Azərbaycanda 3D formatlı yeni nəsil texnologiyası inkişaf edir

 

Son zamanlar dünyada, eləcə də Azərbaycanda 3D yeni nəsil texnologiyası inkişaf etməkdədir. Ona görə də oxucuların bu yeni texnologiyaya maraqları artmaqdadır. Bu texnoloji yeniliyə aydınlıq gətirmək, onun yaranma tarixi, bu günü haqda ətraflı məlumat vermək üçün bu layihənin müəllifi Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Almaniya Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, "Türk dünyasına xidmət" qızıl ordeninə və Birləşmiş Millətlər Təşkilatının "Şərəf və ləyaqət" ordeninə layiq görülmüş Cahid Həsənova müraciət etdik.

 

- Cahid müəllim, 3D texnologiyası nədir və onun yaranma tarixi barədə nə deyərdiniz?

- 3 D formatınının ingilis dilində tərcüməsi "3 Dimensions", rus dilində: "3 izmerenie", Azərbaycan dilində: 3 həcmli mənasındadır. Daha dəqiq desək, bu hündürlük, uzunluq, en mənasını daşıyır.

Hələ bizim eradan əvvəl 280 -ci ildə Evklipt kəşf etdi ki, obyektin dərinlik təəssüratını hər bir göz digər gözdən fərqli görür. 1584-cü ildə Leonardo da Vinçi dərinlik məsələsini bir neçə yazılarında təsvir etmişdir. Sonrakı əsrlərdə, daha dəqiq desək , XVII əsrdə alman alimi İohan Kepler "stereo-görmə" elmi nəzəriyyəsini yaratdı. 1833-cü ildə Çarlz Uitton (İngiltərə) 3 həcmli görüntü göstərən stereokop texnologiyasının formasını təqdim etdi. Yaratdığı bu aparatda o, əsasən əl ilə şəkilmiş müxtəlif şəkillər yerləşdirirdi. 1851- ci ildə Londonda keçirilən "Kpistal Peles" sərgisində, məşhur Şotlandiya fiziki Bryuster Devid və Koley tərəfindən müxtəlif formalı stereokop aparatı nümayiş olundu.1853- cü ildə Filadelfiyada J.F.Maşer kəşf olunmuş stereokop aparatının patentini aldı, onu daha da təkmilləşdirərək satışa çıxartdı.

Artıq 1856-ci ildə Bryuster adlanan stereokop aparatının satışı 1 000 000 ədədə çatdı. "Hər evə stereokop" şüarı ilə başlanan reklam kampaniyası zamanı aparatda əsasən müxtəlif reklamlar yerləşdirilirdi. 3D texnologiyasının yaranmasında, onun daha da təkmilləşməsində Uilyam Friz-Qrin, Frederik Ödgin İv, Lorens Xammond, Vins Pgys kimi alimlərin də rolunu xüsusi qeyd etmək lazımdır. Stereokop aparatında olan 3 həcmli görüntülərin daha böyük həcmdə, daha doğrusu, böyük ekranda yayımlanması üçün yollar axtarılırdı. 1858 - ci ildə bununla bağlı Jozef Dalmeyid tərəfindən elmi nəzəriyyə kəşf olunmuşdur. Bu böyük ekranda 3 həcmli fotolar verilməsini mümkün etmişdir. Bu gün dünyada 3D fotosunun 3 növü mövcuddur: dərinliklə; dəyişən fotolar; hərəkətli fotolar.

3D həcmli filmlərin böyük ekranda göstərilməsi ilə bağlı bir çox alimlər tərəfindən tədqiqatlar davam etdirilmişdir. Nəhayət, böyük ekranda 3 həcmli filmin nümayişi üçün, 1890- cı ildə britaniyalı Uilyam Friz-Qrin adlı alim tərəfindən yeni metod kəşf edildi. Bu metoda görə qırmızı-yaşıl adlanan eynəklər kəşf edildi ki, bu günümüzədək həmin eynəklərdən bütün dünyada istifadə edilir. Onu da qeyd edim ki, bu gün dünyada mavi-yaşıl adlanan 3 həcmli eynəklərlə yanaşı, üfüqi və şaquli relyefli eynəklərdən, güzgülü eynəklərdən, xüsusi elektron eynəklərdən istifadə olunur.

27 sentyabr 1922-ci ildə dünyada ilk dəfə Los-Ancelesdə Ambassador otelində "Məhəbbətin gücü" adlı 3 həcmli film nümayiş olmuşdur. Elə həmin il dekabrın 27-də Nyu-Yorkda Silven teatrında 3 həcmli "Marsdan gələn insan" filmi nümayiş etdirildi. Bununla da 3D həcmli filmlər geniş şəkildə yayılmağa başladı. 1935-ci ildə Luis Lyümer tərəfindən Fransa Akademiyasında "Qatar gəlir" adlı 3 həcmli film nümayiş etdirilir. 1939-cu il mayın 4-də Nyu-Yorkda Qreysler Motors pavilyonunda keçirilən beynəlxalq sərgidə isə avtomobil reklamını göstərən 3 həcmli filmin nümayişi isə daha təntənəli keçdi. Bu filmə 17 000 adam tamaşa etdi.

Keçmiş SSRİ-də isə ilk dəfə Moskvada, 1940-cı ildə rejissor Aleksandr Ptuşko tərəfindən "Moskvada istirahət günü" adlı 3 həcmli film çəkilmişdir. Sonrakı illərdə, "Xanjonkov evi"ndə, "Konsert" (rejissor Aleksandar Andrievskiy), "Stereo" kinoteatrında "Robinzon Kruzo" "(rejissor Aleksandar Andrievskiy), adlı filmlər göstərildi. Azərbaycana isə bu texnologiya 1970- ci illərdə gətirildi və "Araz" kinoteatrında 3 həcmli filmlərin nümayişi oldu.

