Masallı: qəsəbələr hesabat verir

 

Boradigah və Ərkivan qəsəbələri Masallı rayonunun ən iri yaşayış məntəqələridir. Bu qəsəbələrdə keçirilən hesabat yığıncaqlarında görülən işlərə nəzər salınmış, qazanılan uğurlar təqdir olunmuşdur. Tədbirlərdə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məsələsi önə çəkilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

Boradigah qəsəbəsində hesabat məruzəsi ilə çıxış edən ərazi nümayəndəsi Nəcməddin Quliyev regional inkişaf üzrə Dövlət Proqramının əhalinin həyat şəraitinin yüksəlməsində rolunu xüsusi qeyd etmişdir. Konkret faktlara istinad edən məruzəçi bildirmişdir ki, qəsəbənin C.Cabbarlı, Təbriz və N.Nərimanov küçələrinə asfalt vurulmuş, S.Vurğun, H.Aslanov küçələrinə çınqıl döşənmişdir. Ərazi nümayəndəliyinə daxil olan Mollaoba kəndində yeni idman zalı tikilib istifadəyə verilmişdir. Qəsəbədaxili kanalizasiya xətləri, suötürücü kanallar yenidən qazılaraq təmizlənmişdir. Qumbaşı istiqamətində olan çayın kənarları min metr məsafədə qazılmış, Boradigah çayının Qumbaşı çayına tökülən hissəsi 1500 metr məsafədə dərinləşdirilmişdir ki, bu da çaya gələ biləcək sel sularının maneəsiz axıb getməsini təmin edir. Eyni zamanda, qəsəbənin arxa hissəsində böyük bir kanal qazılır ki, bununla da ərazinin subasma təhlükəsi aradan qalxacaq. Lənkəranın həmsərhəd Qumbaşı kəndinə gedən yolun kənarları kol-kosdan təmizlənmiş, orada 2000-dən artıq ağac əkilmiş və qorunması təmin edilmişdir. Qəbirstanlıq yolunun ətrafı da eyni qaydada abadlaşdırılmışdır.

Babaser-Mollaoba kəndləri arasındakı yolda da ağac əkini həyata keçirilir. Babaser kəndində köhnə qaz xətləri bərpa edilmişdir və yaxın günlərdə mavi yanacaq veriləcək.

Məruzəçi sonra dedi ki, rayon icra hskimiyyəti və Fövqəladə Hallar Nazirliyinin xəttilə qəsəbə ərazisində sel sularından zərər çəkmiş 19 ailə üçün evlər tikilmişdir. Təhsil sahəsinə də rəhbərliyin qayğı və tələbkarlığı yüksəkdir. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vaxtaşırı məktəblərə gedib davamiyyəti yoxlayır, çatışmazlıqların aradan qaldırılmasında yardımçı olur.

Son üç ildə qəsəbədə üç dəfə təbii fəlakət baş vermişdir. Axırıncı selbasma 2009-cu ilin sentyabrında olmuşdur. Həmin ilin üç ayı ərzində ərazidə görülən işlərin nəticəsində sonradan düşən güclü yağışlar heç bir fəsad törədə bilməmişdir. Bununla belə, payıbəlli torpaqların dəqiq uçotu aparılmalı və boş qalan sahələrdə əkin işləri görülməlidir. Artıq gözəl nümunə də var: ötən ilin sonunda rayon rəhbərliyinin təşəbbüsü ilə taxıl əkinləri artırıldı və durğunluq aradan qaldırdı. Təkcə Boradigahda 130 hektardan artıq taxıl əkildi.

Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirmişlər. Qəsəbə sakinləri ötən selbasma zamanı rayon rəhbərliyinin daim onların yanında olmasından razılıqlarını çatdırmışlar. Natiqlər o zaman qəsəbəyə xeyli vacib texnikanın gətirildiyini və sel sularının axıb getməsinə nail olunduğunu minnətdarlıqla xatırlatmışlar. Vurğulanmışdır ki, bir çox məsələlər məhz sakinlərin icra hakimiyyətinin başçısına müraciətindən sonra həllini tapmışdır. Qəsəbənin mərkəzindən keçən çayın yatağının dərinləşdirilməsi, həmçinin Boradigah xəstəxanasında cərrahiyyə şöbəsinin yaradılması bu qəbildəndir. Qəsəbə ağsaqqalları Müzəffər Zülfüqarov, Cavanşir Əsədov, sakinlər Vasif Məmmədov, Balağa Hüseynov ərazi nümayəndəliyinin fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirmişlər. Natiqlər qəsəbədə uşaq bağçasının tikilməsi və kommunal xidmətlər üçün xüsusi maşın verilməsi xahişini səsləndirmişlər.

Həmçinin qeyd edilmişdir ki, Babaser kəndində məktəb binasının tikilməsi, Boradigahdakı 1 və 2 saylı məktəblərin təmir olunması ötən ilin yaddaqalan işlərindəndir.

