Azərbaycan beynəlxalq aləmdə iqtisadi, siyasi və mədəni sahələrdə sürətlə inkişaf edən ölkə kimi tanınır

 

Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara üzv olması və bu qurumlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsi yüksək qiymətləndirilir. Ölkəmizdə dünyəvi, demokratikhüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirlər və əldə olunan uğurlar Azərbaycanın Avropayadünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Artıq müstəqil dövlətimiz Avropa ailəsinin nüfuzlu üzvlərindəndir.

 

Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti sayəsində ölkəmizin Avropanın və dünyanın inkişaf etmiş ölkələri ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı hazırda daha yüksək mərhələyə qədəm qoymuşdur. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində möhkəm hüquqi bazanın yaradılması, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi və digər zəruri sahələrin Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanın mötəbər beynəlxalq qurumlarla əlaqələrini daha da möhkəmləndirmişdir. Dünyanın ən nüfuzlu tədbirlərində dövlət başçımızın keçirdiyi görüşlər böyük maraqla izlənilir. Hər dəfə belə tədbirlərdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır.

Bu günlərdə Davos şəhərində ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdə olan Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşləri, həmin tədbirlərdəki çıxışları ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmışdır. Bu nüfuzlu tədbirdə Azərbaycan Prezidentinin dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin başçıları ilə keçirdiyi görüşlər diqqət mərkəzində olmuşdur. Həmin görüşlərdə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi olmuşdur.

2009-2010-cu illər dünya tarixinə qlobal maliyyə və iqtisadi böhran illəri kimi yazıldı. Bu dövrdə əksər ölkələr ciddi iqtisadi uğursuzluqlarla üzləşdi. Hətta bir sıra iri şirkətlər öz fəaliyyətini dayandırdı. Ancaq Azərbaycanda bu uğursuzluq hiss olunmadı. Dövlətimizin başçısı İsveçrədə işgüzar səfərdə olarkən Avstriya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi tədbirdə çıxış edərək böhran illərində Azərbaycandakı inkişafla bağlı məlumat verərkən demişdir: "İqtisadi artımımız çox sürətli olubdur. Son yeddi il ərzində ümumi daxili məhsul 2,8 dəfə artıb. Bu, təqribən 300 faiz təşkil edir. 2009-cu ildə böhranın baş verdiyineftin qiymətinin 4 dəfə aşağı düşdüyü halda iqtisadiyyatımız 9,3 faiz, ötən il isə 5 faiz artmışdır. Hazırda artım əvvəlki illərdəki kimi, o qədər də böyük deyil, lakin davamlıdır. Ümumi daxili məhsul strukturu çoxşaxəlidir və daha cəlbedicidir".

Azərbaycanda əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, bu sahədə qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılması ölkəmizin Avropa ailəsinin fəal üzvlərindən biri olmasından xəbər verir. Ölkədə yoxsulluğun azaldılması, yeni yerlərinin açılması, iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Bu faktlar dövlət başçımızın Davosdakı çıxışında da qeyd olunmuşdur: "Söyləyə biləcəyimiz nailiyyətlərimizdən biri yoxsulluğun aradan qaldırılmasıdır. Bu, birbaşa iqtisadi islahatlarımızla bağlı idi. Çünki enerji sektoru çox sayda yeri yaratmışdır. Buna görə də vəsaitlərin neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatımızı müəyyən dərəcədə şaxələndirməyə imkan yaratdı və yeddi il bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun 9 faizə qədər endirilməsini mümkün etdi. Bu rəqəm gələn illər ərzində daha da aşağı olacaqdır".

Azərbaycanın böhran illərində ciddi itkilərlə üzləşməməsi, ağır iqtisadi uğursuzluqlara məruz qalmaması Dünya İqtisadi Forumu tərəfindən də yüksək dəyərləndirilmişdir. Məlum olduğu kimi, rəqabətə davamlılıq baxımından Dünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını yüksək qiymətləndirmişdir.

Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri nüfuzlu beynəlxalq qurumlarla əlaqələri genişləndirmək, bu sahədə nailiyyətləri artırmaqdır. Çünki belə qurumlara üzv olmaq və sıx əlaqələr yaratmaq, həmçinin həmin təşkilatlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, qarşılıqlı münasibətlərin intensiv inkişaf etdirilməsi digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsində böyük rol oynayır. Beynəlxalq və regional qurumlarla sıx əməkdaşlıq etmək həmin qurumlarda bilavasitə təmsil olunmaqla, onların potensial imkanlarından daha geniş surətdə istifadə etmək mümkündür. Dövlət başçımızın yeritdiyi xarici siyasətdə bu xüsusiyyətlərə xüsusi önəm verilir. Beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, meydana çıxan münaqişələrin həllində, həmçinin inkişaf etmiş dövlətlərlə yanaşı onların təmsil olunduqları nüfuzlu beynəlxalq qurumlarla geniş əməkdaşlıq əlaqələri qurmaq xarici siyasətdə əsas məsələlərdəndir. Dövlət başçımızın bu sahəni daim diqqət mərkəzində saxlamasının nəticəsidir ki, bu gün ölkəmiz nüfuzlu beynəlxalq qurumların fəal üzvlərindən birinə çevrilib.

