycanın müstəqilliyinin davam etməsi üçün gənclərin böyük potensialı olduğundan bəhs etmişdir.M. Babaşlı demişdir ki, Azərbaycan Universitetinin təhsil məkanında xüsusi çəkisi var: "Azərbaycan Universitetinin uğurlarını öz uğurumuz hesab edirik. Bu universitetin böyük gələcəyi var".

Açılış mərasimindən sonra konfrans plenar iclasla davam etmişdir.Konfransda "Azərbaycanda inkişaf etmiş cəmiyyət quruculuğunun iqtisadi bazasının formalaşması və inkişafı: nəzəriyyə və praktika" və "İnkişaf etmiş cəmiyyət quruculuğunun siyasi, sosial və mədəni inkişaf problemləri" mövzusunda 100-dən artıq məruzənin dinlənilməsi və müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, konfrans iki gün davam edəcəkdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 3 fevral.- S. 3.