Masallı Rayon İcra Hakimiyyətinin baçşısı Qəzənfər Ağayev yığıncaqda demişdir ki, dövlətimiz daim region əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasını diqqətdə saxlayır və bundan sonra da belə olacaqdır. Rayon rəhbərliyi də möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu işləri layiqincə həyata keçirməyə çalışır. Bu, uğurla reallaşan dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Boradigahda əkinçilik daha da inkişaf etməlidir. Bu, ilk növbədə əhalinin öz xeyrinədir. Boradigah çayının sakinlər tərəfindən çirkləndirilməsi burada görülən abadlıq-quruculuq işləri ilə bir araya sığmır. Bu il ölkədə turizm ili elan edilmişdir. Rayonumuza çoxlu qonaqlar, turistlər gələcək və onlar qədim yaşayış məntəqəsi olan Boradigaha da təşrif gətirəcəklər. Gərək burada elə səliqə-sahman olsun ki, görənlər əhsən desinlər...

Masallı rayonunun hazırkı rəhbərliyinin dövründə ən böyük kənd sayılan Ərkivana qəsəbə statusu verilmiş, yaşayış məntəqəsi daha da böyüyüb inkişaf etmişdir. Ötən il də Ərkivan üçün uğurlu olmuşdur. Dövlət Proqramına uyğun olaraq, burada çoxlu iş yeri yaradılmış, xidmət sahələri, sexlər, kommersiya obyektlərı açılmışdır. Mədəni-məişət binası, "Sağlamlıq mərkəzi" ünvan tapmış, geniş abadlıq tədbirləri həyata keçirilmişdir.

İcra nümayəndəsi Kamal Mazanov hesabat məruzəsində bütün bunlardan ətraflı bəhs etmişdir. O, 16 minədək əhalisi olan qəsəbədə iki kərpic zavodunun, dörd yanacaqdoldurma məntəqəsinin, istehsal sexləri, ticarət və məişət obyektlərinin fəaliyyət göstərdiyini bildirmişdir. Ərkivanda dörd tam orta, bir ümumi orta məktəb, dörd kitabxana, uşaq bağçası və mədəniyyət evi mövcuddur. İşlə təminat, mədəni dəyərlərin inkişafı sahəsində uğurlar var. Qəsəbənin təsərrüfat sahələri sakinlərin dolanacağında böyük rola malikdir. Dörd minədək təsərrüfatı olan Əkivanda 2200 nəfər torpaq mülkiyyətçisi vardır. Heyvandarlıq, taxılçılıq, tərəvəzçilik əsas məşğuliyyətdir. 297 hektar sahədə taxıl, 10 hektarda tərəvəz bitkiləri yetişdirilir.

Öən il qəsəbədə görülən abadlıq-quruculuq işlərindən bəhs edən natiq demişdir ki, Bədirli, Bağlaküçə və Ramazanlı küçələrinə min metrdən çox asfalt çəkilmiş, digər məhəllələrdə yollara qum-çınqıl döşənmişdir. Qəsəbədəki Şəhidlər Xiyabanı plitələrlə bəzədilmiş, ərazi nümayəndəliyi binasının dam örtüyü dəyişdirilmiş, otaqlarda təmir aparılmışdır. Rayon rəhbərliyi qəsəbənin qayğılarını daim diqqətdə saxlayır. Başçının köməkliyi ilə C.Cabbarlı adına 1 saylı məktəbin dam örtüyü dəyişdirilmiş, idman zalı təmir edilmişdir. Hesabat yığıncağının keçirildiyi 2 saylı tam orta məktəb ötən il qəsəbədə inşa edilən ən möhtəşəm bina kimi sakinlərin sevincinə səbəb olub. Camaat da məktəblərin abadlaşdırılmasında fəallıq göstərir. Məsələn, iş adamı Hikmət Məmmədov tərəfindən 4 saylı məktəbin bir korpusu təmir edilmiş, burada müasir istilik və işıq sistemi quraşdırılmışdır və s.

Ərkivandakı "Sağlamlıq mərkəzi"ndə əhaliyə bir çox sahələr üzrə nümunəvi xidmət göstərilir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının təşkili üçün də hesabat ilində tədbirlər həyata keçirilmişdir.

Qəsəbə sakinlərindən Şərafət Əzimov, Əfsər Məmmədov, Mirkərim Ağa, Fərhad Qənbərov və başqaları görülən işlərdən razılıqlarını bildirmiş, problemlərin həllinə qayğı və diqqətini əsirgəməyən rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırmışlar.

Qəzənfər Ağayev çıxışında Ərkivandakı işləri yüksək dəyərləndirmişdir. O, vurğulamışdır ki, hazırda ölkənin hər yerində, xüsusilə də ucqarlarda həyat səviyyəsinin yüksəlməsi meylləri güclənib. Masallıda da adamların məişəti ilbəil yaxşılaşır. Ərkivan qəsəbəsinin nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsindən ötrü hər kəs əlindən gələni etməli, əhali tikilib qurulanları qorumalı və artırmalıdır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 4 fevral.- S. 6.