Son illər beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünün tanınması, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Prezident İlham Əliyevin mövqeyinin açıq şəkildə dəstəklənməsi dövlətimizin nüfuzunun getdikcə artmasından xəbər verir. Avropa Parlamentinin Ermənistanın işğalçı dövlət olmasını rəsmən bəyan etməsi, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ATƏT-in Astanada keçirilən VII Sammitinin yekununda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən Minsk qrupu həmsədr dövlətlərinin nümayəndələri və Azərbaycan - Ermənistan prezidentlərinin də imzaladıqları Birgə Bəyannamə də təsdiqlədi ki, ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Artıq dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq qurumları Azərbaycanla əlaqələri möhkəmləndirməkdə maraqlıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın haqq işi, problemin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yeganə variant hesab olunur. Azərbaycan Prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı keçirdiyi görüşlərdə də öz mövqeyində israrlı olduğunu bir daha bəyan etdi. Dövlətimizin başçısı Polşa Respublikasının Prezidenti Bronislav Komorovski, Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu, Ukrayna Prezidenti Viktor Yanukoviç, İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişellin Kalmi Rey və digərləri ilə görüşlərdə ölkəmizin qazandığı uğurlarla yanaşı, bir sıra problemlərdən də söhbət açmışdır. Məlum məsələdir ki, bu gün Azərbaycan iqtisadiyyatı inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Ancaq bununla yanaşı xalqımızı çox ciddi narahat edən qonşu Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsidir. Söz yox ki, Azərbaycan Prezidentinin məntiqli xarici siyasəti sayəsində Ermənistan artıq dünyada işğalçı dövlət kimi tanınıb. Buna baxmayaraq, torpaqlarımızın 20 faizinin işğal altında qalması, bir milyona yaxın soydaşımızın öz doğma ata-baba torpaqlarından didərgin salınması bir sıra uğurların reallaşdırılmasında ciddi əngəllər törədib. Bu məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli artıq nüfuzlu beynəlxalq təşkilatlar üçünprioritet məsələyə çevrilib.

Bu günlərdə başa çatmış Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında da ölkəmizin nüfuzunun getdikcə artdığı bir daha təsdiqlənmişdir. Onu da qeyd edək ki, Azərbaycan artıq on ildir ki, bu nüfuzlu qurumun üzvüdür. Ötən illər ərzində ölkəmizin parlamentariləri bu qurumun tədbirlərində yüksək fəallıq nümayiş etdirərək bir sıra önəmli qərarların qəbul olunmasına nail olmuşlar. Xüsusilə də dövlətimizin başçısı İlham Əliyev Azərbaycan parlament nümayəndə heyətinə AŞPA-da rəhbərlik etdiyi vaxtlarda bu qurumda Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən qərarların qəbul edilməsinə nail oldu. Ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin obyektiv, demokratik, həmçinin şəffaf şəraitdə yekunlaşması, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, bu sahədə qətiyyətli addımların atılması AŞPA-da yüksək qiymətləndirilib. Sonuncu sessiyada bir daha qeyd edilmişdir ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 10 il müddətində önəmli irəliləyiş və nailiyyətlər əldə etmişdir. Bu illər ərzində ölkəmizin təşkilatın təməl prinsiplərinin təşviqi, humanizm prinsiplərinə sadiqliyi qurumun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. AŞPA-nın 2005-ci ildə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qəbul etdiyi 1416 saylı qətnaməsində Ermənistanın işğalçı dövlət olması rəsmən təsdiqlənmişdi. Artıq azərbaycanlı deputatlar AŞPA-da məruzəçi təyin edilirlər. Bu, Azərbaycan parlamentarilərinə nüfuzlu qurumda göstərilən yüksək etimadın nəticəsidir.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yenidən bərpa olunması da Azərbaycanın xarici siyasətinin uğurudur. Onu da qeyd edək ki, 2005-ci ildə alt komitənin yaradılması ilə bağlı ilk addım atılmış və buna nail olunmuşdur. Həmin vaxt Dağlıq Qarabağ üzrə alt komitə yaradılmış və öz səmərəsini vermişdir. Lakin komitənin sədri lord Rassel Conston vəfat etdikdən sonra komitənin fəaliyyəti dayandırılmışdı. Qış sessiyasında Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti yenidən bərpa olunmuş, komitəyə yeni sədr də seçilmişdir. Bu komitənin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacağı şübhəsizdir.

Göründüyü kimi, Azərbaycanın dövlət başçısının uğurlu xarici siyasəti ölkəmizin nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığını daha da möhkəmləndirib. Bu əlaqələr Azərbaycanın nüfuzunu getdikcə artırır, mövqelərini möhkəmləndirir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 3 fevral.- S. 1.