Avropa ölkələrində də 3 həcmli filmlərin nümayişi geniş vüsət aldı.

- Dünyada 3D texnologiyasının bugünkü durumu hansı vəziyyətdədir?

- 3 həcmli filmlərin daha təkmilləşməsi XX əsrin ikinci yarısında özünün kulminasiya nöqtəsinə çatmışdır. Belə ki, bu filmlərini daha da effektli formada tamaşaçılara çatdırılması üçün "İMAX 3D" adlanan yeni texnologiya ilə kompaniya yarandı. Və bununla da 3 həcmli filmlərin yeni nəsil texnologiyası yaradıldı.

Qeyd edim ki, 3 həcmli kinoteatrların digərlərindən bir çox fərqli cəhətləri vardır. Fərqlərdən birincisi budur ki, bu filmlərə artıq mavi-yaşıl, anaqlif adlanan eynəklərlə deyil, eyni tonla, üfüqi və şaquli relyefli, elektron eynəklərə baxılır. Və xüsusi effektlərin: səs, külək, yağış, oturacaqlarda titrəyiş və s. onu daha baxımlı edir. Bu gün kampaniyanın dünyanın bir çox ölkələrində "İMAX 3D" adlı xüsusi kinoteatrları vardır.

Bundan əlavə, bir neçə kampaniyalar da bu gün dünyada 3 həcmli kinoteatrlarla məşhurdur. Bunlar: Dolby 3D, XpanD, RealD kampaniyalarıdır. Bu kampaniyaların hər biri 3 həcmli kino sahəsində yeniliklər yaratmışlar.

Dünyada 3 həcmli filmlər çəkən məşhur kinorejissorlar var. Onlardan Cak Arnold, Alfred Hiçkok, Paul Morrissey, Robert Zemekis, Ceyms Kameron və başqalarını göstərmək olar . Ceyms Kameron tamaşaçılara "Terminator", "Titanik" filmlərindən yaxşı tanışdır. Lakin Ceyms Kameronun 3 həcmli formatda çəkdiyi "Avatar" filmi dünya 3D texnologiyası tarixində bir titrəyiş etdi. Bu film 3 milyarddan çox gəlir gətirdi ki, bunun da dünya tarixində analoqu olmamışdır. Onu da qeyd edək ki, Ceyms Kameron 1940 - ci ildə Moskvada çəkilən, "Stereo 70" studiyasında saxlanılan, lakin kinoteatrlarda kütləvi şəkildə yayımlanmayan 3 həcmli "Moskvada istirahət günü" filminin texnologiyasından istifadə etmişdir. Məhz bu aparat "Oskar" mükafatını almışdır. Ceyms Kameron 3 həcmli bu sistemi, ümumiyyətlə, film çərçivəsindən çıxaraq, onun hüdudlarını daha da genişləndirdi. Ümumiyyətlə, Ceyms Kameronun yeni 3D texnologiyasının yaradılmasında böyük rolu olmuşdur.

- Bəs Azərbaycanda bu texnologiyanın vəziyyəti necədir?

- 3 həcmli texnologiya XIX əsrdə daha geniş şəkildə yayılmışdır. Onun məhsullarını dünyanın məşhur şirkətləri istehsal edirlər. Onlardan Samsunq, LG, Panasonik, Hitaci, Sony firmalarını misal göstərmək olar.

Dünyada ötən il ilk dəfə olaraq "Samsunq" firması 3D televizorlarının, kameralarının, fotoaparatların istehsalına başladı. Bu gün şirkətlər Azərbaycanda 3D formatlı yeni nəsil texnologiyalarının satışına başlamışdır. 3D formatlı televizorlar, kameralar, fotoaparatlar, filmlər, reklam çarxları, ev kinoteatrları və s. kimi avadanlıqların satışı Azərbaycanda bu formata marağın çox olmasına əyani sübutdur. Ən sevindirici cəhət isə budur ki, artıq Bakıda da 3 həcmli kinoteatrlar fəaliyyət göstərir. Azərbaycan televiziyalarının yaxın gələcəkdə rəqəmsal sistemə keçməsi imkan yaradacaq ki, biz də müxtəlif beynəlxalq tədbirləri, hətta canlı olaraq 3 həcmdə tamaşaçılara göstərək. Bu texnologiyada üstünlük ondan ibarətdir ki, məsələn, xaricdə olacaq bir idman yarışına, oraya getmək imkanı olmayan hər hansı bir tamaşaçımız evində belə, televizorda həmin tədbirə canlı olaraq baxa biləcəklər.

Azərbaycanda artıq ilk dəfə olaraq "3D CİNEMA PRODUCTİON" brendi ilə şirkət fəaliyyət göstərir ki, şirkət bu gün beynəlxalq standartlar səviyyəsində 3 həcmli filmlər, tədbirlər, konsertlər, verilişlər, reklamlar, hətta son çap texnologiyası ilə iri formatda 3 həcmli foto, dizaynlar, açıq hava reklam xidmətləri də göstərirlər.

Ümumiyyətlə, 3 həcmli görüntüdə, istər çəkilişdə, istərsə də çap versiyasında insan gözünə həcmli görünən bir görüntü insanın beyinində dərin iz buraxır, insan özünü həmin məkana daha da yaxın hiss edir, görüntü uzun müddət yaddaşa həkk olunur.

Bu sistemdən biz yeni çəkiləcək filmlərlə yanaşı, turizm sahəsində Azərbaycan, onun memarlıq abidələri haqqında filmlər üçün istifadə etmək fikrindəyik.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 4 fevral.- S. 7.